Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

ÖLKƏMİZİ AVROPADA FORTEPİANO MÜSABİQƏSİNDƏ UĞURLA TƏMSİL EDƏN ON YAŞLI XOCALI QIZI

        Xocalı əsilli Məmmədli Brilyant İsmayıl qızı 2006-cı il oktyabr ayının 23-də anadan olmuşdur.
Xocalı şəhər 1 saylı tam orta məktəbinin V sinif şagirdi olan Brilyant, eyni zamanda Natalan şəhər Uşaq Musiqi məktəbinin fortepiano ixtisası üzrə III sinif şagirdidir.
        Yaşının az olmasına baxmayaraq, fitri istedadlı,  dərslərini tez qavrayan məsum üzlü bu şirin qız bütün xocalıların qüruruna çevrilmişdir. 2016-cı ilin aprel ayında Qara Qarayev adına “Təhlil və ifa edir Gənc Musiqiçilər” III Respublika elmi - ifaçılıq müsabiqəsinin laureatı adına layiq görüldüyü üçün Naftalan şəhər Uşaq Musiqi məktəbinin şagirdi Brilyant Naftalan şəhər İH-nin başçısı tərəfindən diplomla təltif edilmişdir. “İstedadlı Uşaqlar Festifalı-2016” müsabiqəsində qazandığı uğurlara görə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tərəfindən diplomla təltif olunmuşdur. 2016-cı il dekabr ayının 3-də Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “FIRST, INTERNATIONAL “EDELWEISS” COMPETITION ifaçılıq müsabiqəsində iştirak edərək, A2 kateqoriyası üzrə II yerin sahibi olub. Bu, Brilyantın axarıncı uğurlarından biridir. İnşallah qarşıda ondan daha da mötəbər yarışlardan yüksək nailiyyətlərin qazanması xəbərini yazacağıq. Böyük ürəyə sahib olan kiçik Brilyant incəsənətin bütün növlərini sevir və gözəl rəsmlər çəkir, maraqlı şeirlər yazır.
                Zənn et ki, o bir günəşdir,
                Zənn et ki, sən bir buludsan.
                Aranızda söz-söhbət olsun,
                Sizi mən barışdıracağam,
                Yenə qəhrəman mən olacağam.
        Çiyinlərinə böyük məsuliyyət götürmüş Brilyantın uğurlarına ən çox sevinənlərdən biri də təhsil aldığı Xocalı şəhər 1 saylı tam orta məktəbin direktoru Vidadi Rəhimovdur. Vidadi Rəhimov onun uğurlarını böyük fərəhlə dəyərləndirərək təhsildə fərqləndiyinə görə Fəxri fərmanla təltif etmişdir.
        Azərbaycanın uğurlu gələcəyi üçün bizim savadlı, bacarıqlı, sağlam, vətənpərvər yeniyetmə və gənclərə ehtiyacımız var.

                                                                                                      Qalib BƏYMƏMMƏDOĞLU
Paylaşın:

20 YANVAR FACİƏSİNİN ŞƏHİDLƏRİ XOCALI RAYON İCTİMAİYYƏTİ TƏRƏFİNDƏN DƏRİN EHTİRAMLA YAD EDİLDİ

          18.01.2017-ci il tarixdə xocalı rayon Mədəniyyət evində "20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir" mövzusunda ümümrayon tədbiri keçirildi.
            Tədbirdə Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov, müəssisə, idarə rəhbərləri, rayon ziyalıları iştirak etdilər.
          Tədbir iştirakçıları əvvəlcə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən "Xocalı şəhidləri" abidəsini ziyarət edərək bütün şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq abidə önünə qərənfillər düzdülər.
           Xocalı rayon Mədəniyyət evində davam edən tədbirdə Vətən torpağı uğrunda şəhid olmuş soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.
           Xocalı rayon İH-nin başçısının müavini, ictmai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva açıq elan edərək 20 Yanvar faciəsindən danışdı. O bildirdi ki, Sovet hakimiyyətinin 27 il öncə Bakıda törətdiyi faciə insanlığa qarşı törədilmiş ən ağır cinəyətlərdən biridir. Vətəninn müstəqilliyi uğrunda 100-dən çox azərbaycanlı canlarından keçərək şəhidlik zirvəsinə ucalmışdır. Bildiyimiz kimi 1989-cu ilin sonu 1990-cı ilin əvvəlləri Azərbaycanda ictimai-siyasi vəziyyət olduqca çətin idi. O vaxtkı rəhbərlik ölkəni idarə edə bilmirdi.
           Sonra məruzə ilə çıxış etmək üçün söz Xocalı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ramiz Alıyevə verildi. Ramiz Alıyev çıxışında bildirdi ki, 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və  azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi yeddi il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. SSRİ 1956-cı ildə Çexoslovakiyaya, 1968-ci ildə Macarıstana və 1979-cu ildə Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Heç şübhəsiz ki, 1990-cu il yanvarın 20-də Bakıda baş verən hadisələri Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etmək düzgün olmazdı. Çünki Azərbaycan həmin dövrdə qonşu Ermənistanın təcavüzünə də məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.
Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması 1990-cı ilin 20 yanvarında qanlı faciəyə gətirib çıxardı.
1990-cı ilin yanvar ayında Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda vəziyyətin öz məcrasından çıxdığını və hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşunun yeridilməsi üçün müxtəlif dezinformasiyalar yayırdı. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu tamamilə saxta bir tezis idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya xüsusi təlim keçmiş qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri, eləcə də 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.
Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu. Qorbaçovun fərmanı qüvvəyə minənədək – yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı.
Belə ki, artıq yanvarın 20-də 131 insan öldürülmüş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam ağır xəsarət almış; 4-şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdir. Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilmişdir. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda - Neftçala və Lənkəranda 25-26 nəfər öldürülmüşdü.
“Şit” təşkilatı ekspertlərinin hesabatından:
Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur;
Xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür;
Adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var;
“Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir.
1948-ci ilin İnsan Hüquqları haqqında Bəyannəməsi, 1966-cı ilin Vətəndaş və Siyasi İnsan Hüquqları haqqında Beynəlxalq akt, 1966-cı ilin Mədəni, Sosial və İqtisadi Hüquqları haqqında Beynəlxalq akt və 1975-ci ilin Avorpada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Helsinki Yekun Aktı, ATƏM-in 1989-cu il Vyana görüşünün son qərarı (fövqalədə vəziyyətdə və hərbi münaqişələr zamanı qadın və uşaq hüquqlarının müdafiəsi Bəyannaməsi), hərbi əməliyyatların aparılmasını tənzimləyən qüvvədə olan müqavilələr, əsasən də 1980-cı ilin döyüş zamanı yüngül fırlanan və yayılan güllələrin istifadə edilməməsinin Bəyannaməsi ( 1967-ci ildə quru döyüşünün qayda və qanunları barədə IV Haaqa muqaviləsi) də bura daxil olmaqla qüvvədə olan bütün İnsan Hüquqlarına əsaslanan beynəlxalq müqavilələr kobudcasına pozulmuşdur.
20 yanvar hadisələrinə siyasi qiymət verilməsi
O zaman yalnız umummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ  rəhbərliyinin törətdiyi bu cinayəti   qətiyyətlə ittiham edərək  bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşşəbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı təcəvüzkar olan faciəvi 20 yanvar hadisələrinə siyasi qiymət verdi.
Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: "Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir".
Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.  Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tartixinə qanlı 20 yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.
Daha sonra çıxış edən Xocalı rayon Prokuroru Şıxəli Alməmmədov bildirdi ki, 20 Yanvar şəhidləri Azərbaycanın müstəqilliyi uğrunda canından keçdilər. Həmin gün hər kəs ordu olmaq istəyirdi. İnsanlar şəhid olacaqlarını bilə-bilə tankın üzərinə gedirdilər. Biz Sovet ordusunu öz ordumuz kimi bilmişdik. Ancaq onların xəyanəti bizə bir daha başa saldı ki, hər xalqın öz ordusu olmalıdır. 366-cı alayın Xocalıda törədilən soyqırımda ermənilərə köməkliyi də buna bir nümunədir. Ulu Öndərimiz Heydər Əliyevin tarixi günlərimizi qeyd etməyimizi ona görə tapşırmışdır ki, biz həmin günləri qeyd etməklə yaddan çıxmasının qarşısını alaq. Başımıza gətirilən müsibətlərdən dərs çıxarmalıyıq. Bizim unutqan olmağa, tarixi faciələrimizi yaddan çıxarmağa mənəvi haqqımız yoxdur. Bayrağımızı, torpaqlarımızı, milli dəyərlərimizi sevməli və qorumalıyıq.
        Yekun olaraq söz rayonumuzun başçısı cənab Şahmar Usubova verildi. Şahmar Usubov qeyd etdi ki, hər hadisənin bir başvermə səbəbi və bəhanəsi var. Səbəb gizlədilirlər, bəhanələr ortaya atılır. Unutqan olmaq üçün əvvəlcə müxtəlif yollarla mühit yaradılır. Xalqın sözünü deyən mətbuat orqanları kəsilir, xalqın qeyrətli övladları məhv edilir. Beləliklə, faciəni törətmək üçün zəmin yaranmış olur. Belə ssenarilər Sovet hakimiyyəti illərində başımıza çox gətirilib. Bir şüarı səsləndirdiyimiz  o dövlətə inanmışdıq. Biz millətlər arasında fərq qoyulmağını istəməmişik. Ancaq bu gün dərk edirik ki, hər bir insan ilk növbədə öz ailəsini, millətini və dövlətini sevməlidir. Yeni nəsil arasında çox güclü vətənpərvərlik hissi formalaşmışdır. Bu müstəqil dövlətin müstəqil siyasəti nəticəsində olmuşdur. Ulu öndərimizin qurub-yaratdığı Azərbaycan Dövləti uğurlu şəkildə öz inkişaf yolunu davam etdirir. Keçməkeşli yolları hamımız görmüşük. Bu gün ölkəmizdə bu məsələlər yığışdırılıb. 20 Yanvar faciəsinin səhəri günü Bakıda olmuşdum. Həmin vaxtı xalqımızın milli birliyini görmüşdüm. Faciə Sovet hakimiyyətinə nifrət gətirdi.
        Aprel döyüşlərində xalqımızın birliyinin bir daha şahidi olduq. Azərbaycan xalqı pis gündə də, yaxşı gündə də həmrəy olmağı bacarır. Biz xocalılar faciə görmüşük, torpaqlarımızı itirmişik. Ancaq heç bir zaman ümidsiz olmamışıq. İnanırıq ki, Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi və ordumuzla xalqın həmrəyliyi nəticəsində işğal olunmuş torpaqlarımızı azad edəcəyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Rəsmi hissədən sonra bədii hissəyə yer verildi. Xocalı şəhər 1 saylı məktəbin şagirdlərinin və 1 saylı klubun iştirakı ilə bədii kompozisiya nümayiş etdirildi. 


















Paylaşın:

XOCALI RAYON TƏHSİL ŞÖBƏSİNİN HESABAT İCLASI KEÇİRİLDİ

       10.01.2017-ci il tarixdə Xocalı rayon Təhsil şöbəsində Xocalı rayon təhsil müəssisələrində 2016-cı ildə görülən işlər barədə Xocalı RTŞ-nin HESABAT iclası keçirildi. Hesabat iclasında Xocalı rayon İH-nin başçısının müavini Lamiyə Qarayeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ziya Əliyev və rayonun təhsil işçiləri iştirak etdilər.
        Hesabatı aparmaq üçün sədr Xocalı rayon Təhsil şöbəsinin müdiri Şakir Əliyev, katib isə şöbənin metodisti Aliyə Abışova seçildikdən sonra şöbə müdiri Şakir Əliyev 2016-cı ildə görülən işlər barəsində məruzə ilə çıxış etdi. Şakir müəllim bildirdi ki, 2016-cı il ərzində Xocalı RTŞ-nin tabeliyində 12 tam orta, 1 UYM fəaliyyət göstərmişdir. Rayonun təhsil müəssisələrindən Qaçqınların və Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması” Dövlət Proqramına uyğun olaraq yeni inşa olunmuş müasir tipli binalarda yerləşir. Bu, Qaçqın və  məcburi köçkünlərə dövlətimizin böyük  diqqət və qayğısının təzahürüdür. Yeni  inşa olunmuş məktəb binalarındanikisinin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevcənabları iştirak etmişdir. Bu, rayon ictimaiyyəti tərəfindən böyük razılıq və rəğbət hissi ilə qarşılanmış, Ölkə Başçısının vətəndaşlara, məcburi  köçkünlərə diqqət  və qayğısının  təzahürü  kimi dəyərləndirilmişdir. Uyğunlaşdırılmış binada fəaliyyət göstərən Xocalı şəhər 2 saylı tam orta məktəb, Kərkicahan qəsəbə, Qaragav kənd tam orta məktəbləri üçün də gələcəkdə müasir tipli binalarinşa olunacaqdır.
       Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü  il tarixli Sərəncamı  ilə təsdiq  olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan müddəaların mərhələ ilə həyata keçirilməsi nəticəsində respublika təhsilində olduğu kimi  Xocalı təhsilində də əsaslı irəliləyişlər nəzərə çarpmaqdadır. 2015-2016-cı tədris ilində rayonun təhsil müəssisələri  Xocalı rayon əhalisinin daha çox kompakt şəkildə məskunlaşdığı 5 bölgədə (Bakış, Gəncəş, Şəki ş,  Goranboy rn, Oğuzr.n) fəaliyyət  göstərir. 2015-ci ilin sentyabrından şagird kontingenti olmadığı üçün Bərdə şəhərində yerləşən Kosalar kənd ibtidai məktəbin fəaliyyəti dayandırılmışdır.
       Tədris ilinin əvvəlində rayonumuzun ümumtəhsil məktəblərində 144 sinif  komplektində 1392 nəfər (onlardan 8 nəfəri evdə fərdi təhsilə cəlb olunmuşsağlamlıq  imkanları məhdud şagirdlərdir) şagirdin təlim-tərbiyəsi ilə 291 nəfər müəllim məşğul olmuşdur. Xocalı rayon UYM-də 10 qrupa 150  nəfər şagird cəlb olunmuşdur. 
       2016-cı  ilin  yay  dövründə Xocalı  rayon  Qaragav  kənd tam  orta  məktəbinin binasında Təhsil Nazirliyinin 8 saylı ƏMHM tərəfindən əsaslı təmir işləri görülmüşdür.  Digər  məktəblər də  pedaqoji kadrların  köməkliyi ilə yeni  dərs ilinə  hazır vəziyyətə gətirilmişdir. Məktəblərin tələbatına  uyğun olaraq Təhsil  Nazirliyinin  8 saylı ƏMHM tərəfindən lazımi dəftərxana  ləvazimatları, təsərrüfat avadanlıqları, qış yanacağı, odun sobaları  alınaraq  məktəblərə verilmişdir.
     Tədris ilinin sonunda respublikanın, eləcə də rayonumuzun ümumtəhsil  məktəblərinin IX siniflərində  2 fənn üzrə-ana dili və riyaziyyat, XI siniflərində 3 fənn üzrə-ana dili, riyaziyyat, xarici dil  fənlərindən mərkəzləşdirilmiş qaydada cavab kartı  tətbiq  edilməklə TQDK tərəfindən keçiriləcək buraxılış  imtahanlarına hazırlıq məqsədilə Xocalı RTŞ-də əmr imzalanmış, əmrdə buraxılış imtahanları modelinə uyğun suallar əsasında sınaq imtahanlarının keçirilməsi bir vəzifə olaraq RTŞ-nin əməkdaşlarına və məktəb direktorlarına tapşırılmışdır. 2016-cı ilin dekabr ayında RTŞ-nin metodkabinet işçiləri tərəfindən Goranboy rayonu və Gəncə şəhəri ərazisində yerləşən rayonun 8 məktəbinin  IX  sinif  şagirdləri arasında buraxılış imtahanlarının yeni modelinə uyğun sınaq imtahanları keçirilmişdir. Nəticələr barədə məktəb direktorlarına məlumat verilmişdir. Təhsil Nazirinin əmrinə uyğun olaraq V-VIII və X  siniflərdə sinifdən-sinfə keçirmə imtahanları ləğv olunmuş, yalnız IX və XI siniflərdə buraxılış imtahanları aparılmışdır. V-VIII və X sinif şagirdləri illik qiymətlər əsasında məktəb pedaqoji şuralarının qərarı ilə yuxarı sinfə keçirilmişdir.
