Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə

       Azərbaycanın dövlət müstəqilliyinin ilk illəri digər sahələrdə olduğu kimi energetika
sahəsində də ciddi çətinliklərlə müşahidə edilirdi. Paytaxt Bakı daxil olmaqla qaz və elektrik enerjisinin verilməsində fasilələr yaranırdı. Çünki isehsal olunan elektrik enerjisi və hasil olunan qaz tələbatı ödəməyə yetmirdi. Rayon yerlərində həyətyanı sahələrdə olan meyvə ağacları və meşələr oduncaq üçün kəsilir və bununla əhali özünün istilik enerjisinə olan tələbatını qismən də ödəmək məcburiyyətində qalmışdı. Ulu öndər, xalqımızın Ümummilli lideri Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra digər sahələrlə yanaşı respublikamızda mövcud olan enerji böhranının aradan qaldırılması istiqamətində qətiyyətli qərarlar qəbul etdi. 20 sentyabr 1994-cü ildə “Əsrin Kontraktı” adlanan Böyük Neft Müqaviləsini imzalamaqla Azərbaycanda enerji sektorunun inkişafının əsasını qoydu. Bu da öz növbəsində həm enerji böhranını aradan qaldırdı və eyni zamanda digər sahələrin inkişafı üçün maliyyə imkanlar yaratdı.

   Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət Azərbaycanı dinamik inkişaf edən dövlətə çevirdi. Bir zamanlar əhalini fasiləsiz elektrik və istilik enerjisi ilə təmin edə bilməyən Azərbaycan yalnız xaricə enerji ixrac edən dövlət deyil, eyni zamanda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, dünyanın güc və maliyyə mərkəzlərinin hesablaşdığı dövlətlərdən biridir. Artıq Azərbaycan dünyanın idarə edilməsi ilə bağlı beynəlxalq münasibətlərin müzakirə edildiyi və mühümqərarların qəbul edildiyi məkanlardan birinə çevrilib. 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına iki dəfə ard-arda Azərbaycanın sədr seçilməsi dünyanın Azərbaycana, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə münasibətinin göstəricilərindəndir.

    Fevral ayının 13-də Bakıda “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştrakı ilə müstəqillik dövrünün ən böyük, 1280 MVt gücündə İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Yeni tikiləcək İstilik Elektrik Stansiyasının istismara verilməsi ilə Azərbaycanın istehsal etdiyi elektrik enerjisinin miqdarı daha da artacaq və bununla enerji ixracı potensialımız böyüyəcək.

Tədbirdə iştirak edən cənab Prezident İlham Əliyev bildirmişdir: “Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir.

    Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə ötən əsrin 70-ci illərində - daha doğrusu, 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur.

    Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin. Halbuki o vaxt Bakıda və Azərbaycanın müxtəlif yerlərində yaşamış insanlar yaxşı xatırlayırlar ki, o dövrdə hətta elektrik enerjisi kəsilirdi, kəsir var idi, özümüzü təmin edə bilmirdik. Amma buna baxmayaraq, əsas yükü o zaman məhz Mingəçevir Elektrik Stansiyası öz üzərinə götürmüşdür.

Təbii ki, illər keçdikcə istənilən infrastruktur köhnəlir, o cümlədən Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prioritet məsələlərdən biri idi və mənim göstərişimlə 2018-ci ildə stansiyanın tamamilə yenidən qurulması prosesi başlamışdır. Qısa müddət ərzində - artıq iki ildə 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. Beləliklə, 2020-ci ildə stansiya, necə deyərlər, öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur.

     İndi isə Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır”.

      Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycanın energetika sektorunda imkanları getdikcə artır. Bu da dövlətimizin həm beynəlxalq nüfuzunun artmasına, iqtisadi və hərbi qüdrətinin yüksəlməsinə, eyni zamanda əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir göstərir. Millət və dövlət olaraq çox çətin sınaqlardan keçdik. Bu sınaqlardan birliyimizin hesabına şərəflə çıxdıq.

   Xalqımızın firəvan və xoşbəxt həyatı hələ öndədir.

   Vahid Əliyev,

   YAP Xocalı rayon təşkilatının sədri

  

Yorum Gönder

Daha yeni Daha eski