Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

ERMƏNİ ƏSİRLİYİNDƏ AMANSIZ İŞGƏNCƏLƏR, YAXUD GÖRDÜYÜ İŞGƏNCƏLƏRİN “ZÖVQÜ”NÜ ÖMRÜ BOYU YAŞAYAN İNSAN

        Kərimov Əbülfət  Rəşid oğlu 1960-cı il avqust ayının 3-də Xocalıda anadan olmuşdur. Əbülfət Kərimovun atası Xocalı soyqırımında itkin düşmüş, özü isə erməni əsirliyində uzun müddət  ağır işgəncələrə məruz qaldıqdan sonra əsirlikdən azad edilmişdir. Düşmən zindanında  çəkdiyi işgəncələr, ağrı-acılar aldığı hər nəfəsdə onunla yoldaşlıq edib. 18 iyul tarixində Bakı şəhərində müvəqqəti məskunlaşan Xocalı şəhər sakini Əbülfət Kərimovdan aldığım müsahibəni oxuculara təqdim edirik.
        - Xocalı soyqırımı törədilməmişdən əvvəl hansı işlə məşğul olurdunuz?
        - Xocalıda Şuşa Avtomobil Parkının filialı vardı. Həmin avtoparkda növbətçi-mexanik işləyirdim. Eyni zamanda avtomobil dəstəsində partiya təşkilatı katibi idim.
        - Soyqırım törədilən axşam siz harada idiniz? 
        - Xocalı hər tərəfdən mühasirəyə alınmışdı. Mütəmadi şəhərə atırdılar. Soyqırım axşamı mənim postda dayanmaq növbəm idi. Atam 1924-cü il təvəllüdlü Kərimov Rəşid Rəhim oğlu soyqırım törədilən gecə şəhərdə idi. O, II qrup Böyük Vətən Müharibəsi əlili idi. Berlinə kimi gedib çıxmışdı. Xəstələyinə görə  ayağının barmaqlarını və dabanlarını kəsmişdilər. Mən onu çıxara bilmək üçün evə qayıtdım.
        - Atanıza kömək edə bildiniz?
        - Köməksiz qalan camaat şəhəri tərk etmək məcburiyyətində qalmışdı. Mən atamı belimə alıb
Qarqar çayını keçmək istəyəndə ayağım büdrədi. Atamla birlikdə çaya yıxıldım. Ayaqqabılarım gecənin qaranlığında çaya düşdü. Birtəhər atamı çayın o biri sahilinə apardım. Sonra gəlib ayaqqabılarımı axtardım. Çətinliklə ayaqqabılarımı tapdım. Qalın qarın üstündə yaş ayaqqabılarımla irəliyə - Kətik meşəsinə tərəf getdik. Çıxdığımız hündürlükdən Xocalı bütünlükə görünürdü. Xocalının, Qaladərəsinin tamamilə yandığını gördük. 3 gün, 3 gecə atamla meşədə qaldıq. Meşədə gördüklərimizi təsəvvür etmək qeyri-mümkündür. Hər tərəfdə qadın, qoca, uşaq meyitləri var idi. Meşənin içində yağan qarın alıtında qarşımıza təpəyə oxşar yerlər çıxırdı. Ayağımızı üstünə qoyanda görürdük ki, uşaq meyitləridir. Yağan qar izimizi yarım saat ərzində örtürdü. Üçüncü gün meşədə irəliləyərkən gördüm ki qarşıda tüstü var. Gündüz vaxtı idi. Fikirləşdim ki, ermənilər ola bilər. Atamı həmin yerdə qoyub əyilə - əyilə tüstü gələn tərəfə  getdim. Gəlib gördüm ki, ocaq yanır, kənarında isə 8 - 10 nəfər adam var. Hamısı Xocalıdan idi. Növrəstə xala, yanında iki nəvəsi, Paket və Sara bacıları yanlarında iki uşaqla, Daşbulaqdan gələn Səfəralı kişi, Səlti arvad qızı Şövkət və iki nəvəsi ilə ocağın kənarında toplaşmışdılar. Qayıdıb atamı