Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır

       Fevral ayının 6-da Türkiyədə baş vermiş zəlzələ qardaş ölkəni təbii fəlakətin ağır fəsadları ilə üz-üzə qoydu. Zəlzələnin mərkəzi Kahramanmaraş olmasına baxmayaraq 10 vilayəti yerlə yeksan etdi. Bu amansız təbii fəlakət 6000-dən artıq binanın dağılmasına, 10 minlərlə insanın həyatını itirməsinə, 100 minlərlə insanın yaralanmasına və dağıntılar altında qalmasına səbəb oldu. O cümlədən bu ağır fəlakət nəticəsində 5 nəfər Azərbaycan vətəndaşı həyatını itirdi və bir neçəsindən hələ də xəbər yoxdur.

 Türkiyə dövlətinin bu ağır günündə dünyanın bir çox ölkələri təbii fəlakətin baş verdiyi ərazilərə öz köməklərini göndərdilər. Lakin qardaş ölkəyə ilk köməyə çatan Azərbaycan oldu. Prezident İlham Əliyevin göstərişinə əsasən fəlakətin baş verdiyi ilk günlərdən 750 nəfərə yaxın Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri hadisə yerinə göndərildi. Bu gün onlar dağıntıların baş verdiyi ən çətin bölgələrdə xilasetmə işlərini şərəflə yerinə yetirirlər. Azərbaycan xilasedicilərinin əməyi sayəsində yüzlərlə insan dağıntılar altından sağ-salamat çıxarılmışdır. Azərbaycan Ordusunun hərbi tibb personalı da lazımi tibb avadanlıqları ilə birlikdə Türkiyəyə yola düşmüş və yaralılara köməklik göstərirlər.                        

      Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən zərərçəkmişlərə fond tərəfindən böyük humanitar yardım, o cümlədən dərman preparatları, tibbi avadanlıqlar, isti geyimlər və s. göndərilmişdir.                            

     Prezident İlham Əliyevin tapşırığı ilə qardaş türk xalqına yardım məqsədilə həyata keçirilən və xalqımızın da böyük dəstək verdiyi tədbirlərdə Azərbaycan könüllü gəncləri yaxından köməklik göstərirlər. Onlar arasından bir qrup təcrübəli və çətin şəraitdə fəaliyyət göstərməyə hazır olan gənclər müəyyən edilərək, ilkin təlimatlandırma keçdikdən sonra təbii fəlakətdən zərər çəkmiş insanlara dəstək olmaq üçün qardaş ölkəyə yola düşüblər.                      

Fəlakətin baş verdiyi ilk gündən Azərbaycanın bütün rayonlarında yardım kompaniyaları yaradılıb. Hər bir Azərbaycan vətəndaşı kiçikdən- böyüyə könüllü olaraq bu kompaniyada gücləri çatdığı qədər iştirak edir. O, cümlədən Xocalı rayonunun əhalisi, müəssisə və təşkilatları da köməklik üçün əllərindən gələni edirlər. Hər kəs əllərində yorğan-döşək, ədyallar, isti geyimlər və ərzaq dolu bağlamalarla yaradılmış yardım məntəqələrinə yaxınlaşır və oraya təhvil verir. Yardım məntəqələrinə toplanan yardımlar davamlı olaraq böyük maşınlara yüklənərək Türkiyəyə yola salınır.

Eyni zamanda Xocalı rayon Kosalar kənd tam orta məktəbinin müəllim və texniki işçi heyəti də könüllü olaraq qardaş türk xalqının bu ağır günündə öz maddi və mənəvi dəstəyi ilə yardım kompaniyasında yaxından iştirak etmişdir. Bu hər birimizin qardaşlıq və insanlıq borcumuzdur. Azərbaycan və Türkiyə əbədi dost və qardaşdır. Birinin kədəri və sevinci, o birinin də kədəri və sevinci deməkdir.           

Allahdan bu ağır təbii fəlakət nəticəsində dünyasını dəyişən hər bir insana rəhmət, yaralılara şəfa diləyirik!

Yaşasın Azərbaycan- Türkiyə qardaşlığı!

Vəsilə Quliyeva, 

Xocalı rayon Kosalar kənd tam orta məktəbin müəllimi

Yorum Gönder

Daha yeni Daha eski