GÜLLƏLƏNMİŞ ŞƏHƏRİN GÜLLƏLƏNMİŞ SAKİNLƏRİ (Qasım Qırxqızlının nəşr olunmamış kitabından)

Xocalı faciəsi ağrı-acımız, tariximizin ibrət dərsidir bizə. Xocalı qırğını milli faciəmiz yox, milli yaddaşımız və tarixi dəyərimizdir. İnsan yarandığı gündən var-sərvət, torpaq uğrunda müharibələr etmiş, lakin Xocalıda törədilən qanlı faciələrin heç biri o müharibələrdə törədilməmişdir.1992-ci ilin 26 fevralı...
Qarlı-çovğunlu qış gecəsi… Aylarla ocaqsız-odsuz, çörəksiz qalan xocalılar erməni qəsbkarları tərəfindən mühasirəyə alınmışdı. Dinc əhali çıxılmaz bir vəziyyətə düşmüşdü. Heç bir yandan kömək gəlmir, ərzaq qurtarıb, yollar isə hər tərəfdən bağlanıb. Aydın idi ki, Xocalı ölümə məhkum edilmişdi. Əgər o dövrdə Azərbaycana rəhbərlik edənlər istəsəydilər Xocalı qırğınının qarşısını alardılar. Lakin bunu etmədilər, nəticədə isə xocalılar amansız ölümə, ağır işgəncələrə məruz qaldılar.
Xocalıya dörd istiqamətdən hücum edilmişdi, ancaq Əsgəran tərəfdən adi bir patron belə atılmamışdı. Bu isə onu göstərir ki, Əsgəranda ona görə nisbi sakitlik yaratmışdılar ki, əhali Ağdama getmək üçün Əsgəran səmtə üz tutacaq. Erməni hərbi birləşmələri təpədən-dırnağa qədər silahlanaraq bütün yolları, keçidləri tutmuşdular. Məqsədləri də bu yollarda xocalıları kütləvi qırğına məruz qoyub, Azərbaycanda qorxu xofu yaratmaq idi. Türk dünyasına qənim kəsilən ermənilər uşağa, qadına, qocaya baxmadan xocalıları vəhşicəsinə güllələyirdilər. Ölümdən, girovluqdan yaxa qurtarmaq istəyənlərin az bir hissəsi Ağdama gəlib çıxa bilmişdi.
Soyuq-şaxtalı qış gecəsi... Qar aman vermədən yağır. Dinc əhali qaçaraq Kətik meşəsinə üz tuturlar. Meşə yollarını qar basdığına görə pərən-pərən düşmüş əhali yol tapa bilmir, ayaqyalın, başıaçıq şaxtalı havada sutkalarla meşədə dolanmağa məcbur olur, düşmənin pusqusuna düşərək məhv edilirdilər. Əsir götürülənlərə aman verilmir, döyür, söyür, təhqir edir, saatlarla ayaqyalın qarın üstündə, saxlamaqdan həzz alırdılar. Ermənilərin Xocalıda törətdikləri vəhşiliklərin analoqu yer kürəsində əsrlər boyu aparılan qanlı müharibələrin heç birində baş verməmişdir.
Görəsən nə etmişdi binəva xocalılar ermənilərə? Bu qəddar düşmənçilik hissi necə yaranmışdı insanlıqdan uzaq olan ermənilərdə?! İllərlə qonşuluq etdikləri, bir süfrədə çörək kəsdikləri, ən yaxın dostluq etdikləri adamlara belə rəhm etmirdilər. Zamanın başqa zaman olduğunu, deyərək ən yaxından tanıdıqları xocalıları özləri güllələyirdilər.
Nə idi bu güllələnən körpələrin günahı, İlahi?! Onlardamı erməniyə güllə atmışdılar? Yox, əsla belə deyildir. Ermənilərin davası torpaq yox, nahaq, günahsız insanların qanını tökmək idi və məqsədlərinə də nail oldular.
Xocalı faciəsindən sağ çıxanların çoxu aldığı ağır yaralardan, keçirdikləri sarsıntılardan, çəkdikləri əzab və əziyyətdən dünyalarını vaxtsız dəyişdilər. Sağ qalanların isə hamısı xəstə və zəlil olmuşlardır.
Dünya niyə susur? Törədilən bu vəhşilikləri görmürlərmi? Görürlər, lakin nədənsə haqqı nahaqqın ayağına verir, işğalçı ilə işğala məruz qalanı bərabər tuturlar. Nə vaxt isə haqq öz yerini tapacaq, cinayətkar ermənilər dünyanın haqq divanı qarşısında cavab verəcəklər. Atalar demişkən: “Nahaq qan yerdə qalmaz”.Xocalı soyqırımı Azərbaycan xalqının əzm və dəyanətini qırmadı, əksinə onun mübarizə əhval-ruhiyyəsini daha da artırdı.

Ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Xocalı faciəsinin əsil mahiyyətini açıqladı və öz qiymətini aldı. Xalqımız inanır ki, ümummilli liderimizin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində biz torpaqlarımızı yağı tapdağından azad edəcək və doğma yurd-yuvamıza qayıdacağıq. 
Qasım Qırxqızlı  - "Xocalının Səsi" qəzetinin redaktoru

Yorum Gönder

Daha yeni Daha eski