Qeyd edək ki, Hümbətov Mahir Rəsul oğlu 1975-ci il sentyabrın 1-də Xocalı rayonunun Kosalar kəndində anadan olub. 1982-1992-ci illərdə Xocalı rayon Başkənd kənd orta məktəbində təhsil alıb. 2000-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsini bitirib. Tələbə vaxtlarından Rəsuloğlu təxəllüsü ilə jurnalist kimi fəaliyyət göstərib, publisistika ilə yanaşı, bədii yaradıcılıqla da məşğul olub. Hekayələri müxtəlif ədəbiyyat portallarında və jurnallarda yayımlanır. "Günəş göy üzünə qayıtmasa" adlı hekayələr kitabı müəllifin oxucularla ilk görüşüdür.
"İki Sahil" qəzetinin əməkdaşı olan Mahir Rəsuloğlu jurnalist kimi də qələminin gücünü göstərməkdədir. O, bir neçə gün əvvəl Medianın İnkişafı Agentliyi tərəfindən keçirilmiş Respublika jurnalistlərinin fərdi yazı müsabiqəsində "Ən yaxşı reportaj" nominasiyasında qaliblər arasında olub.
Mahir Rəsuloğlunu ilk kitabının işıq üzü görməsi və qələm qalibiyyətinə görə təbrik edir, ona yeni-yeni nailiyyətlər arzulayırıq. İnanırıq ki, Mahir Rəsuloğlunun "Günəş göy üzünə qayıtmasa" adlı hekayələr kitabını oxucular rəğbətlə qarşılayacaqdır.