
Nəriman Abbasov oğlunun qələbə xəbəri ilə bizi bir daha sevindirdi. Xocalının ümidli gələcəyi Abbas, Türkiyədə təşkil olunan yarışdan Vətənə parlaq qələbə ilə qayıdıb. Atası telefon danışığında bildirdi ki, təmsilçimiz 05-08 sentyabrda İstanbuldakı Bayrampaşa İdman Kompleksində keçirilən karate kyokusinkay üzrə Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xatırladıram ki, Abbaslı Abbas Nəriman oğlu 12 dekabr 2011-ci ildə Bakıda doğulub. Onun atası Nəriman Abbasov Xocalı rayon Cəmilli kənd sakinidir. Abbas 2 ilə yaxındır ki, karatenin kyokusinkay, jiyutaido və kyokişin növü üzrə məşğul olur. 2019-cu ildə 2 dəfə çempion olub. 14 fevralda İranda keçirilən Jiyutaido üzrə Asiya Çempionatında qızıl medal qazanıb. 04 may tarixdə Azərbaycanda keçirilən Kyokişin üzrə IV dünya kubok yarışında öz yaşıdları arasında I yerə nail olaraq dünya kubokunun və qızıl medalın sahibi olub.
Nəriman Abbasovun ən böyük arzusu Xocalıya qayıtmaq və oğlunun yarışlarda düşmən idmançısı üzərində qələbəsini görməkdir.
Qalib BƏYMƏMMƏDOĞLU,
"Xocalının səsi" qəzetinin redaktoru