9 May Aşağı Ağcakənd qəsəbəsində Böyük Vətən müharibəsinin iştirakçısı 91 yaşlı Xocalı rayon Kosalar kənd sakini veteran döyüşçü Ələkbərov Novruz Əvdil oğluna Böyük Vətən Müharibəsinin 70 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş yubiley medalının və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko cənablarının göndərdiyi təbrik məktubunun təqdimetmə mərasimi keçirilmişdir. Təbrik məktubunda qələbənin ildönümü münasibəti ilə veteran döyüşçünü təbrik edən prezident Aleksandr Lukaşenko, Faşist Almaniyasına qarşı döyüşlərdə göstərdiyi igidlik və rəşadətə görə Ələkbərov Novruza minnətdarlığını ifadə edib.
Təqdimetmə mərasimində Xocalı rayon İcra Hakimiyyətinin Əraziidarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə İş Şöbəsinin müdiri Vaqif Ağayev, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin rəisi Bəxtiyar Məmmədov, Xocalı rayon Statistika İdarəsinin müdiri Dünyamin Əsədov, Xocalı rayon İHB-nin Kosalar kənd İ.Ə.D - si üzrə nümayəndəliyindən Vasif Bağırov iştirak etdilər.
Novruz Ələkbərov Belarusiyada 206-cı polkun atıcı diviziyasında Həzi Aslanovun ölümündə şübhəli olan Ovanes Baqramyanın dəstəsində plamyotçu olmuşdur. Belarusiyanın alman-faşist işğalından azad olunmasında iştirak etmişdir. Novruz kişi tarixin ən qanlı və uzunmüddətli mühasirələrindən biri olan Leninqradın (İndiki Sankt-Peterburq) Almaniya və Finlandiya ordusunun 872 günlük mühasirəsinin yarılmasında Georgi Jukovun diviziyasında da döyüşmüşdür. Bundan sonra o, Stalinqrad, Livov və Varşavada döyüşlərdə olur. Polşadakı ilk döyüşlərində başından və çiynindən yüngül yara almışdır. Varşavada sol ayağından ağır qəlpə yarası aldıqdan sonra Saratov hospitalına müalicəyə göndərilmişdir. 5 ay müalicə aldıqdan sonra ordu sıralarından təxris olunaraq Vətənə qayıtmışdır. Onun keçdiyi döyüş yolu igidlik və şücaətlə zəngindir. Çoxlu sayda medallarla təltif edilmişdir. Medalların bir qismini köçkünlük zamanı itirmişdir. Böyük Vətən müharibəsinin canlı şahidi və iştirakçısı olan Novruz Ələkbərovla fəxr edirik.
Böyük Vətən müharibəsinin qanlı-xətalı, ölümlü-itimli döyüşlərindən sağ-salamat çıxan Novruz Ələkbərov ömrünün qocalıq çağını indi doğma el-obadan didərgin düşərək yaşayır. Şübhəsiz ki, veteran döyüşçünün ən böyük arzusu Qarabağın erməni faşistlərindən azad olunacağı günü görməkdir. Novruz Ələkbərova Allahdan uzun ömür, möhkəm can sağlığı, medallarının sayının daha da çox olmağını və doğma el-obamızı yenidən görməyini arzu edirik.
Qalib Bəyməmmədoğlu
Bölgə muxbiri
.jpg)