götürüb onların yanına gətirdim. Hava qaralmağa başladı. Hamı taqətdən düşmüşdü. Çox hərəkət edə bilmirdilər. Ocaq sıldırımın kənarında qalanmışdı, iki tərəfdən açıqlıq idi. Axşam düşəndə ocağın görünə biləcəyini nəzərə alaraq yerini dəyişməyi məsləhət bildim. Ocağın yerini dəyişdim. Sonra Növrəstə xala, nəvələri, Paket və Sara bacıları uşaqları ilə birlikdə öz ayaqları ilə ocağın ətrafına gəldilər. Səfəralı kişi, Səlti arvad və qızı Şövkət köhnə ocağın yerində qalmışdılar. Səfəralı kişini çətinliklə təzə ocağın yanına gətirdim. Kürəyini ağaca söykədim. Sonra atamı gətirməyə getdim. Atamı təzə ocağın yanına gətirəndə gördüm ki, Səfəralı kişi yoxdur. Gördüm ki, aşağıda sıldırım yerdə qaraltı gəlir. Səfəralı kişinin ağaca söykəndiyi yerdən təxminən 20 metr aralıda qarın içində qaraltı seçilirdi. Səfəralı kişi əlləri bükülü vəziyyətdə donub orada qalmışdı. Yenidən köhnə ocağın yanına gedib Səlti arvadla qızı Şövkəti təzə ocağın yanına gətirmək istədim. Şövkətin əynində qırmızı boğazlı köynək var idi. O, köynəyini səbəbini bilmədən çıxartmaq istədi. Nə qədər çalışdımsa fikrindən döndərə bilmədim. Şövkət orada soyuqdan dondu. Mən Səltənət arvadı və nəvələrini yeni ocağın yanına gətirə bildim. Gecə yaxınlıqdan maşınlar gedirdi. Tez ocağı dağıtdım. Maşınlar getdikdən sonra ocağı yenidən yandırdım. Səhər açılanda gördüm ki,  Səltənət xala nəvələri ilə birlikdə Şövkətin yanına gedib və hamısı orada donaraq şəhid olublar.
        Səhər açıldı. Atamın ayaqlarından corablarını çıxaranda sümükləri göründü. O, mənə dedi ki, bala mən gedə bilməyəcəyəm, sən get imkan olsa bizi buradan çıxaramağa kömək gətir. Mən oradan aralandım. Qar yeyə-yeyə bir izə düşüb bir neçə saat yol getdim. Saat 11-12 olardı. Bir tərəfdən aclıq, bir tərəfdən yorğunluq və atamdan nigaranlıq məni taqətdən salmışdı. Meşədə başım ağaclara dəyirdi. Deməyəsən gəlib Dəhraz kəndinin üstünə çıxmışam. Ürəyimdə dedim ki, bu Ağdamın kəndidir, ermənilər belə böyük kənddə yaşamırlar. Yaxınlaşdıqca kənd balaca göründü. Dəhraz kəndinə tərəf bir az irəliləyəndə kolun içindən saqqalsız, silahsız bir erməni çıxdı. O, mənə azərbaycanca ay el oğlu haraya belə dedi. Mən onu azərbaycanlı bildim. Azərbaycan dilini çox yaxşı bilirdi. Fikirləşdim ki, axtardığım elə bu idi. Sevindim ki, kömək tapmışam. Ona sual verdim ki, bu Ağdamın kəndi deyil? Dedi ki, hə Ağdamın kəndidir, bizimkilərdir. Həmin erməni qolumdan tutdu, birlikdə addımladıq. İstədim deyəm ki, bu tərəfdən 5-6 saatdır yol gəlirəm, ocağın kənarında həm meyitlər, həm də məndən kömək gözləyənlər var. Onda gördüm ki, sol tərəfdən biri də gəldi. Amma bu gələn saqqallı idi. Onun saqqalını görəndə ürəyimdə şübhələndim ki, vəziyyət başqa cürdür. İkinci gələn erməni çatan kimi qarnıma bir təpik vurdu. Qarnımı qucaqlayanda avtomatın qundağı ilə boynuma ağır zərbələr endirdi. Yerə yıxıldım. Yerdə təpiklədikdən sonra məni sürüyə-sürüyə Dəhrazdakı tövlənin qarşısına gətirdilər. Əvvəlcə erməni əsgərlərinin yemək yediyi yerə saldılar. Üstümdəki pulu, sənədləri əlimdən aldılar. Ondan sonra fermanın qapısını açıb məni içəri itələdilər. İçəridə mənə bir nəfər 3-4 dənə buğda dənəsi verib, bir nəfər də 100 qramlıq stəkanda su verib. Amma onları bu günə kimi mən xatırlaya bilmirəm. Onlar Xocalı sakinləri idi. Özümə gələndən sonra gördüm ki, fermanın içində ən azı 100-dən çox adam var. Əsir düşənlər mənə dedilər ki, səndən 1 saat əvvəl 10 nəfər cavanı yığıb apardılar. Həmin 10 nəfərin heç birindən indiyədək xəbər yoxdur. Bir qədər sonra hamını çölə çıxardılar. 19 nəfəri bir tərəfə seçib ayırdılar. Bu 19 nəfərin içində mən də var idim. Bir neçə dəqiqədən sonra bir "Kamaz" gəldi. "Kamaz" bizimki idi. Mən orada Xocalının avtobusunu, taksilərini də görürdüm. Onlar düşmənə qənimət qalmışdı. Ancaq nömrələrini dəyişdirmişdilər. 19 nəfərdən başqa qalan əsirləri həmin "Kamaz"a yığıb Gülablıya apardılar. Orada gördüm ki, bir nəfər erməni mənə tanış gəlir. Mən onu Xankəndində elektrotexnika zavodunda 10 il bir yerdə işlədiyim Yuraya oxşatdım. Yuranı erməni dilində çağırdım, mənə yaxınlaşdı. Erməni ideoloqlarının cəfəngiyatlarından danışanda onun sözünü kəsib bizi haraya aparacaqlarını soruşdum. Bizi Xankəndinə aparıb 3-4 gün saxladıqdan sonra buraxacaqlarını bildirdi. Başqa "Kamaz" gələndə yerdə qalan 19 nəfərimizi "Kamaz"a qaldırdılar. Kamazdakı odunlar bizi əzirdi. Naxçivanikə çatanda "Kamaz"ı saxladılar. Başımıza hər tərəfdən daş atırdılar. Sonra bizi Əsgərəna tərəf apardılar. Kamazın arxasınca ağ "Niva" gəlirdi. "Kamaz"ı Əsgəran qalasından Xocalıya tərəf sürdülər. "Niva"  Əsgəranda qalmışdı, hələ gəlib "Kamaz"a çatmamışdı. Xocalıya çatanda bizi Eldarın dükanının qarşısında yerə tökdülər. Bizi orada o qədər döydülər ki, ölümcül günə saldılar. Mən Xocalıdan çıxanda başı açıq çıxmışdım. Meşədə bir papaq tapmışdım. Həmin papağı başıma basmışdım. Erməni başımdakı papağı dubinka ilə çıxartmaq istəyirdi. Birinci zərbə vuranda dubinka yan gedib kürəyimi yandırdı, amma papaq çıxmadı. İkinci dubinkanı vuranda papaq yuxarı qalxdı. Mən yerə yıxıldım. Yerdə bir neçə dəqiqə təpik-yumruq vurdular. Ağ "Niva" gəlib bizə çatanda əllərini saxladılar. Bizi yenidən "Kamaz"ın yük yerinə yığdılar. "Kamaz" Xankəndinə tərəf yol aldı. Xankəndində avtobazada dayandı. Orada ermənilər bildilər ki, "Kamaz"da xocalılardır. Bizi yerdən tüpürür, başımıza dəmir parçaları, daşlar atır, öz dillərində və bizim dilimizdə söyürdülər. Yarım saat nəfəs almağa qoymadılar. Sonra bizi şəhərin mərkəzindən keçirərək milis şöbəsinin türməsinə apardılar. "Kamaz"ın yük yerini qaldırıb 19 nəfəri təxminən 10 metr odunla birlikdə yerə aşırdılar. Daha sonra adımızı bir - bir siyahıya aldılar. Türmənin ikinci mərtəbəsinə çıxardıb kameralara bölüşdürdülər. Hər kamerada əsirlərin sayı müxtəlif idi. Bizi türməyə aparanda orada Qaradağlıdan da əsirlər var idi. Axır vaxtlarda qalan əsirlərin hamısını 3-cü kameraya yığdılar. Rəhmətlik Lətif dayını  - Əlif Hacıyevin atasının səsini 10-15 gün sonra eşidəndə bildim ki, o da kameradadır.
        - Siz kamerada hansı işgəncələrə məruz qaldınız?
        - Barmaqlarımı qapının arasında qoyub qırdılar. Qabırğalarımı sındırdılar. Hər gün dözülməz
işgəncələr  verirdilər. Ac-susuz saxlayırdılar. Əsirləri döymək üçün türməyə seçmə adamlar gətirirdilər. Kameralarda qışqırtı səsləri getdikcə yaxınlaşırdı. Artıq bilirdim ki, növbə bizim kameraya çatıb. Əvvəlcə əynimizdəki pencəkləri çıxartdırırdılar. Biri başımızdan, o biri isə ayağımızdan tutaraq göyə qaldırıb yerə çırpırdılar. Bunu 10-15 dəfə təkrar edirdilər. Ondan sonra tərpənməyə imkan olmurdu. Yerdə təpiklədikdən sonra bir küncə tullayırdılar. Səhər açılanda baxırdıq ki, ağız-burun, göz-baş hamısı qıpqırmızı qan içindədir. Yerdəki qanı bizə təmizlətdirirdilər. Deyirdilər ki, soruşan olsa, deyin ki, özümüz-özümüzü döymüşük. Bizi döşəməyə o qədər çırpmışdılar ki, yerə düşməyin təsirindən döşəmənin mismarları yerindən qalxmışdı. 2 aydan çox belə əzab-əziyyətlər çəkmişəm. Axırda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinin vasitəsilə əsirlikdən azad edildim.
        - Əsirlikdən xilas olmağınızda  kimlərin köməyi oldu?
        - Kameralarda əsirlərin vəziyyətini öyrənmək və yaxınlarına məktub göndərmək məqsədilə  Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinin əməkdaşları əsirlərlə söhbətlər aparırdı. Komitənin əməkdaşları bizdən vəziyyətimizi soruşanda yaxşıyıq deməyə məcbur idik. Ona görə ki, onlar gedəndən sonra bizi gözləyən aqibəti bilirdik. Onsuz da mənfi fikirlər söyləsək tərcüməçi başqa formada çatdıracaqdı. Buna baxmayaraq, ayaq üstə dura bilmədiyimizi görürdülər. Ümid edirdim ki, yazdığım məktub yaxınlarıma çatacaq və yerimi biləcəklər. Mənim Xankəndində Milis Şöbəsində türmədə olduğumu bilmirdilər. Məktub bizimkilərin əlinə keçəndən sonra mənim əsirlikdən azad olmam üçün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinə və müraciət olunub. Ağdamın Qarağacı adlanan qəbiristanlığından yuxarıda məni erməni qadınla dəyişdilər. Beləliklə, əsirlik həyatım sona çatdı. Əsirlikdən azad edildikdən sonra məni Bakı şəhərinə xəstəxanaya gətirdilər. Xəstəxanada 2-3 ay müalicə olunduqdan sonra vəziyyətim nisbətən yaxşılaşmağa başladı.
        - Siz əsir düşməmişdən əvvəl atanızı meşədə ocağın kənarında qoyub kömək axtarmağa getmişdiniz. Atanızın sonrakı aqibəti bəs necə oldu?
        - Atam itkin düşdü. Ondan heç bir xəbər ala bilmədik. Hara yazdıqsa, kimdən soruşduqsa gördüm deyən olmadı. Heç olmasa bir qəbri olsa, ziyarət edərdik.
        - İndi səhhətiniz necədir?
        - Səhhətim normal deyil. Çəkdiyim ağrı - acılar deyəsən axıradək mənimlə gedəcək. Əsirlik həyatımın son günlərində mənə iynələr vururdular. Deyirdilər ki, bu iynələr sayəsində ömrün boyu həyatından zövq alacaqsan. İndi o “zövqü” canımdakı ağrı-acılarda yaşayıram.
        - Hal-hazırda harada işləyirsiniz?
        - Mən Daxili İşlər Nazirliyinin Avtomobil Təsərrüfatında fəhlə işləyirəm.
        - Gənclərə qəzetimiz vasitəsilə hansı tövsiyələrinizi çatdırmaq istəyərdiniz? 
        - Birinci növbədə necə ananı sevirsənsə, elə də Vətəni sevməlisən. Vətənpərvər olmayandan sonra savadlı olmaq əhəmiyyətsizdir. Düşmən üzərində qələbə, qisas hissi hər birimizin ürək sözü və andımız olmalıdır.
        İnanıram ki, hörmətli Prezidentimiz Cənab İlham Əliyevin yürütdüyü uzaqgörən siyasəti nəticəsində tezliklə biz Qarabağa qayıdacağıq. Bütün işğal olunmuş torpaqlarımızı yağı tapdağından azad edəcəyik. Üçrəngli Bayrağımız Cıdır düzündə dalğalanacaqdır.
        Fikrimcə keçmişdəki faciəvi hadisələri, əsirlik həyatınızda çəkdiyiniz əziyyətləri bizimlə bölüşərkən ürəyiniz sakitləşir, az da olsa, yüngüllük tapmış olursunuz. Eyni zamanda qəlbiniz qisas və intiqam hissi ilə alovlanır. “Xocalının səsi” qəzetinin fəaliyyət istiqamətlərindən biri də erməni əsirliyində olmuş sakinlərimizin başına gətirilən müsibətləri qəzetin səhifələrində oxuculara çatdırmaqdır. Müsahibə üçün sizə təşəkkür edirik. 
Qalib BƏYMƏMMƏDOĞLU,
AJB-nin üzvü
Paylaşın:

Xocalı rayon İcra Hakimiyyətində şura iclası keçirildi

        24 iyulda Xocalı rayon İcra Hakimiyyətinin akt zalında şura iclası keçirildi. Şura iclasında 3 məsələ - Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin giriş və yekun nitqindən irəli gələn məsələlər, Mingəçevirdəki İstilik Elektirik Stansiyasında baş vermiş qəzadan sonra ölkənin enerji sisteminin vəziyyəti ilə əlaqədar Prezident İlham Əliyevin keçirdiyi müşavirə haqqında və iyulun 13-də Cənab Prezident İlham Əliyevin yanında respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasdan irəli gələn məsələlər müzakirə edildi.
        Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin giriş və yekun nitqini hesabat iştirakçılarına çatdırdı. Ölkədə 6 ay ərzində baş verən ictimai-siyasi hadisələri, eyni zamanda sosial-iqtisadi inkişafı Xocalı rayonu ilə əlaqələndirdi.
