Milli maraqlarımızı özündə ehtiva edən aksiya

      Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası artıq 45 gündür ki, davam etməkdədir. 

Bildiyimiz kimi, aksiyanın keçirilməsində əsas məqsəd Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi əleyhinədir. Dinc aksiya iştirakçıları “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər.

Ekofəalların tələbi aydındır: Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir. Ancaq Rüsiya “sülhməramlılarının” komendanı aksiyaçıların görüşünə hələ də gəlməyib. Onun aksiyaçıların görüşünə göndərdiyi nümayəndəsi də içkili vəziyyətdə idi. Aksiyanın ilk günündə fəallar “sülhməramlıların” arasında olan ermənini də ifşa etdilər. 

Mən də bir vətəndaş kimi aksiyada iştirak etməyi özümə borc bildim. Aksiyada iştirak etmək üçün müraciətim müsbət cavablandırıldıqdan sonra, dekabrın 16-sı axşam saatlarında Bakıdan yola çıxan avtobusla Şuşaya getmək üçün Gəncədən Füzulinin Əhmədbəyli kəndinə yola düşdüm. Şuşaya çatanda saat 03.45 idi. Avtobusdan yerə düşən kimi birbaşa qələbəliyə tərəf üz tutduq.

Mən Şuşada ilk əvvəl ümumxalq həmrəyliyini bir daha gördüm. Bir daha əmin oldum ki, xalqımızın döyüş ruhu, qisas arzusu, mübarizliyi həmişə yüksək səviyyədədir. Azərbaycan xalqının ayağa qalxması yatmış vulkanın oyanmasını xatırladır. Azərbaycan xalqı sülhsevər xalq olsa da, onun milli ruhuna, milli dəyərlərinə, torpağına, sərvətinə toxunsan, onun döyüşkənlik ruhu bir qığılcımdan yenidən alovlana, vulkantək püskürə bilər. 

 “Şuşanın dağları başı dumanlı” mahnısı ilə bu müqəddəs torpağa qədəm qoyduq. Bilirdik ki, Şuşanın dağlarından artıq qara dumanlar yox olub, onun yerində, Şuşa səmasında şəhidlərimizin müqəddəs ruhları dolanır. Şəhidlərimizin ruhları qarşısında həmişə borclu olduğumuzu bilərək bu aksiyada fəal iştirak etməyimizin vacibliyini dərk etdik. Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbçilərinin növbə dəyişikliyi qürur və fəxr hissi ilə “Ən böyük əsgər, bizim əsgər!” şüarı altında baş tutdu. Bu şüarları səsləndirərkən gecənin qaranlığında Azərbaycan Əsgərininin gözlərində sanki Vətən eşqi şölə saçırdı. Və Dövlət Himnimizin səsləndirilməsi ilə milli ruhumuz bir daha canlanır, sədasından riqqətə gəlir, ülviyyətə çatırdıq.

Başımızın üstündə Şuşa yazılan lövhə, onun kənarında Azərbaycan və Türkiyə Bayraqları qürurla dalğalandıqca 44 günlük qəhrəmanlıq salnaməsinin mahiyyətini bir daha anladıq. İşıqların aydınlatdığı Şuşanın girişindəki möhtəşəm qayanın sinəsində məğrurluq vardı. Mənəvi anlamı böyük olan bu yerdə olmaq hər bir Azərbaycan vətəndaşı üçün xoşbəxtlikdir. 

Aksiyaya yola düşməzdən bir az əvvəl Şuşa sakini Şahid Rzayevlə maraqlı telefon danışığımız oldu. Səsimdəki dəyişikliyi duyan Şahid Rzayev bildirdi ki, Şuşanın havası insanın canındakı soyuqluğu çıxardır. Oranın havası, suyu insana məlhəmdir. Həqiqətən, aksiyada özümdə heç bir narahatlıq hiss etmədim. Qəribədir ki, səhhətim də düzəlmişdi. Bu da Şuşanın sirli-sehrli təbiəti haqqında öyrəndiyim yeni bir məlumat oldu.

Gecənin qaranlığında tonqallarımız aramsız yanırdı. Çadırlar da qurulmuşdu. Bu mənzərə mənə Oğuz yurdunda yaxşı gündə, pis gündə həmrəyliyə çağıran tonqalları xatırlatdı. Aksiyada hava soyuq olsa da, heç kəs üşümürdü. İnsanları isidən tək tonqalın alovu deyildi, qəlbimizin hərarətini artıran həm də Vətən eşqi idi. Aksiyada həmrəylik, mehribanlıq, xoş gələcəyə inam var. QHT nümayəndələri və media işçiləri bir-birinə dəstək olaraq aksiyanın mütəşəkkil davam etməsinə öz töhfələrini verirlər.

"Azad xalqın xoş çağını görürəm" adlı şeirimin sonuncu bəndi ilə aksiyadan görüntü paylaşım etdim:

 

Xalq bəsləyir rəhbərinə inamı,

İlham ilə həmrəy olmaq məramı.

Yetişəndə birlik, kömək məqamı,

Dədə Qorqud ocağını görürəm.

Səhəri həyəcanla gözləyirdim. Çünki, ekoloji aksiyanın keçirildi yoldan baxarkən mənim 6 yaşında didərgin düşdüyüm Xocalı rayonunun Kosalar kəndinin qarşısını kəsən dağların görsəndiyini bilirdim. Dan yeri söküldükcə həyəcanlanır, bir gözüm aksiyaya, bir gözüm dağlara tərəf baxırdı. Hava aydınlanan kimi göz yaşlarıma boğularaq doğma yurduma tərəf baxdım. Hiddətli, qəzəbli baxışlarla Xankəndinə, bir də "sülhməramlı"lara baxdım. Yanımdakı yoldaşlara qürur, qəzəb və həsrət dolu qarışıq hisslərlə: Baxın, bu görünən dağın o üzü mənim doğma kəndimdir - döyüşkən Kosalar kəndidir. Orada da ermənilər talançılıq edib, bütün evləri yandırıb, ağacları kəsiblər. "Kosalar" şeirimdən bir parça da səsləndirməklə hislərimi bədii dildə ifadə etdim.

 

Bu dağın o üzü bizim kəndimiz,

Boylanır uzaqdan hələ gözümüz,

Düşəcək yoluna yenə izimiz,

Şərəfim, mənliyim, adım Kosalar.

Qəlbimdə sızlayan odum Kosalar.

Şuşadan qayıtmaq zamanı yetişəndə yenə gözlərim arxada qaldı. Növbəti gəlişimdə Xankəndinə, Xocalıya, Kosalar kəndinə getmək arzusu ilə Şuşadan ayrıldım. Aksiyanı əziz həmvətənlilərim növbəli şəkildə davam etdirməkdədir.

Ermənilər isə bütün dünyaya bu ekoloji, dinc aksiyanı humanitar fəlakət kimi yayırlar. Amma hər şey göz qabağındadır; Yolu Rusiya sülhməramlıları bağlayıb. Yolu keçmək istəyən ermənilərə heç bir maneə yoxdur. 

Qarabağ iqtisadi rayonunda məskunlaşan ermənilər bilməlidirlər ki, Ruben Vardanyan, Araik Artunyan kimi axmaqlardan onlara heç bir fayda yoxdur. Onlar talana, ekoloji terrora son qoymalıdır. Vətən Müharibəsində məhv edilmiş Xocalı cəlladları kimi, Qarabağda ekoloji terrorda əli olan cəlladlar, seperatçılar da öz cəzalarını alacaqlar. Ermənilər onlar üçün yaranmış bu şansdan şüurlu istifadə edərək ya seperatçıların girovluğundan azad olaraq Konstitusiyamızın qanunları çərçivəsində yaşamalı, ya da torpaqlarımızdan çıxıb getməlidirlər.

Qarabağın torpağı da, sərvəti də, havası da, suyu da bizimdir. Onu talayan, mənimsəyən düşmənə azğın nəfsi həmişə qənim olub, bundan sonra da olacaqdır. Milli maraqlarımızı özündə ehtiva edən dinc aksiyamız tələbimiz yerinə yetirilənədək davam edəcəkdir. 

Qalib BƏYMƏMMƏDOĞLU,

 “Xocalının səsi” qəzetinin redaktoru



 



Yorum Gönder

Daha yeni Daha eski