
Amma xainlik, satqınlıq baş alıb gedirdi. Vahidi hədələyir, Şuşadan getməyini tələb edirdilər. Odur ki, Vahid döyüş dostu Ziyəddin Quliyevlə Kosalara gəlir. O, səriştəli tank idarəçisi kimi, döyüşlərdə ad-san qazanmışdı. Vahid Almaniyada tank qoşunları ordusunda xidmət etdiyi üçün, tankın dilini əla bilirdi. Buna görə də tankı Vahidə verirlər. Bir neçə gün Şuşada vuruşur, sonra doğma kəndin müdafiəsi üçün Kosalara gəlir. Elçin Həsənovla birlikdə tankı idarə edir. Xankəndinə və ətraf kəndlərə mərmi yağdırır. Mübağiləsiz demək olar ki, onun atdığı mərmilər yüzlərlə erməni öldürmüşdür.
1992-ci il, may ayının 9-u idi. Artıq Şuşa şəhəri düşmən əlinə keçmişdir. Kosalar kəndinə hər tərəfdən erməni-rus hərbi birləşmələri yeridildi. Qarabağda düşmən əlinə keçməmiş yeganə yaşayış məntəqəsi olan Kosalar kəndi köməksiz qalmışdı. Vahid və onun silahdaşlarının səyi ilə əhali çıxmağa müvəffəq oldu. Son anda Vahid düşmən əlinə keçməsin deyə “Qara pələng” adlandırdığı sevimli tankını yandırdı. Bu onun üçün çox ağır idi. Çünki, bu Kosalara olan ümidin sonu demək idi.
Döyüşlərdə aldığı sarsıntı və iztirablar nəticəsində ağır xəstəlik keçirmişdir.
Vahid Quliyev keçdiyi şərəfli döyüş yolu ilə qürurlu həyat yaşayır. Onun döyüş yolunu, qəhrəmanlığını öyrənmək, gənc nəslə çatdırmaq vacibdir. Vahidin igid topçu olduğunu Şuşa və Kosalar camaatı yaxşı bilir.
Vahid Quliyevin ən böyük arzusu Qarabağa, doğma yurd yerlərinə qayıtmaqdır.
Nəşrə hazırladı: Bəyməmməd QULİYEV