        Rayon rəhbəri qeyd etdi ki, xocalıların müvəqqəti məskunlaşdığı Aşağı Ağcakənd qəsəbəsində əkilən 11 min tut tingindən 636 kq barama əldə edilmişdir. Gələcəkdə barama istehsalının artırılması üçün lazımi tədbirlər görülür. Aşağı Ağcakənddə və qəsəbəətrafı yaşayış məntəqələrində yaşayan sakinlər fərdi şəkildə baramaçılıqla məşğul olmaları üçün şərait yaradılmalıdır. Əhalinin məşğulluğunun artırılması istiqamətində tədbərlər həyata keçirilir.
          Sonra gündəlikdə duran ikinci məsələ haqqında Xocalı rayon İH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Saxəvət Hüseynov çıxışında bildirdi ki, Mingəçevirdəki İstilik Elektirik Stansiyasında baş verən hadisədən sonra nümayəndəliklərlə əlaqə saxlanılmış, yaranan su probleminin aradan qaldırlmasına nəzarət edilmişdir.
        Xocalı rayon İH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Anar Əliyev məruzə ilə çıxışında dedi ki, Azərbaycanın din xadimləri və dindarlarının mövqeyini ifadə edərək, Gəncədə baş verən hadisələri dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edir, bunu ölkəmizə düşmən olan bəzi qüvvələrin xaricdən siyasi məqsədlərlə yönləndirilən, cəmiyyətdə nifaq salmaq cəhdi kimi qiymətləndiririk.
        Daha sonra gündəlikdə duran üçüncü məsələ müzakirə edildi. Əvvəlcə Gəncə şəhərində baş verən hadisələrdə şəhid olan yüksək rütbəli iki polis zabitinin ruhu bir dəqiqəlik sükutla yad edildi.
        DTX-nin Qarabağ İdarəsinin Xocalı rayon bölməsinin rəisi Nəvai Hüseynov, Xocalı rayon prokuroru Kamran Məmmədov Xocalı rayon iyulun 10-da Gəncədə hadisələrinə Xocalı rayon sakinlərindən heç birinin qoşulmadığı vurğuladılar. Bu cür hadisələrin qarşısının alınmasında ictimai dəstəyin əhəmiyyətindən danışdılar.
        Xocalı İHB-nin müavini, Sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri Vahid Əliyev Gəncədə baş verən hadisələrin 1994-cü ilin oktyabr hadisələrinin bənzəri olduğunu vurğuladı.  Vahid Əliyev ölkəmizdə din xadimlərinə göstərilən diqqət və qayğıdan söz açdı. Əminliklə bildirdi ki, Azərbaycanı zəiflətmək istəyən qara qüvvələr istəklərinə nail ola bilməyəcəklər.
        Rayonumuzun rəhbəri xocalıların daim dövlətə və dövlətçiliyə sadiq olduğunu dedi. Bu bütün seçkilərdə də öz təsdiqini tapmışdır. Son hadisələrdə  yaranan müvəqqəti çətinliklər qarşısında Xocalı rayon sakinləri də iradələrini göstərdilər.
        Şahmar Usubov rayon ziyalılarına sosial şəbəkələrdə Azərbaycana qarşı qarayaxma kampaniyaları həyata keçirən qüvvələrə qarşı həmrəylik nümayiş etdirməyi tövsiyə etdi.
        Sonda Şahmar Usubov rayonun müəssisə, idarə rəhbərlərinə tapşırıqlar verdi.
     
     








Paylaşın:

Azərbaycan Polisinin yaranmasının 100 illlik yubileyi təntənəli şəkildə qeyd edildi

         Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi münasibətilə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində tədbir keçirildi.
         Tədbirdə Xocal rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, Xocal RPŞ-nin rəisi Eldar Bağırov, Xocalı rayon prokuroru Kamran Məmmədov, müəssisə, idarə rəhbərləri, veteran polis işçiləri iştirak etdilər. 
        Tədbir iştirakçıları və Xocalı rayon Polis Şöbəsinin şəxsi heyəti əvvəlcə "Heydər" parkında ucaldılan Ulu öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər düzdülər. 
        Xocalı rayon Polis Şöbəsinin həyətində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
        Tədbir iştirakçıları və şəxsi heyət torpaqlarımızın suverenliyi və ərazi bütövlüyünün qorunması zamanı şəhid olan soydaşlarımızın ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
        Sonra Şöbənin kadr və peşə hazırlığı üzrə baş inspektoru, polis baş leytenantı Elgiz Məmmədov Azərbaycan Polisinin 100 illik yubilieyi münasibətilə Daxili İşlər Naziri general-polkovnik cənab Ramil Usubovun təbrik məktəbunu, müvafiq əmrini və şöbə rəhbərinin əmrini məruzə etdi. 
        Xocalı RPŞ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytanantı Məzahir Qəhrəmanov məruzə ilə çıxışında Azərbaycan Xalq Cümhuriyyəti dövründə polis orqanlarının təsis edilməsindən, ikinci dəfə müstəqilliyimizi əldə etdikdən sonra polis işçilərinin Qarabağ müharibəsində göstərdiyi sücaətdən, həmçinin Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra daxili işlər orqanlarında baş vermiş dəyişikliklərdən, polisdə aparılan təmizləmə işlərindən danışdı. 
        Məzahir Qəhrəmanov qeyd etdi ki, Ulu öndərimizin hakimiyyətə qayıdışından sonra bir sıra əməkdaşlarımız  dövlət mükafatları ilə təltif olunmuşlar. Belə ki, 4 nəfər "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüş, 2 nəfər "İgidliyə görə" medalı ilə təltif edilmişdir. 
        Daha sonra Xocalı rayon prokuroru Kamran Məmmədov çıxışında vurğuladı ki, Ulu öndər Heydər Əliyevin hakimiyyə qayıdışı Azərbaycan polisinin inkişafına, öz milli dəyərlərinə qayıtmasına səbəb oldu. Bildirdi ki, hal-hazırda Azərbaycan polisinin maddi-texniki təminatı yüksəkdir.
        Veteran polis əməkdaşı Sahib Nəsibov və şəhid polis ailəsi Mehriban Bəkirova çıxışlarında Azərbaycan polisinin gücündən, nizam-intizamından söz açdılar. 
        Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov 2018-ci ilin ələmatdar günlərin 100 illik yubileyləri ilə yadda qaldığını qeyd etdi. Şahmar Usubov Azərbaycanın dövlətçilik adət-ənənələrindən danışdı. 
        Rayonumuzun rəhbəri bildirdi ki, indi bütün orqanlar məqsədli şəkildə fəaliyyətlərini davam etdirirlər. Məqsəd birlik olub hədəfi düşmənə tərəf yönəltməkdir.
       Tədbir bədii hissə ilə davam etdirildi.
       Tapançanın və avtomatın sökülüb yığılmasında şöbənin polis işçiləri öz bacarıqlarını göstərdilər. Əlbəyaxa döyüş nümunələri göstərildi. Kəndirdartma oyununda, qollar üzrə döşəmədə sinənin qaldırlıb-endirilməsində, ağırlıq daşlarının qaldırılmasında polis nəfərləri məharətlərini nümayiş etdirdilər. 
        Rəisin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Məzahir Qəhrəmanovun pəhləvan nümunələrini tədbir iştirakçıları böyük maraq və heyrətlə izlədilər.
        Polis serjantı Şəhriyar Quliyev "Azərbaycan polisi" şeirini tədbir iştirakçıları qarşısında söylədi.
        Xidmətlə fərqlənən polislərin şöbə rəisinin Fəxri Fərmanı ilə təltif edildilər.
        Tədbir şəxsi heyətin təntənəli keçidi ilə yekunlaşdı. 
                                     























Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi