Elə ona görə də həmişə onların hər biri əfsanəvi qəhrəman kimi yadda qalır. Bu qəhrəmanların qanları bahasına qoruyub saxladıqları və biz nəsillərə miras qoyduları Kosalar kəndini qoruyub saxlaya bilmədik. Çox heyif! Bütün Qarabağ və işğal olunmuş ətraf rayonlar kimi Kosalar kəndi də xəyanət nəticəsində alovlandı. Bu xəyanət o dövrdə respublika hakimiyyətinin xalqa qarşı xəyanəti idi. 1992-ci il may ayının 9- da işğal olunmuş Kosalar kəndinin statiskasında 383 ailə təsərrüfatı,1380 nəfər əhalisi var idi.
Cənab Prezdentimiz İlham Əliyevin sərəncamı ilə məcburi köçkün və qaçqınların həyat şəraitinin yaxşılaşdırılması üçün salınan yeni tipli qəsəbələrdən biri də Gəncə şəhəri ətrafında inşa edilmişdir.15 dekabr 2014 -cü il tarixində 600 ailə üçün salınmış qəsəbədə Kosalar kənd əhalisi məskunlaşdırılaraq fərdi evlərlə təmin edilmişdilər. Hal-hazırda yeni qəsəbədə Kosalar kəndinin 3 tam orta məktəbi, həkim ambulatoriyası, mədəniyyət evi, kitabxana və klubları, tarix-diyarşünaslıq muzeyi və icra nümayəndəliyi tam şəraitlə təmin edilmiş inzibati binalarda fəaliyyət göstərir.
Sabahını Qarabağsız, Kosalarsız təsəvvür edə bilməyən əhali bütün çətinliklərə sinə gərərək vətən torpağına qayıtmaq ümid ilə yaşayır. Əminik ki, bu arzular gerçəkləşəcək, xarabaya dönmüş vətən torpağında yenidən quruculuq işləri davam etdiriləcək. Şübhəsiz ki, bu xalqın qeyrətli oğullarının qırılmaz əzmkarlığı nəticəsində üçrəngli bayrağımız Şuşada dalğalanacaq. 20l4-cü ilin statistikasına görə 518 ailə təsərrüfatı, l874 nəfər əhalisi olan, hər bir döyüşçüsü Milli Qəhrəman adına layiq, bu gün öz problemlərini qismən də olsa özü həll etmək qüdrətinə malik olan Kosalar əhalisinin döyüşkən qüvvəsi ilə bərabər ziyalı potensialı da gündən-günə artır. Mütəmadi olaraq tələbə adını alan gənclərimiz yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görülürlər. Respublikanın müəyyən dairələrində və onun hüdudlarından kənarda Kosalar adlı bir elin adını ucaldıb, hüquqlarını qoruyan hər bir vətəndaşı ilə kənd əhalisi fəxr edir.Əziz oxucum, bu kiçik tarixi məqalədə yaddaş üçün bəzi qaranlıq səhifələri işıqlandırmaq istədim. Nə qədər nail oldumsa bilmirəm, yalnız bir həqiqət var ki,qüdrətli sərkərdəmiz Şah İsmayıl Xətainin 1524-ci ildə öz qanı bahasına yaratdığı Təbrizdən Bakıya, Bakıdan Dərbəndə, Dərbənddən İrəvana, İrəvandan Naxçıvana qədər 410 min kv. km əraziyə malik Böyük Azərbaycan dövlətinin torpaqlarının çoxu zaman-zaman “ürəyi açıq" rəhbərlərin günahı ucbatından yadelli işğalçılar tərəfindən işğal olunub.Bütöv Azarbaycan torpaqlarının hissə-hissə paylanmasında canfəşanlığı olan, sisiyanovlar, mikoyanlar və şaumyanların davamçıları bu gün də öz çirkin niyyətlərini həyata keçirmək arzusundadırlar. Yəqin ki, mənəviyyatsız ermənilərin arzuları ürəklərində qalacaq, yaxın vaxtlarda işğal altında olan Qarabağ və ətraf rayonlarla bərabər Ş.İ.Xatai ordusunun vaxtı ilə qoruduğu sərhədləri Azərbaycan əsgərləri qoruyacaq. Biz bütöv Azarbaycan uğrunda Prezdentimiz cənab İlham Əliyevin apardığı siyasəti dəstəkləyərək işimizlə, amalımızla əlimizdən gələni əsirgəməməli və Ali Baş Komandanın əmrinə hazır olmalıyıq.
Aqil HƏKİM, «Tərəqqi» medal mükafatçisi, şair-publisist,
Kosalar kənd HA-nın baş həkimi.