Cəmilli İƏD-si üzrə nümayəndəliyin hesabatı - (Cəmilli kəndindən olan məcburi köçkünlərin 75%-i müvəqqəti yeni yaşayış massivlərində məskunlaşmışlar)

        11.01.2018-ci il tarixdə Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si üzrə nümayəndəliyinin illik hesabat iclası keçirildi.
        Hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başşçısı cənab Şahmar Usubov, rayon müəssisə, idarə rəhbərləri və Cəmilli kənd sakinləri iştirak etdilər.
        Hesabat iclasını aparmaq üçün sədr və katib seçildikdən sonra Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Qəhrəmanov nümayəndəliyin 2017-ci il ərzində gördüyü işlər və qarşıda duran vəzifələr barədə məruzəsi dinlənildi.
        Ramiz Qəhrəmanov Cəmilli kəndi haqqında məlumat verərək bildirdi ki, kənd 15 dekabr 1991-ci il tarixdə ermənilər tərəfindən işğal olunub. Cəmillinin işğalına qədər orada 120 ailə, 526 sakin yaşayırdı. Hal-hazırda isə Cəmilli kəndinin 286 ailə - 1072 sakini vardır.
        Cəmilli kəndindən olan məcburi köçkünlərin 75%-i müvəqqəti yeni yaşayış massivlərində məskunlaşmışlar. Bu göstərici Respublika göstəricilərindən çox yüksəkdir.
        Əmək fəaliyyətli əhalimiz 253 nəfərdir ki, onlardan 85 nəfər müxtəlif büdcə təşkilatlarında, 53 nəfər ailə kəndli təsərrüfatlarında, 15 ailə orta sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar, 16 ailə orta hesabla 110-130 manat məbləğində ünvanlı sosial yardım alırlar.
        Hal-hazırda 11 nəfər ali məktəblərdə, 5 nəfər orta ixtisas məktəblərində təhsil alırlar.
        Cəmilli kəndinin 1 klubu, 2 kitabxanası vardır.
        Cəmilli kəndinin 9 şəhidi vardır. Onlardan 4 nəfəri polis əməkdaşı, 1 nəfəri Milli Ordunun əsgəri, 4 nəfər isə mülki şəxslər idi.
        Cəmilli kənd sakinlərinin hal-hazırda aşağıdakı həlli vacib problemləri vardır.
        1. Aşağı Ağcakənd  - Börü qəsəbələri arasında yolda cari təmir işlərinin aparılması.
        2. Börü qəsəbəsinə glən yolun yarğana söykənən bəzi yerlərində çiyinləri uçub, yola dirənib, həmin yerlərdə istinad divarlarının tikilməsi, yaxud yol yerinin dəyişdirilməsi.
        3. İnternetə qoşulmaq üçün əlavə xəttin çəkilməsi.
        4. Qəsəbənin işıqlandırılması üçün qurulmuş, 6 aydan sonra sökülüb aparılmış elektrik lapmpalarının bərpa olunması.
        5. Məktəbin bir növbədə fəaliyyət göstərməsi üçün əlavə sinif otaqlarının tikilməsi və həyətdə idman meydançasının açılması.
        6. Uşaq bağçasının açılması.
        7. Məktəb, nümayəndəlik və həkim ambulatoriyası üçün istilikxananın tikilməsi.
        8. Qəsəbədaxili yolların təmiri, şebellənməsi.
        9. Qəsəbədaxili qaz sızmalarının aradan qaldırılması üçün lazımi təşkilatlar qarşısında məsələ qaldırmaq.
        10. Qəsəbə daxilindəki su lüklərindəki ventillər, siyirtmələr işləmir, quyular su ilə doldurulur, dondurma olan kimi qəsəbəyə su verilmısi mümkün olmayacaq. Siyirtmələrin dəyişdirilməsi vacibdir.
        11. Qəsəbə daxilində bütün küçələrdə zibilin tökülməsi üçün yer tikilməsi, yaxud zibil qablarının qoyulması.
        Məruzə ətrafında çıxışlar oldu. Ramiz Qəhrəmanovun rəhbərliyi ilə Cəmilli kənd İƏD-si üzrə nümayəndəliyində görülən işlərə müsbət qiymət verilərək qənaətbəxş sayıldı.
        Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov görülən işlərə öz münasibətini bildirdi. Şahmar Usubov Cəmilli sakinlərinin məşğulluğunun təmin olunması üçün müəyyən işlər görüldüyünü nəzərə çatdırdı. Rayonumuzda baramaçılığın inkişaf etdirilməsi məqsədilə ümumilikdə 12 minə qədər tut ağacı tingi əkildiyini vurğuladı. Rayonumuzun rəhbəri bildirdi ki, gələcəkdə Cəmilli sakinlərinin də baramaçılıq sahəsində çalışmaları üçün Börü qəsəbəsində uyğun şərait vardır.
      Şahmar Usubov qaldırılan məsələlərin həlli üçün aidiyyatı qurumlara tapşırıqlar verdi.





   

Yorum Gönder

Daha yeni Daha eski