Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

XOCALI GƏNCLİYİ QÜRUR VƏ FƏXR HİSSİ YAŞADIR

  
        31.01.2018-ci il tarixdə Xocalı rayon İH-nin dəstəyi, Xocalı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 2 Fevral - Gənclər Günü münasibətilə ümumrayon tədbiri keçirildi. 
        Tədbirdə Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov, 2017-ci ildə rayonun ictimai-siyasi işlərində fərqlənən gənclər, respublika və beynəlxalq səviyyəli idman yarışlarında, mədəniyyət  müsabiqələrində, təhsildə nailiyyətlər qazanan gənclər və "N" saylı hərbi hissənin bir qrup əsgərləri iştirak etdilər. 
        Tədbir zamanı Xocalı şəhər 1 və 3 saylı uşaq musiqi məktəbinin müəllimlərinin ifa etdiyi şən musiqilər tədbir iştirakçılarında xoş ovqat yaratdı.            
        Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov çıxış edərək ölkəmizdə aparılan uğurlu dövlət gənclər siyasətindən danışdı. Bildirdi ki, Azərbaycanda gənclərə yüksək diqqət və qayğı göstərilir. Gənclərin asudə vaxtının səmərəli keçməsi, həvəs göstərdikləri peşəyə sahib olmaları və cəmiyyətdə yaxşı mövqe tutmaları üçün dövlətimiz tərəfindən daim işlər aparılır. Bunun nəticəsi olaraq gənclərimiz mötəbər idman yarışlarında, olimpiadalarda, mədəniyyət və digər sahələrdə keçirilən müsabiqələrdə uğurlu nəticələr əldə edərək bayrağımızı ucaldırlar, himnimizi səsləndirirlər. 
        Rayon rəhbəri Xocalı rayon gənclərinin də Azərbaycan gəncliyinin inkişafı üçün öz töhfələrini verdiyini vurğuladı. Fikirlərinə əlavə etdi ki, rayonumuzun çoxlu sayda yeniyetmə və gəncləri həm respublika, həm də beynəlxalq səviyyəli idman və mədəniyyət yarışlarında nailiyyətlər əldə edərək bizə qürur və fəxr hissi yaşadırlar. Məzunlarımız yüksək ballarla ali məktəblərə qəbul olurlar. 
        Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən, idman yarışlarında və mədəniyyət müsabiqələrində müvəffəqiyyətlər qazanan yeniyetmə və gənclərimiz Xocalı rayon Gənclər və İdman idarəsinin rəisinin Fəxri Fərmanı və hədiyyələrlə təltif edildilər. 
        Daha sonra Xocalı rayon Gənclər və İdman idarəsinin rəisi Elməddin Bağırov çıxış edərək Azərbaycan gənclərini 2 Fevral - Gənclər Günü münasibətilə təbrik etdi və cansağlığı, yeni-yeni nailiyyətlər arzuladı. 
        Sonda gənclər Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubovla xatirə şəkilləri çəkdirdilər. 













Paylaşın:

Xocalı rayon ərazisi işğal altında olsa da, sakinlər məskunlaşdığı qəsəbələrdə kənd təsərrüfatı ilə məşğul olurlar

        29.01.2018-ci il tarixdə Xocalı rayon Kənd Təsərrüfatı İdarəsinin illik hesabat iclası keçirildi.
         Hesabat iclasında Xocalı rayon İHB-nın müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev, aidiyyatı müəssisə, idarə rəhbərləri iştirak etdilər.
        Xocalı rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Habil Rzaquliyev hesabat məruzəsində bildirdi ki, idarə 2015 - ci ilin aprel ayından fəaliyyətə başlamışdır. İdarənin qarşısında duran vəzifələrin icrasını təmin etmək məqsədi ilə müvafiq tədbirlər həyata keçirilməkdədir. Rayon Kənd Təsərrüfatı idarəsi öz işini günün tələblərinə uyğun şəkildə davam etdirir.
        Dövlət Proqramının icrası əsasında rayonumuzun Kənd Təsərrüfatı xeyli inkişaf etmişdir. Qeyd edək ki, rayonumuza Xocavənd rayon ərazisindən I–II otrub Ağburnu - Kurapatkin torpaqlarından daimi təhkim edimiş 4125.0 ha torpaq sahəsi mövcuddur. 
         Göstərdiyimiz kimi rayonumuza  təhkim olunmuş 4125.0 ha torpaq sahəsindən  3000.0 ha əkinə yararlı torpaq sahəsidir, 1125.0 ha torpaq sahəsi isə minalanmış sahə oduğu üçün istifadə olunmur.
        Qeyd olunan 3000.0 ha torpaq sahəsi əkinçliyin inkişaf etdirilməsi üçün hüquqi və fiziki şəxslərə uzun müddətli icarəyə verilmişdir. 2017 – ci ilin məhsulu üçün hüquqi və fiziki şəxslər tərəfindən 2342 hektar sahədə taxıl biçini aparılmışdır. Məhsuldarlıq 21 sentner olaraq 4964 ton məhsul toplanmışdır.          
        Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007 - ci il 16 noyabr tarixli 181 nömrəli və 2008-ci il 13 iyun 135 nömrəli qərarları ilə təsdiq edilmiş “Buğda və çəltik istehsalçılarının maddi marağının artırılması, buğda çəltik itehsalının stimullaşdırılması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydalarına” uyğun olaraq taxıl istehsalçılarına dizel yanacağı, sürtgü yağları və digər xərcləri ödəmək üçün vəsaitlər verilir. 
        Xocalı rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 2017 – ci il tarixli 62 nömrəli Sərəncamına əsasən “Kraun  Ko – R”MMC - yə taxıl əkininin aparılması məqsədi ilə 3000 hektar torpaq sahəsi beş il müddətinə icarəyə verilmişdir. Hər il üçün bir hektara 5 manat 40 qəpik olmaqla ümumilikdə 16200 (on altı min iki yüz) manat icarə haqqı müəyyənləşdirilmişdir. 2018-ci ilin məhsulu üçün rayondan olan hüquqi və fiziki şəxslər tərəfindən 3213.5 ha sahədə payızlıq dənlik bitkilər əkilmişdir.
        Rayon ərazisi işğal altında olduğuna baxmayaraq, rayondan olan məcburi köçkünlərin kənd rayonlarının ərazisində və o cümlədən rayondan olan məcburi köçkünlər üçün inşa edilimiş qəsəbələrdə məskunlaşmış əhalinin kənd təsərrüfatı ilə məşğul olmalarını təmin etmək məqsədilə rayon İcra Hakimiyyəti başda olmaqla inzibati ərazi vahidləri üzrə icra nümayəndələri ilə birlikdə ardı-cıl işlər həyata keçirilmişdir. Belə ki, rayondan olan məcburi köçkünlərin yerləşdiyi ərazilərdə 2018-ci ilin məhsulu üçün 100.0 ha buğda və 113.5 ha arpa bitkiləri əkilmişdir. Bu da əhalinin ərzaq təminatına müsbət təsir göstərir.
        2017-ci ilin yazlıq bitkiləri üçün 107 hektar kartof sahəsindən məh-suldarlıq 91 sentner olmaqla 974 ton, 39 hektar tərəvəz sahəsindən məhsuldarlıq 73 sentner olaraq 286,2 ton məhsul istehsal olunmuşdur. 
        Xocalı rayon əhalisi kompakt şəkildə Goranboy rayonunda məskunlaşdığı üçün bitkiçiliyin, heyvandarlığın, arıçılığın və baramaçılığın inkişafı sahəsində müəyyən işlərin görülməsi məqsədə uyğun hesab edilir. Belə ki, baramaçılığın inkişaf etdirilməsi üçün 2016-cı ildə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində 5 min ədəd tut tingi bağ şəklində əkilərək hazır vəziyyətə gətirilmişdir. 2017-ci ildə isə 6500 ədəd tut tingi əkilərək hazır vəziyyətə gətirilmişdir. 2018-ci ildə barama istehsalı nəzərdə tutulmuşdur. Rayon əhalisinin kompakt şəkildə məskunlaşdığı ərazilərdə fındıq bağlarının salınması, şəkər çuğunduru və kartofçuluğun inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Hal-hazırda rayon əhalisinə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində verilmiş pay torpaqlarda 2 hektar ərazidə fındıq bağı salınmışdır. Gələcək illərdə daha 2 hektar fındıq bağının salınmasıda nəzərdə tutulmuşdur.
        Sonda Xocalı rayon İHB-nın müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev hesabat məruzəsinə münasibət bildirdi. İdarənin işçilərinə tapşırıq və tövsiyələr verdi. Ümumilikdə görülən işlər qənaətbəxş sayıldı. 
        Hesabat iclası Xocalı rayon Kənd Təsərrüfatı İdarəsinin fəaliyyətinin tezliklə doğma Xocalıda davam etdirməsi arzusu ilə yekunlaşdı. 

Paylaşın:

Vüsal Məmmədov: "Belə görüşlərin təşkili Xocalı rayon təhsilinin inkişafı üçün önəmlidir"



     
        25.01.2018-ci il tarixdə 2016-2017-ci tədris ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən hesabat iclası keçirildi.
        Hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, 8 saylı ƏMHM-nin rəisi Vüsal Məmmədov, Xocalı RPŞ-nin rəisi Eldar Bağırov, Xocalı rayon İH-nin məsul işçiləri, məktəb direktorları və təhsil işçiləri iştirak etdilər.
        Xocalı RTŞ-nin müdiri Şakir Əliyev hesabat məruzəsi ilə çıxış edərək Xocalı rayonunun ümumtəhsil müəssisələrində görülən işlərdən, qarşıda duran vəzifələrdən, əldə edilən uğurlardan və nöqsanlardan danışdı. Şakir Əliyev bildirdi ki, Xocalı RTŞ-nin tabeliyində 12 tam orta məktəb, 1 Uçaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir. Bu məktəblərdən 9-u "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılaması və məşğulluğun artırılması" Dövlət Proqramına uyğun olaraq yeni inşa olunmuş müasir tipli binalarda, 3 məktəb isə - Xocalı şəhər 2 saylı, Kərkicahan qəsəbə və Qaragav kənd tam orta məktəbləri hələlik uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir.
        Məruzəçi qeyd etdi ki, 2016-2017-ci tədris ilində rayonun ümumtəhsil məktəblərində 144 sinif komplektində 1441 nəfər şagirdin (onlardan 13 nəfəri evdə təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şagirdlərdir) və 6 məktəbəhazırlıq qrupunda 95 nəfər beşyaşlı uşağın təlim-tərbiyəsi ilə 303 nəfər müəllim məşğul olmuşdur.
        2017-ci ilin oktyabrında rayonumuzun 2 nəfər təhsil işçisi  - Xocalı RTŞ-nin metodisti Abışova Aliyə Eyvaz qızı və Xocalı şəhər 3 saylı tam orta məktəbin biologiya müəllimi Əliyeva Pərvanə Nizami qızı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fərmanına layiq görülmüşdür.
        2017-ci il məzunlarının 55%-i ali və orta ixtisas məktəblərinə qəbul olmuşlar. Ali məktəbə qəbul olanlardan 6 nəfəri 500-dən yuxarı, 3 nəfəri isə 600-dən yuxarı ballarla tələbə adını qazanmışlar.
        Sonra məruzə ətrafında çıxışlar oldu. Xocalı rayon Kosalar kənd tam orta məktəbinin direktoru Rafiq Quliyev, Xocalı şəhər 4 saylı tam orta məktəbinin dərs hissə müdiri Vüsal Mustafayev, Xocalı şəhər 4 saylı tam orta məktəbinin Azərbaycan dili müəllimi Zərifə Məmmədova çıxış edərək çalışdıqları təhsil ocaqlarının fəaliyyətindən və məktəb şagirdlərinin uğurlarından məlumat verdilər. Mövcud problemlərdən danışdılar.
        Daha sonra çıxış üçün söz 8 saylı ƏMHM-nin rəisi Vüsal Məmmədova verildi. Vüsal Məmmədov Xocalı rayonunun təhsil işçilərini salamladı və baş tutan görüşün əhəmiyyətini vurğuladı. Belə görüşlərin keçirilməsi problemlərin aradan qaldırılması üçün önəmli olduğunu söylədi.
        Vüsal Məmmədov bildirdi ki, Qaragav məktəbində təmir işləri aparılmışdır. Xocalı rayon ümumtəhsil məktəblərinə təsərrüfat malları və lazımi avadanlıqlar verilmişdir. Rayonun təhsil işçiləri tərəfindən edilən müraciətlərə baxılmış və həll edilmişdir. Bundan sonra da ünvanlanan şikayət və təkliflərə baxacağıq.
        Məktəb direktorları regional idarə ilə mütamadi əlaqə saxlamalıdır. Qarşılıqlı əlaqə təhsilin keyfiyyətini artıracaq.
        Yekun olaraq çıxış edən Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov rayonun tabeliyində olan təhsil ocaqlarının hazırki vəziyyətini köçkün düşdüyümüz ilk illərdəki acınacaqlı vəziyyətlə müqayisə etdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə təhsilimizdə də canlanma baş verdiyini vurğuladı.
        Rayonumuzun rəhbəri bildirdi ki, Xocalı rayon İcra Hakimiyyəti Aparatı rayonumuzun təhsili ilə daim maraqlanır və keçirilən tədbirlərə öz dəstəyini verir. Məktəblilərimiz arasında zərərli vərdişlərə meyl edən yoxdur. Müəllimlər öz üzərizdə daim işləməli, məsuliyyətli və təlabkar olmalıdır.
        Şahmar Usubov çıxışının sonunda təhsil işçilərinə oktyabr ayında keçiriləcək prezident seçkilərində fəal olmalarını, dövləti və dövlətçiliyimizi daim yüksək tutmalarını tövsiyə etdi.
 
















     
Paylaşın:

Xocalı şəhər İƏD-si üzrə nümayəndəliyinin hesabat iclası keçirildi


     
        24.01.2018-ci il tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində Xocalı şəhər İƏD-si üzrə nümayəndəliyinin 2017-ci ildə görülən işlərə və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat iclası keçirildi.
        Hesabat iclasında Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov, aidiyyatı müəssisə, idarə və təşkilat rəhbərləri, şəhər sakinləri iştirak etdilər.
        Reqlamentə uyğun olaraq hesabatı aparmaq üçün sədr və katib seçildi.
        Sonra Xocalı rayon İHB-nın Xocalı şəhər İƏD-si üzrə nümayəndəsi Sovet Allahverdiyev hesabat məruzəsi ilə çıxış edərək ölkəmizin uğurlarından, nümayəndəliyin tabeliyində olan müəssisələrin fəaliyyətindən və  2017-ci il ərzində görülən işlərdən danışdı.
        Sovet Allahverdiyev bildirdi ki, ölkəmizin həm daxili, həm xarici siyasətdə qazandığı uğurlar Ümumilli liderimiz Heydər Əliyevin uzaqgörənlik və dahiliklə təməlini qoyduğu siyasətin möhtərəm prezidentimiz, xalqın sevimli və əziz oğlu İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir. Azərbaycanda davamlı olaraq həyata keçirilən genişmiqyaslı islahatlar, məqsədyönlü şəkildə reallaşdırılan və Respublikanın sosial-iqtisadi inkişafında mühüm rol oynayan “Dövlət Proqram”larının uğurlu icrasının  nəticəsində ölkəmiz qısa müddət ərzində  sürətli inkişaf yoluna qədəm qoymuş,  bütün istiqamətlər üzrə müstəqil siyasət yeridən Azərbaycan dövləti son illər sosial-iqtisadi inkişaf tempinə görə regionun ən qüdrətli dövlətinə çevrilmişdir. Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsində ölkədə çadır şəhərcikləri ləğv edilib, müasir tipli qəsəbələrə köçürülüb. Onların maddi rifahının yaxşılaşdırılması üçün Dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb.
        01 yanvar 2018-ci il tarixə Xocalı şəhər əhalisi 2074 təsərrüfatdan və 8116  nəfərdən ibarətdir. Şəhər  üzrə  təqaüdçülər  - 1799 nəfərdən ibarərdir. Onlardan qocalığa görə  təqaüdçülər  - 252 nəfər, ümumi  xəstəliyə  və Milli Münaqişə  zəminində əlilliyə  görə təqaüdçülər -1161 nəfər, sosial pensiyaçılar –354 nəfər, Azərbaycan  Respublikasının Müdafiəsi zamanı əlil olanlar – 46  nəfər, hərbi  xidmət  əlilləri – 5 nəfər, Çernobl  əlilləri - 2 nəfər, xidmət göstərilən ahıllar - 19 nəfərdir. 5 uşaqdan yuxarı olduğu üçün 1 ailə sosial müavinət verilir.
  Xocalı şəhər nümayəndəliyinin ərazi vahidində 5 ümumi tam orta məktəb, 1 uşaq yaradıcılıq mərkəzi, 3 musiqi məktəbi, 5 klub, 1 mərkəzləşdirilmiş kitabxana,1 mədəniyyət evi, 2 uşaq bağçası və Xocalı Kommunal müəsisələri kombinatı fəaliyyət göstərir.
        Daha sonra məruzə ətrafında çıxışlar oldu və Sovet Allahverdiyevin rəhbərliyi ilə nümyandəliyin gördüyü işlər qənaətbəxş sayıldı.
        Xocalı rayon İH-nin başçısı Şahmar Usubov hesabat məruzəsinə münasibət bildirdi. Sakinlər tərəfindən qaldırlan məsələlərin həlli üçün aidiyyatı qurumlara tapşırıqlar verdi.
        Qərar layihəsi qəbul edildikdən sonra nümayəndəliyin hesabat iclası yekunlaşdı.


Paylaşın:

Gəncə Regional Mədəniyyət və Turizm idarəsinin Xocalı rayon üzrə nümayəndəsinin və Xocalı rayon Gənclər və İdman idarəsinin birgə hesabat iclası keçirildi

 
       23.01.2018-ci il tarixdə Gəncə Regional Mədəniyyət və Turizm idarəsinin Xocalı rayon üzrə nümayəndəsinin və Xocalı rayon Gənclər və İdman idarəsinin birgə 2017-ci ildə görülən işlərə və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş illik hesabat iclası keçirildi.
        Hesabat iclasında Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov, Gəncə Regional Mədəniyyət və Turizm idarəsinin baş məsləhətçisi Bəxtiyar Muradov, mədəniyyət işçiləri, rayon ziyalıları iştirak etdilər.
        Gəncə Regional Mədəniyyət və Turizm idarəsinin Xocalı rayon üzrə nümayəndəsi Ruslan Bəşirov hesabat məruzəsi ilə çıxış etdi (Hesabat məruzəsindən tezislər daha sonra yerləşdiriləcək). Görülən işləri və nöqsanları diqqətə çatdırdı.
        Xocalı rayon MKS-nin direktoru Bəhram Məmmədov, Xocalı şəhər 3 saylı uşaq musiqi məktəbinin direktoru Rüstəm Hümbətov, Xocalı rayon Kosalar kənd mədəniyyət evinin müdiri Ramiz Məhərrəmov rəhbərlik etdiyi idarələrin fəaliyyəti haqqında məruzə ilə məlumat verdilər.
        Gəncə Regional Mədəniyyət və Turizm idarəsinin baş məsləhətçisi Bəxtiyar Muradov çıxışında rayonun tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin işləri ilə yaxından maraqlandıqlarını bildirdi. Regional idarə olaraq Xocalı rayonunun mədəniyyət obyektlərinin inkişafı üçün lazımi köməklik göstəriləcəyini qeyd etdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin və Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin ölkə mədəniyyətinin və turizmin inkişafı üçün gördüyü işlərin əhəmiyyətini vurğuladı. Gəncə Regional Mədəniyyət və Turizm idarəsinin Xocalı rayon üzrə nümayəndəsi Ruslan Bəşirovun işlərini yüksək dəyərləndirdi və hesabat məruzəsini qənaətbəxş dəyərləndirdi.
        Xocalı rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Ramiz Alıyev məruzə ilə çıxış edərək idarənin gənclər sahəsi üzrə həyata keçirdiyi tədbirlərdən, gənclərimizin müxtəlif sahələrdə əldə etdiyi uğurlardan danışdı.
        Yekun olaraq Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov çıxışında rayonun mədəniyyət müəssisələrinin hazırki vəziyyətini köçkünlük illərinin ilk illərindəki vəziyyətlə müqayisə edərək yaradılan şəraitin əvəzi olaraq idarə rəhbərlərinin və işçilərin məsuliyyətlə çalışmalı olduqlarını nəzərə çatdırdı. Rayonumuzun rəhbəri bildirdi ki, köçkünlük həyatı yaşasaq da, heç bir idarənin fəaliyyəti dayandırılmadı. Hal-hazırda bir çox mədəniyyət idarələri və digər sahələr yeni tikilən qəsəbələrdə fəaliyyətini davam etdirir.
        Şahmar Usubov dedi ki, Ulu öndərin qurduğu dövlət bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf etməkdədir. Milli birliyimizə, sabitliyimizə, inkişafımıza həsəd aparılır.
        Rayonumuzun rəhbəri çıxışının sonunda 2018-ci ildə keçiriləcək prezident seçkilərində fəal olmağı, haqqa və ədalətə səs verməyi tövsiyə etdi.










Paylaşın:

Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəliyinin hesabat iclası keçirildi

        
        22.01.2018-ci il tarixdə Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailəlik qəsəbədə Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəliyinin 2017-ci ildə gördüyü işlər və 2018-ci ildə qarşıda duran vəzifələr haqqında illik hesabat iclası keçirildi. 
        Kosalar kənd tam orta məktəbinin akt zalında keçirilən hesabat iclasında Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov, müəssisə, idarə rəhbərləri və Kosalar kənd sakinləri iştirak etdilər.   
        Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayanədəsi Şahid Rzayev hesabat məruzəsi ilə çıxış edərək nümayəndəliyin gördüyü işlərdən məlumat verdi. Şahid Rzayev bildirdi ki, Azərbaycan  Respublikası  Prezidentinin  2004 – cü  il  01  iyul  tarixli  298  saylı  və  2007 – ci  il 31 oktyabr  tarixli  2475 nömrəli Sərəncamları  ilə  məcburi  köçkün ailələrinin mənzil – məişət şəraitinin yaxşılaşdırılmasına dair  əlavə  tədbirlərin  icrası ilə bağlı  Kosalar  kənd  əhalisinin  516  ailəsindən  345  ailə yeni mənzillərlə  təmin  edilmişdir və bu  da əhalimizin 67 faizinin yeni  mənzillərlə təmin olması deməkdir.
        Şahid Rzayev Kosalar kənd sakinlərinin bütün seçkilərdə fəal olduğunu nəzərə çatdırdı. Qeyd etdi ki, Xocalı  rayon  Kosalar  kənd  nümayəndəliyinin 116  nəfər  YAP – nın  üzvü olması Ümumilli  liderimizin memarı olduğu Müstəqil Dövlətimizin  və  Dövlətçiliyimizə sədaqətin bariz  nümunəsidir. Xocalı rayon Kosalar  kənd  nümayəndəliyi  üzrə  24  rayonda  məşkunlaşmış  seçicilərin  sayı 1316  nəfər  və  onlardan ilk  dəfə  səs vermə hüququ olan 53  nəfərdir. Gəncə   şəhər  Kəpəz  rayon Yeni qəsəbə 2 – də  yerləşən  124 saylı Şuşa – Ağdam -  Xocalı - Xocavənd   dairə seçki komissiyasının 25 saylı seçki   məntəqəsi üzrə  seçicilərin ümumi sayı  755  nəfərdir.
        Kosalar kənd nümayəndəliyində ali  təhsilli 221 nəfər, orta ixtisas təhsilli 47 nəfər, orta təhsilli 1293  nəfər, təhsili  olmayanların  sayı 325  nəfərdir.
        İl ərzində nümayəndəlikdən  idarə  və təşkilatlara 82 sayda müxtəlif məzmunlarda  məktublar göndərilmişdir.
        Nümayəndəlik üzrə 2017 – ci  ildə 15 sayda daxili sərəncam verilib. Həmin sərancamın əsası Xocalı  rayon  İcra  Hakimiyyəti Başçısının  tövsiyyə xarakterli  məktublarına  uyğun olaraq 11 gənc ailənin ayrı  təsərrüfat olması, 20  Yanvar  faciəsinin 27 – ci  ildönümünün  keçirilməsi, sərəncam  Xocalı  soyqırımının  25 – ci  ildönümünün  keçirilməsi, Dövlət  qulluğunda  işləyənlərə  ixtisas  dərəcəsinin verilməsi və  Dövlət  Statistika  Komitəsinin   Xocalı   rayon Statistika İdarəsinin 11 dekabr  2017 – ci  il  tarixli  76 / 05  saylı  məktubuna  əsasən 01 yanvar  2018 – ci ilə mal – qara  uçotunun  aparılması haqqındadır.
        İcra nümayəndəsi sakinlərin qaldırdığı məsələləri hesabat məruzəsində oxudu. Gəncə  şəhər  Kəpəz   rayon  ərazisində  yeni  salınmış  qəsəbədə  xeyir – şər mərasimlərinin  keçirilməsi  üçün mağarın verilməsi, qəsəbəyə rabitə və  internet  xəttinin  çəkilməsi, Göygöl  su  xəttindən  qəsəbəyə  içməli  suyun  verilməsi, qəbristanlığın salınması  üçün  torpaq  sahəsinin  ayrılması, Xocalı  rayon İ H B – nın Kosalar kənd İƏD-si üzrə nümayəndəliyinin 2018 – ci ildə qarşısında duran vəzifələrdir.
        Sonra məruzə ətrafında çıxışlar oldu. Şahid Rzayevin rəhbərliyi ilə nümayəndəliyin 2017-ci ildə gördüyü işləri qənaətbəxş sayıldı. 
        Sonda Xocalı rayon İH-nin başçısı Şahmar Usubov hesabat məruzəsinə münasibət bildirdi. Şahmar Usubov qeyd etdi ki, qəsəbə sakinləri tərəfindən 2017-ci ildə qaldırılan bir çox məsələlər öz həllini tapmışdır. Rayonumuzun rəhbəri qəsəbədə fəaliyyət göstərən təhsil müəsssiələrinin səviyyəsinin aşağı olduğunu bildirdi, məktəb direktorlarına buraxılış və ali məktəbə qəbul imtahanlarında keyfiyyət göstəricisinin artırılması üçün tapşırıqlar verdi. 
         



Paylaşın:

20 Yanvar faciəsi Xocalı rayonunda yad edilib

         19.01.2018-ci il tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində "20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında" sərəncama əsasən, Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə anım tədbiri keçirilib.
Anım tədbirində Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov, müəssisə, idarə rəhbərləri, rayon ziyalıları və "N" saylı hərbi hissənin bir qrup əsgər və zabit heyəti iştirak edib.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
             Tədbirdə çıxış edən natiqlər 20 Yanvar təkcə xalqımızın azadlıq mübarizəsinin zirvəyə qalxdığı gün deyil, həm də 70 illik imperiya buxovundan sıyrılaraq müstəqillik uğrunda əzmkarlığını nümayiş etdirdiyi gün kimi də tariximizin şərəfli səhifələrindən olduğunu vurğulayıblar.
            Çıxışlarda bildirilib ki, Ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gələrək Sovet ordusunun xalqımızın azadlıq səsini boğmaq üçün Bakıya qoşun yeridilməsini bir mənalı olaraq qətiyyətlə pisləmiş və bu qanlı hadisənin müstəqillik uğrunda mübarizə yolunu tutmuş hər bir müttəfiq respublikada baş verməyəcəyinə kimsəni inandırmağın çətinliyini dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Məhz həmin ağır dövrdə Heydər Əliyevin xalqımıza olan mənəvi dəstəyi yenicə şəhidlər vermiş bu Vətən fədailərinə azadlıq mübarizəsindən dönməməyə güc verdi.


  
 




       
Paylaşın:

Kərkicahan qəsəbə sakinlərini narahat edən məsələlər nümayəndəliyin hesabat iclasında dinlənildi

        18.01.2018-ci il tarixdə Xocalı rayon İHB-nın Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəliyinin 2017-ci ildə görülən işlərə və qarşıda duran vəzifələrə həsr edilən illik hesabat iclası keçirildi.
        Hesabat iclasında Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov, rayonun müəssisə, idarə rəhbərləri və Kərkicahan qəsəbə sakinləri iştirak etdilər.
Xocalı rayon İHB-nın Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəsi Dərgah Haqverdiyev hesabat məruzəsi ilə çıxışında 2017-ci ildən görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verdi. Dərgah Haqverdiyev Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə görülən işlərin “Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”nin 5-ci bəndi əsasında inzibati ərazi dairəsi üzrə yerli icra hakimiyyəti başçısı nümayəndəsinin vəzifə və səlahiyyətləri çərçivəsində yerinə yetirildiyini vurğuladı.
Kərkicahan qəsəbə sakinlərinin və Xankəndi şəhərinin demoqrafiq vəziyyəti ilə bağlı məlumatında qeyd etdi ki, 01 yanvar  2018-ci il tarixə Kərkicahan qəsəbə əhalisi 638 təsərrüfatdan və 2320 nəfərdən, Xankəndi şəhər əhalisi isə 512 təsərrüfatdan 1904 nəfərdən ibarətdir. Qəsəbə üzrə şəhid ailələrinin sayı 31 ailə, şəhid olanlar 34 nəfər, Xankəndi şəhəri üzrə isə şəhid ailələrinin sayı 23 ailə, şəhid olanlar 29 nəfərdir. Kərkicahan qəsəbə əhalisinin 1132 nəfəri (48,8 %)  kişilər, 1188 nəfəri (51,2 %) isə qadınlardır.
İcra nümyanəndəsi kənd təsərrüfatı sahəsində görülən işlərin statistikasını nəzərə çatdırdı. Bildirdi ki, 01 yanvar 2018 – ci il tarixə Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən  389 baş iribuynuzlu heyvan, 993 baş xırdabuynuzlu heyvan, 1350 ədəd ev quşu, 278 arı ailəsi və 13 baş at qeydiyyata alınmışdır. İl ərzində 460 sentner ət, 8300 litr süd istehsal olunmuşdur. 6 hektar sahədə əkin aparılmışdır. 4 hektar sahədən 340 sentner kartof, 2 hektar sahədən isə 122 sentner tərəvəz yığılmışdır.
  "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramları” və əlavələr əsasında 2003-cü ildən başlayaraq Kərkicahan qəsəbəsindən 162 ailə 615 nəfər (28%), Xankəndi şəhərindən isə, 167 ailə 614 nəfər (32,6 %) evlə təmin olunmuşlar.Yaxın vaxtda Kərkicahan qəsəbəsindən 3 ailə 13 nəfər, Xankəndi şəhərindən 6 ailə 26 nəfər Tərtər rayonu ərazisində tikilmiş məcburi köçkün şəhərciyində evlə təmin olunacaqlar. Hələ də Kərkicahan qəsəbəsindən 476 ailə 1705 nəfər, Xankəndi şəhərindən isə, 345 ailə 1290 nəfər əsasən yataqxanalarda, sanatoriyalarda, ictimai binalarda və s. çətin vəziyyətdə yaşayırlar. Yəqin ki, yaxın zamanlarda mərhələli şəkildə digər məcburi köçkün ailələri də evlərlə təmin olunacaqlar.
        Kərkicahan məktəbinin təhsilində də irəliləyişlər olmuşdur. Xankəndi şəhər Natiq Şahmuradov adına 6 №-li Kərkicahan qəsəbə tam orta məktəbinin işinə nəzarət və köməklik göstərmək daim diqqət mərkəzində saxlanılmışdır. Məktəbimizdə 115 nəfər şagird təhsil alır. 2016-2017-ci tədris ilində məktəbin XI sinfini bitirən 11 nəfər tam orta təhsil haqqında attestat, IX sinfini bitirən 10 nəfər isə orta təhsil haqqında şəhadətnamə almışlar. Məzunlar arasında mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış test imtahanlarında qeyri – müvəffəq qiymət alanlar da olmuşdur. XI sinfi bitirənlərdən 5 nəfəri ali məktəbə daxil olmuşdur.
    Yataqxanaların, ictimai binaların, sanatoriyaların və s. yaşayış üçün təhlükəli vəziyyətdə olduğunu məskunlaşan ailələrin sıxlığını nəzərə alaraq mərhələli şəkildə köçürülmələri üçün yeni fərdi yaşayış evlərinin və ya binaların tikilməsindən ötəri Dövlətqaçqınkomun rəhbərliyi qarşısında məsələ qaldırılmasına köməklik göstərilməsi, Xankəndi şəhəri Natiq Şahmuradov adına 6 №-li Kərkicahan qəsəbə tam orta məktəbinin normal fəaliyyət göstərməsi üçün əsaslı şəkildə təmir olunmasına köməklik göstərilməsi Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi qarşısında vətəndaşlar tərəfindən qaldırılan məsələlər və verilən təkliflər arasında ən vaciblərindəndir.
        Sonra məruzə ətrafında çıxışlar oldu. Nümayəndəliyin gördüyü işlər qənaətbəxş sayıldı.
        Sonda Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov görülən işlərə münasibət bildirərək irad və tapşırıqlarını verdi. Qaldırılan məsələlərin həlli üçün lazımi tədbirlərin görüləcəyini bildirdi.
         



Paylaşın:

Rayonumuzun səhiyyəsi sahəsində görülən işlər hesabat iclasında müzakirə edildi


                
        17.01.2018-ci il tarixdə Xocalı rayon İH-nin akt zalında Xocalı Rayon Mərkəzi Xəstəxanası və digər səhiyyə obyektləri tərəfindən 2017-ci il ərzində rayon əhalisinə göstərdikləri tibbi xidmətin vəziyyəti barəsində illik hesabat iclası keçirildi.
        Hesabat iclasında Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov, müəssisə, idarə rəhbərləri və səhiyyə işçiləri iştirak etdilər.
        Rayonumuzun rəhbəri cənab Şahmar Usubov Xocalı RMX-na baş həkim təyin edilən Aqil Məmmədovu tədbir iştirakçılarına təqdim edərək, ona göstərilən etimadı doğruldacağına olan inamını vurğuladı və yeni işində uğurlar arzuladı. 
        Sonra Aqil Məmmədov 2017-ci ildə görülən işlər barəsində məruzə ilə çıxış etdi. Rayon səhiyyəsinin hazırki vəziyyətini və nöqsanları nəzərə çatdırdı. Aqil Məmmədov bildirdi ki, Səhiyyə Nazirliyinin təsdiq etdiyi 05.01.2004-cü il tarixli ştat cədvəlinə əsasən, rayon əhalisinə səhiyyə xidməti - 1 Rayon Mərkəzi Xəstəxanası (poliklinika şöbəsi ilə birlikdə), 4 həkim Ambulatoriyası, 9 feldşer-mama məntəqəsi olmaqla əhalimizin sıx, kompakt şəkildə məskunlaşdıqları yerlərdə göstərilir. Rayonun səhiyyə obyektlərində 120 nəfər çalışır, bunun 99 nəfəri qadın, 21 nəfəri kişidir. 
       Xocalı rayon MRX-sı Səhiyyə Nazirliyinin bir struktur bölməsi olaraq 2017-ci il fevral ayının 15-dən may ayının 15-dək əhalinin kütləvi tibbi müayinədən keçirilməsini təşkil etmişdir. Kütləvi tibbi müayinələr zamanı 12740 nəfər tibbi müayinədən keçmişdir ki, bu da ümumi əhalinin 81%-ni təşkil edir. Tibbi müayinələr nəticəsində 1462 nəfər xəstə aşkar olunmuş, 11278 nəfər sağlam olmuşdur. aşkar olunmuş xəstələr dispanser qeydiyyatına götürülmüş, xəstələrin 1412 nəfəri ambulator şəraitdə, 47 nəfəri isə stasionar şəraitdə müalicə olunmuşdur. 
        Aqil Məmmədov görülən işlərlə yanaşı, nöqsanlardan danışaraq qeyd etdi ki, kadr çatışmazlığı, təcili tibbi yardım maşınlarının yararsız vəziyyətdə olması, fövqəladə hallar baş verə biləcək halları aradan qaldırmaq üçün lazım olan avadanlıqların olmaması rayonumuzun səhiyyə sahəsinin problemlərindəndir. 
        Məruzə ətrafında çıxış edən natiqlər səhiyyə sahəsində görülən işləri müsbət qiymətləndirdilər. 40 ildən çox səhiyyə sahəsində çalışan, yaşla əlaqədar olaraq işdən azad edilən Xocalı Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi, "Azərbaycan Bayrağı" Ordenli Məmməd Nağıyevə xoş istirahətlər arzuladılar. Xocalı RMX-na baş həkim təyin edilən Aqil Məmmədovu təbrik etdilər.
        Sonda Xocalı RMX-nın baş həkimi Aqil Məmmədov rayonumuzun rəhbəri cənab Şahmar Usubova səhiyyə işçilərinə göstərdiyi kömək və qayğıya görə səhiyyə işçiləri və öz adından minnətdarlıq etdi. Ona göstərilən etimadı doğrulda bilmək və rayonumuzun səhiyyəsini inkişaf etdirmək üçün məsuliyyətlə çalışacağını bildirdi. 


Paylaşın:

Meşəli kənd İƏD-si üzrə nümayəndəliyin illik hesabatından tezislər

        15.01.2018-ci il tarixdə Xocalı rayon İHB-nin Meşəli kənd İƏD-si üzrə nümayəndəliyində 2017-ci il ərzində görülən işlərə və 2018-ci ildə qarşıda duran məsələlərə həsr edilən illik hesabat iclası keçirildi.
        Hesabat iclasında Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov, müəssisə, idarə rəhbərləri və Meşəli kənd sakinləri iştirak etdilər.
        Hesabatı aparmaq üçün sədr və katib seçildikdən sonra Xocalı İHB-nın Meşəli kənd İƏD-si üzrə nümayəndəsi İlham Kazımov məruzə ilə çıxış edərək nümayəndəliyin fəaliyyətini hesabat iştirakçılarına çatdırdı. İlham Kazımov bildirdi ki, Meşəli sakinləri daim dövlətimizin və rayon rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub. Əhalimizin həyat şəraiti daha da yaxşılaşmışdır. Meşəli sakinlərinin müvəqqəti məskunlaşdığı Goranboy rayonunun eyni adlı qəsəbəsi abadlaşır. Qəsəbəmizə içməli su, qaz, işıq və telefon xətti çəkilib istifadəyə verilib. Suvarma suyu xəttinin çəkilməsi üçün Azərbaycan Respublikasının Məcburi köçkünlərin Sosial İnkişaf Fonduna müraciət olunub və müsbət cavab alınmışdır. Rayon rəhbərliyinin köməkliyi nəticəsində qəsəbəyə suvarma suyu xətti çəkilmişdir. Lakin su anbarının tikintisində bəzi nöqsanlar var ki, gələcəkdə suvarmanın təşkilində problemlərə gətirib çıxara bilər.
        Ölkə başçısının göstərişinə əsasən, aztəminatlı ailələrə özünü maliyyələşdirmə layihəsi çərçivəsində müəyyən işlər görülmüşdür. Bu layihə ilə bağlı qəsəbəmizin üç azətminatlı ailəsi kurslara cəlb olunmuş və hər ailəyə 4 baş iribuynuzlu mal-qara verilmişdir.
        Meşəli sakinlərinin müəyyən hissəsi köçkünçülüklə əlaqədar olaraq ayrı-ayrı rayonlarda məskunlaşmışlar. Mütəmadi olaraq rayonlara gedir, sakinlərimizlə görüşürük. Onların müraciətlərinə səlahiyyətlərimiz çərçivəsində köməklik göstəririk.
        Hazırda nümayəndəlikdə 173 ailə, 624 nəfər sakin var. Meşəli kəndində 12 şəhid ailəsi və bir valideynini itirən 10 ailə var.
        Sonra məruzə ətrafında çıxışlar oldu. Çıxış edən natiqlər qəsəbədəki mövcud problemləri qeyd etdilər. Çıxışlarda qəsəbədaxili yolların asfaltlaşdırılması, Meşəli kənd tam orta məktəbinə əlavə iki sinif otağının tikilməsi, yeni transmavatorun qoyulması təklifini verdilər. İlham Kazımovun rəhbərliyi ilə nümayəndəlyin gördüyü işləri qənaətbəxş saydılar.
        Sonda Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov görülən işlərə münasibət bildirdi. Şahmar Usubov qeyd etdi ki, qəsəbəyə suvarma su xəttinin çəkilməsi nəticəsində sakinlərin əkinçiliklə məşğul olmaları üçün imkan yaranıb. Torpaq sahələrinin ayrılması üçün aidiyyatı qurumlara müraciət olunacaq. Sakinlər həyətyanı sahərlərdə tut ağacı əkərək baramaçılıqla məşğul ola bilərlər. Məşğulluğun artırılması məqsədilə icra edilən layihələrin həyata keçməsi üçün rayon sakinlərinin məskunlaşdığı bütün yerlərdə sorğular təşkil ediləcək.
                 
  


                            
     
     
Paylaşın:

Cəmilli İƏD-si üzrə nümayəndəliyin hesabatı - (Cəmilli kəndindən olan məcburi köçkünlərin 75%-i müvəqqəti yeni yaşayış massivlərində məskunlaşmışlar)

        11.01.2018-ci il tarixdə Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si üzrə nümayəndəliyinin illik hesabat iclası keçirildi.
        Hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başşçısı cənab Şahmar Usubov, rayon müəssisə, idarə rəhbərləri və Cəmilli kənd sakinləri iştirak etdilər.
        Hesabat iclasını aparmaq üçün sədr və katib seçildikdən sonra Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Qəhrəmanov nümayəndəliyin 2017-ci il ərzində gördüyü işlər və qarşıda duran vəzifələr barədə məruzəsi dinlənildi.
        Ramiz Qəhrəmanov Cəmilli kəndi haqqında məlumat verərək bildirdi ki, kənd 15 dekabr 1991-ci il tarixdə ermənilər tərəfindən işğal olunub. Cəmillinin işğalına qədər orada 120 ailə, 526 sakin yaşayırdı. Hal-hazırda isə Cəmilli kəndinin 286 ailə - 1072 sakini vardır.
        Cəmilli kəndindən olan məcburi köçkünlərin 75%-i müvəqqəti yeni yaşayış massivlərində məskunlaşmışlar. Bu göstərici Respublika göstəricilərindən çox yüksəkdir.
        Əmək fəaliyyətli əhalimiz 253 nəfərdir ki, onlardan 85 nəfər müxtəlif büdcə təşkilatlarında, 53 nəfər ailə kəndli təsərrüfatlarında, 15 ailə orta sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar, 16 ailə orta hesabla 110-130 manat məbləğində ünvanlı sosial yardım alırlar.
        Hal-hazırda 11 nəfər ali məktəblərdə, 5 nəfər orta ixtisas məktəblərində təhsil alırlar.
        Cəmilli kəndinin 1 klubu, 2 kitabxanası vardır.
        Cəmilli kəndinin 9 şəhidi vardır. Onlardan 4 nəfəri polis əməkdaşı, 1 nəfəri Milli Ordunun əsgəri, 4 nəfər isə mülki şəxslər idi.
        Cəmilli kənd sakinlərinin hal-hazırda aşağıdakı həlli vacib problemləri vardır.
        1. Aşağı Ağcakənd  - Börü qəsəbələri arasında yolda cari təmir işlərinin aparılması.
        2. Börü qəsəbəsinə glən yolun yarğana söykənən bəzi yerlərində çiyinləri uçub, yola dirənib, həmin yerlərdə istinad divarlarının tikilməsi, yaxud yol yerinin dəyişdirilməsi.
        3. İnternetə qoşulmaq üçün əlavə xəttin çəkilməsi.
        4. Qəsəbənin işıqlandırılması üçün qurulmuş, 6 aydan sonra sökülüb aparılmış elektrik lapmpalarının bərpa olunması.
        5. Məktəbin bir növbədə fəaliyyət göstərməsi üçün əlavə sinif otaqlarının tikilməsi və həyətdə idman meydançasının açılması.
        6. Uşaq bağçasının açılması.
        7. Məktəb, nümayəndəlik və həkim ambulatoriyası üçün istilikxananın tikilməsi.
        8. Qəsəbədaxili yolların təmiri, şebellənməsi.
        9. Qəsəbədaxili qaz sızmalarının aradan qaldırılması üçün lazımi təşkilatlar qarşısında məsələ qaldırmaq.
        10. Qəsəbə daxilindəki su lüklərindəki ventillər, siyirtmələr işləmir, quyular su ilə doldurulur, dondurma olan kimi qəsəbəyə su verilmısi mümkün olmayacaq. Siyirtmələrin dəyişdirilməsi vacibdir.
        11. Qəsəbə daxilində bütün küçələrdə zibilin tökülməsi üçün yer tikilməsi, yaxud zibil qablarının qoyulması.
        Məruzə ətrafında çıxışlar oldu. Ramiz Qəhrəmanovun rəhbərliyi ilə Cəmilli kənd İƏD-si üzrə nümayəndəliyində görülən işlərə müsbət qiymət verilərək qənaətbəxş sayıldı.
        Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov görülən işlərə öz münasibətini bildirdi. Şahmar Usubov Cəmilli sakinlərinin məşğulluğunun təmin olunması üçün müəyyən işlər görüldüyünü nəzərə çatdırdı. Rayonumuzda baramaçılığın inkişaf etdirilməsi məqsədilə ümumilikdə 12 minə qədər tut ağacı tingi əkildiyini vurğuladı. Rayonumuzun rəhbəri bildirdi ki, gələcəkdə Cəmilli sakinlərinin də baramaçılıq sahəsində çalışmaları üçün Börü qəsəbəsində uyğun şərait vardır.
      Şahmar Usubov qaldırılan məsələlərin həlli üçün aidiyyatı qurumlara tapşırıqlar verdi.





   
Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi