Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

YAQUB MƏMMƏDOV: "ƏSİRLİKDƏ GÖRDÜYÜM İŞGƏNCƏLƏRİN İZLƏRİ ÖMÜRLÜK MƏNDƏ QALIBDIR"

        “Xocalının səsi” qəzetinin qarşısında duran əsas məqsədlərindən biri erməni xislətini unutmamaq üçün, soyqırım qurbanlarının başına gələn müsubətləri yaddaşlara yazmaq məqsədilə Xocalı faciəsinin canlı şahidlərini dindirmək, əsir düşmüş sakinlərə verilən işgəncələri oxuculara çatdırmaqdır. Bu məqsədlə 30 gün erməni quldurlarının əsirliyində olmuş, ağır işgəncələrə məruz qalmış, II qrup Milli münaqişə əlili və müharibə veteranı Xocalı sakini Məmmədov Yaqub Qədir oğlunun qonağı olduq. Məmmədov Yaqub Goranboy rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Yeni yaşayış massivində müvəqqəti məskunlaşıb. Məmmədov Yaqub 1940-cı il mart ayının 19-da Xocalıda anadan olmuşdur. 10 il Xocalıda təsərrüfat sədri işləyib.  Onun nurani simasında Xocalı faciəsinin bütün təəssüratlarının izləri açıq-aşkar hiss olunurdu. Başına gətirilən müsubətləri danışarkən onun ürək ağrısı, çəkdiyi işgəncələrin mənəvi əziyyəti, yaşaran gözlərində daha da canlanırdı. Ancaq ümid dolu sözləri onun əzmkarlığını və Vətənə bağlılığını göstərirdi. 
          Müsahibimə ilk sualım təsərrüfat sədri işləyərkən ermənilərin xalqımıza qarşı mənfur niyyətlərinin hansı dərəcədə biruzə verməsi ilə bağlı oldu.
        - 1990-cı ilə qədər işlədiyi müddətdə rastlaşdığım ermənilər öz mənfur xislətini göstərir və imkan olanda pisliklərini etməyə hazır idilər. Ermənilər briqadanın məhsullarını almırdılar. Məhsullar tələf olurdu. Yaşlı ermənilər deyirdilər ki, sizin babalarınız bizim xalqa zülm ediblər.
        - Xocalı faciəsi necə baş verdi? Siz necə oldu ki, ermənilərə əsir düşdünüz?
        - Xocalı soyqırımından 13 gün öncə ailə üzvlərimi sonuncu vertelyotla şəhərdən çıxardım. Faciə gecəsi özünümüdafiə batalyonunda xidmət edirdim. Erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının köməyi ilə Xocalı şə-hərini hər tərəfdən mühasirəyə aldılar. Dinc sakinlər canlarını qurtarmaq üçün soyuq qış gecəsində çöllərə düşdülar. Şəhəri ən axırıncı tərk edən ən  sakinlərdən biri  də mən oldum. Mən Xocalıdan Qarqarçaya tərəf gedən əhalinin bir hissəsi ilə birləşdim. Hamı Ağdam istiqamətində qaçırdı. Həmin gecə güclü qar yağırdı. Dəhraz meşəsində ermənilər xocalıların gedəcəyi bütün yerlərə pusqu qurub bağlamışdılar. Gördükləri insanların hamısını güllələyirdilər. Təslim olanları girov götürürdülər. Yer qar olduğundan qaçan insanları ayaq izlərindən asanlıqla tapırdılar. Müxtəlif istiqamətlərə hərəkət etməklə 3 gün meşədə tək qaldım. Yeməyim, içməyim ancaq qar olub. 3 gündən sonra 5 erməni məni girov tutdu. Məni əsir tutduqları bir neçə nəfərlə Naxçıvanik kəndindəki fermaya saldılar. Onların içərisində tanışlardan Elbrus Abbasov, Elbrusun anası, əmisi arvadı, Nadir və başqaları da orada idi. Həmin gün məni demək olar ki, kəndin bütün camaatı - arvadlı, kişili əllərinə keçən daşı, ağacı mənim başıma vurdular. Sonra oradan bizi çıxardıb hərbi UAZ-a yığdılar. Bizi Dəhraz kəndinə gətirdilər. Dəhrazda bizi xeyir-şər evinə yığdılar. Orada ən azı 500 Xocalı sakini var idi. Biz ora çatanda dedilər ki, sizdən qabaq 13 nəfər boylu-buxunlu oğlanı seçib güllələdilər. Bir gecə orada qaldıqdan sonra bir Kamaz dolana qədər bizi yığıb Xankəndinə apardılar. Naxçıvanik - Aranzamin yolu arasında təxminən 500 nəfər öldürmüşdülər. Öldürülənlər arasında uşaqlar, qocalar və qadınlar da var idi. Bir ay Xankəndində Polis Şöbəsinin təcridxanasında saxladılar. Orada saxlanılan əsirləri gündə 3 dəfə amansızcasına döyür və ağır işgəncələr verirdilər. Hər bir adama 50 qram çörək, 9 adama bir stəkan su verirdilər. Bir gün içimizdə kimlərin erməni və rus dilində bildiklərini soruşdular. Həmin suala cavab olaraq mən bilirəm dedim. Elə həmin vaxt məni çölə çıxarıb bərk döydülər. Onlar üçün maraqlı o idi ki, erməni dilini mən haradan bilirəm. Mən onlara bildirdim ki, 10 il təsərrüfat sədri işləmişəm və erməni dilini bilməsəm işləmək çətin idi. Sonra mənə dedilər ki, ingilis jurnalistləri gəlib, səni aparacağıq səndən müsahibə götürəcəklər, ancaq onlara biz deyənləri danışacaqsan. Elə bu vaxt qabağıma iki kağız listi qoydular. Baxanda gördüm ki, siyahıda 70 nəfər Xocalı sakini və 35 nəfər Qaradağlı sakini var. Mənə dedilər ki, xocalıların siyahısına imzanı çək. Orada yazılmışdı ki, guya səhər yeməyinə bizə yağ-pendir, şirinçay, naharımıza və axşamımıza da yaxşı yeməklər verilir. O siyahıların hamısına mənə məcburi imza çəkdirdilər. Daha sonra 50 nəfər avtomatlı məni həmin jurnalistlərin yanına apardılar. Mən içəridə jurnalistlərlə görüşdüyüm zaman arxa tərəfimdə yekəpər plaşlı bir adam oturmuşdu. Danışıq sual-cavab əsasında getməli idi. Jurnalistlərdən biri qadın, ikisi kişi idi. Mən stolda istiqamətimi dəyişdim ki, arxa tərəfim o adama tərəf düşməsin. Jurnalistlər həmin adamın otaqdan çıxmasını əmr etdilər. Ancaq o çıxmaq istəmirdi və rusca mən də iştirak etməliyəm dedi. Jurnalistlərdən biri əsəbləşərək Zori Balayan əmr edirəm dur çıx kabinetdən deyən zaman anladım ki, o erməni qaniçəni Zori Balayandır. Onu otaqdan çıxartdılar. Məni sorğu-sual etdilər. Ermənilər qabaqcadan mənə tapşırıq vermişdilər ki, bizi döymürlər, yatdığımız yer istidi, yaxşı yeməklər verirlər. Verilən suallara ermənilərin tapşırdıqları kim cavab verməli oldum. Lakin ingilis jurnalistləri verilən sualların üzərindən səthi keçmədilər, öz peşəkarlıqları ilə müsahibə götürdülər. Belə ki, mənim paltarımı soyundurub ermənilərə göstərdilər ki, bədənimdə ət rəngi yoxdur, hər tərəfim qap-qaradır. Paltarımı geyinəndən sonra mənə sual etdilər ki bizdən tələbin nədir. Dedim ki, biz Qarabağda doğulub, Qarabağda böyümüşük. Ermənilər çığırışdılar ki, Qarabağ bizimdir, Qorbaçov bizə verib. Mən onlardan bir xahiş elədim. Azərbaycan xalqının qarşıdan əziz bayramı - Novruz bayramı gəlir. Bu əsirlərə köməyiniz o olsun ki, bu bayram ərəfəsində əsirləri azad edəsiniz. Danışıq qurtardıqdan sonra mənə bir siqaret verdilər. Bütov paket verdilər, götürmədim. Jurnalistlər ermənilərə dedilər ki, danışıq qurtardı, əsiri apara bilərsiniz. Nəticəsi isə bu oldu: qılçamın birini avtomatın qundağı ilə qırdılar, arxadan vurdular burnumu dəmir raşotka kəsdi, aldığım zədədən sinirim zədələndi və bu gün qulaqlarım çox ağır eşidir. Eşitmə qabiliyyətimi itirmişəm. Məni əsirlikdən qardaşım oğlanları xilas etdirib. Bir ay əsirlikdə qaldım. Hər gün dözülməz işgəncələr gördüm.
        Mən deyərdim ki, Xocalı camaatının hamısı şəhid verib. Elə bir ailə yoxdur ki, şəhidi olmasın. O vaxt gələn adamlardan çoxu dünyasını dəyişib. Buraxılan adamların da hamısı I və II qrup əlildir.
        - Sizin əsirlikdə yaşadıqlarınız çox ağır və dözülməz olub. Ancaq buna baxmayaraq, sizin əqidənizdə məğrurluq və düşməndən qisas almaq hissi artıq dərəcədə bəlli olur. Girovluqda aldığınız zədələrin səbəbindən bu gün həyatınızı çətinliklə davam etdirməkdəsiniz. Rayonumuzun qəzeti vasitəsilə çatdırmaq istədiyiniz hər hansı xahişiniz, təklifiniz varmı?
        - Mən ölkəmizin başçısına, rayonumuzun rəhbərliyinə minnətdarlığımı bildirirəm. Bu gün yaşayırıq, çox yaxşı şəraitdə yaşayırıq. Gözəl, hər cürə şəraiti olan binalarda yaşayırıq. İnşallah işğal olunmuş torpaqlarımızı azad edəcəyik və doğma torpaqlarımızda yenidən yaşayacağıq. Allah Azərbaycan xalqına, möhtərəm Prezidentimiz İlham Əliyevə kömək olsun.
        Heç nə yaddan çıxmır. Siz də sağ olun ki, bizləri yad edir və unutmursunuz.
        Danışdıqca insanın dərdi az da olsa yüngülləşir. Xocalı soyqırımının dəhşətlərini, erməni vəhşiliklərini sizin sayənizdə bir daha oxuculara çatdırmış oluruq. Xocalı şəhidlərinin qisası yerdə qalmayacaq. Allahdan sizə can sağlığı və Xocalıya qayıtmaq gününü nəsib etməyi arzu edirəm.
        Müsahibə üçün minnətdaram.
Qalib BƏYMƏMMƏDOĞLU

Paylaşın:

Nərəsi ilə düşmənin canını lərzəyə salan “Qırxqız qartalı"

       Hər insana şərəflə yaşamaq, şərəflə ölmək qismət olmur. Vətən naminə  düşmənlə mübarizədə qəhrəmanlıq göstərib şəhid olan insanlar əbədiyyətə yüksəlirlər. Xalqın qəlbində hər zaman yaşayırlar. Xalq qəhrəman övladlarını hər zaman dərin məhəbbət və hörmətlə anır. Belə oğullardan biri də I Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş Tabil Həsənovdur.
Həsənov Tabil Qasım oğlu 4 iyul 1960-cı il Azərbaycanın qədim tarixinə malik Xocalı rayonunun füsunkar təbiətli Kosalar kəndində anadan olmuşdur. 1977-ci ildə Kosalar kənd orta məktəbini bitirmişdir. 1980-cı ildə hərbi xidmətə çağırılmışdır. Daha sonra o Xocalının Kosalar kəndində rabitə şöbəsində işləməyə başlayır.
       Kosalar kəndinin göstərdiyi sücaət çox insana məlumdur. Bu kəndin hər döyüşçüsünü bir qəhrəman saymaq olar. 1991-ci il 15 dekabr erməni millətçi qəsbkarları Cəmilli kəndinə dörd tərəfdən hücuma keçir əlacsız qalan kənd əhalisi ümidlə kömək gözləyirdi. Elə bu vaxt Tabil döyüş yoldaşları ilə birgə sinə gərərək düşmənə əks hücum edir erməni murdarlarının ordusu pərən-pərən olur və faşistlər geri çəkilir. Bu qələbədən sonra ona el arasında "Qırxız qartalı" deyə səslənirdilər. Erməni işğalçıları sonra yenidən Meşəli kəndinə hücum etmişdilər. Tabil döyüşçü yoldaşları ilə birgə hücum edərək bu kəndi də azad edə bildilər. Düşmənin canlı qüvvəsi məhv edildi. Ermənilərin Canhəsən kəndinə hücumu zamanı da döyüş yoldaşları ilə birgə fəallıq göstərək ermənilərin xeyli sayda itki verməsinə səbəb olmuşdur. Bundan sonra İstisu tərəfdə, Ağdaş istiqamətində gedən döyüşlərdə, Çobandaşaşıran döyüşlərində igidlik nümayiş etdirmiş-dir. 1992-ci il 29 mart erməni qəsbkarları Kosalara yenidən hücum etdilər saatlarla davam edən döyüşdə 100-dən çox er-məni faşisti öldürüldü onların 12-ni "Qırxız qartalı" Tabil öldürmüşdü. Tabil nərəsi ilə düşməni daim qorxuya salır, döyüş yoldaşlarına ruh verirdi. Döyüş başlayanda Tabilin nərə səsi meşəni lərzəyə gətirirdi. Bir müddətdən sonra Tabilin səsi gəlmədi. O zaman bütün döyüşçü yoldaşları başa düşdü ki, artıq Tabil şəhid olmuşdur. Son döyüşündə  qəhrəmancasına həlak oldu və şəhidlik zirvəsinə ucalaraq bütün elin, döyüş yoldaşlarının qəlbində əbədi yaşadı.
       Ailəli idi. Üç övladı yadigar qalıb.
       Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Həsənov Tabil Qasım oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. 29 mart döyüşündə Tabillə bərabər Kosalar kənd sakinləri Rüstəmov Eldar Əmir oğlu və  Ağayev Rasim Mirsalam oğlu qəhrəmanlıqla döyüşərək şəhid oldular. Ölümündən sonra Azərbaycan Res-publikasının Prezidentinin sərən-camına əsasən "İgidliyə görə "medalı ilə təltif olunmuşlar. Buna baxmayaraq Kosalar igid-lərinin sayəsində Ermənistan 3 gün matəm elan etmişdir.
       Xocalı rayonunun Kosalar kəndində dəfn edilmişdir. İndi onun ruhu döyüşçü yoldaşlarının Kosalara qayıdacağı günü gözləyir. Biz Vətən torpaqları uğrunda şəhid olanları, qəhrəmanlıq edənləri heç vaxt unutmamalıyıq.
         
Qalib BƏYMƏMMƏDOĞLU
   

Paylaşın:

Şəhid ailəsi ilə görüş

13.03.2017-ci il tarixdə "Xocalının səsi" qəzeti redaksiyası şəhid ailəsi Ələkbərova Aidə
Ələkbər qızına baş çəkərək onun dərdinə az da olsa şərik çıxdı, şəhid düşmüş yaxınlarına Allahdan rəhmət dilədi və qarşıdan gələn Novruz bayramını təbrik etdi. 
  Ələkbərova Aidə 1963-cü il martıın 23-də Xocalı şəhərində anadan olmuşdur. Hər Xocalı sakinin qəlbində Xocalı yarası var və bu yara hər zaman onların qəlbini göynədir. Elə bir Xocalı sakini olmaz ki, şəhid düşdüyü, itirdiyi qohum-əqrabası olmasın. Ələkbərova Aidənin də taleyinə şəhid ailəsi olmaq yazılmışdır. Onun həyat yoldaşı Azərbaycanın Millli Qəhrəmanı Səlimov Araz  Bahadur oğlu şəhid olmuşdur. Səlimov Araz 1 iyun 1960-cı ildə Xocalı şəhərində doğulmuşdur. 1975-ci ildə burada orta məktəbin səkkizinci sinfini bitirmişdir. 1978-ci ildə hərbi xidmətə çağırılmışdır. 1980-ci ildə ordudan təxris edilir və doğma yurdu Xocalıya qayıdır. Burada tərəvəzçilik sovxozunda işləməyə başlayır.
  1988-ci illərdən başlayaraq ermənilərin millətçilik və işğalçılıq siyasəti geniş vüsət almağa başlayanda Araz könüllü olaraq Xocalı özünümüdafiə batalyonlarından birinə yazıldı. Cəsur döyüşçü dəfələrlə qaynar döyüşlərə girmişdi. Araz 1992-ci il 26 fevral Xocalı faciəsi zamanı son gülləsi qalana qədər vuruşdu. Vətənin cəsur oğlu onlarla dinc sakini xilas etdi. Erməni vəhşiləri onun izinə düşdülər Əsgəran rayonunda qardaşı Fəxrəddinlə Arazı vəhşicəsinə min bir əzabla qətlə yetirdilər. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 533 saylı fərmanı ilə Səlimov Araz Bahadır oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
  Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib.
  Xocalı faciəsi zamanı Araz Səlimovun ailəsindən üç nəfər həlak oldu: Özü, qardaşları Fəxrəddin, Mikayıl və atası Bahadur kişi, əmisi Seydi, əmisi oğlu Tofiq şəhid olmuşlar.
  Ailə başçısını itirdikdən sonra təmiz adı ilə üç övlad böyüdən Aidə xanımın bu gün qürurla hər kəsin qarşısına çıxmağa haqqı var. Gözünün ağı-qarası, Xocalıdan didərgin düşərkən kürəyində gətirdiyi evin tək oğlu Səlimov İlqarı könüllü olaraq döyüş bölgəsinə əsgər yola salan ana övladının da atası kimi şəhid olmasına razı olduğunu bildirdi. Səlimov İlqarın Xocalı soyqırımı zamanı 3 yaşı var idi. O, Səlimovlardan qalan yeganə insandır. Aidə Ələkbərova bildirdi ki, qardaşı, qardaşı oğlu Səxavət, bacısı Zərif gözünün önündə şəhid olublar. Qızı, qaynanası, baldızı 5 uşağı ilə birgə əsir düşüblər. Sonradan onları benzinlə dəyişiblər.
  Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığını bildirdi. O, qeyd etdi ki, Xocalı rayon İH-nin Başçısı cənab Şahmar Usubov bütün şəhid ailələri kimi bu ailəni də daim diqqətdə saxlayır və öz köməkliyini əskik etmir.
  Ələkbərova Aidə "Xocalının səsi" qəzetinin vasitəsilə Milli qəhrəman Araz Səlimovun adına hörmət əlamati olaraq hər hansı küçəyə, yaşayış məntəqəsinə, yaxud orta məktəbə onun adının verilməsini xahiş etdi. Ümid edirik ki, onun xahişi nəzərə alınacaq.
  Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qalib BƏYMƏMMƏDOĞLU

Paylaşın:

“MƏCBURİ KÖÇKÜN QADINLAR” İCTİMAİ BİRLİYİ YENİ LAYİHƏSİNİ UĞURLA HƏYATA KEÇİRİR

        “Məcburi Köçkün Qadınlar” ictimai birliyi "Məcburi köçkün, şəhid və Qarabağ əlili ailələri sosial müdafiənin təmini istiqamətində maarifləndirmə işləri aparmaqla onların həyat şəraitinin yaxşılaşdırılmasına yardım etmək" adlı yeni layihəsinin icrası çərçivəsində  Oğuz rayonunun məcburi köçkünlər yaşayan Azərbaycan-60 düşərgəsində, Şəki rayonunun Yeni Çələbixan qəsəbəsində, Goranboy rayonunun Meşəli qəsəbəsində, Gəncə şəhəri Yeni qəsəbə-2-də müvəqqəti məskunlaşan məcburi köçkünlərlə görüş keçirmişdir. Layihənin əsas məqsədi qaçqın, məcburi köçkün, Qarabağ əlili və şəhid ailələrinin məskunlaşdığı ərazilərdə əhali arasında sorğu və diskussiya aparmaq yolu ilə onların qarşılaşdığı sosial problemləri öyrənmək, sosial müdafiəyə ehtiyacı olan insanları müəyyənləşdirmək, problemlərin həlli üçün onların arasında maarifləndirmə və izahat aparmaqla mövcud problemlərini həll etmək üçün aidiyyatı dövlət orqanları və “QHT”-lər arasında səmərəli əməkdaşlıq quraraq ailələrin sosial şəraitini yaxşılaşdırılmasına nail olmaqdır.
        Dəfələrlə rayonumuzun sakinləri ilə görüş keçirən “Məcburi Köçkün Qadınlar” ictimai birliyinin sədri keçmiş döyüşçü, hərbi qulluqçu ailəsi, “Ömər”, “Güzgü” yüksəkliyində həyat yoldaşı ilə çiyin-çiyinə xidmət edən Zərifə Həmzəyeva problemləri olan sakinlərdən öz köməkliyini əsirgəmir və mənəvi dayağını göstərir.
        İctimai birliyin üzərinə götürdüyü layihələri təqdirəlayiq sayırıq və birliyin üzvlərinə işlərində müvəffəqiyyətlər arzu edirik.

“XOCALININ SƏSİ”
Paylaşın:

MƏCBURİ KÖÇKÜNLƏR ARASINDA ZORAKILIĞIN ƏN AĞIR NÖVÜ ERMƏNİSTANIN İŞĞAL SİYASƏTİNİ DAVAM ETDİRMƏSİDİR

         Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycan Respublikasının İnsan  Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə birgə həyata keçirdiyi “Məcburi köçkün icmalarında gender əsaslı zorakılığının qarşısının alınması və cavab tədbirləri” adlı layihə çərçivəsində Gəncə şəhər ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailəlik qəsəbədə yerləşən Kosalar kənd Mədəniyyət evində məcburi köçkünün iştirakı ilə təlimlər keçirilmişdir. Ümumiyyətlə, layihə çərçivəsində 600 nəfərə yaxın məcburi köçkün iştirak etmişdir.
         Tədbiri giriş sözü ilə açan layihə koordinatoru Lyudmila Xəlilova layihənin məqsədi və məişət zorakılığının qarşısının alınması sahəsində həyata keçirilən tədbirlərin  əhəmiyyəti haqqında geniş məruzə ilə çıxış etdi. Eyni zamanda məişət zorakılığı və onun növləri, zorakılıq törətmiş şəxslərin Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığını iştirakçıların nəzərinə çatdırmışdır. O çıxışında bildirdi ki, tədbirin məcburi köçkün ailələrində keçirildiyi təsadüf deyildir. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində 1 milyona yaxın soydaşımız təcavüz və zorakılığın qurbanına çevrilərək öz evlərindən qovulmuş, yaxın qohumlarını itirmişlər. Bu insanlar arasında minlərlə qadın və uşaq var ki, onlar zorakılığın ən ağır növlərini yaşayıblar.
         Tədbirdə çıxış edən təlimçi Südabə Məmmədova məişət münasibətlərində baş verən zorakılıq hallarının hər bir insanı narahat etməli olduğunu və tədbirdə iştirak edən şəxslərin mövzu ilə bağlı əldə etdikləri məlumatları öz tanışları ilə bölüşmələri əhali arasında məişət zorakılığı hallarının qarşısının alınmasında mübarizə ruhunun güclənməsinə öz müsbət təsirini göstərəcəyini qeyd etdi.   
        Tədbir iştirakçıları öz fikirlərini paylaşaraq, Azərbaycan ailəsinin müqəddəsliyini, qadınlara hər zaman böyük dəyər verildiyini vurğuladılar. Doğma torpaqlarımızın erməni quldurları tərəfindən işğal olunması məcburi köçkün düşmüş vətəndaşlara zorakılıq halının ən qəddar nümunəsi olduğunu bildirən tədbir iştirakçıları bu zorakılığın hələ də davam etdiyini qeyd etdilər. Beynəlxalq təşkilatlar bu haqsızlıqları aradan qaldırmaq üçün öz işlərini düzgün icra etmirlər, Ermənistan beynəlxalq təşkilatlar qarşısında götürdükləri öhdəlikləri yerinə yetirmir, “BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasına dair dörd qətnamə çıxarıb və onlardan heç biri icra olunmayıb. 
         Tədbir iştirakçıları arasında məişət zorakılığı ilə bağlı mövcud problemlərin və onların qarşısının alınması üçün təkliflərin müəyyənləşdirməsi məqsədilə sorğu keçirildi. İştirakçılar xalqımızın adət-ənənələrində qadına yüksək dəyər verildiyini vurğulayaraq, bu dəyərlərin qorunub saxlanmasının vacibliyini və zorakılıq halları ilə mübarizədə maarifləndirici təlimlərin keçirilməsinin təqdirə layiq hal olduğunu qeyd etdilər.
         Tədbirin sonunda iştirakçılara mövzuya uyğun kitabçalar paylanıldı.
         Tədbir işğal olunmuş doğma torpaqlarımıza qayıtmaq arzusu ilə yekunlaşdı.
                                                                                          Qalib BƏYMƏMMƏDOĞLU








Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi