Kərkicahan qəsəbəsi Xankəndi şəhərinin tərkibində olaraq 26-cı məhəllə
adlandırıldı. 1988-ci ildən ermənilər tərəfindən başlanan Qarabağ müşaribəsində
Kərkicahanlılar elliklə əl-ələ verərək qorudular doğma yurd-yuvalarını. Nəticədə
arxasızlığın, köməksizliyin qurbanlarına çevrildilər. Bu isə özünün ağır nəticələrini
verdi.
Kərkicahan qadınları da qorxmadan, çəkinmədən erməni quldurlarına qarşı
gedən mübarizələrin həmişə önündə dayanardılar. Onlardan biri də Diləfruz
Bayramova idi. Diləfruz dəfələrlə ermənilərlə üzləşmiş, hətta erməni polis
mayorunun paqonlarını çəkib çiynindən qopartmışdı.
1988-ci il 18 sentyabrda Kərkicahan ermənilərin hücumuna məruz qaldı.
Xankəndindən ermənilər mitinqdən çıxaraq 2 qrupa bölündülər. Qruplar
silahlanaraq Kərkicahan və Xocalıya hücuma keçdilər. Bu hücumda kərkicahanlılar
və xocalılar öz sözlərini mərdanə deməyi bacardılar və quldurları geri
oturtdular. Bu hadisədə ermənilər xeyli itki də verdilər. Onlar fikirləşirdilər
ki, Kərkicahan və Xocalını ələ keçirsələr Qarabağ bütövlükdə onların olacaqdır.
Həmin axşam heç bir atıcı silahdan istifadə etməyən kərkicahanlılar
daşla erməniləri geri çəkilməyə məcbur etdilər. Diləfruz ətəyinə daş yığaraq camaatı
«daş silahı» ilə tam təmin etdi. Diləfruzun göstərdiyi bu qəhrəmanlıqdan bütün
kərkicahanlılar ürək dolusu danışırlar.
Atalar demişkən: - Aslanın erkəyi, dişisi olmaz. Qarabağ müharibəsində
qəhrəmanlıq göstərən qadınlarımız haqqında gələn saylarımızda silsilə yazılarla
çıxış edəcəyik.
Qasım QIRXQIZLI