XX
əsrin 80-ci illərinin ikinci yarısında da ermənilər SSRİ-də yaranmış siyasi vəziyyətdən
istifadə edib, dərhal Azərbaycana qarşı açıq ərazi iddiası irəli sürmüş, bir
neçə günün içərisində Ermənistanda yaşayan 200 minə qədər azərbaycanlını kütləvi
şəkildə deportasiyaya məruz qoymuş, ardınca Dağlıq Qarabağın azərbaycanlı
icmasına qarşı kütləvi terror və qırğınlar həyata keçirməyə başlamışlar.
1992-ci ilin əvvəllərindən Ermənistan silahlı qüvvələri öz təcavüzkar siyasətlərini
genişləndirərək Dağlıq Qarabağ və ətraf ərazilərdəki azərbaycanlılar yaşayan
bütün yaşayış məntəqələrini bir-birinin ardınca işğal etdilər. Qısa zaman kəsiyində
Xocavənd, Cəmilli, Meşəli, İmarət-Qərvənd, Kərkicahan, Kosalar, Malıbəyli,
Quşçular, Qaradağlı və digər kəndlər zəbt olunmuş, əhalinin bir qismi əsir
götürülmüşdür.
1992-ci
il fevralın 25-dən 26-na keçən gecə Ermənistan dövlətinin nizami hərbi birləşmələri
keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının
iştirakı ilə aylarla mühasirədə saxlanılan Xocalı şəhərinə hücuma keçərək, bir
gecənin içində onu yerlə-yeksan etmişlər. Bu qanlı aksiya zamanı dinc əhaliyə
amansızlıqla divan tutulmuş, 613 nəfər qətlə yetirilmiş, meyitlər təhqir
olunmuş, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərin taleyi hələ də məlum
deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın və 70 nəfəri qoca
idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmişdir.
1991-ci
ildə “Xocalının səsi” qəzeti yaranan zaman erməni millətçiləri Qarabağın – Xocalının
işğal planlarını hazırlayırdılar. “Xocalının səsi” qəzeti məhz belə ağır dövrdə
yaradıldı. Xocalı soyqırımından sonra “Xocalının səsi” qəzeti bu dəhşətli
soyqırımı haqqında daha dolğun və
obyektiv məlumat verən mətbuat orqanlarından birinə çevrildi.
Qəzetin
səhifələrində şəhid ailələrindən, erməni əsirliyində olmuş sakinlərdən, Xocalı
soyqırımı şahidlərindən alınan müsahibələr mühüm əhəmiyyət kəsb edir. Qəzetdə
mütamadi olaraq Azərbaycan dövlətinin bu
istiqamətdə gördüyü işlər, xüsusilə, ümummilli lider Heydər Əliyev, sonrakı 15
ildə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünyada
tanıdılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin
beynəlxalq ictimaiyyətə çatdırılması, təcavüzkarın ifşası və işğal edilmiş
torpaqlarımızın azad olunması üçün bütün zəruri addımlar haqqında geniş məlumat
verilir. Bununla yanaşı, “Xocalının səsi” qəzeti öz səhifələrində son illərdə
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə
dünyada geniş vüsət almış “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası geniş
işıqlandırılır.
2015-ci
ildən Xocalı rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Xocalının səsi” qəzetinin
redaktoru, “Azərbaycan Prespublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”
İctimai Birliyinin İdarə Heyətinin üzvü Qalib Bəyməmmədoğludur. O, Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun təşkil etdiyi müsabiqələrdə 4 dəfə III yerin, 1 dəfə I
yerin qailibi olub.
“Xocalının
səsi” qəzeti Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən
Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən Prezident
İlham Əliyev bu məsələdə respublikamızın milli və dövlətçilik maraqlarını daim
üstün tutur. Azərbaycan Prezidenti bütün görüşlərdə münaqişənin dinc vasitələrlə
nizama salınmasının tərəfdarı olduğunu bildirir, beynəlxalq təşkilatların bu sahədə
səylərini gücləndirməsinin zəruriliyini bəyan edir.
Bununla
yanaşı, Azərbaycan Prezidenti Ermənistanın hərbi təcavüzü məsələsini daim önə çəkərək
xalqımızın öz torpaqlarının işğalı ilə heç zaman razılaşmayacağını, ehtiyac yarandığı
halda, hərbi əməliyyatların başlanmasına qərar verəcəyini vurğulamışdır. Dövlət
başçısı İlham Əliyevin dəfələrlə “Azərbaycanın ərazi bütövlüyü danışıqların
mövzusu deyil, olmayıb və olmayacaqdır” fikrini irəli sürməsi ölkəmizin milli mənafelərinin
qorunması şərtilə münaqişənin ədalətli şəkildə həll olunacağına ümidləri daha
da artırır. Əminik ki, Ümummilli liderin siyasi kursunu çox uğurla davam etdirən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tezliklə
torpaqlarımız işğalçı qüvvələrdən tamamilə azad ediləcək və hamımız üçün müqəddəs
olan üçrəngli bayrağımız doğma Qarabağımızda, Şuşada, Xocalıda, Xankəndidə
yenidən dalğalanacaq.
Sonda
arzu edirəm ki, “Xocalının səsi” qəzetinin səsi Xocalıdan gəlsin!
Elçin ƏHMƏDOV,
Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru,
siyasi elmlər doktoru,
“Azərbaycan
Respublikası Dağlıq Qarabağ bölgəsinin
Azərbaycanlı İcması”
İctimai Birliyinin sədr müavini
Tags
Ümumi hadisələr