       2015-ci ildə rayonun tam orta məktəblərini bitirən 119 şagirddən qəbulun  səviyyəsi 34 %, 2016-ci ildə isə 36% olmuşdur. Cədvəldən də  göründüyü  kimi Xocalı şəhər 2 saylı, 5 saylı, Qaragav kənd tam orta  məktəblərinin  göstəriciləri  qənaətbəxş  deyil, rayonun orta göstəricisindən aşağıdır. Bu məktəblərdə ali məktəblərə qəbul  olanların sayı məzun sayına görə aşağı səviyyədədir. Ali məktəblərə qəbul imtahanında 2015-ci il məzunlarından 5 nəfəri 500-dən yuxarı, 5 nəfəri isə 600-dən  yuxarı,  2016-cı il məzunlarından isə 5 nəfəri 500-dən yuxarı, 2 nəfəri isə  600-dən yuxarı  bal toplamışdır.
        2016-cı  il  ərzində  Xocalı  RTŞ-nin  işçiləri  tərəfindən  Xocalı  şəhər  3 saylı, 5 saylı, Cəmilli, Qaragav kənd tam orta məktəblərində monitorinq keçirilmiş, aşkara çıxarılmış nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində məktəb  rəhbərlərinə  müvafiq  tövsiyələr   verilmişdir.
       2016-cı il ərzində təlim-tərbiyənin çox ciddi pozulması halı  qeyd olunmamışdır. Bir çox  , köçkünlük problemi ilə üzləşməyimizə baxmayaraq məktəblərdə təlim-tərbiyə günün tələbləri səviyyəsində qurulmuşdur. Bütün çətinliklərə baxmayaraq pedaqoji kollektivlər,  eləcə də RTŞ-nin idarə aparatı kollektivi  rayon İcra Hakimiyyətinin, Təhsil  Nazirliyinin  və  yerlərdə İcra Nümayəndələrinin yaxından  köməkliyi və  qayğısı ilə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmiş, gənc nəslin təlim-tərbiyəsində öz qüvvələrini əsirgəməmişlər.
      Tarixi günlər, əlamətdar bayramlar münasibətilə məktəblərimizdə bir sıra  tədbirlər  həyata keçirilmişdir. 20 yanvar  faciəsinin  26-cı, Xocalı  faciəsinin 24-cü, 31 mart Azərbaycanlıların soyqırımı günü, eləcə də Xocalı rayonunun kəndlərinin işğalı  günləri münasibətilə rayonunun  təhsil müəssisələrində  dəyirmi  masalar, elmi-praktik  konfranslar,  inşa  və  rəsm  müsabiqələri  keçirilmiş, bu  tədbirlərin  hamı-sında ermə-ni şovinizmi pislənilmiş, məktəblilərə məlumat verilmişdir. Qarşıdan Xocalı faciəsinin 25-ci ildönümü gəlir. Bu il də  həmişə  olduğu  kimi  faciə  ildönümünün yüksək səviyyədə qeyd olunmasıüçün Təhsil Nazirliyinin, Xocalı rayon İcra Hakimiyyətinin və Xocalı RTŞ-nin birgə tədbirlər planıəsasında işimizi günün tələbləri səviyyəsində quracağıq.
       Təhsil Nazirliyinin təlimati  məktublarına, əmrlərinə  uyğun olaraq hər il  olduğu  kimi  2016-cı  ildə də yeni  il, 8  mart Qadınlar bayramı günü, Novruz bayramı, faşizm üzərində Qələbə  günü, Ulu  Öndər  Heydər Əliyevin  yubileyi, anım  günü,  Respublika  günü, Milli Qurtuluş  günü, Silahlı Qüvvələr  günü, Dövlət  Müstəqilliyi  günü, Konstitusiya  günü, Dünya  Azərbaycanlılarının  Həmrəylik bayramı, Qurban və Ramazan bayramı günləri məktəblərimizin  hər birində  yüksək  səviyyədə qeyd olunmuş, tədbirlərlə bağlı rəsm və inşa yazı müsabiqələri keçirilmiş, ən yaxşı  əl işləri və ən yaxşı inşa yazıları ilə seçilən  şagirdlərimiz  fəxri fərmanlarla  təltif olunmuşlar. 2016-cı  ilin  aprel-may aylarında şagirdlərimizin məskunlaşdıqları bölgələrdə  yerləşən  hərbi hissələrə  ziyarətləri,  hərbçilərlə görüşləri, hərbi texnika və silahlarla tanışlığı təşkil olunmuşdur. İl ərzində VIII siniflərdə həftədə 1 saat olmaqla Qarabağın tarixi fənni tədris olunmuşdur. 2016-cı ilin may ayında  müəllimlərimiz arasında Ulu Öndər  Heydər Əliyevin yubileyinə  həsr olunmuş şahmat  yarışı keçirilmiş, 1 nəfər rayon birincisi  respublika  mərhələsində iştirak etmişdir. Eləcə də 1 nəfər şagirdimiz  yubiley münasibətilə Təhsil  Nazirliyi tərəfindən keçirilən “Ən  yaxşı  təqdimat” müsabiqəsinin respublika  mərhələsində  iştirak  etmişdir. Xocalı  rayon  Ə. Cavadov  adına Cəmilli kənd tam orta məktəbinin VIII sinif şagirdi  Quliyeva  Piyalə  Natiq  qızı “Ədəbiyyat  biliciləri” müsabiqəsinin respublika mərhələsində   həvəsləndirici  yerə  layiq  görülmüşdür.
         2016-cı il ərzində məktəblərimiz bina şəraiti və tədris üçün lazım olan ilkin avadanlıqlarla (parta, yazı taxtası,müəllim  stol və stulları, kitab rəfləri,şahmat ləvazimatları, dərsliklər və s.) əsasən təmin olunmuşdur. Məktəblərimizdə  olan  dərslik fondunun və 2015-ci  ildə  Təhsil Nazirliyindən alınan  64 adda 4429 ədəd  dərsliyin  hesabına 2015-2016-cı tədris ilində I-XI sinif şagirdlərimizin pulsuz dərsliklərlə təminatı 100%  olmuşdur. 2015-2016-cı dərs ilində I-VIII siniflərdə dərs deyən və kursdan keçməsi zəruri  olan müəllimlərimiz təlim kurslarında  iştirak etmişlər. 2015-2016-cı  tədris ilində I-VIII siniflərdə dərslər yeni tərtib olunmuş fənn kurikulumları əsasında tədris olunmuşdur. Bizim təhsil müəssisələrimizdə hal-hazırda 120 kompüter vardır. Bu da hər 12 şagirdə bir kompüter deməkdir.
      2016-cı  ildəşagirdlərin  Azərbaycan  tarixi  və Azərbaycan  coğrafiyasını  dərindən öyrənmələrinə  diqqət  gücləndirilmişdir. Onların  Xocalı  rayonunun, Qarabağın, eləcə də müvəqqəti məskunlaşdıqları  rayonların,  kəndlərin  tarixi və  coğrafiyasını öyrən-mələri  təmin edilmişdir. Bu məqsədlə  yazılı  sorğular, test yoxlamaları,  müxtəlif müsabiqə, o cümlədən  inşa müsabiqəsi və olimpiadalar, bilik  yarışları,  bilavasitə şagirdlərin  iştirakı ilə aktual sayılan mövzulardan praktik konfranslar , ekskursiyalar  təşkil olunmuşdur. Fənlərin  tədrisini gücləndirmək  məqsədilə  müxtəlif səpkili  tədbirlər  keçirilmişdir. Bütün  bu  tədbirlərləşagirdlərin hərbi-vətənpərvərlik  tərbiyəsinin gücləndirilməsinə  nail olunmuşdur. 2016-cı ilin aprelində cəbhə bölgəsində olan gərginlik zamanı pedaqoji  kollektivlərimiz daim hərbiçilərimizin yanında olmuş, onlarla görüşlər keçirmişlər. Bu işdə Xocalı şəhər 1 saylı və 4 saylı tam orta  məktəbləri  xüsusilə fərqlənmişdir.
      Ölkə Başçısı İlham Əliyev Cənablarının tapşırığına uyğun olaraq  məktəblilərimiz 2016-cı il ərzində  3 dəfə  “Ölkəmizi  tanıyaq” devizi  altında  keçirilən  gəzintidə iştirak  etmişlər. (2 dəfə Quba-Qusar zonasına, 1dəfə Lənkəran-Astara zonasına).
      Bir təhsil işçisi olaraq sizi əmin edirəm  ki, rayonun  təhsil müəssisələrində təlim-tərbiyənin  bundan sonra da günün tələbləri səviyyəsində qurmaq istiqamətində var qüvvəmizi əsirgəməyəcəyik.
      Sonra məktəb direktorları rəhbərlik etdiyi məktəblərin fəaliyyəti, ali məktəblərə qəbul səviyyəsi və çatışmazlıqlar haqqında məlumatlar verdilər. Qarşılıqlı  müzakirə əsasında mövcud nöqsanların aradan qaldırılması üçün rayonumuzun təhsil şöbəsinin müdiri Şakir Əliyev və Xocalı rayon İH-nin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə xanım Qarayeva tərəfindən müvafiq tapşırıqlar verildi. 
      Lamiyə Qarayeva çıxış edərək Xocalı rayon təhsil müəssisələrinin fəaliyyəti haqqında öz fikirlərini və tapşırıqlarını verdi. O, bildirdi ki, müəllimlər işlərinə məsuliyyətlə yanaşmalı, valideynlərlə daimi əlaqə saxlanılmalıdır. Əlavə olaraq tapşırıq verdi ki, məktəbəhazırlıq qrupunda təhsil alan beşyaşlılara xüsusi diqqət yetirilməlidir. Lamiyə xanım qeyd etdi ki, Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar olaraq hər təhsil ocağında tədbirlər planı hazırlanmalı və İctimai-siyasi və humanitar məsələlər şöbəsinə təqdim edilməlidir. Hazırlanacaq tədbirlər əvvəlki illərdən daha geniş, daha əhatəli hazırlanmalı və KİV-də işıqlandırmağa nail olunmalıdır.   
      Hesabatın sonunda gündəlikdəki məsələ barədə qərar  alındı. Xocalı RTŞ-nin aparıcı məsləhətçisi Nəcəf Həsənov qərar layihəsini oxudu. Qərarın mətni aşağıdakı kimidir.

Q  Ə   R   A   R  :

1. 2016-cı il ərzində Xocalı RTŞ-nin və onun tabeliyində olan  müəssisələrdə görülmüş işlər qə-naətbəxş  hesab  olunsun.
2. 2015 və 2016-cı  illərdə ali  məktəblərə   qəbul dinamikasında  azalma olmuş Xocalı şəhər 2 saylı, 5 saylı, Qaragav  kənd tam orta məktəblərin rəhbərləri gerilikləri  aradan  qaldırmaq  istiqamətində  təsirli tədbirlər görsünlər.
3. Tapşırılsın RTŞ işçilərinə məktəblərə nəzarəti gücləndirsinlər və 2016-17-ci tədris ilinin II yarımilində rayonun digər məktəblərində də monitorinqlərin keçirilməsini davam etdirsinlər.
4. İclasın  qərarı  Xocalı  rayon  İcra  Hakimiyyəti  Başçısının  müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri xanım  Lamiyə Qarayevaya  təqdim  olunsun.

       Qərar layihəsi yekdilliklə qəbul olundu.





  
Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi