Prezident İlham Əliyev cənablarının Davos Dünya İqtisadi Forumunda qətiyyətli mövqeyi

       Yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində “Parçalanmış dünya şəraitində əməkdaşlıq” devizi altında Dünya İqtisadi Forumu (DİF) keçirilir. Tədbirdə 50-dən çox dövlət və hökumət başçısı, 19 mərkəzi bank rəhbəri, 30 ticarət naziri və 35 xarici işlər naziri, həmçinin Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Valyuta Fondu və Dünya Ticarət Təşkilatının rəhbərləri iştirak edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib. Tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanda bütün zəruri infrastruktur obyektlərinin daha çox yük qəbul etməyə hazır olduğunu bildirmişdir: “Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur”.

Azərbaycan Prezidenti qeyd edib ki, Qafqazın üç ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik və sərhədlərin delimitasiyası kimi məsələlərdə səylərini birləşdirsə, region daha təhlükəsiz olar. Dövlətimizin başçısı deyib: “Mən dostum İrakliQaribaşvilinin səylərini yüksək qiymətləndirirəm. Onun himayəsi altında Gürcüstan xarici işlər nazirinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil edildi. Bizim təklifimiz ondan ibarət idi ki, Gürcüstanda liderlərin görüşü təşkil olunsun. Çünki tarixən Gürcüstan bütün qonşuların bir araya gəldiyi ölkə olub. Lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir”.

Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün Azərbaycanın gərgin çalışdığını bildirən Prezident İlham Əliyev mövzu ilə bağlı qeyd etmişdir: “TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik. TAP yalnız iki il bundan əvvəl açılmışdır. Lakin indi biz həcmi genişləndirməliyik. Beləliklə, əlavə maliyyələşmə tələb olunacaq və biz buna hazırıq”.

Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Dövlətimizin başçısı bildirib ki, “Qərblə Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Əslində, Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır”. “Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik. Hesab edirik ki, nəqliyyat sahəsi bizə ixracımızı şaxələndirməyə imkan verəcək, çünki biz xidmət ixrac edəcəyik. Bununla yanaşı, Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyunca yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır”. 

Eyni zamanda ölkə baççısı Azərbaycanının Xəzər dənizində ən böyük donanmaya malik olmasına dair fikir bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Xəzər dənizində 53 gəmidən ibarət ən böyük donanmaya malikdir. Bununla yanaşı, Türkmənistan, Qazaxıstan və Azərbaycanın limanlarını, yaxşı dəmir yolu bağlantısına malik Mərkəzi Asiya ölkələrini qeyd etmək lazımdır. Beləliklə, iştirakçı dövlətlərdən - Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropalı tərəfdaşlardan ibarət icraiyyə komitəsi və ya idarə heyəti yaradılmalıdır.

Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi qələbə dünyada yeni reallığın yaranmasına səbəb oldu. Ölkə başçısı İlham Əliyev cənablarının apardığı uğurlu siyasət hərbi cəhətlə yanaşı siyasi cəhətdən də mövqeyimizin daha da güclənməsinə səbəb oldu. Artıq dünya dövlətləri Azərbaycanın göstərdiyi iradə ilə hesablaşmalı olurlar. 

Akif Rüstəmov,

Xocalı rayon ziyalısı

Yorum Gönder

Daha yeni Daha eski