20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dəyərləri itirdi

         Mixail Qorbaçovun keçmiş SSRİ Mərkəzi Komitəsinin rəhbərliyinə gəlişindən sonra “yenidən qurma” adı altında siyasi proseslərə start verildi. 1985-ci ildə başlanmış bu proses 1988-ci ildə artıq elə bir sonluğa gətirib çıxartdı ki, SSRİ adlı rus imperiyasının dağılmasını labüd etdi. Bunu da şərtləndirən əsas səbəblər SSRİ yaradılarkən bu birliyə daxil olan bütün xalqlara bərabər hüquq və azadlıqların veriləcəyi, ərazidə yaşayan insanlara xoşbəxt gələcəyin təmin ediləcəyi vədlərinin heç birinə əməl edilməməsi  və əksinə birliyə daxil olan xalqların istisnasız olaraq rus şovinizminin təsirinin altına salınması, düzgün olmayan iqtisadi, siyasi, beynəlxalq və hərbi siyasətin aparılması nəticəsində SSRİ-nin digər dövlətlərlə müqaisədə inkişaf səviyyəsinin olduqca aşağı səviyyədə olması idi.

   20 Yanvar faciəsi xalqımıza qarşı göstərilən ədalətsiz, insanlıqdan kənar, qərəzli, amansız münasibətin nəticəsi kimi qiymətləndirilməlidir. Xalqımız rus imperiyasının təsiri altında yaşadığı dövrdə çoxsaylı ədalətsizliklərlə üzləşməli olub. Tarixi torpaqlarımız parçalanmaya məruz qalıb, xalqımız insanlıq əleyhinə cinayətlərlə üzləşərək daimi yaşayış yerlərini tərk etməli olub, həqiqi tariximiz saxtalaşdırılıb, xalqımız üçün saxta tarix yazılıb, xalqımızın qəhrəman oğulları düşmən obrazında, milli satqınlar isə qəhrəman cildində millətimizə təqdim edilib.

   20 Yanvar faciəsini də xalqımıza qarşı aparılan mənfur siyasətin tərkib hissəsi olaraq dəyərləndirməyimiz  məncə daha doğru  olardı! Keçmiş SSRİ-ni idarə edən heyətin tərkibinə bələd olan hər kəs bilir ki, bu tərkibdə daima erməni millətinin nümayəndələri olub və onlardan xalqımıza qarşı  maşa kimi istifadə edilib. SSRİ Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun da ətrafında erməni daşnak tör-töküntüləri çoxluq təşkil edirdi. Bunlardan biri də M.Qorbaçovun köməkçisi akademik  Aqanbekyan idi və 1980-ci ilin sonlarında Fransada səfərdə olarkən “Humanite” jurnalına müsahibəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinin ilk dəfə səsləndirmiş və bunu iqtisadi cəhətdən əsaslandırmağa çalışmışdı. Bundan az bir müddət keçdikdən sonra Ermənistanda və keçmiş Dağlıq Qarabağ ərazisində ermənilərin etiraz nümaişləri başlandı. Keçmiş SSRİ rəhbərliyi erməniləri cəzalandırmaq əvəzinə, əksinə proseslərin dərinləşməsi, milli ədavətin qızışdırılması yolunu tutdu. Keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi bu işdə xüsusi fəaliyyət göstərdi, Xankəndində keçirilən ilk etiraz mitinqlərini, Sumqayıt və 1990-cı ilin 20 Yanvar öncəsi Bakıda bir neçə ermənilərin qətlə yetirilməsini süni şəkildə onlar təşkil etdilər ki, əllərinə bəhanə keçirib xalqımıza qarşı bu vandal aktını törədə bilsinlər.

   20 Yanvar faciəsindən öncə də Alma – Ata-da, Tiflisdə və Volnusda  silah yolu ilə keçmiş SSRİ rəhbərliyi etirazları yatırmışdı. Lakin onların heç birində Azərbaycanda olduğu kimi qəddarlıq nümaiş etdirməmişdilər.

   Yanvar ayının 19-da artıq bütün hazırlıq işləri başa çatdırıldı. Emisarlar və milli satqınlar məhz həmin gecə xalqın axın-axın meydanlara, küçələrə çıxmasını təmin etdilər. Faciənin baş verəcəyi haqqında əvvəlcədən məlumatı olan xəyanətkar rəhbərlər xalqı xəbərdar etmədilər. Həmin gün telestudiyanın enerji bloku partladıldı. Fövqəladə vəziyyət rejimi haqqında Sov.İKP MK-nın Baş katibi M.S.Qorbaçovun fərmanı isə qırğından sonra elan edildi. Bütün bunlar təsadüf yox, mənfur bir planın dəqiq hazırlanmış ssenarisi əsasında baş tutdu.

  Yanvar ayının 19-dan 20-nə keçən gecə rus-erməni ordu birləşmələri imperiya hərb maşınının ən yüksək texnika ilə təchiz olunmuş halda Bakıya daxil oldular və amansız qırğın törətdilər. Artıq faciə ilə üzbəüz dayandığını başa düşən Azərbaycan xalqı geri çəkilmədi. Bu da bəşər tarixində yeni bir qəhrəmanlıq nümunəsi oldu. Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu, sözün əsl mənasında, öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq və Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi.

  Böyük bir imperiyanın güc nazirliklərini təmsiledən generalların Bakıda oturub bilavasitə rəhbərlik etdikləri 20 yanvar əməliyyatı barbar bir qırğınla sona çatdı. Ancaq nə bu cəza, nə də ondan sonrakı müsibətlər Azərbaycan xalqının iradəsini qıra bilmədi. Azadlıq uğrunda - müstəqillik yolunda dönmədən mübarizə aparan xalqımız sonunda öz məqsədinə nail oldu.

    Nəzərə alsaq ki, Bakıya göndərilən ordunun tərkibinə Rostov və Krasnodar vilayətlərindən erməni daşnaklarının  cəlb edilməsi faktı onu təsdiq edir ki, Bakıda planlaşdırılan qətliam qəddarlığı  ilə daha amansız olmalı və Azərbaycan xalqına göz dağı verilməli idi. Belə də oldu. Rus imperiyası 20 Yanvar faciəsini törətməklə öz mahiyyətini ortaya qoymuş oldu.  20 Yanvar imperiya  üçün heç bir mənəvi və insani dəyərin olmadığını təsdiq etdi. 

   20 Yanvara birmənalı qiymət vermək məncə yanlış olardı. Xalqımıza qarşı törədilmiş qətliamı faciə idisə, digər tərəfdən xalqımızın qəhrəmanlıq salnaməsidir və gələcək nəsillərimiz üçün örnək nümunəsidir.

 Vahid Əliyev,

YAP Xocalı rayon təşkilatının sədri

Yorum Gönder

Daha yeni Daha eski