Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibə verib. Müsahibədə Prezident İlham Əliyev bir daha bəyan etdi ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil".
Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak edirdilər. Plenar iclasda çıxışında cənab Prezident diqqətə çatdırdı ki, tarixdə ilk dəfə Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşürlər.
Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Dağlıq Qarabağ sözü artıq qüvvədən düşüb. Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməlidir. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Azərbaycan erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə müzakirəyə hazırdır. Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdırlar. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar.
Prezident İlham Əliyev onu da bəyan etdi ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platformamız var. Onlardan biri Brüssel formatıdır. Bu formatın üçtərəfli olduğu, yəni, Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında olduğu barədə ümumi bir anlaşma vardır"
Prezident İlham Əliyev onu da vurğuladı ki, Azərbaycan istəyir ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın. Biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin. Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun. Münxen səfərinin nəticələri barədə danışarkən, qısa şəkildə demək olar ki, cənab Prezidentin bu səfər çərçivəsindəki çıxışları, keçirdiyi görüşlər və apardığı danışıqlar Azərbaycan diplomatiyasının yeni uğurları kimi yadda qaldı və ölkəmizin xarici siyasətinə dəyərli töhfə oldu".
Vüqar İsmayılov,
YAP Xocalı rayon təşkilatının əməkdaşı