XOCALILARIN ÜÇÜN İZTİRABLARLA KEÇƏN MƏŞUM FEVRAL AYI

Fevral ayı xocalılar üçün illər ötsə də ən ağrılı günlərin yaşandığı tarix kimi öz mənfi ab-havası ilə yavaş-yavaş təqvimdən yarpaqlarını salır. Bu qısa ay əslində Xocalı sakinləri üçün mənəvi iztirabları ilə ən uzun ay kimi ötüşür. Qaysaq bağlamayan yaralar fevral ayında yenidən şiddətlənir. Görünür ömrümüzün sonuna kimi hər fevral ayı Xocalı soyqırımının ağrı-acıları yaddaşımızı ağır çəkic kimi möhürləyəcək, çəkdiyimiz müsibətlər əbədi yaddaşımıza getdikcə daha dərindən həkk olunacaq. Fevral ayında xocalılar xeyir işləri görməz, toy məclisləri qurmazlar. Nə qəribə qismətdir ki, Xocalı soyqırımının hər ildönümündə uzun müddət göylərdən asılı qalan qar bizim dərdimizə dözməyərək yerə düşür, dənə-dənə də olsa özünü yetirərək o müdhiş, qarlı-şaxtalı gecənin təəssüratlarını yaşadır. 

Xocalı soyqırımının otuzuncu ildönümü ərəfəsində - fevral ayının 15-də  Xocalı yadigarı, dəyərli ziyalımız, söz ustdadı Allahyar Xocalının vəfatı bu soyuq, məşum fevral ayını xocalıların gözündən daha da saldı. Allahyar Xocalı yurd həsrətli şair idi. Onun şeirlərinin əsas sujet xəttini mübarizlik, doğma yurd həsrəti, Xocalı soyqırımının dəhşətləri təşkil edirdi. Allahyar müəllimin 88 yaşlı babası Xocalı soyqırımında şəhid olmuşdur.

Qəzetimizin saytında və sosial şəbəkələrdə əvəzedilməz insan olan Allahyar Xocalının həyatı və yaradıcılığı haqqında yazılar paylaşılır. “Xocalının səsi” qəzeti öz səhifələrinə taleyüklü Xocalının salnaməsini yazması böyük məsuliyyətdir. Xalqımızın, elimizin sevincinə sevinib, qəminə kədərlənən “Xocalının səsi” yazdığı salnaməsində oxucularının maraqlarına, arzu-istəklərinə uyğun yazılar dərc etməkdədir.

“Xocalının səsi” qəzetinin arxivinə, onun saytına fevral ayında daha çox müraciətlər olur. Xocalı soyqırımının otuzuncu ildönümü ərəfəsində “Xocalıya Ədalət!” beynəlxalq təbliğat kampaniyasının paylaşımlarına istinad edilərək öz səhiflərimizdə paylaşım edirik. Ayda bir dəfə 8 səhifədən ibarət olmaqla 600 sayda dərc edilən “Xocalının səsi” qəzeti öz mənəvi əhəmiyyətinə görə rayon qəzetləri arasında önəmli yer yutur. 

Qalib BƏYMƏMMƏDOĞLU,

“Xocalının səsi” qəzetinin redaktoru


Yorum Gönder

Daha yeni Daha eski