Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Hüseynağa Quliyev: “Anam meyitxanada üzünü üzümə söykəyəndə nəfəs aldığımı hiss etdi”

        Quliyev Hüseynağa Aydın oğlu  1966-cı il yanvar ayının 23-də Xocalıda anadan olmuşdur. O,  könüllülərdən ibarət Xocalı Özünümüdafiə Taborunda post komandiri kimi düşmənlərə qarşı mübarizəyə qoşulmuşdur. Xocalı soyqırımı zamanı Hüseynağanı, anasını, ömür-gün yoldaşını, iki azyaşlı əkiz körpəsini və yaxın qohumlarını erməni quldurları girov götürmüşdü.
     15 avqust tarixdə müsahibimlə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində görüş təyin etdim. 8 gün erməni zindanında dəhşətli işgəncələrə məruz qalmış, əsirlikdən azad edildiyi gün öldüyü zənn edilərək 1 gün meyitxanada saxlanılmış və əsirlikdən azad edildikdən sonra həyatda qalma mücadiləsini aparan Hüseynağa Quliyevdən aldığım müsahibəni oxuculara təqdim edirəm.
        - 26 il əvvəl Xocalıda ermənilərin törətdiyi soyqırım aktını, müsibətli günləri necə xatırlayırsınız?
        - Xocalı soyqırımından əvvəl ermənilər rabitə ilə bildirirdilər ki, Sumqayıtda törətdiyiniz hadisələrin əvəzini Xocalıda alacağıq. Ovaxtkı səriştəsiz hakimiyyət Xocalıya kömək etmədi. Xocalı hər tərəfdən mühasirəyə alınmışdı. Strateji cəhətdən əlverişli mövqedə yerləşən Xocalıya hər gün atəş açılırdı. Fevral ayının 25-dən 26-na keçən gecə erməni quldurları Xankəndində yerləşən 366-cı motoatıcı alayın köməyi ilə Xocalıya hücum etdilər. Mən birinci postda dayanmışdım. İkinci post alınarkən ermənilər Xocalını yandırmağa başladılar. Məhsəti türkləri üçün tikilmiş evləri alov almışdı. Ailə üzvlərim, yaxın qohumlarım və digər sakinlərlə birlikdə şəhəri məcburən tərk etməyə başladıq. Mümkün qədər hər kəs bir-birinə kömək etməyə çalışırdı. Qarqar çayını çətinliklə keçib Kətik dağının ətəyinə çatdıq. Orada dedilər ki, guya xəbər yayılıb ki, ermənilər dinc sakinlərin çıxması üçün dəhliz yaradıb. Mən bu xəbərin yalan olduğunu duymuşdum. Çünki erməni xislətində vəhşilik, saxtalıq olduğunu bilirəm.
        - Necə oldu ki, erməni vəhşilərinə əsir düşdünüz?
        - Qarqar çayının sahili ilə üzü Ağdama tərəf getmək istəyənlərə dedim ki, belə şey ola
bilməz, ermənilər camaatı qırmaq üçün belə deyirlər. Bir qrup ayrılıb Ağdama tərəf yol aldılar. İçində mən və ailə üzvlərim olduğum qrup isə Kətik dağına tərəf üz tutduq. Bir qədər getmişdik ki, güllə-boran, qışqırtı səsləri gəldi. Ermənilər çayın sahili ilə istiqamət alan sakinlərin qarşısını kəsib BMP, BRDM və digər ağır silahlarla güllələmişdilər. Kətik dağına çıxan bütün cığırların qarşısında erməni silahlıları dayanmışdı. Cığırlar isə sıldırımlı yerlərdən keçirdi. Ehtiyatsızlıq edənlər uçurumdan düşürdü. Faciə axşamı güclü qar yağırdı. Kətik dağında duman var idi. Dağın başına çatanda ermənilər bizi atəş altında saxladılar. Meşəyə tərəf qaçdıq. Meşənin içində enli cığır var idi. Mən həmin cığırla getmək istəmədim və arxada qaldım. Qaynım qayıdıb mənə dedi ki, atam səni gözləyir. Ona dedim ki, bu yol hansısa erməni kəndinə çıxır, getsək hamımız əsir düşüb qırılacağıq. Dedilər ki, aşağıda işıq yanır, həmin tərəfə gedəcəyik. Mən məcbur olub onlarla getməli oldum. Dağın açıqlıq yerinə çıxanda ermənilərlə atışma oldu. Bir qədər sonra ermənilər azərbaycanca dedilər ki, mühasirəyə düşmüsünüz, silahı atıb təslim olun. Xocalı Özünümüdafiə Taborunun döyüşçsüsü Xasay bizdən aralıda yaralanmışdı. O, yaxşı döyüşçü idi. Mühasirədən kənarda qalmışdı. Ermənilər onun öldüyünü zənn edib yanından keçmişdilər.
        - Neçə nəfərinizdə silah var idi?
        - Mənimlə birlikdə 2-3 nəfərdə avtomat və ov tüfəngləri var idi. Mən yoldaşlara dedim ki, atmayın, içimizdə uşaqlar var.  Özüm kənara çəkilib qayanın arxasına keçdim. Əsir düşmək fikrim yox idi. Yaqubun qardaşı Məhəmməd kişi də yanıma gəlmişdi. Ona dedim ki, mən erməniyə güllə atanda özünü qayadan atarsan. Məhəmməd kişi atəş açmağımı gözləmədi. Başını çıxaran kimi onu vurdular. Qayadan aşağı düşdü. Gördüm ki, üç erməni qayaya tərəf yaxınlaşır. Avtomatı tək-təkə qoydum. Ani məqamda ortadan gələnə güllə atdım. Onun vurub-vurmadığımı dəqiq bilmədim. Ancaq gördüm ki, üçü də yerə uzandı. Sonra özümü qayadan atdım. Təxminən 10-15 metrdən sonra daşdan yapışıb dayandım. Məhəmməd  kişi də həmin yerdə idi. O ölmüşdü. Onu aparmaq istəsəm də bu fikrin heç bir faydası olmadığını düşündüm. Bir qədər sonra dağın yamacı ilə dolayı getdim. Gördüm ki, arxamda iki erməni dayanıb. Həmin ermənilər qayanın arxasından atəş açdığım ermənilər idi. Ancaq üçüncüsü yox idi. Onlar məni vura bilmədilər. Meşəyə üz tutdum. Meşəyə girəndə gördüm ki, meşənin aşağı tərəfində qırmızı işıqlar yanır. Həmin işıqlar erməni tankının stop işıqları idi. Geri qayıtmaq istəyəndə tankla mənə atəş açdılar. Zərbənin havası məni yıxdı. Ayağıma qəlpə dəymişdi. Mənim huşum getmişdi. Bir qədər sonra yavaş-yavaş ayıldım. Erməni quldurları məni əhatəyə almışdılar.  Məni orada möhkəm döyüb sonra apardılar. Həmin axşam məni elə döydülər ki, ayaq üstə dayana bilmirdim. Səhər ayılanda gördüm ki, əynimdə paltarlarım yoxdur. Huşum özümdə olmayan vaxtı məni benzinlə yandırmışdılar. Tacirin qardaşı İsmayıl, Əmir kişinin oğlu Kamil, Şahmalı müəllimin oğlu Faiq mən yanmayım deyə paltarımı çıxardıblar. Əynimdə hərbi geyim olduğu üçün hər gün mənə amansız xüsusi işgəncələr verirdilər.
        - Hansı işgəncələrə məruz qaldınız?
        - Çənəmi, burnumu, ayaq barmaqlarımı, qabırğalarımı qırdılar. Belimə vurduqları zərbə
hələ də yadımdadır. Ağzıma armatur salıb alt dodağımı cırdılar. Əsirlikdən dönəndən sonra dodağıma tikiş qoydular. Alnımın, başımın sümüklərini qırmışdılar. Məndən hərbi sirlər almaq istəyirdilər. Mən isə bilmirəm, tanımıram cavabını verəndə işgəncələr şiddətlənirdi. Bir dəfə məni çölə çıxardıb başsız meyitin üstünə yıxdılar ki, danışmasan başını kəsəcəyik. Bir cavab görməyincə məni bir gün buzun üstündə saxladılar. Ömrüm boyu ağlıma gəlməz ki, mən kimisə satam.
        Sonra məni, nağaraçı Vəliyyədini, Faiqi Əsgəran Milis Bölməsinə gətirdilər. Bizə ölüm hökmü oxunmuşdu. Faiqi gözümün qarısında güllələdilər. Milis bölməsinin həyətində 2 metr hündürlüyündə xüsusi divar tikmişdilər. Orada əsirləri öldürüb dərəyə atırdılar. Faiqi həmin yerdə güllələdilər. Sonra Edik adında erməni gəlib burada hərbçi kimdir dedi. Dedim yoxdur. Qəflətən avtomatın lüləyini ağzıma saldı. Fikirləşdim ki, sonumdur. Amma avtomatın lüləyini ağzımdan çıxarıb ayağımın altına güllə atdı. Ağzımın içi qanla dolmuşdu. Dişlərim qırılmışdı. Məndən sirr almaq üçün yəqin hələ öldürmək istəmirdilər. Məni Faiqin meyitinin yanına gətirdilər. Ermənilər Faiqin meyitini hələ dərəyə atmamışdılar. Mən onun bədənində 32 güllə yeri saydım. Ağzından qan gəlirdi. Ürəyi hələ sağ idi. Ermənilərə dedim ki, icazə verin Faiqin kürəyini divara söykəyim qan boğmasın. Mənə güldülər. Erməninin biri gedib kənarda dayandı. Əlində pulemyot vardı. Fikirləşdim ki, onun üstünə gedib, silahı nı alıb üzümlüyə girərəm.
        - Bəs səhhətiniz buna cəhd etməyə imkan verdi?
        - Onsuz da işgəncələrdən cana yığılmışdım. Özümdə elə bir gü-cün olduğunu düşünürdüm. İnsan axır məqamda nəsə etmək istəyir. Bu fikirlə həmin erməninin üstünə getdim. Silahının lüləyini əlimlə tutdum. Ancaq həmin anda başımdan zərbə dəydi. Bir qədər sonra ayıldım ki, yerdə sərili qalmışam. Hər tərəfim qan içində idi. Aradan bir qədər keçəndən sonra bir erməni içəri girib azərbaycanca dedi ki, Hüseynağa kimdir? Danışa bilmədiyim üçün əlimlə işarə etdim ki, mənəm. Amma o məni görmədi və digər kameraya keçdi. Yenə geri qayıtdılar. Məni soruşanda əl işarəmi gördülər. Kənardan dedilər ki, bu onsuz da ölür. Məni axtaran dedi ki, cəhənnəmə ölür-ölsün. Bunu sağ istəyiblər, aparaq, ölər də, orada ölər. Məni ayağa qaldırıb dedilər ki, sənin ağzını-gözünü təmizləyib aparacağıq. Yıxılsan qalacaqsan, yerisən gedəcəksən. Başıma papaq qoydular ki, başımdan axan qan üzümə axıb görünməsin. Ağdamın Qarağacı qəbiristanlığına çatanda məni buraxdılar. Təxminən 20 addım gələndən sonra dayanıb nəsə demişəm. Ondan sonrasını xatırlamıram. Ayaq üstündə sayıqladıqdan sonra yerə yıxılmışam. Mənim öldüyümü zənn edib Ağdama meyitxanaya gətirib qoyublar. Bir gün meyitxanada qalandan sonra məni dəfn üçün aparmağa gəliblər. Meyitxanada üzümə sərilən mələfəni açanda hiss etdim ki, gözlərimə işıq düşdü. Eşitdim ki, bir nəfər soruşur ki, ölübdür? Bu səs anamın səsi idi. Ağlaya-ağlaya dedi ki, qoy üzünə baxım. Anam üzünü üzümə söykəyəndə nəfəs aldığımı hiss etdi. Sonra məni Ağdam xəstəxanasına apardılar. Ağdam xəstəxanası qəbul etmədiyinə görə, oradan Bakıya Neyrocərrahiyə xəstəxanasına gətirdilər. Xəstəxanada sağalmağıma heç kim inanmırdı. Bir müddətdən sonra bədənim şişdi. 2 ildən çox müalicə aldım. Əvvəllər danışmırdım. Getdikcə dilim yavaş-yavaş açıldı. Ancaq eşitdiyiniz kimi hələ də dilimdə qüsur var.
        - Ailə üzvləriniz əsirlikdən xilas edildi?
        - Bəli, sonradan anam, yoldaşım, 2 yaş 6 aylıq əkiz oğlanlarım əsirlikdən azad edildilər. Övladlarımın ikisi də hal-hazırda polis əməkdaşlarıdır.
       Soyqırım zamanı babamı güllələdilər. Anamın əmisi uşaqları Əkbər, Taleh, Zəkara, onun arvadı və nəvələri şəhid olublar. Atam Laçın uğrunda döyüşlərdə şəhid olub.
Hüseynağa danışdıqca onu dinləmək və dediklərini yazıya almaq mənim üçün çətin oldu. Çünki onun çəkdiyi müsibətləri az da olsa təsəvvür edə bildim. Ancaq bütün yaşadıqlarına rəğmən, səhhətində yaranan problemlərə baxmayaraq, onda düşmənə nifrəti, döyüş əzminin olduğunu da gördüm. Müsahibə üçün təşəkkür edib acı təəssüratlarla ondan ayrıldım.
Qalib BƏYMƏMMƏDOĞLU,
AJB-nin üzvü

Paylaşın:

Xocalı rayon MKS-də İsa Muğannanın 90 illik yubileyi münasibətilə anım tədbiri keçirildi

      Xocalı rayon MKS-də Azərbaycan xalq yazıçısı, Azərbaycan SSR əməkdar incəsənət xadimi, ssenarist və kinoredaktor, "Nəsimi" mükafatının ilk laureatı İsa Muğannanın 90 illiyi münasibətilə Mərkəzi kitabxanın oxuculara xidmət şöbəsində dəyirmi masa arxasında tədbir keçirildi. Tədbirdə Xocalı rayon Mədəniyət evinin direktoru Orxan Məmmədov çıxış edərək İsa Muğannanın həyat və yaradıcılığından söz açdı. Daha sonra MKS-in Kitabişləmə və Komplektləşdirmə şöbəsinin müdiri Lətifə Rəsulova öz çıxışında dahi şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Bildirdi ki, İsa Hüseynov (İsa Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib.
        Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.
         1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib[5]. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır.
         Yazıçı İsa Hüseynov uzun müddət xroniki ürək çatışmazlığından əziyyət çəksə də heç vaxt yataq xəstəsi olmayıb. 2014-cü il 1 aprel tarixində gecəyarısı qəfildən vəfat etmişdir. Dəfn mərasimi xaricdə yaşayan nəvəsinin gəlişi və iştirakı ilə Fəxri Xiyabanda gerçəkləşmişdir.



         
Paylaşın:

Xocalı rayon prokurorluğu elmi - praktiki konfrans keçirdi

         19 sentyabrda xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 100 illik yubileyinə həsr olunmuş elmi - praktiki konfrans keçirdi. Konfransda Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, Xocalı rayon prokuroru Kamran Məmmədov, hüquq-mühafizə orqanları işçiləri və rayon ziyalıları iştirak etdilər.
        Konfrans iştirakçıları əvvəlcə "Heydər" parkında salınmış Ümummilli lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzdülər.
        Xocalı rayon İcra Hakimiyyətinin akt zalında keçirilən konfransı giriş sözü ilə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva açaraq Azərbaycanda prokurorluq orqanlarının fəaliyyətin danışdı.
        Sonra məruzə ilə söz Xocalı rayon prokurorunun köməkçisi Tural Hüseynliyə verildi. Tural Hüseynli Azərbaycan Respublikası Prokurorluğunun yaranma tarixindən, prokurorluq sahəsində aparılan islahatlardan danışdı. Bildirdi ki, 1918-ci il noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən "Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə" təsdiq edilmişdir. F. Xoyski, X. Xasməmmədov, A. Səfikürdski, T. Makinski AXC-nin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olmuşlar. AXC-nin süqutundan sonra dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv olundu. Sovetləşmənin ilk illərində bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması zəruriliyi nəzərə alınaraq Azərbaycan SSR MİK-in 11 iyul 1922-ci il tarixli "Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında" Dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyuldu.
        Hər il 1 oktyabrın Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı kimi qeyd olunması da məhz Ulu öndər Heydər Əliyevin xidmətidir. Belə ki, Ulu öndərin 17 iyul 1998-ci il tarixli Sərəncamına əsasən peşə bayramı gününün təsis edilməsi prokurorluq orqanlarına dövlət qayğısının ifadəsi olmaqla yanaşı, prokurorluq işçilərinin fəaliyyətinə yüksək dəyər verilməsinin təzahürüdür.
        Xocalı rayon prokuroru Kamran Məmmədov çıxışında qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün hüquq-mühafizə orqanları ilə yanaşı, prokurorluq orqanında da islahatlar həyata keçirildi, kadrlar bazası yaradıldı. Hüquqi islahatların ən birincisi qanunvericiliyin əsasını təşkil edən Konstitusiyamızın 1995-ci il 12 noyabr tarixdən yaradılması ilə demokratik, dünyəvi və hüqiqi dövlət quruculuğu daha da möhləmləndi. Məqsəd dövləti demokratik əsaslarla idarə etmək və bütün sahələrdə hakimiyyət bölgüsünü dəqiq həyata keçirmək idi. İctimai münasibətlər, iqtisadi-siyasi siferalar dəyişdikcə dövlətin qanunvericiliyində də müəyyən dəyişikliklərə ehtiyac duyulur. Qanunvericilik dinamik olmaqla, həyatla həmahənglik təşkil etməlidir. Bunun üçün Konstitusiyamızda referendum yolu ilə dəyşikliklər edilmişdir. 2002-ci ildə keçirilmiş referendum prokurorluq orqanları üçün xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, məhz həmin dəyişiklikdən  sonra prokurorluq orqanlarına qanunvericilikdə dəyişiklik etmək üçün təşəbbüs hüququ verilmişdir. Bu dövlət başçının və xalqın prokurorluğa göstərdiyi etimadın göstəricisidir. Prokurorluq sahəsində aparılan islahatlar öz müsbət nəticəsini ilbəil artırmaqda və verməkdədir. Vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirilən ən böyük islahatlardan biri dünya səviyyəsində praktikaya çevrilmiş və analoqu olmayan “ASAN” xidmət mərkəzlərinin yaradılmasıdır. Bu xidmətin yaradılması vətəndaşların rahatçılığına, vətəndaşların hüquqlarının təmin edilməsinə və neqativ hallardan qorunmasına hesablanmışdır.
Kamran Məmmədov çıxışının sonunda prokurorluq işçilərini milli prokurorluğun yaranmasının 100 illik yubileyi münasibətilə təbrik etdi. Doğma torpaqlarımıza qayıtmağı və fəaliyyətimizi orada davam etdirməyi arzuladı.
Xocalı rayon Polis Şöbəsinin rəisi Eldar Bağırov çıxışında bildirdi ki, prokurorluq orqanları yarandığı gündən bu günə kimi torpaqlarımızın müdafiəsində, ərazi bütövlüyünün qorunmasında gördükləri işlərin şahidi olmuşuq. Bu gün də prokuroqluq əməkdaşları dövlətə və dövlətçiliyə sadiqdirlər. İctimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə, dövlətə qarşı yönəldilmiş hər hansı cəhdin məhv edilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Xocalı rayon prokuroru Kamran Məmmədov rayonumuza prokuror təyin edildiyi vaxtdan üzərinə düşən vəzifələri layincə yerinə yetirir, ən əsası rayon rəhbərliyinin və ictimaiyyətinin rəğbətini qazanmışdır.
Daha sonra söz Dövlət Təhlükəsizlik Xidmətinin Xocalı rayon bölməsinin rəisi Nəvai Hüseynova verildi. Nəvai Hüseynov prokurorluq orqanlarının  fəaliyyətində kifayət qədər uğurların olduğunu vurğuladı. Bildirdi ki, Cənab Prezident İlham Əliyev prokurorluq işçilərini daim diqqətdə saxlayır, onların fəaliyyətini yüksək dəyərləndirir. Prokurorluq orqanlarında da artıq gənc kadrlar önə çəkilir, onlara yüksək vəzifələr verilir. Prokuroqluq orqanlarında çalışan işçilər öz mənəvi dəyərləri ilə seçilməklə yanaşı, əxlaqi keyfiyyətlərini də nümayiş etdirirlər. Digər hüquq – mühafizə orqanları da prokurorluq orqanları ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində ictimai sabitliyin bərqərar olunması təmin edilir.
Xocalı RTŞ-nin müdiri Şakir Əliyev çıxışında milli prokuroqluq orqanlarının yaranma tarixindən söz açdı. Rayon prokurorluğunun yüksək səviyyədə fəaliyyət göstərdiyini dedi.
Yekun olaraq söz Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubova verildi. Rayonumuzun rəhbəri Bakıda keçirilən hərbi paradın əhəmiyyətini diqqətə çatdırdı.
Şahmar Usubov bildirdi ki, müstəqilliyimizin ilk illərində bəzi prokurorluq işçiləri vəzifələrindən susi-istifadə edirdilər.
Xocalı rayonunda çalışan gənc prokurorluq işçiləri digər rayonlara dəyişiklik ediləndə yüksək vəzifələrə çəkilir.
          Sonda xidmətdə fərqlənən Xocalı rayon prokururluğu əməkdaşları Xocalı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərmanla təltif edildilər.
Mətndə dəyişiklik olacaq.










Paylaşın:

"Xocalının səsi" qəzetinin materialları internet resurslarında gündən – günə artmaqdadır

        9 iyul 1991-ci ildən fəaliyyətə başlayan “Xocalının səsi” qəzeti dövlətçiliyimiz üçün çətin sınaqların başladığı bir dövrdə ərsəyə gəldi. O dövrdə respublikada ictimai-siyasi durum olduqca gərgin idi, hakimiyyət uğrunda amansız mübarizələr gedirdi, ölkəmiz Ermənistanın işğal və soyqırım təcavüzünə məruz qalmışdı, yüz minlərlə qaçqın-köçkün öz doğma torpaqlarından didərgin düşmüşdü.
Xocalıların özü kimi didərgin olan “Xocalının səsi” qəzeti müxtəlif vaxtlarda Bərdə, Tərtər, Quba, Bakı, Gəncə şəhərlərində fəaliyyət göstərərək haqq səsimizi ucaltmışdır. Rayonumuzun qəzeti hal-hazırda Bakı şəhərində “Son Dakika” mətbəəsində hazır diapozitivlərdən çap olunur.
Yarandığı ilk gündən taleyüklü rayonumuzun tarixini yazan qəzetimizin səhifələrində Xocalı soyqırımı, erməni vəhşilikləri, Qarabağ həqiqətləri haqqında mütəmadi yazılar dərc edilir. Eyni zamanda ölkəmizdə baş verən əlamətdar hadisələr və ümumrayon tədbirləri işıqlandırılır. Rayonun ictimai-siyasi, sosial-mədəni, tarixi keçmişi, istedadlı insanları, bir sözlə rayonun bütün sahələrinin işıqlandırılmasında mühüm rol oynayır. Ayda bir dəfə nəşr edilən qəzetimiz 8 səhifədən ibarətdir. Qəzetin səhifələrinin çox olması tədbirlərimzin geniş şəkildə işıqlandırılmasına şərait yardır. Bakı şəhərində qəzetin çap edilməsi onun keyfiyyətinin xeyli yüksəlməsinə səbəb olmuşdur, oxucular da qəzetdə olan dəyişikliyin fərqinə varır. “Xocalının səsi” qəzeti rayon qəzetləri arasında az sayda qəzetlərdəndir ki, internet ünvanı fəaliyyət göstərir. Qəzetdə yer alan mühüm yazılar xocalininsesi.info internet ünvanına yerləşdirilir. Beləliklə, sayta daimi ziyarətçilər daxil olur, bu yolla qəzetin oxucu sayı artır. Saytın imkanlarından istifadə edilərək qəzetimizdə dərc edilməsi üçün yazılar göndərilir. Yaxın planda isə, “Xocalının səsi” internet televiziyasının yaradılması nəzərdə tutulur ki, indiki informasiya və texnologiya dövründə bu layihənin böyük maraq və uğur qazanacağı gözlənilir. Şübhəmiz yoxdur ki, “Xocalının səsi” kollektivi yeni informasiya texnologiyalarını mənimsəmək sahəsində qarşıya çıxan həlli vacib çoxsaylı vəzifələrin öhdəsindən bacarıqla gələcək.
Qəzetin yaşaması və fəaliyyətini davam etdirməsi abunəçilərdən asılıdır. İnanıram ki, “Xocalının səsi” qəzetinə abunə olan idarə və müəssisələr vaxtlı - vaxtında kəsirsiz olaraq abunə pulunu qəzetin bank hesabına köçürəcəklər.
          Xocalı rayon İcra Hakimiyyətinin dəstəyi ilə nəşr olunan “Xocalının səsi” qəzeti rayonun əsas və tək mətbuat orqanıdır. Qəzetimizin mütəmadi işıq üzü görməsi üçün Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov qəzetin fəaliyyəti ilə daim maraqlanır, öz diqqət və qayğısını əsirgəmir. Redaksiya heyəti və oxucular adından rayonumuzun rəhbəri cənab Şahmar Usubova minnətdarlığımı bildirirəm.
Söz verirəm ki, bundan sonra da məsuliyyətli olacağıq və üzərimizə düşən işi layiqincə yerinə yetirmək üçün daha ciddi çalışacağıq.
Arzu edirəm ki, “Xocalının səsi” qəzetinin növbəti saylarında Ordumuzun qələbə müjdələrini işıq-landıraq və qəzetin 28 yaşını doğma Xocalıda qeyd edək. Amin!
Rayon qəzetləri müstəqillik dövründən sonra öz inkişaf yolunu seçərək, rayon daxilində baş verən xəbərləri, respublikada baş verən əlamətdar hadisələri işıqlandırır. 9 iyul 1991-ci ildən fəaliyyətə başlayan “Xocalının səsi” qəzeti rayon qəzetləri arasında xüsusi yerə malikdir. Yarandığı ilk gündən taleyüklü rayonumuzun tarixini yazan qəzetimizin səhifələrində Xocalı soyqırımı, erməni vəhşilikləri, Qarabağ həqiqətləri haqqında mütəmadi yazılar dərc edilir. Eyni zamanda ölkəmizdə baş verən əlamətdar hadisələr və ümumrayon tədbirləri işıqlandırılır. Rayonun ictimai-siyasi, sosial-mədəni, tarixi keçmişi, istedadlı insanları, bir sözlə rayonun bütün sahələrinin işıqlandırılmasında mühüm rol oynayır. 8 səhifədən ibarət olan qəzetimiz hər ayın sonunda 600 sayda dərc edilir. Rayon qəzeti vaxtlı-vaxtında abunəçilərə çatdırılır. “Xocalının səsi” qəzeti rayon qəzetləri arasında az sayda qəzetlərdəndir ki, internet ünvanı fəaliyyət göstərir. Qəzetdə yer alan mühüm yazılar xocalininsesi.info internet ünvanına yerləşdirilir. Beləliklə, sayta daimi ziyarətçilər daxil olur, bu yolla qəzetin oxucu sayı artır. Saytın imkanlarından istifadə edilərək qəzetimizdə dərc edilməsi üçün yazılar göndərilir.
 “Xocalının səsi” Ulu öndərimiz Heydər Əliyevin ideyalarına və dövlətçilik xəttinə daim sədaqətlə xidmət edib və bundan sonra da edəcəkdir. Qəzetin səhifələrində ölkədə baş verən ictimai-siyasi hadisələrə münasibət bildirilir. Rayon qəzeti qarşısında duran fəaliyyət prinsiplərini layiqincə yerinə yetirir.
"Xocalının səsi" qəzeti öz fəaliyyətini əsasən aşağıda göstərilən xətlər üzrə davam etdirir.
- Müstəqil dövlətimizin, onun apardığı daxili və xarici siyasətə sadiqlik nümayiş etdirmək;
- Qarabağ müharibəsinin əsl mahiyyətini açıqlamaq, onun tarixini, bu gününü müntəzəm işıqlandırmaq;
- Xalqımızın mübariz əhval-ruhiyyəsini, monolit birliyini təbliğ etmək;
- Respublikamızda və rayonumuzda baş verən mühüm yenilikləri geniş oxucu kütləsinə çatdırmaq;
- Düşmənlərimizin riyakar əməllərini faş etmək üçün bütün imkanlardan istifadə edərək həqiqəti, xalqımızın ədalətli mövqeyini nümayiş etdirmək;
- Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına yardım etmək;
- Qaçqın və məcburi köçkünlərin həyat şəraitini öz səhifələrimizdə müntəzəm işıqlandırmaq.
Xocalının səsi" qəzeti hər zaman Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, siyası varisi İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir. "Xocalının səsi" qəzeti ölkə Prezidenti ilə həmrəydir. İnanırıq ki, ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasəti nəticəsində tezliklə doğma torpaqlarımızı düşmən tapdağından azad edəcəyik. O zaman "Xocalının səsi" də qəzeti də öz fəaliyyətini və missiyasını Xocalıda davam etdirəcək.
Xocalı rayon İcra Hakimiyyətinin dəstəyi ilə nəşr olunan “Xocalının səsi” qəzeti rayonun əsas və tək mətbuat orqanıdır. Qəzetimizin mütəmadi işıq üzü görməsi üçün Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov qəzetin fəaliyyəti ilə daim maraqlanır, öz diqqət və qayğısını əsirgəmir. Redaksiya heyəti və oxucular adından rayonumuzun başçısına minnətdarlığımı bildirirəm.
Söz veririk ki, bundan sonra da məsuliyyətli olacağıq və üzərimizə düşən işi layiqincə yerinə yetirmək üçün daha ciddi çalışacağıq.
“Xocalının səsi” qəzeti Xocalının tarixini yazır. Buna görə də “Xocalının səsi” daim yaşamalı və “Torpaq, Qarabağ, Azərbaycan uğrunda” yorulmadan haqq səsini ucaltmalıdır.
Qalib BƏYMƏMMƏDOĞLUXOCALI iyun tapşırığı
"Xocalının səsi" qəzetinin redaktoru









Paylaşın:

Xocalı rayon ümumtəhsil müəssisələrinin müəllim və şagirdləri “Bilik günü” sevincini yaşadılar

       15 sentyabr tarixdə Respublikamızın bütün təhsil ocaqlarında olduğu kimi  Goranboy rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Börü qəsəbəsində fəaliyyət göstərən Xocalı rayon Əhməd Cavadov adına Cəmilli kənd tam orta məktəbində də “Bilik günü” münasibətilə tədbir keçirildi.
        Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, Xocalı rayon prokuroru Kamran Məmmədov, Xocalı RPŞ-nin xidmət üzrə rəis müavini, polis polkovnik - leytenantı Şahid Muradov, Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayonu üzrə nümayəndəsi Ruslan Bəşirov, Xocalı RTŞ-nin müdiri Şakir Əliyev, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak etdilər.
        Tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlandı.
        Sonra çıxış üçün söz Xocalı rayon Əhməd Cavadov Cəmilli kənd tam orta  məktəbin direkoru Məlahət İsmayılovaya verildi. Məktəb rəhbəri çıxışında məktəbin 2017-2018-ci tədris ilində əldə etdiyi uğurlardan, ali məktəbə qəbulun nəticələrindən danışdı. Qeyd etdi ki, məktəbin şagirdlərindən 2 nəfəri ali məktəbə, 2 nəfər isə orta ixtisas məktəbinə daxil olmuşdur. Məlahət İsmayılova ötən tədris ilində “Təhsildə keyfiyyət ili” ilə bağlı keçirilən tədbirləri diqqətə çatdırdı. Yeni tədris ilində də məktəbin pedaqoji kollektivi olaraq keyfiyyət göstəricisinin yüksək olması üçün daha da ciddi çalışacaqlarını vurğuladı.
         Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rahilə Mehdiyeva şagirdlərin sevincinə qoşulub, onları təbrik etdi, təhsildə uğurlar arzuladı. Çıxışında müəllim – şagird münasibətlərindən danışdı. Müəllimlik peşəsinə dövlətimiz tərəfindən verilən dəyəri yüksək qiymətləndirdi.
        Sonra “Bilik günü”nə həsr edilmiş tədbirdə məktəb şagirdləri Vətənə, anaya, məktəbə, müəllimə həsr olunan şeirlər söylədilər.
Xocalı rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev çıxışında bildirdi ki, Azərbaycan təhsilinin bu gün dünyanın inkişaf etmiş ölkələrinin təhsil sisteminə inteqrasiya etməsi məhz Ulu öndərimiz Heydər Əliyevin ictimai-siyasi əməyi, fəaliyyəti ilə bağlıdır. “Təhsil millətin gələcəyidir” deyən Ümummilli liderimiz Respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə təhsili dövlətin əsas aparıcı prioritet sahələrdən birinə çevirmişdir. Dahi şəxsiyyət Heydər Əliyev təhsilimizin inkişafı naminə böyük töhfələr vermişdir.
         Ulu öndərimizin layiqli davamçısı Prezident Cənab İlham Əliyev Azərbaycana rəhbərlik etməyə başladığı dövrdən təhsilimizi daim diqqət mərkəzində saxlayır.
         Təhsil Nazirliyi tərəfindən müəllimlərin diaqnostik qiymətləndirmədə iştirak etməsi ilə onların əməkhaqları artırılmışdır.Təhsil naziri cənab Ceyhun Bayramovun müvafiq əmrinə uyğun olaraq, ötən tədris ilində olduğu kimi  2018-2019-cu tədris ilində də “Təhsildə keyfiyyət ili” davam etdiriləcəkdir.
        Ötən tədris ilində rayonumuzun təhsil müəssisələrində 99 nəfər məzun olmuşdur. Onlardan 74 nəfər ali və orta məktəblərinə sənəd vermiş, 41 nəfər ali məktəbə, 14 nəfər orta ixtisas məktəbinə qəbul olmuşdur. Qəbulun səviyyəsi sənəd verənlərə görə 55 faiz təşkil etmişdir. Bu nəticə Respublika səviyyəsinə görə yaxşı göstəricidir. Həmin nəticənin müəyyən bir hissəsi də Xocalı rayon Əhməd Cavadov adına Cəmilli kənd tam orta məktəbinin payına düşür.
Bizim ən ümdə vəzifəmiz xalqımız və dövlətimiz üçün yararlı, faydalı, vətənpərvər vətəndaş yetişdirməkdir. Təhsil sisteminin qarşısında duran əsas amil məhz bundan ibarətdir.
         Rayon təhsil şöbəsinin müdiri Şakir Əliyev çıxışının sonunda təhsil sahəsində çalışan bütün işçilərə öz fəaliyyətlərində uğurlar arzuladı. Xocalı rayon İcra Hakimiyyətinin başçıcı cənab Şahmar Usubova rayon təhsilinə daim diqqət və qayğı ilə yanaşdığı üçün minnətdarlığını bildirdi.
        Xocalı rayon prokuroru Kamran Məmmədov çıxışında təbriklərə qoşularaq yeni tədris ilində pedaqoji kollektivə və şagirdlərə uğurlar arzuladı. Qeyd etdi ki, təhsil hər bir millətin, dövlətin gələcəyidir,  onun inkişafının qarantıdır. Hər hansı ölkədə təhsil inkişaf etdirilibsə, bu o deməkdir ki, həmin ölkədə iqtisadiyyat da, siyasət də inkişaf etdirilib. Dövlət başçımız təhsil sahəsinə xüsusi önəm verir. Son illərdə istənilən sahədə, o cümlədən təhsil sahəsində baş verən inkişaf bizim gələcəyə doğru inamlı, etibarlı addımlarla irəlilədiyimizi göstərir.
         Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Qəhrəmanov “Bilik günü”nün başlanmasının gözəl günə təsadüf etməsini diqqətə çatdırdı. Belə ki, 100 il bundan əvvəl Bakı şəhəri erməni - daşnak, bolşevik terrorçularından təmizlənərək azad olundu. Bu gün Respublikamızın paytaxtında böyük hərbi paraq keçirilir. Allah-taala bizə qismət etsin ki, belə qələbə günlərini, əlamətdar tədbirləri öz torpaqlarımızda keçirək.
         Ramiz Qəhrəmanov Cəmilli kəndinin tarixindən də qısa məlumat verdi. Bildirdi ki, Cəmilli kəndi elə bir coğrafi mövqedə yerləşmişdi ki, yaxınlıqda azərbaycanlı kəndləri yox idi. Ermənilərin qurduqları plan əsasında Cəmilli kəndində orta məktəb olmadığı üçün VIII sinfi bitirən şagirdlər hamısı kənddə qalırdı; təhsillərini davam etdirə bilmirdi. Nadir hallarda Cəmilli kəndindən gedib kənarda ali məktəb partalarında əyləşənlər olurdu. Çox şükürlər olsun ki, bu gün köçkün həyatı yaşadığımıza baxmayaraq, dövlətimizin yaratdığı şərait sayəsində məzunlarımız istədikləri kimi təhsillərini davam etdirə bilirlər. Cəmilli kənd məktəbindən vaxtı ilə heç bir ali məktəb qapısı açan olmadığı halda, hal-hazırda məktəbimizin məzunları Respublikamızın ən yüksək ali məktəblərdə təhsil alırlar. Biz tezliklə doğma torpaqlarımıza qayıdanda onlar bizim gələcəyimiz kimi ümid yerimiz olacaqlar.
         Yekun olaraq çıxış üçün söz Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubova verildi. Rayonumuzun  rəhbəri Cəmilli kənd sakinlərinin köçkünlük həyatında üzləşdiyi problemlərdən danışdı, yerdəyişmə ilə əlaqədar olaraq əvvəlki illərdə Cəmilli kənd məktəbində müəyyən kadr çatışmazlığının olduğunu diqqətə çatdırdı. Ancaq bu gün dövlətimizin rəhbərinin göstərdiyi qayğı və diqqət əsasında həmin problemlər arxada qaldı. Respublikamızda təhsilə olan münasibət ən yüksək səviyyədədir. Çünki təhsil ocaqlarında insan şəxsiyyəti formalaşır. Azərbaycan dövlətinin gələcəyi yüksək təhsilli gənclərdən asılıdır.
         Xocalı rayon əhalisi Respublikanın müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşdığı üçün həmin şəhər və rayonların məktəblərindən yüksək ballarla ali məktəblərə qəbul olan məzunlarımız var. Onlar da Xocalı rayon ümumtəhsil məktəblərinin məzunları kimi savadlı və bacarıqlı kadr kimi yetişən rayon sakinləridir.
        Müəllimlərimiz dövlətimizin təhsilə olan diqqət və qayğısının qarşılığında öz əmək töhfələri verməlidirlər.
         Biz yaradılan şərait üçün dövlətimizin başçısı Cənab İlham Əliyevə minnətdarıq; onun apardığı siyasəti dəstəkləyirik.
        Arzu edirəm ki, uğurlu təhsilimizi öz elimizdə, obamızda davam etdirək, bizim üçün qurulmuş gözəl həyat Xocalımızda, Cəmillimizdə, Qarabağımızda qurulsun.
Rayonumuzun rəhbəri cənab Şahmar Usubov çıxışının sonunda tədbir iştirakçılarını “Bilik günü” münasibətilə təbrik etdi, xoş arzularını bildirdi.
         Sonda çalınan zəng sədaları altında şagirdlər əllərində gül-çiçək dəstələri ilə siniflərə daxil oldular. Beləliklə, məktəblərdə təhsil prosesi yeni tədris ilində başlandı.



























Paylaşın:

Xocalı rayon İH-nın başçısı Şahmar Usubov Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə səyyar qəbul – görüş keçirdi

       14 sentyabr tarixdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə müvəqqəti məskunlaşan Xocalı rayon Kosalar kənd sakinləri ilə səyyar qəbul – görüş keçirdi. Problemlərin yerində öyrənilməsi, onların həlli istiqamətində kompleks addımların atılması məqsədilə keçirilən səyyar qəbul – görüşdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, hüquq-mühafizə orqanlarının, idarə, məüssisə rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Səyyar qəbul – görüşdə şəhid anası Abdullayeva Şəkurə Əşrəf qızı şəhid  övladına düşən Cənab Prezident İlham Əliyevin müvafiq Sərəcamına uyğun olaraq birdəfəlik müavinətin alınması ilə bağlı köməklik göstərilməsini xahiş etdi. Kosalar kənd sakini Rəşidov Qorxmaz Arif oğlu əməkhaqqı kartların yerlərdə paylanmasının təmin edilməsi məsələsini qaldırdı. Digər sakinlər də müraciətlərini diqqətə çatdırdılar.
         Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üsrə nümayəndəsi Şahid Rzayev idarə və müəssisələrədə smartkart tipli ekturon sayğacların quraşdırılmasını növbəti büdcə ilində nəzərə alınmasına köməklik gəstərilməsi üçün müraciət etdi.
         Cənab Şahmar Usubov qaldırılan məsələləri  diqqətlə dinlədi və həllini nəzarətə götürdü.












Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi