Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Mülki müdafiənin təşkili mövzusunda keçirilən konfrasda mühüm təkliflər səsləndirildi

        27 noyabr tarixdə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində mülki müdafiənin təşkili mövzusunda konfrans keçirildi.  Xocalı rayon İcra Hakimiyyətinin akt zalında keçirilən konfransda Xocalı rayon İH-nın başçıcı cənab Şahmar Usubov, FHN-nin Qarabağ Regional Mərkəzinin rəisi, polkovnik Mirəli Feyziyev, idarə, müəssisə rəhbərləri və rayon ziyalıları iştirak etdilər. 
        Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov konfransı giriş sözü ilə açaraq gündəlikdə duran məsələni diqqətə çatdırdı. Konfransda məruzə ilə çıxış edən Mirəli Feyziyev mülki müdafiənin təşkili istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, ötən dövr ərzində Xocalı rayonunda 61 obyektdə mülkü müdafiə planı tərtib olunub. Mülki müdafiə tərtib olunmuş planların əksəriyyəti təhsil müəssisələridir. İdarə və müəssisələr hər biri hesabat verməlidir. Mülki müdafiə özümüzün və əmlakımızın mühafizəsinin təşkili məqsədilə görülmüş tədbirlər kompleksidir. Mülki müdafiə düşmən hücumu zamanı əhalinin müdafiə edilməsi, habelə fövqəladə hallar baş verdikdə əhalinin müdafiəsi, təhlükəsiz ərazilərə təxliyyəsi məqsədilə görüləcək tədbirlərdir. 
        Sonra konfrans iştirakçıları  FHN-nin Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyevə suallar ünvanladılar. Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Qəhrəmanov əhalinin müdafiəsi üçün istehkam qurğularının hazırlanması, alternativ yolların çəkilməsi və digər tədbirlərin həyata keçirilməsi üçün lazım olan vəsaitin ödənilməsini hansı struktur təmin etməlidir sualını verdi. Xocalı rayon 1 saylı tam orta məktəbin tədris işləri üzrə direktor müavini Aydın Nəcəfov bildirdi ki, çalışdığı məktəbin zirzəmizisi torpaqla örtülüb. O, gələcəkdə tikilməsi nəzərdə tutulan məktəb binalarında zirzəmilərin tikilməsininin nəzərdə saxlanılmasını və orta məktəblərdə şagirdlərə fövqəladə hallar zamanı ilkin tədbirləri öyrətmək üçün əlehqazların verilməsini təklifini verdi.    
         Mirəli Feyziyev verilən sualları cavablandırdı və təkliflərə münasibət bildirdi. Qeyd etdi ki, qaldırılan məsələlərlə bağlı aidiyyatı strukturlara məlumat veriləcək. 
       Xocalı rayon Fövqəladə Hallar Komissiyasının sədri Vahid Əliyev çıxışında vurğuladı ki, mülki müdafiə hər birimizin həyatı ilə bağlı olan məsələdir. Texnogen hadisələr, təbii fəlakətlər və müharibə şəraitində fövqəladə vəziyyət elan edilir. Bu hadisələrin qarşısını almaq mümkün olmasa da, dəymiş zərərin miqyasını azaltmaq mümkündür. 
        Yaxşı olar ki, mülki müdafiənin təşkili üçün regionun spesifik xüsusiyyəti  nəzərə alınmaqla ixtisaslı mütəxəssislər tərəfindən analizlər aparılsın və həmin ərazidə baş verə biləcək hadisələrin miqyasını azaltmaq üçün lazımı tədbirlərin həyata keçirilməsi üçün mütəxəssis yanaşması ortaya qoyulsun. Bizim müvəqqəti məskunlaşdığımız ərazi cəbhəboyu ərazidə yerləşir. Burada əsas vəzifə hərbi vəziyyət yaranarsa, müharibə şəraitində mülkü vətəndaşların müdafiəsinin təmin olunması zəruriliyidir. Bunun üçün sığınacaqların hazırlanması, yaşayış məntəqələrindən insanların təxliyyə olunması üçün alternativ yolların çəkilməsi məsələləri icra olunmalıdır. 
        Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov gündəlikdə duran məsələnin əhəmiyyətini diqqətə çatdırdı. Rayon rəhbəri qeyd etdi ki, fövqəladə hadisələrin dinc dövrdə də baş verməsi mümkündür. Biz o zaman məsələlərin kompleks həllinə nail ola bilərik ki, bir yerdə işləyək. Baş verə biləcək fövqəladə hadisələrə qarşı hazırlıqlı olmalıyıq. Mülki müdafiənin təşkili mövzusunda mütəmadi maarifləndirici tədbirlər aparılmalıdır. 
        
        
        
                            





Paylaşın:

Xocalı rayon İH-nın təşkilatçılığı ilə Börü qəsəbəsi ərazisində 10000 ədəd yerli tut tingləri əkilib

       Prezident İlham Əliyevin 2017-ci il noyabrın 27-də imzaladığı Sərəncamla "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Müvəqqəti köçkün həyatı yaşayan xocalılar da müvafiq Sərəncama əsasən, baramaçılığın və ipəkçiliyin inkişafına öz töhfələrini verirlər. 21 noyabr tarixdə Goranboy rayonunun Börü qəsəbəsinə yaxın ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 6 hektar ərazidə 10000 ədəd yerli tut tingləri əkilib. Xocalı rayon İH-nın, Xocalı Aqrar İnkişaf Mərkəzinin, rayon idarə və müəssisələrinin əməkdaşları əkində fəal iştirak ediblər. Əlavə olaraq Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə 4500 ədəd yerli tut tinglərinin əkilməsi nəzərdə tutulub.
        Qeyd edək ki, Börü qəsəbəsinə yaxın ərazidə buna qədər 11 mini Çindən gətirilən, 500 ədədi yerli olmaqla ümumilikdə 11500 ədəd tut tingi əkilib. Cari ildə 500 kq barama istehsalı planına əsasən, 636 kq barama istehsal edilib.


Paylaşın:

Mübariz Allahverdiyev – professor Metelitsanı riyakarlığına görə ifşa edən azərbaycanlı alim

        Azərbaycanın tibb ictimaiyyətində özünəməxsus yeri olan Mübariz Allahverdiyevi tanıyanlar onun
haqqında yalnız bu ifadələri işlədə bilərlər: əsl ziyalı, xeyirxah insan, vətənpərvər azərbaycanlı…
        Allahverdiyev Mübariz Qasım oğlu 1942-ci il noyabrın 19-da Xocalıda anadan olub. 1957-ci ildə Xocalı 7-illik məktəbini bitirdikdən sonra tam orta təhsilinin bir hissəsini Şuşadakı 1 saylı orta məktəbdə, sonra isə Xankəndi şəhər Nizami Gəncəvi adına 4 saylı orta məktəbin 9-10-cu siniflərində davam etdirib. 1966-cı ildə N.Nərimanov adına ATİ-ni bitirdikdən sonra təyinatını Dağlıq Qarabağ Muxtar Vilayətinə götürüb. Lakin Vilayət səhiyyə şöbəsinin müdiri Atayan onu işlə təmin etməkdən imtina edib. Təbii ki, bu da səbəbsiz olmayıb. Sonradan məlum olub ki, Yerevandan alınan xüsusi göstərişə görə onlar azərbaycanlıları işə götürməməlidirlər. Nəhayət, 1966-cı ilin oktyabr ayının 4-də o, çətinliklə vilayətin ermənilər yaşayan Naxçıvanik kəndinə göndərilib. 1968-ci ilin yanvar ayının 4-də onun Naxçıvanikdəki iş yeri məqsədyönlü şəkildə ixtisara salınıb. O, məcburən, öz doğma yurdundan didərgin düşüb. 1968-ci ildə Türkmənistana gedib. Orada Daşhovuz (Dış Oğuz) Vilayətinin Köhnə-Ürgənc rayonunun “Leninqrad” kolxozundakı sahə xəstəxanasında baş həkim vəzifəsinə təyin edilib.
        Qısa müddətdən sonra Mübariz Allahverdiyev Azərbaycana dönüb, 1969-cu ilin fevral ayının 18-də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Böyük elmi şurasının qərarı ilə normal anatomiya kafedrasının müəllimi vəzifəsinə qəbul edilib, 1970-ci ildə assistent, 1973-cü ildə baş müəllim, 1986-ci ildə dosent, 2010-cu ildə professor vəziəsinə seçilib və hal-hazıra kimi kafedranın professoru vəzifəsində çalışır.
        O, 1971-ci ildən 1990-cı ilə qədər kafedranın tədris hissə müdiri vəzifəsini yerinə yetirib. 20-dən çox dərslik və dərs vəsaitlərinin, 3 monoqrafiyanın, 3 bioqrafik məlumat kitabının müəllifi, bir neçə kitabın tərtibçisi və nəşrinə məsuldur.
         1975-1982-ci illərdə Azərbaycan dövlət televiziyasında təşkil edilmiş “Tədris” rubrikası üzrə silsilə verilişlərdə “Anatomiya, fiziologiya, gigiyena” adlı layihə üzrə xüsusi proqram əsasında orta məktəb şagirdləri üçün hər dəfə 20 dəqiqəlik canlı dərslər aparmaq Mübariz Allahverdiyevə həvalə edilib.
        O, 1991-ci ildən ATU-nun I müalicə-profilaktika fakültəsinin dekan müavini, 1993-2000-ci illərdə ATU-nun elmi katibi, 2001-2006-cı illərdə İnternatura şöbəsinin müdiri, 2006-2008-ci illərdə pediatriya fakültəsinin dekan müavini vəzifələrində çalışıb, 2008-ci ildə ATU-nun rektorunun müşaviri vəzifəsinə təyin edilib və hazırda da həmin vəzifəni yerinə yetirir.
1988-1993-cü illərdə Dağlıq Qarabağda erməni işğalçılarına qarşı elan olunmamış özünümüdafiə xarakterli müharibədə iştirak edib. Bakı şəhəri Xətai rayonu Hərbi Komissarlığı tərəfindən ona “Müharibə veteranı” vəsiqəsi verilib, “Qarabağ Müharibə Veteranları Birliyi”nin, 2012-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Xocalı soyqırımını Tanıtma” İctimai Birliyinin Ağsaqqallar Şurasının sədridir.
        Vətən həsrətli alim 2011-ci il fevralın 24-də Azərbaycan Tibb Universiteti və Türkiyənin Qazi Universiteti rektorlarının birgə təşəbbüsü ilə Xocalı soyqırımına həsr edilmiş telekörpü verilişində çıxış edib, onun Təşkilat Komitəsinin üzvlərindən olub. 2012-ci il fevralın 20-dən 27-nə qədər İstanbula ezam edilib, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Türkiyənin televiziya kanallarında, ali məktəb müəssisələrində çıxışlar edib, çıxışının fraqmentləri həmin ölkənin jurnalistləri tərəfindən internetə yerləşdirilərək beynəlxalq miqyasda geniş dinləyici auditoriyasına çatdırılıb. 2012-ci ilin fevral ayının 26-da İstanbulun Taksim Meydanında Xocalı soyqırımının tanıdılmasına həsr olunmuş möhtəşəm yürüşün fəal iştirakçılarından olub.
        Mübariz Allahverdiyev 1975-1996-cı illərdə Azərbaycan Anatom, Histoloq və Embrioloqlar elmi Cəmiyyətinin katibi, 1989-1993-cü illərdə “anatomiya”, “histologiya”, “atoloji anatomiya” ixtisasları üzrə İxtisaslaşdırılmış müdafiə şurasının elmi katibi, 2000-2006-cı illərdə kafedra üzrə Tələbə Elmi Cəmiyyətinin sədri vəzifələrində çalışıb, 2006-cı ildən kafedra müdirinin elmi işlər üzrə müavini vəzifəsini yerinə yetirir. 2008-ci ildən indiyə qədər Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın ATU-nun nəzdində təşkil etdiyi “biokimya”, “insan anatomiyası”, “patoloji fiziologiya”, “farmakologiya, kliniki farmakologiya” ixtisasları üzrə FD 03.013 şifrli dissertasiya şurasının elmi katibi vəzifəsində çalışır.
        O, 1985-ci il aprelin 30-da Tbilisi Dövlət Tibb İnstitutunda namizədlik, 2008-ci il yanvar ayının 31-də Bakıda ATU-nun nəzdində doktorluq dissertasiyası müdafiə edib. 200-dən çox çap olunmuş elmi və elmi-kütləvi işin müəllifidir. Ölkəmizdə, eləcə də bir sıra xarici ölkələrdə, o cümlədən Türkiyədə, Almaniyada, Rusiya Federasiyasında, digər MDB ölkələrində keçirilən elmi konqres və konfransların nümayəndəsi olub, həmin ölkələrin elmi məcmuələrində məqalələr çap etdirib.
        Moskvada İ.M.Seçenov adına I Moskva Dövlət Tibb İnstitutunda, Sankt-Peterburqdakı Meçnikov adına Sanitariya-Gigiyena İnstitutunun müalicə-profilaktika fakültəsində, Hərbi Tibb Akademiyasında, Xarkov Dövlət Tibb İnstitutunda elmi ezamiyyətlərdə və ixtisasartırma kurslarında olub.
        Sonuncu dəfə 1988-ci ildə İ.M.Seçenov adına I Moskva Dövlət Tibb İnstitutunda elmi ezamiyyətdə olarkən professor Metelitsa mühazirə zamanı dinləyicilər qarşısında ulu öndər Heydər Əliyev haqqında qərəzli ifadələr işlətdikdə Mübariz Allahverdiyev onun sözünü kəsərək 1980-cı ildə dahi Heydər Əliyev haqqında söylədiyi həqiqətə uyğun ifadələri ona xatırlatmış və professor Metelitsanın riyakarlı-ğını auditoriya qarşısında ifşa etmiş, indiki ifadələrinin uydurma olduğunu onun üzünə demişdir.
        1977-ci ildə tibb təhsili sahəsində əldə etdiyi nailiyyətlərə görə “Sosializm yarışının qalibi” döş nişanına, yüksəkixtisaslı tibb kadrları hazırlığındakı xidmətlərinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanlarına, 2007-ci ildə “Qızıl Qələm” mükafatına, 2010-cu ildə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülüb.
    İlham CƏMİLOĞLU,
müstəqil jurnalist
Paylaşın:

Xocalı rayon təhsil müəssisələrində ağacəkmə aksiyası keçirildi

        Ekologiya və Təbii Sərvətlər və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə noyabrın    17-də Respublikanın təhsil müəssisələrində ağacəkmə aksiyası keçirilib. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında keçirilən aksiyada Xocalı rayon Təhsil Şöbəsinin əməkdaşları, rayon ümumtəhsil məktəblərinin pedaqoji işçiləri də fəal iştirak etdilər. Əkilən ağaclara aqrotexniki qulluq göstərildi.      
        Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın məqsədi gənc nəslə ətraf mühitin qorunması, ekoloji tərbiyənin gücləndirilməsi və təbiətə qayğı hissi aşılamaqdır. 







Paylaşın:

"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasının növbəti mərhələsində iştirak edəcək Xocalı məktəbliləri ilə görüş keçirildi

       16 noyabr tarixdə "Ölkəmizi tanıyaq" tur-aksiyasının növbəti mərhələsində iştirak edəcək Xocalı rayon məktəbliləri ilə görüş keçirildi. Xocalı rayon İHB aparatının akt zalında keçirilən görüşdə Xocalı rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, valideynlər və və aksiyada iştirak edəcək məktəblilər iştirak etdilər.
        Tədbirdə çıxış edən Lamiyə Qarayeva Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən təşkil edilən "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyalarının əhəmiyyətini qeyd edərək 4 il ərzində 7 istiqamət üzrə keçirilən tur-aksiyalarda cari ilin noyabr ayının 14-17 və 18-21 tarixlərini əhatə edəcək 10-cu tur-aksiya ilə birlikdə ümumi tur-aksiya iştirakçılarının sayının 23444 nəfərə çatacağını bildirdi.
        Lamiyə Qarayeva Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətlərindən, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafından, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən simasından danışdı. "Əsrin müqaviləsi" adını almış neft kontkraktının vaxtının uzadılması, TAP və TANAP layihələrinin uğurla icra olunması, istifadəyə verilmiş Bakı - Tblisi - Qars dəmir yolunun, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyəti, Azərbaycanın üçüncü peyki olan "Azerspace-2" peykinin orbitə buraxılması və digər beynəlxalq əhəmiyyətli layihələr barəsində tədbir iştirakçılarına məlumat verdi.
        Xocalı RTŞ-nin  müdiri Şakir Əliyev çıxışında bildirdi ki, rayonumuzun 12 ümumtəhsil məktəbindən nümunəvi şagirdlər tur-aksiyada iştirak edəcəklər. "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyası məktəblilərdə vətənpərvərlik əhval-ruhiyyəsini yüksəldir, ölkəmiz haqqında məlumatları zənginləşir, dünya görüşləri artır, ölkə başçısı Cənab İlham Əliyevin həyata keçirdiyi Sərəncama uyğun olaraq regionların sosial-iqtisadi inkişaf proqramının hansı səviyyədə həyata keçməsini öz gözləri ilə görürlər.
        Şakir Əliyev tur-aksiya iştirakçılarına öz tövsiyələrini çatdırdı. Tur-aksiya çərçivəsində intellektual oyunlarda fəal olmalarının, özlərinə yaxşı yoldaşlar tapmaqlarının, özləri ilə yaddaş kitabçası götürmələrini və gördüklərini, öyrəndiklərini qeydə almalarının, tur-aksiyadan qayıtdıqdan sonra aldığı bilikləri məktəb yoldaşları ilə bölüşmələrinin vacibliyini qeyd etdi. 
        Sonra Xocalı rayon Meşəli kənd tam orta məktəbin direktoru Alış Alışov, valideynlərdən Mətanət Zamanova, Teymur Əzimov, Məmmədova Gülnaz və digərləri çıxış edərək "Ölkəmizi tanıyaq" layihəsinin təşkili üçün Cənab Prezidentimiz İlham Əliyevə minnətdarlıq etdilər. Məktəblilərə uğurlu yollar arzuladılar.
        Xocalı şəhər 1 saylı tam orta məktəbin IX sinif şagirdi Əhmədov Turan Tural oğlu çıxışında "Ölkəmizi tanıyaq" layihəsində iştirak etməyin onun üçün maraqlı olacağını və tur-aksiyadan səmərəli istifadə edərək çoxlu biliklər əldə edəcəyini vurğuladı. Tur-aksiyanın təşkili üçün ölkə başçısına öz minnətdarlığını bildirdi.
        Tədbir xoş ovqatla yekunlaşdı. 
         
Qeyd: Yazı işlənilir...

                           














Paylaşın:

“Məcburi Köçkün Qadınlar” İctimai Birliyi “N” saylı hərbi hissələrinin şəxsi heyətində döyüş əzminin yüksəldilməsi məqsədi ilə görüşlər keçirmişdir

        Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə, “Məcburi Köçkün Qadınlar” İctimai Birliyi, “Torpaqlarımızın azadlığı uğrunda Qəhrəmanlıq göstərmiş zabitlərin döyüş yolları ilə bağlı gənclər arasında təbliğat işləri aparmaqla onlarda vətənpərvərlik ruhunun gücləndirilməsinə dəstək vermək” layihəsi çərçivəsində, Müdafiə Nazirliyinin ön xəttə yerləşən “N” saylı hərbi hissələrinin şəxsi heyətində döyüş əzminin yüksəldilməsi məqsədi ilə 23-31 oktyabr 2018-ci il tarixlərində görüşlər keçirmişdir.
        Görüşlərdə, “Məcburi Köçkün Qadınlar” İctimai Birliyinin sədri- layihə rəhbəri, Zəngilan rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Zərifə Həmzəyeva, Zəngilan rayon ziyalısı - ehtiyatda olan zabit Əsəd Hüseynov, ehtiyatda olan hərbiçi Gülarə Musayeva və digər yoldaşlar iştirak etmişlər.
        Layihə çərçivəsində Zərifə Həmzəyevanın müəllifliyi ilə peşəkar hərbiçilərin rəşadətli döyüş yolları ilə bağlı “Zirvəyə gedən yol” kitabı, 12 şəhid hərbiçinin döyüş yolu ilə bağlı stolüstü kalendar nəşr edilib iştirakçılara çatdırılmışdır. 
        Hər bir hərbi hissəyə 1 ədəd televizor hədiyyə olunmuşdur.





















Paylaşın:

Dövlət Bayrağı Gününə həsr olunmuş veloyürüş və ümumrayon tədbiri keçirildi

        08.11.2018-ci il tarixdə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə ümumrayon tədbiri keçirildi. Əvvəlcə Dövlət Bayrağı Gününə həsr edilən məktəbli şagirdlərin veloyürüşü təşkil edildi. Qəsəbənin girəcəyində salınmış Bayraq meydanından qəsəbə mərkəzinə kimi veloyürüşdə məktəbli şagirdlər əllərində üçrəngli Şanlı Bayrağımızla müxtəlif vətənpərvərlik şüarları səsləndirdilər. Yol boyu sakinlər veloyürüş iştirakçılarını alqışladılar.
        Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, hüquq-mühafizə orqanları əməkdaşları, rayon ziyalıları və "N" saylı hərbi hissənin əsgər və zabitləri iştirak etdilər. Xocalı rayon Mədəniyyət Evində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. 
        Sonra Dövlət bayrağımıza aid hazırlanmış musiqili videoslayd nümayiş etdirildi. 
        Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva çıxışında bildirdi ki, bayraq dövlətimizin, xalqımızın mili kimliyinin, onun illərdir apardığı azadlıq mübarizəsinin təcəssümüdür. Bu gün qürurverici haldır ki, dövlətimizin və  dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan bir sıra beynəlxalq təşkilatların tamhüquqlu üzvüdür. Həmin beynəlxalq təşkilatlarda rəsmi dövlət rəmzi kimi dalğalanan üçrəngli dövlət bayrağımız Azərbaycanın müstəqil suveren dövlət kimi varlığını bir daha bütün dünyaya bəyan edir. Azərbaycan iqtisadi-inkişaf tempinə görə dünyanın inkişaf etmiş dövlətləri sırasındadır. Cənubi Qafqazda liderlik mövqeyini qoruyub saxlayır. Xalqımız Dövlət Bayrağı Gününü dövlətimizin əldə etdiyi uğurlarla qeyd edir. Belə ki, beynəlxalq idman yarışlarında idmançılarımız yüksək nailiyyətlər əldə edərək bayrağımızı dağlalandırırlar. Biz xocalılar da bununla böyük qürur və fəxr hissi keçiririk. Əminik ki, tezlikə haqq-ədalət zəfər çalacaq və üçrəngli bayrağımız inşallah işğaldan azad edilən torpaqlarımızda da dalğalanacaq. Bunun üçün biz hər gün atdığımız addımlarla, gördüyümüz işlərlə , əldə etdiyimiz uğurlarla zəfər gününü daha da yaxınlaşdırmalıyıq. 
        Dövlət bayrağımızın yaranma tarixindən bəhs edən geniş məruzə ilə söz Xocalı rayon Əhmad Cavadov adına Cəmilli kənd tam orta məktəbin direktoru Məlahət İsmayılovaya verildi. Məlahət İsmayılova çıxışında dedi ki, hər bir xalqın özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin milli-mənəvi irsi, pak və ali dəyərləri, qlobal planda maddi-mənəvi mədəniyyət nümunələri əsasında müəyyənləşir.Azərbaycanın üçrəngli Milli Bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. 
        Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir.
        1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.
        Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir.
        Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev 17 noyabr 2009-cu ildə imzaladığı Sərəncamı ilə dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə hər il noyabr ayının 9-u dövlət bayrağı günü kimi qeyd edilir.
        Daha sonra çıxış edən Xocalı rayon prokuroru Kamran Məmmədov bildirdi ki,  Dövlət bayrağımız hər bir Azərbaycan vətəndaşında yüksək vətənpərvərlik ruhu aşılayır, Vətənə sevgi və məhəbbət hissləri yaradır.  Gənc nəslin Azərbaycan Bayrağına hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasına və möhkəmləndirilməsinə xidmət göstərir. Azərbaycan Xalq Cümhuriyyətinin dövründə qəbul edilmiş üçrəngli bayrağımız nəsillərdən-nəsillərə ötürülərək 70 il ərzində müstəmləkə şəraitində yaşayan Azərbaycan xalqının bu günə gətirib çatdırdığı ən dəyərli məfhumlardan biridir.  
Bu gün bayrağımız nüfuzlu beynəlxalq təşkilatların binalarının önündə, eyni zamanda xarici ölkələrdəki səfiriklərimizdə dalğalanmaqdadır.  Üçrəngli bayrağımız şəhidlərimizin ruhlarının daşıyıcısıdır. Hər şəhidimiz son mənzilə yola salınarkən üçrəngli bayrağımıza bürünür. 
Dövlət bayrağımızın əhəmiyyəti və onun qorunması dövlət səviyyəsində qanunlar, əsasnamələr, məcəllələr və digər qanunvericilik qanunvericilik aktları ilə həyata keçirilir. Belə ki, 8 iyun 2004-cü il tarixdə Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanunun və Dövlət bayrağı haqqında əsasnamənin xüsusi əhəmiyyəti vardır. Həmin qanun və əsasnaməyə qədər müəyyən yolverilməz hallar olurdu. Azərbaycan Respublikası Dövlət bayrağının bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.
Yekun olaraq söz Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubova verildi. Rayounumuzun rəhbəri çıxışında qeyd etdi ki, bütün rayonlarımızda Bayraq muzeyləri mövcuddur. Həmin muzeylərdə tarixi dövlətlərimizin bayraqları nümayiş etdirilir. 70 illik müstəmləkə dövründə bayrağımıza olan ehtiramımızı düzgün ifadə edə bilmirdik. Müstəqilliyimizin bərpasından sonra bayrağımıza olan ehtiram geri qayıtdı. Ulu öndərimiz Heydər Əliyevin müstəqilliyin ilk illərində haqlı olaraq deyirdi: "Müstəqilliyi qazanmaq asan, onu qorumaq isə çox çətindir". Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmiz xaos içində idi, torpaqlarımız işğal edilirdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmiz inkişafa qədəm qoydu. Bu gün ölkəmiz bir çox beynəlxalq layihələri icra edir. Dövlət baçısı İlham Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində ölkəmiz bütün sahələrdə inkişafa nail olub. Bununla bərabər, ordu quruculuğu da yüksək səviyyədə aparılır. Bütün bunlar xalq – prezident birliyi və xalq-ordu birliyi sayəsində həyata keçib. Aprel döyüşlərindəki şanlı qələbəmiz bizim gücümüzü, milli birliyimizi bütün dünyaya nümayiş etdirdi. Şahmar Usubov bu birliyimizin nəticəsində tezliklə torpaqlarımızı işğaldan azad edəcəyimizə olan əminliyini vurğuladı. 
Sonda Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən,  Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə  “Dövlət qulluğunda fərqlənməyə görə” medalını Xocalı rayon İHB-nın Meşəli kənd İƏD-si üzrə nümayəndəsi Kazımov İlham Xəlil oğluna təqdim etdi.
         Tədbir Xocalı rayon mədəniyyət işçiləri – Ruslan Mustafayevin, Vüsalə Hümbətovanın,  Nəsib Quliyevin vətənpərvərlik ruhunda ifa etdiyi şən musiqilərlə davam etdirildi. 




































































Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi