Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Keçmiş döyüşçü Ramiz Nəsirovun həyatından və keçdiyi şərəfli döyüş yolundan bəhs edən qısametrajlı filmin nümayişi oldu

        28 iyunda Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı rayon Mədəniyyət evində tanınmış jurnalist, şair-publisist Bəxtiyar Qaracanın və Mətbuat Şurasının sədri Əflatun Amaşovun "Bitməyən müharibənin qəhrəmanları" silsilə film çəkilişləri layihəsi əsasında hazırlanmış Xocalı rayon özünümüdafiə batalyonunun döyüşçüsü, “İgidliyə görə” medalı ilə təltif edilmiş Nəsirov Ramiz Kamal oğlunun həyat və döyüş yolundan bəhs edən "Ümiddən yorulmayanlar" adlı qısametrajlı filmin təqdimatı oldu.
        Filmin təqdimatından əvvəl Xocalı rayon İHB-nın müavini Lamiyə xanım Qarayeva çıxış edərək Bəxtiyar Qaracanın həyatından və yaradıcılığından məlumat verdi. Bildirdi ki, Bəxtiyar Qaraca 2013-cü ildə "Ali Media" mükafatına layiq görülmüşdür. 2017-ci ildə Cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən, jurnalistlər üçün tikilmiş ikinci binada mənzillə təmin edilmişdir.
        Sonra filmə baxıldı. Filmdə Ramiz Nəsirovun döyüş yolundan məlumat verilib.
Nəsirov Ramiz Kamal oğlu 7 dekabr 1953-cü ildə  Xankəndi şəhərində anadan olub. Orta təhsilini 1960-71-ci illərdə Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə alıb. 1972-ci ildə indiki Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə hərbi xidmətdə yollanan Ramiz ordudan təxris olunduqdan sonra elə bu şəhərdə yaşamağa qərar verib. 1975-ci ildə Butko Tatyana Dmitriyevna ilə ailə həyatı qurub, bir il sonra, 1976-cı ildə cütlüyün bir qız övladı dünyaya göz açib. Ancaq Nəsirovlar ailəsinin sakit və xoşbəxt illəri çox davam etməyib.
Qarabağda ermənilərin azərbaycanlılara qarşı əsassız torpaq iddiaları qaldırması Ramizə rahatlıq verməyib. Vətənin ağır günlərində Ramiz Nəsirov ailəsi ilə birlikdə 1988-ci ildə Xankəndindən qovulub Xocalıda məskunlaşmış qohumlarının yanına qayıdıb. Qısa müddətdən sonra Ramizin qayınatası, Böyük Vətən müharibəsi iştirakçısı Butko Dmitri Nikolayeviç də yeganə övladı olan qızı Tatyananın yanında yaşamaq üçün Xocalıya köçüb.
Ramiz Nəsirov Azərbaycannn Milli Qəhrəmanı Tofiq Hüseynovun komandiri olduğu Xocalı özünümüdafiə taborunda bölük komandiri kimi dəfələrlə kəşfiyyat və operativ əməliyyatlara rəhbərlik edib.
Xocalı şəhəri ətrafındakı Bozdağ istiqamətində mövqe tutan erməni terrorçuları Xocalını daim atəş altında saxlayanda Xocalının müdafiə məsələlərinə rəhbərlik edən Elman Məmmədovun tapşırığı və planı əsasında 1991-ci il noyabrın16-da 8-9 nəfərdən ibarət Xocalıdakı polis bölməsi əməkdaşları və tabor döyüşçüləri ilə birgə Ramiz Nəsirov Bozdağ ərazisində olan 16-17 nəfər erməni terrorçusunu məhv edib. Bu əməliyyatda Ramiz döyüş yoldaşı Yadigar Əliyevlə birgə ağır yaralanmış komandirini bütün təhlükələrə baxmayaraq döyüş meydanından çıxarmağa nail olub.
4 yanvar 1992-ci ildə Ramiz Nəsirovun başçılıq etdiyi 5 nəfərlik dəstə Kətik istiqamətində ermənilərin terror dəstəsini zərərsizləşdirib, 1 nəfər erməni terrorçusunu əsir götürüblər.
Ramiz Nəsirovun başçılıq etdiyi 5 nəfər döyüşçü 19 yanvar 1992-ci ildə Kətik dağında Xocalıya hücum planı hazırlayan erməni kəşfiyyat qrupunun 4 nəfərini məhv edərək onların əlində olan Xocalıya hücum planını özündə əks etdirən döyüş xəritəsini ələ keçiriblər.
Erməni terrorçuları Xocalı yaxınlığındakı üzümlükdə mövqe tutaraq dinc əhalini daim iriçaplı pulemyotlardan atəşə tuturdular. Gecə vaxtı Ramiz Nəsirov ermənilərin həmin mövqeyinə yaxınlaşıb atəş açaraq onları cavab atəşi açmağa məcbur edib. Bununla da ermənilərin tutduqları mövqenin yeri dəqiqləşib və Ramizin tapşırığı ilə digər mövqedə dayanmış döyüş yoldaşı Rəhman İsmayılov qranatomyotla həmin mövqeni məhv edib.
Ramiz Nəsirova həsr edilən filmdə 1972-ci ildə Sankt-Peterburq şəhərində hərbi xidmətdə olduqdan sonra həmin şəhərdə 1975-ci ildə ailə həyatı qurduğu  Butko Tatyana Dmitriyevanın və qaynanası Dmitri Butkonun Xocalı soyqırımında həlak olmalarından da danışılır. Bu fakt onu göstərir ki, ermənilərin təkcə azərbaycanlılara yox, həm də ruslara qarşı vəhşiliklər törətmişdir.
        Qeyd edək ki, Xocalının işğalından sonra Ramiz Nəsirov Xocalı taborunun tərkibində baş leytenant rütbəsi ilə 1992-94-cü illərdə vuruşub, 1994-cü ildən isə ehtiyata buraxılıb.
İgidliyi, döyüş sücaətləri nəzərə alınaraq 25 fevral 1997-ci ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə  Ramiz Nəsirov “İgidliyə görə” medalı ilə təltif olunub.
        Filmə tamaşa edildikdən sonra Bəxtiyar Qaraca çıxışında bildirdi ki, ağrı-acılarımız o zaman bitəcək ki, doğma torpaqlarımıza qayıdacağıq, qisasımızı alacağıq. Bu filmdə Ramiz Nəsirovun taleyindən, əzmindən və gələcəyə ümidindən danışdıq. Ermənilər bizimlə ideoloji müharibə aparırlar. Biz də mənfur düşmənlərə döyüşkən, vətənpərvər insanlarımızla cavab verməliyik.
Filmin ərsəyə gəlmə səbəblərindən biri də Xocalı rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Nəcəf Həsənovun Ramiz Nəsirovun həyatından və döyüş yolundan yazdığı məqalənin karabakh.tv saytında yerləşdirilməsi olmuşdur. Nəcəf Həsənov çıxışında bildirdi ki, filmdən təsirlənməmək mümkün deyil. Ermənilərin sərsəm ideoloqlarından olan Zori Balayanın fikrinə görə Xocalı faciəsini və digər faciələri törətməkdə məqsəd onların balalarının ölmüş ruhunu canlandırmaq və bizim xalqımızın ruhunu sarsıtmaq olub. Amma 2016-cı ilin Aprel döyüşləri, eləcə də bu il may ayının son ongünlüyündə Naxçıvanda Ordumuzun əldə etdiyi üstünlük düşmənə göstərdi ki, Azərbaycan xalqının mübarizə əzmini qıra bilməyiblər. Ön cəbhədə əsgərlərimizin apardığı rol nə qədər əhəmiyyətlidirsə, arxa cəbhədə də apardığımız ideologiya o qədər böyük rola malikdir.
Filmin qəhrəmanı Ramiz Nəsirov filmin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə minnətdarlıq etdi.
Filmin ssenari müəllifi Kəmalə İsmayılova çıxışında vurğuladı ki, Azərbaycan kişisi necə olmaldır, çətin vəziyyətdə necə hərəkət etməlidir,  insanlara, ana-bacıya necə qayğıkeş olmalıdır onu bu sadə insanın timsalında gördüm. Ramiz Nəsirov qız övladını çox gözəl böyüdüb. Hər zaman qəhrəmanları öz içimizdə, yaxınımızda axtarmalıyıq. Bu filmdə Ramiz Nəsirovu nümunə kimi göstərməyə çalışdıq.
Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov filmin hazırlanmasında əziyyəti olan insanlara təşəkkür etdi. Bildirdi ki, filmdə Ramiz Nəsirovun ailə fəlakətini izlədik. Xocalıda belə ailələr çoxdur. Xocalıların hamısı torpaq itirib, ev itirib, yaxınlarını itirib, doğulub boya-başa çatdığı yerləri itirib, qəbiristanlığı itirib...O insan cismin götürüb Xocalıdan çıxıb. Ancaq yağı düşmən bəzi insanlarımıza onu da çox gördü. Dinc insanlarımız qətlə yetirildi. Bəzi sakinlərlə qəbullarda görüş zamanı söhbət edərkən həmin insanın tarixçəsi göz önünə gəlir. Bilirsən ki, həmin insanın təmtəraqlı evi-eşiyi vardı, ailəsi vardı, bağı-bağçası vardı...hər şeyi vardı. Amma bu gün o insanın simasına, onun keçirdiyi hislərə baxanda heç bir şeyinin olmadığını zənn edirsən.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xocalılara dayaq oldu, onun layiqli davamçısı Cənab İlham Əliyevin diqqət və qayğısı ağrı-acılarımızı müəyyən qədər yüngülləşdirir. Bizim dərdlərimizə nə qədər şərik olunursa, bir o qədər ağrı-acımız səngiyir. Xocalılar bu gün cəbhə xəttində məskunlaşıblar. Əsgərlərimiz səngərdə düşmənlərlə qarşı-qarşıya durubdur.  Biz bununla düşmənə mesaj veririk ki, ərazi bütövlüyümüzü mütləq bərpa edəcəyik.
Xocalıda 20 Yanvar abidəsi 1991-ci ildə ucaldılmışdır. Həmin abidə ilə yanaşı, Xocalı soyqırımı abidəsini də ucaldacağıq. O zaman şəhidlərimizin ruhu rahatlıq tapa bilər.
Şahmar Usubov çıxışının sonunda xocalıların dərdinə şərik olaraq belə filmi hazırladıqlarına görə əziyyət çəkən insanlara minnətdarlıq etdi.
Sonda Xocalı rayon məktəblilərinin hazırladğı bədii kompozisiya nümayiş etdirildi.
                              
                              
                                   

   







     
     

Paylaşın:

Əlifin son döyüşü...(Vəli İlyasovun yazısı)

        Azərbaycanın Milli Qəhrəmanı, mayor Əlif Hacıyev öz ölümü ilə milyonlara igidlik nümunəsi göstərdi. O, düşmənə sübut etdi ki, təkbətək və mərdimərdanə döyüşdə Azərbaycanın qorxmaz oğulları onların “dərsini” verməyə qadirdirlər. Əslində Əlif bunu ermənilərə Dağlıq Qarabağ hadisələri başlamamışdan xeyli əvvəl sübut etmişdi. 1980-ci illərdə Xankəndində milis zabiti işləyən Əlif Hacıyev ermənilərlə mübarizə aparırdı. Milis rəisi onu dilə tutub “yola gətirməyə” çalışsa da gənc hüquqşünas hər dəfə haqqın-ədalətin tərəfində duracağını bildirmişdi. Axırda hiylə işlədərək onu ləkələdilər və həbs etdirdilər. Belə ad qoydular ki, guya Əlif vətəndaşdan rüşvət alıb və ifşa olunub. Əslində erməni zabitlər rəisin tapşırığı ilə onun iş otağında asılmış pencəyinin cibinə pul qoymuş və sonra guya cinayəti “aşkar” etmişdilər. Yalançı erməni şahidlərin ifadələrinə əsasən, vicdanlı milis baş leytenantı nahaqdan tutularaq 7 il həbs cəzasına məhkum edilmişdi. Lakin Əlif Hacıyev keçmiş SSRİ-nin bütün rəhbər inzibati orqanlarına müraciət edərək nahaqdan həbs edildiyini və bunun qurama bir iş olduğunu bildirirdi. Sonda ədalət zəfər çaldı və o, bəraət alaraq azadlığa buraxıldı. Bu, o zaman idi ki, artıq ermənilər meydanlarda “miatsum” deyə bağırırdılar.
        Əlif Hacıyev Azərbaycan SSR daxili işlər nazirinə müraciət edərək xidmət etmək üçün doğulub boya-başa çatdığı Xocalıya göndərilməsini xahiş etdi. Onun xahişi nəzərə alındı və Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri və Xocalı aeroportunun komendantı təyin edildi. O vaxt ermənilər İrəvandan Xankəndinə axışıb qüvvələrini orada cəmləşdirməyə qərar vermişdilər. Vertolyotla, əsasən, başbilənlər gəlirdilər. Ancaq mayor Əlif Hacıyev komendant təyin olunandan sonra İrəvandan gələn vertolyotları gətirdiyi adamlarla birlikdə geri qaytarırdı. Bu, erməniləri bərk əsəbiləşdirsə də Əlifin yaxşı silahlanmış dəstəsindən çəkinirdilər. Beləliklə, 1992-ci il fevralın 25-dək ermənilər Xocalı aeroportuna yaxın buraxılmadı. Lakin həmin gün gecə...
        O gecə təpədəndırnağadək silahlanmış yüzlərlə erməni sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə Xocalı üzərinə hücuma keçdi. Ağır artilleriyanın, 50-yə qədər tankın, BTR-in və BMP-nin köməyilə hücuma keçən düşmənlər ilk zərbəni Xocalı aeroportuna vurdular. Mayor Əlif Hacıyev iyirmi nəfərə qədər döyüşçü ilə müqavimət göstərsə də zirehli texnikanın qarşısını almaq mümkün deyildi. Çünki polis dəstəsi yüngül silahlarla - avtomat və tapançalarla silahlanmışdılar. Qüvvələr müqayisəolunmaz dərəcədə qeyri-bərabər idi. Odur ki, igid komandir düşmənin istifadə etməməsi üçün aeroportun idarəetmə sistemini partlatmağı əmr etdi. Yalnız ondan sonra Əlif Hacıyev ani olaraq geri çəkilib Xocalı sakinlərini mühasirədən çıxarmağı düşündü. Onlar belə də etdilər.
        Şaxtanın qılınc kimi kəsdiyi bir gecədə gənc şəhərin sakinləri pərən-pərən düşüb yaxınlaşan ölümün pəncəsindən xilas olmaq üçün hara gəldi qaçırdılar. Ancaq hara üz tuturdularsa, qarşıda ermənilərin pusqularına rast gəlirdilər.
        Qarlı düzlər, meşələr, təpələr al qana boyanmışdı. Ağdama pənah aparamağa çalışan xocalılar gecə səhərədək istiqaməti o qədər də-yişdilər ki, axırda hara getdik-lərini heç özləri də bilmədilər. Bəziləri yolu azaraq düşmən yuvasına-erməni kəndlərinə getdilər və əsir alındılar.
        Əlif Hacıyev və 6-7 nəfər polis şəhər əhalisinin bir dəstəsini qoruyaraq xilas etməyə can atırdılar. Nəhayət, səhər açılanda təpələrdən birində erməni quldurları ilə üz-üzə gələn Əlif Hacıyev əmr verdi ki, adamları xilas etmək üçün ermənilərlə döyüşüb vaxt udmaq lazımdır. Xocalılar təpənin arxası ilə Əsgərana tərəf uzaqlaşsalar da yarı canları döyüşənlərin yanında qaldı. Əlif və komandirlik etdiyi döyüşçü polislər bir addım da geri çəkilmədilər. Onlar əlli nəfərdən artıq quldurla döyüşə başladılar və bir neçə erməni yaraqlısını məhv etdilər. İgid komandir yoldaşlarına demişdi ki, bu son döyüşdür, biz köpəkləri öldürüb qisasımızı almalı, çalışıb qanımızı baha satmalıyıq. Sonra döyüş bir neçə saat çəkdi...
        Ertəsi gün təsadüfən oradan keçən bir dəstə Xocalı sakini Əlifi əli avtomatının tətiyində, üzü düşmən tərəfə uzandığını görüb sevindilər. Lakin yaxınlaşanda həlak olduğunu gördülər. Bütün xocalıların sevdiyi Əlif Azərbaycanın fəxrinə belə çevrildi...
        Milli Qəhrəmanımız, Azərbaycan polisinin yetirməsi mayor, Əlif Hacıyev Azərbaycan xalqının qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin!
Vəli İLYASOV, “İki sahil”
“Xocalının səsi” qəzetinin 1991-1995-ci illərdə 
məsul katibi
Paylaşın:

Sahibkarlıq fəaliyyətində şəffaflığın artırılması və qeyri-leqal məşğulluğun aradan qaldırılmasına dair müşavirə keçirildi

        22.06.2018-ci il tarixdə Xocalı rayon İH-nin akt zalında sahibkarlıq fəaliyyətində şəffaflığın artırılması və qeyri-leqal məşğulluğun aradan qaldırılmasına dair müşavirə keçirildi.
         Müşavirədə Xocalı rayon icra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin rəhbəri cənab Vahid Əliyev, müəssisə, idarə rəhbərləri, Xocalı rayon İHB-nın İƏD-si üzrə nümayəndələri və onların müavinləri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan sakinlər iştirak etdilər.
        Xocalı rayon Məşğulluq Mərkəzinin direktoru Nicat Ələsgərov məruzə ilə çıxışında ölkədə məşğulluğun artırılması istiqamətində görülən işlərdən danışdı. Nicat Ələsgərov qeyd etdi ki, 569 nəfər sakin Xocalı rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatdadır. 01.06.2018-ci il tarixə qədər 140 nəfər işaxtaran müraciət etmişdir ki, onlardan 30 nəfəri işə düzəlib. Hal-hazırda rayonun idarə, müəssisə və təşkilatları tərəfindən 55 vakant verilmişdir.
       Sonra Xocalı rayon Vergilar Şöbəsinin direktoru Nurəddin Allahverdiyev məruzəsində bildirdi ki, 01.06.2018-ci il tarixə rayon üzrə VÖEN verilməklə uçota alınmış vergi ödəyicilərinin sayı 521 (38 hüquqi şəxs və 483 fiziki şəxs), faktiki fəaliyyət göstərən vergi ödəyicilərinin sayı isə 98 nəfər və ya 18,8% təşkil edir. Rayon üzrə faktiki fəaliyyət göstərən 72 fiziki şəxslərdən 7-si ictimai iaşə, 2-si istehsal sahəsi, 8-i nəqliyyat xidməti, 9-u kənd təsərrüfatı, 13-ü pərakəndə satış ticarəti, 6-sı avtomobillərə texniki xidmət, 1-i musiqiçi, 1-i sığorta faəliyyəti və 25-i isə digər qruplar daxil olmayan sair fərdi xidmətlərin göstərilməsi ilə məşğul olurlar.
        Daha sonra Xocalı rayon Statistika İdarəsinin rəis müavini Siyavuş Rəcəbov məruzə ilə çıxış edərək təmsil etdiyi idarənin fəaliyyətindən, həmçinin statistik göstəricilərdən məlumat verdi. O, dedi ki, rayon üzrə 4224 təsərrüfat təşkil edir. Rayonumuzda  əmək fəaliyyəti ilə məşğul olan iqtisadi fəal əhali 7862 nəfər təşkil edir ki, bunlardan rayonumuzda idarə, müəssisə və təşkilatlardan qəbul edilən hesabatlara əsasən işləyənlərin sayı 1150 nəfərdir. İqtisadi fəal  əhalidən qalan hissəsi isə fərdi əməklə və kənd təsərrüfatı sahəsində mövsümü işlərdə, müxtəlif sahələrdə əməklə məşğul olurlar. Rayonda muzdla işləyən 1150 nəfərdən 72 nəfəri dövlət qulluğunda müxtəlif vəzifələrdə çalışırlar.
        Vahid Əliyev məruzəçiləri diqqətlə dinləyərək irad və tapşırıqlarını verdi. Sahibkarların fəaliyyətində hər hansı problem olduğu halda mərkəzi və yerli icra hakimiyyətləri nəzdində yaradılmış Appelyasiya Şurasına müraciət etmələrini tövsiyə etdi.
                             

  



Paylaşın:

Xocalı sakini Bəxtiyar Haqverdiyev Gəncə şəhər Səhiyyə İdarəsinə rəis təyin edilib

        Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi vəzifəsinə Xocalı sakini təyin edilib.
        Bəxtiyar Haqverdiyev 1978-ci ildə Xocalı şəhərində anadan olub. 1995-ci ildə məktəbi bitirən Bəxtiyar Haqverdiyev yüksək balla Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olub. 2001-ci ildə həkim-cərrah ixtisası üzrə 5 saylı Bakı şəhər klinikasında internatura kursunu keçib. O, 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Cərrahiyyə şöbəsinin baş ordinatoru kimi çalışıb və baş tibb xidməti leytenantı rütbəsinə layiq görülüb. B.Haqverdiyev 2009-2010-cu illərdə Qəbələ Müalicə Diaqnostika Mərkəzində Cərrahiyyə şöbəsinin müdiri, 2010-2014-cü illərdə isə Qəbələ Müalicə Diaqnostika Mərkəzinin baş həkimi, eyni zamanda regionun aparıcı cərrahı vəzifələrində çalışıb. 2014-cü ildə Yevlax Mərkəzi Şəhər Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri və rayonun baş cərrahı təyin olunub. 2016-cı ildən bu günədək Ağdam Rayon Mərkəzi Xəstəxanasında baş həkim kimi fəaliyyət göstərib. Tibb üzrə fəlsəfə doktorudur.
Paylaşın:

Xocalı rayon ümumtəhsil məktəblərində 99 məzun üçün son zəng çalındı

        14 iyun tarixdə Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi Xocalı rayon məktəblərində də Son zəng günü təntənəli şəkildə qeyd edildi.
        Xocalı rayon İH-nin məsul işçiləri, rayonun müəssisə, idarə rəhbərləri və rayon təhsil şöbəsinin işçiləri Song tədbirlərində iştirak etdilər.
        Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 5 saylı tam orta məktəbdə təşkil edilən son zəng tədbirində Xocalı rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, Xocalı rayon prokuroru Kamran Məmmədov, Xocalı RPŞ-nın rəisi Eldar Bağırov, Xocalı RTŞ-nin müdiri Şakir Əliyev, Xocalı rayon Uşaq-Yaradıcılıq Mərkəzinin direktoru Məzahir Əliyev qonaq oldular.
        Son zəng tədbirində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
        Məktəbin direktoru Mətanət Zamanova çıxışında məktəbin son illərdə əldə etdiyi uğurlardan danışdı. Şagirdlərin fənn olimpiadalarında, müxtəlif idman yarışlarında nailiyyətlərini sadaladı. Mətanət Zamanova qeyd etdi ki, 2017-2018-ci tədris ili məktəb üçün ən uğurlu illərdən biri olmuşdur. Məktəbin XI sinif şagirdi Ələkbərov Rövşən Asif oğlu "Ədəbiyyat biliciləri" müsabiqəsində I yeri tutaraq Respublika mərhələsində iştirak etmişdir. X sinif şagirdi Aslanlı Nurlan Nəsib oğlu tarix fənnindən ən yüksək bal toplayaraq olimpiadanın II turuna vəsiqə qazanmışdır. Məktəbin ən yüksək uğuru builki 5 məzundən 3-nün keçid balını toplayaraq ali məktəbə qəbul olmasıdır. 
        Xocalı RTŞ-nin müdiri Şakir Əliyev çıxışında Azərbaycan təhsilinin yüksək inkişaf dövrünü yaşadığını vurğuladı. Təhsil sahəsində aparılan islahatların əhəmiyyətindən danışdı. Ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətində  elm və təhsilin inkişafına böyük töhfələr verdiyini bildirdi. Ölkə Prezidenti Cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirdi.
        Şakir Əliyev qeyd etdi ki, 2017-2018-ci tədris ilinin yekununda 99 məzun məktəb həyatı ilə əlvidalaşdı. Onların əksəriyyəti ali məktəblərə qəbul imtahanlarında keçid balını keçmişdir. Növbəti imtahanda da məzunlarımızdan yüksək nəticələr gözləyirik.
        Xocalı rayon prokuroru Kamran Məmmədov, Xocalı RPŞ-nin rəisi Eldar Bağırov öz çıxışlarında məzunlara yeni həyatlarında uğurlar arzuladılar. 
        Yekun olaraq çıxış edən Xocalı rayon İHB-nın müavini Lamiyə Qarayeva məzunları rayonumuzun rəhbəri cənab Şahmar Usubov adından təbrik etdi. 
        Cənab Prezidentin Sərəncamları ilə təhsilimizin dünya sistemi səviyyəsindən geridə qalmadığını dedi. Xocalı rayon ümumtəhsil məktəbləri də ölkə təhsilinin inkişafından öz nəsibini alır. Bunun nəticəsi olaraq son illərdə rayonumuzun təhsilində də inkişaf artmaqdadır.
         Daha sonra məzunların sinif rəhbəri, valideynlər və müəllimlər çıxışlarında məzunlara əsl vətəndaş olmalarını arzuladılar və rayonumuzun adını hər zaman uca tutmalarını tövsiyə etdilər. 
        Rayonun ictimai işlərində, məktəbin təlim-tərbiyəsində fərqlənən müəllimlər, həmçinin məktəbi əla qiymətlərlə bitirən şagirdlər Xocalı rayon Təhsil Şöbəsinin və məktəb rəhbərliyinin Fəxri Fərmanları ilə təltif edildilər.
        Birincilər şeirlərlə öz ürək sözlərini, təbrik və arzularını məzunlara çatdırdılar.
        Səmaya əlvan şarlar və ağ göyərçinlər buraxıldı.
        Sonda son zəng çalındı.
                                      


































        





Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi