Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı rayonunun toponimləri - Becənəxut dağı

         Becənəxut dağı Xocalı rayonu ərazisində yerləşir. Becənəxut toponimi qədim türk tayfası olan peçeneqlərin adının erməni dilində tələffüz forması olan beçenə və monqol dilindəki xut sözlərinin birləşməsindən ibarətdir. Xut – monqollarda maldar elin yaylaqda düşərgəsinə deyilir. Toponimin mənası “maldar peçeneqlərin yaylaqda düşərgəsi” deməkdir.
                
     “Müqəddəs yurd: Xocalı” adlı kitabdan

Paylaşın:

Xocalı rayonunun toponimləri - Böyük kirs dağı

        Böyük Kirs dağı Qarabağ silsiləsinin ən yüksək zirvələrindən biridir. Orta Yuranın vulkanogen çökmə süxurlarından təşkil olunan Böyük Kirs dağı Laçın, Xocavənd, Şuşa və Xocalı rayonlarının sərhədində yerləşir. Bu dağın maksimal hündürlüyü 2725 metrdir. Allı çayı, Quruçay, Köndələnçay öz mənbələrini Böyük Kirsin zirvə və ətəklərindən götürürlər. Toponimin tərkibindəki Kirs sözünün müxtəlif dialektlərdə “böyük, uca, zirvə”, “sıldırım dağ” (Şuşa rayonu) və “qar toplanan ərazi” (Quba rayonu) kimi məna çalarları vardır. Böyük Kirs toponimi çox güman ki, “böyük, uca, sıldırım dağ” mənasındadır. Xocalı və Şuşa ərazisində Kiçik Kirs dağı da var.
                
     “Müqəddəs yurd: Xocalı” adlı kitabdan

Paylaşın:

Xocalı rayonunun toponimləri - Bozdağ

        Bozdağ, Bozdüz oronimləri Xocalı rayonunda, Xocalı qəsəbəsi (şəhəri) ilə Əsgəran qəsəbəsi arasında qeydə alınmışdır. Əsasən rəng mənasında işlənən boz sözü ilə bağlı respublikamızda çoxlu spesifik oronimlər mövcuddur. Boz rəng külə bənzər, ağ rəngi ilə qara rəngin qarışığından əmələ gələn rəngdir. Toponimiyada boz komponentinin “tutqun”, “çılpaq”, “meşəşiz”, “bitkisiz”, “dumanlı” və s. mənaları vardır. Xocalı rayonu ərazisindəki Bozdağ və Bozdüz (Bozun düzü də deyirlər) coğrafi adlarında da boz sözü oronimlərdəki süxurların boz rəngdə – yəni, kül rəngində olması ilə əlaqədardır. Dağ müsbət relyef forması, düz mənfi relyef forması bildirən terminlərdir. Qaradağ, Abşeron, Ağdam, Qazax, Yevlax, Tovuz, Samux, Şamaxı, Şəki və Goranboy rayonlarında Bozdağ oronimi mövcuddur. Abşeron yarımadasında Bozdağ palçıq vulkanları Baş Qafqaz silsiləsində (Şəki rayonu) Bozdağ zirvəsi, Acınohur ön dağlığının (Böyük Qafqaz) cənub hissəsində Bozdağ silsiləsi və s. də vardır.
                 “Müqəddəs yurd: Xocalı” adlı kitabdan
Paylaşın:

"Xocalının səsi" qəzetinin oxuculara müraciəti

        Əziz xocalılar!
        “Xocalının səsi” qəzetinin oxucuları!
        Sosial şəbəkə dostları!
         Bu günlərdə koronavirusla mübarizədə həmrəylik ən böyük silahımızdır. Azərbaycanlı olmaq, Odlar diyarında dünyaya göz açmaq bizim üçün ən böyük xoşbəxtlikdir. Şükürlər olsun ki, xalqına arxa-dayaq olan, fəxr etdiyimiz dövlət başçımız var. Məhz Cənab Prezidentin vaxtlı-vaxtında verdiyi qərarlar, xalqla həmrəyliyi bizə nəinki koranavirus pandemiyasından ən az zərərlə qurtaracağımızı, həmçinin ölkəmizin günəşli gələcəyinə, xalqımızın rifahının artmasına böyük inam verir. Göydə Allah, yerdə Cənab Prezidentimiz və dəyərli tibb işçilərimiz xalqımızı koronavirus bəlasından xilas edəcək.
        Sosial izolyasiya tədbirlərinin görüldüyü bu günlərdə qəzet çap etməyin və yaymağın heç də asan və məqsədəyönlu olmadığını bilirik. Belə bir vaxtda yaradıcı kollektivimiz tərəfindən Prezident İlham Əliyevin ölkəmizdə koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə imzaladığı Sərəncamlar, Nazirlər Kabineti yanında Operativ Qərargahın, həmçinin Xocalı rayon İcra Hakimiyyəti Aparatı yanında yaradılmış Operativ Qərargahın gördüyü işlər qəzetimizin saytında və sosial şəbəkələrdə paylaşılacaqdır. 
Bütün bunlarla yanaşı, Xocalı rayonunun qədim tarixi, mədəniyyət abidələri, Xocalı soyqırımı, erməni vəhşilikləri və Qarabağ həqiqətləri haqqında mütəmadi yazılar işıqlandırılacaq. 
        Əməkdaşlarımız tərəfindən Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin koronavirus dövründəki fəaliyyətinə dair tövsiyələrinə əməl olunacaqdır. 
Əziz dostlar, özümüzün, ailəmizin və xalqımızın təhlüksizliyi naminə bir daha həmrəylik göstərək. Karantin dövründə verilən qərarlara əməl etməklə öz vətəndaşlıq missiyamızı yerinə yetirək. Gigiyenik qaydalara əməl edək. Hər kəs öz gücü çatdığı qədər Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə göndərsin. 
       Xalqımızın rifahı üçün öz sağlamlığımıza diqqət yetirməklə əsl vətəndaş kimi həmrəylik nümayiş etdirək. 
Qalib Bəyməmmədoğlu,
“Xocalının səsi” qəzetinin redaktoru



Paylaşın:

Xocalı rayonunun toponimləri - Bozqaya

        Bozqaya Türkdilli oronimlərin bir hissəsi müxtəlif rəng bildirən sözlərlə və oronimik terminlərin (dağ, qaya, dərə, yoxuş, güney və s.) birləşməsi nəticəsində yaranmışdır. Relyef formalarının belə adlanması landşaftın özü ilə əlaqədardır. Xocalı rayonu ərazisindəki Bozqaya oronimi də belələrindəndir. Burada qaya sözü müsbət relyef bildirən termin, boz komponenti isə rəng mənası ifadə edir. Qaya kül rənginə çaldığı üçün belə adlandırılmışdır. Daşkəsən, Kəlbəcər və s. rayonlarda da Bozqaya oronimi vardır.

“Müqəddəs yurd: Xocalı” adlı kitabdan
Paylaşın:

Xocalı rayonunun toponimləri - Bəhlulun kəndi

        Bəhlulun kəndi, Bəhlulun kövşəni məntəqələr Xocalı rayonu ərazisində, Xankəndi-Kosalar şose yolunun sol tərəfində, azərbaycanlıların təzə qəbiristanlığı yaxınlığında yerləşir. Toponim Bəhlul şəxs adı ilə əlaqədardır.

“Müqəddəs yurd: Xocalı” adlı kitabdan
Paylaşın:

Xocalı rayonunun toponimləri - Beşdəllər kəndi


beşdəllər kəndi Xocalı rayonu ərazisində, Kosalar kəndi yaxın­lığında, Qarabağ silsiləsində yerləşir. Beşdəllər toponimini “beş dəli” yozumu ilə də mənalandırırlar.


“Müqəddəs yurd: Xocalı” adlı kitabdan
Paylaşın:

Xocalı rayonunun toponimləri - Başkənd kəndi


Başkənd kəndi Xocalı rayonunda, əsrarəngiz gözəlliyə malik bir ərazidə, Qarabağ silsiləsinin şimal-şərq yamacında, Mıxtökən dağının ətəyində, rayon mərkəzindən 17 km cənub-qərbdə, Ballıca çayının sahilində yerləşir. Kənd, Kosalar sovetliyinə daxil idi. İşğal ərəfəsindəki son ildə kəndi Göyçay rayonu hamiliyə götürmüşdür. Əhalisi əsasən heyvandarlıqla məşğul olurdu. Kənddə klub, məktəb, mədəniyyət evi və s. var idi. Avaz kişinin məskəni bura olub. Başkənd kəndi qonşuluqda yerləşən kəndlərə nisbətən bir qədər yuxarıda yerləşdiyinə görə belə adlanmışdır. Başkənd toponiminin mənası “yuxarıda, başda yerləşən kənd” deməkdir. Yaəli dağı və Çoban Daşaşıran qayası kəndin yaxınlığındadır. Kəlbəcər rayonunda da Başkənd adlı kənd vardı. Culfa rayonunda Başkənd mineral bulaqları, Gədəbəy rayonu ilə Ermənistanın Krasnoselsk rayonu sərhədində, Keçəl dağ silsiləsində hündürlüyü 2170 metr olan Başkənd aşırımı, Gədəbəy rayonu ərazisində Başkəndsu çayı, Azərbaycanda – Kiçik Qafqazın Şahdağ və Murovdağ silsilələrinin şimal ətəklərində Başkənd – Dəstələr çökəkliyi və s. vardır.


                                                         “Müqəddəs yurd: Xocalı” adlı kitabdan
Paylaşın:

Xocalı rayonunun toponimləri - Ballıca çayı


Ballıca çayı Xocalı rayonu ərazisində axan, Qarqar çayının qolu olan çaydır. Hidronim öz başlanğıcını Ballıca adlanan yaylaqdan aldığı üçün belə adlandırıl­mışdır. Yaylaq isə ballıca bitkisinin (onun başqa bır adı öfkəotudur) bu ərazilərdə çox olması ilə əlaqədar həmin bitkinin adı ilə tanınaraq bu cür ad almışdır.


“Müqəddəs yurd: Xocalı” adlı kitabdan
Paylaşın:

Xocalı rayonunun toponimləri - Ballıca kəndi

        Ballıca kəndi Xocalı rayonunda, Qarabağ silsiləsinin ətəyində, Qarqar çayının qolu olan Ballıca çayının sol sahilində, rayon mər­kəzindən 10 km cənub-qərbdə yerləşir. Kəndin 1100 nəfər əhalisi var idi. Əhali əsasən taxılçılıq, tərəvəzçilik və heyvandarlıqla məşğul olurdu. Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, rabitə şöbəsi, uşaq bağçası vardı. Ballıca kəndinin ərazisi XIX əsrə qədər Gəncə (Yelizavetpol) qəzasındakı Əhmədbəyli kəndinin əhalisinin yaylaq yeri idi. Sonralar başqa ərazilərdən, o cümlədən, İrandan köçürülən ermənilər burada məskunlaşdırılmışdı. Bu yaylaq ballıca bitkisinin adını özündə əks etdirir. Ballıca bitkisinin başqa bir adı isə öfkəotudur. Ballıca kəndi Xan Şuşinskinin babasının mülkü olub; – Sonralar kənd onun nökəri əraziyə köçürülmüş erməni Cümşüdə qalıb....
    
          “Müqəddəs yurd: Xocalı” adlı kitabdan
Paylaşın:

Xocalı rayonunun toponimləri - Ballıqaya yüksəkliyi

        Ballıqaya Xocalı rayonu ərazisində Qaragav kəndi yaxınlığında, Qarabağ silsiləsinin şimal-şərq yamacında, Qırxqız yaylası sahəsində yerləşən yüksəklikdir. Ballıqaya toponimi bal komponentindən və qaya müsbət relyef forması ifadə edən terminindən ibarətdir. Qayadakı kiçik təbii oyuqlarda vəhşi bal arılarının çoxlu pətək salması ilə əlaqədar dağ belə adlandırılmışdır. Ballıqaya toponimi “bal arısının yuvası olan qaya” mənasındadır.
    
          “Müqəddəs yurd: Xocalı” adlı kitabdan
Paylaşın:

Xocalı rayonunun toponimləri - Balaoylaq dağı

   Xocalı rayonu ərazisində, Qarabağ silsiləsində yerləşən zirvə Balaoylaq dağı adlanır. Dağın adı iki hissədən – “bala” və “oylaq” sözlərindən ibarətdir. Bala – “kiçik”, oylaq – “yer, sahə” mənasındadır.
Balaoylaq toponimi “balaca yer, kiçik sahə, bala oylaq” mənasını ifadə edir. Balaoylaq Xocalı rayonu ərazisində, Qarabağ silsi¬ləsində hündür zirvədir. Bu toponimin adı “bala” və “oylaq” sözlərindən ibarətdir. Bala sözü “kiçik”, oylaq sözü isə “yer, sahə” deməkdir. Deməli, Balaoylaq toponimi “balaca yer, kiçik sahə, bala oylaq” mənasındadır. Buna bənzər toponimlərə Balakənd (Sabirabad rayonu), Balakürd (Goronboy rayonu), Balaçay (Cəlilabad rayonu) və s. nümunələr göstərmək olar. Bala sözünün fars dilində “üst, yüksəklik, yuxarı” mənaları da vardır.
    
                                     
    “Müqəddəs yurd: Xocalı” adlı kitabdan
Paylaşın:

Xocalı rayonunun toponimləri - Badara kəndi

        Badara kəndi Xocalı rayonunda, Badara çayı sahilində Qarabağ silsiləsinin ətəyində, rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. Bəzən kəndin adını Bədərə, (Badərə) formasında da yazırlar. Kənd əhalisi əsasən heyvandarlıq, taxılçılıq və üzümçülüklə məşğul olurdu. Kənddə məktəb, kitabxana, mədəniyyət evi, rabitə şöbəsi və s. vardı. Badara kəndinin adı salındığı ərazinin adı ilə bağlıdır. Kəndin yaxınlığından eyniadlı çay da axır. Azərbaycan dilinin bəzi dialektlərində badara “kiçik əkin yeri” mənasında işlənir. Bad toponimi “uçurulmuş, dağıdılmış” mənasında da işlədilir. Badara (Badərə) kəndi vaxtilə Xaçın məlikliyinin tabeliyində olmuşdur.


                                       
                                  “Müqəddəs yurd: Xocalı” adlı kitabdan
Paylaşın:

Xocalı rayonunun toponimləri - Aşağı Qılıncbağ kəndi

        Aşağı Qılıncbağ kəndi Xocalı rayonunda, Xanabad sovetliyində, dağətəyi ərazidə, rayon mərkəzindən 10 km şimalda yerləşir. 1926-1928-ci illər Rusiya-İran müharibəsi nəticəsində İrandan köçüb gəlmiş erməni ailələri burada məskunlaşdıqdan sonra kənd Nerkin Qılıncbağ adlanmışdır. Nerkin erməni dilində “aşağı” deməkdir. 1992-ci ildə kəndin əvvəlki Aşağı Qılınca adı bərpa edilmişdir. Toponim “Qılınc” şəxs adından və “bağ” sözündən ibarətdir. Kənd əhalisi əsasən üzümçülük və heyvandarlıqla məşğul olurdu.
Paylaşın:

Xocalı rayonunun toponimləri - Aranzəmin kəndi

        Aranzəmin kəndi Xocalı rayonunda, Qarabağ silsiləsində, Naxçıvanlı kənd sovetliyində dağətəyi ərazidə yerləşir. Kənd bir müddət Mirzəbuyi (Mirzənin yurdu) da adlanmışdır. Bəzi məlumatlara görə, kəndin əsl adı Mirzəboyun olub. Bir çox tədqiqatçıların fikrincə, VI əsrdə alban hökmdarı Varazın burada iqamətgahı olduğu üçün kənd müəyyən müddət Varazabun adlanmışdır. Kəndin əhalisinin XIX əsrin əvvəllərində İrandakı Qaradağ mahalından gəlmə ermənilər olması məlumdur. Aranzəmin toponimi “aran yeri” mənasındadır və şübhəsiz ki, özündə türkdilli aran (uran/oran) etnonimini əks etdirir. Aran adlı, Yevlax rayonunda qəsəbə, Lerik və Tovuz rayonlarında kənd var.
                                                                                                                                     
                                                            “Müqəddəs yurd: Xocalı” adlı kitabdan
Paylaşın:

Xocalı rayonunun toponimləri - Alçalı bulaq

Alçalı bulaq Xocalı rayonunda, Kosalar kəndi yaxınlığında yerləşir. Toponim alça bitkisinin adı ilə bağlıdır. Bulağın ətrafında çox sayda alça ağacları olduğu üçün o, belə ad almış­dır.

Xocalı rayonu ərazisində qeydə alınan oroqrafik obyekt­lərdən biri də Alçalıq adlanır. Oronim, həmin ərazidə bitən gülçiçəklilər fəsiləsindən olan çəyirdəkli, hündür alça adlı meyvə ağacının adı ilə bağlıdır. Alça bitkisi adı ilə respubli­kamızda aşağıdakı adları çəkilən toponimlər qeydə alınmışdır: Alçalıdağ (Laçın və Xanlar rayonları), Alçalı dərə (Qubadlı, Daşkəsən, Cəbrayıl rayonları), Alçalı kənd (Kəlbəcər, Salyan rayonu), Alçalı kəz (Ağsu rayonu, Bico kəndi), Alçalı yaylaq (Abşeron rayonu), Alçabulaq kəndi (Yardımlı rayonu) və s.

                                                                “Müqəddəs yurd: Xocalı” adlı kitabdan
Paylaşın:

Xocalı rayonunun toponimləri - Almalı kəndi

         Almalı ərazisi, Almalı kəndi Xocalı rayonunda, Qarabağ silsiləsində, dağətəyi ərazidə, rayon mərkəzindən 13 km şimal-qərbdə yerləşir. Kəndin 800 nəfərə qədər əhalisi vardı. Əhali üzümçülük və heyvandarlıqla məşğul olurdu. Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana, baramaaçma sexi, arxeoloji abidələrdən antik dövrə aid küp qəbirlər qəbiristanı, daş qutu qəbir, Tunc dövrünə aid kurqan, Dəmir dövrünə aid sənduqələr və XIII əsr kilsə xarabalığı var. Azərbaycanın Rusiya tərəfindən işğal olunduqdan sonra burada erməniləri yerləşdirmişdilər. Kəndin adı kalka vasitəsilə tədricən ermə-niləşərək Xndzristan olmuşdur. Hətta, Sovet hakimiyyəti illərində kəndin adı bu ad ilə rəsmiləşmişdir. “Xndzor” – erməni dilində “alma” deməkdir. Yaşayış məntəqəsi Almalı adlanan sahədə salındığına görə belə adlanmışdır. Lı – şəkilçisi burada alma isminə artırılaraq həmin ərazidə alma meyvə ağacının daha çox olduğunu bildirən toponimik ad (topluluq mənasında) əmələ gətirmişdir. Kənd alma ağacları olan ərazidə yerləşdiyi üçün Almalı adı almışdır.
                                                                                          “Müqəddəs yurd: Xocalı” adlı kitabdan
Paylaşın:

Xocalı rayonunun toponimləri - Ağa körpüsü


Ağa körpüsü Xocalı rayonu ərazisində, Xankəndi şəhə­rindən 1 km cənubda, Xocalı-Şuşa avtomobil yolu üstündə, Qarqar çayı üzərində tikilmişdir. Körpü Ağa adlı şəxsin adı ilə əlaqədardır. Azğınlaşmış ermənilər Şuşa ilə əlaqə yaradan bu körpünü dəfələrlə partlatmış və dağıtmışdılar. Yerli məlumata görə, Ağa körpüsü Qarabağın varlı adamlarından olmuş, böyük mülk sahibi Məhəmməd ağanın adı ilə bağlıdır. Ümumiyyətlə, ağa apelyativi sahib, hakim, bəy, böyük qardaş və s. mənalarda olan arxaik tituldur. O, Azərbaycan antro­po­nimik vahidlər sistemində həm türk mənşəli, həm də hibrid antro­ponimlər tərkibində işlənir. Fikrimizcə, “ağa” titulu iki funksiya bil­dirir: əvvəla, o, sahibkar mənasında işlədilir, daha sonra isə o, an­tro­po­nimik vahid əsasında yaranan coğrafi adlar (toponimlər) siste­minə aid edilir.
                                                                         “Müqəddəs yurd: Xocalı” adlı kitabdan
Paylaşın:

XOCALI RAYONUNUN TOPONİMLƏRİ

        Şimali Azərbaycan müstəqillik əldə etdikdən sonra Respublikamızın toponimiyasının tədqiq olunması sahəsində böyük işlər görülmüş və müxtəlif bölgələrin o cümlədən Xocalı rayonunun coğrafi adları, tarixi, dilçilik və coğrafi baxımdan araşdırılmışdır. Bu tədqiqatlar bir sıra monoqrafiyalarda və elmi məqalələrdə öz əksini tapmışdır.
         Müstəqil Azərbaycanın hər bir rayonun coğrafi adlarının tədqiq olunmasının elmi və təcrübi əhəmiyyəti böyükdür. V.A.Mikonov “Toponomikaya giriş” əsərində tarix və dil tarixi üçün toponimlərin əvəzedilməz material olduğunu söyləmişdir.
        A.Z.Superanskaya da toponimin tarixi bir mənbə olduğunu qeyd etmişdir. Hörmətli tarixçi alimlərimizdən B.Ə.Budaqov özünün “Toxunulmaz müqəddəslər” (“Elm və həyat”, 1979, №12, s.5-də) adlı əsərində göstərmişdir ki, toponimlərsiz dilçilik lal, tarix köksüz, coğrafiya isə mənasızdır. Ona görə də müxtəlif toponimlərin tarixi, dilçilik və coğrafi baxımdan öyrənilməsi hər hansı bir ərazidə əhalinin etnik tərkibi, dil mənsubiyyəti və coğrafi yayılması barədə düzgün fikir yürütməyə imkan verir. Bu baxımdan Xocalı rayonunun toponimiyasının hərtərəfli tədqiqi mühüm əhəmiyyət kəsb edir. Yüzbaşov R., Əliyev R., Sədiyev İ. “Azərbaycanın coğrafi adları” (Bakı, 1972) adlı əsərində bu ərazidəki toponimlərin bir qismi haqqında çox az, lakin əhəmiyyətli məlumat vermişlər. Çox dəyərli alimlərimizdən Nazim Tapdıqoğlunun əsəri (“Xocalı rayonu (ensiklopedik lüğət”) Bakı, 2002) Xocalı rayonunu toponimlərinin tədqiqində əhəmiyyətə malikdir və fəsil tədqiq edilərkən həmin əsərdən bəhrələnmişik.
        Məlum olduğu kimi, Ermənistan silahlı birləşmələri, erməni ekstremist və daşnakları Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək niyyəti ilə uzun illərdir ki, müharibə aparır. Ermənistan işğalçılıq müharibəsini belə bir saxta müddəa ilə əsaslandırmağa çalışır ki, guya Qarabağ əzəldən erməni torpağı olmuşdur. Halbuki, bütövlükdə Qarabağda, o cümlədən Xocalıdakı toponimlər bu fikri tamamilə inkar edir.
Apardığımız araşdırmalardan məlum olur ki, Xocalı ərazisindəki toponimlər qədim və erkən orta əsrlərdə burada məskun olmuş alban, qarqar, aran, tərtər peçenəq, katek və başqa türk mənşəli tayfaların adlarından qalmışdır. Xüsusilə, Xocalıdakı mənfi və müsbət relyef formalarını və hidronimləri əks etdirən toponimlər mənaca Azərbaycan-türk mənşəlidir.
        Fəslin tədqiqinin başlıca məqsədi Xocalıdakı toponimlərin hansı xalqın coğrafi təfəkkürünə mənsub olmasını aşkar etməkdən ibarətdir. Bu məqsədlə toponimlərin dil mənsubiyyəti və tarixi dövrlər ərzində dəyişdirilməsi əsas faktor kimi götürülmüşdür. Bununla əlaqədar, fəsil təhlil edilərkən, tədqiqatın qarşısında aşağıdakı vəzifələr qoyulmuşdur:
        – Qədim mənbələr əsasında Xocalı rayonundakı toponimlərin coğrafi təfəkkürün hansı xalqa mənsub olmasının müəyyənləşdirilməsi;
        – Rayonda dəyişdirilmiş coğrafi adların dil mənsubiyyətinə görə coğrafi məzmununun açılması;
        – Bölgədəki mövcud coğrafi adın sosial-coğrafi mahiyyətinin müəyyən edilməsi;
        – Toponimlərin xəritələşdirilməsi və təsnifləşdirilməsi yolu ilə ərazinin sosial coğrafi cəhətdən dərk edilməsi;
        – Xocalı rayonunun toponimlərinin mənşəyinin aydınlaşdırılması. Xocalı rayonunun coğrafi adları ilk dəfə olaraq kompleks şəkildə tədqiq olunur. Buna uyğun olaraq, ərazi toponimiyasının əsas növləri: oykonimlərin, hidronimlərin, oronimlərin hər biri ayrı-ayrılıqda araşdırılmış, onların qarşılıqlı əlaqəsi və çarpazlaşması müəyyənləşdirilmişdir.
Coğrafi adların etimologiyasında hər bir şaxənin özünəməxsus daxili mahiyyəti (etnonimik, oronimin, hidronimik, fitonimik, zoonimik, antroponimik, patronimik və spesifik xüsusiyyətləri) aşkar edilmiş və onların hər birinin ayrılıqda elmi təhlili verilmişdir.
        Qeyd edək ki, Azərbaycanın Xocalı rayonunun tarixinin tədqiqi və təhlili bu gün olduqca vacib və əhəmiyyətlidir. Çünki, bu bir tərəfdən Qarabağın dilbər guşəsi kimi ərazinin ermənilər tərəfindən saxtalaşdırılması və özününküləşdirməyə cəhd edilməsi ilə bağlıdırsa, digər tərəfdən rayonun bütöv tarixinin bu günə qədər tədqiqata cəlb edilməsindən irəli gəlir. Qeyd edək ki, Xocalı toponimləri rayonun qədim türk yurdu olduğunu sübut edir. Vətənimizin kiçik, lakin vacib və əhəmiyyətli bir hissəsinin tədqiqi şərəflidir. Xocalı toponimlərini nəzərdən keçirdiyimiz zaman onların tam olaraq türk mənşəli olduğunu görürük.
        Tarixi faktlar sübut edir ki, Xocalı ərazisi Azərbaycanın ən qədim, diyarlarından biridir. Aparılan toponimik araşdırmalar göstərir ki, xalqımızın uzaq keçmişindən tutmuş bu günədək olan məşğuliyyəti, sənətkarlığı, dini baxışları, mədəniyyəti və s. Azərbaycan toponimiyasında öz əksini tapmışdır. Xocalı toponimiyasında geniş yayılmış Azərbaycan (türk) mənşəli oronimlərin çox qədim tarixi vardır. Bütün bunlar Azərbaycan toponimik sistemində milli toponimlərin üstünlüyünü sübut edir. 
                                                                                        “Müqəddəs yurd: Xocalı” adlı kitabdan
Paylaşın:

Xocalı abidələri bütün Azərbaycan abidələrini öyrənmək üçün açar rolunu oynayır

         Xocalıda qədim abidələrin öyrənilməsi işi XX yüzilliyin əvvəllərinə təsadüf etmişdir. Qarabağ abidələrini öyrənən Alman tədqiqatçısı Emil Resler, rus şərqşünası M.Xankov, ingilis alimi F.Bajer, fransız şərqşünası A.Berje buradakı arxeoloji abidələrlə tanış olmuş və təəssüflər olsun ki, buradan tapılmış eneolit, tunc və dəmir dövrünə aid əşyaları öz ölkələrinə aparmışlar. Azərbaycanlı tədqiqatçı alim Ə.Ələkbərovun ərazidə apardığı tədqiqat işləri böyük əhəmiyyət kəsb etmişdir. Azərbay­canın görkəmli aliminin qənaətinə görə Xocalı abidələri bütün Azərbaycan abidələrini öyrənmək üçün açar rolunu oynayır. Ümum­milli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə keçən əsrin 70-ci illərində Xocalı abidələri tədqiq edilmiş və ərazidə qədim və orta əsrlərə aid 28 abidənin olması aşkar edilmişdir. Tədqiqatlar nəti­cəsində tunc dövrünə aid 8 kurqan və nekropol, dəmir dövrünə aid 5 qəbir və kurqan, orta əsrlər dövrünə aid 9 məbəd, IX-XVIII əsrlərə aid 5 qala, XIV əsrə aid türbə aşkarlanaraq öyrənilmişdir ki, bütün bunlar Vətənimizin tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edirdi. Lakin çox təəssüflər olsun ki, 1992-ci ilin fevralında erməni və rus ordusunun birləşmiş qüvvələri Xocalıda əhalini vəhşicəsinə qırarkən bəşəriyyət üçün nadir abidələr toplusu olan zəngin Xocalı abidələrini də dağıtdılar.
“Müqəddəs yurd: Xocalı” adlı kitabdan




Paylaşın:

7 nömrəli Regional Sukanal İdarəsinin Xocalı Sukanal sahəsi Meşəli qəsəbəsində çürümüş dəmir su xətlərini polietilen borularla əvəzləmişdir

        “Azərsu” ASC-nin 7 nömrəli Regional Sukanal İdarəsinin Xocalı Sukanal sahəsi tərəfindən Goranboy rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Meşəli qəsəbəsində yerləşən daxili şəbəkədə 488 m dəmirdən olan çürümüş su xətti dəyişdirilərək d-90 mm polietilen borularla ilə əvəz olunmuşdur. Xətt artıq mərkəzi küçədə olan 38 abonentin istifadəsinə verilib.
          7 nömrəli Regional Sukanal İdarəsinin Xocalı Sukanal sahəsinin rəisi Ramil Rüstəmov “Xocalının səsi” qəzetinə açıqlamasında bildirdi ki, qəsəbə sakinləri tərəfindən bu məsələ rayon rəhbərliyi qarşısında qaldırılmışdı. Tapşırığına əsasən əməkdaşlarımız öz işlərini peşəkarlıqla yerinə yetirdilər. Yaxın vaxtlarda digər küçələrdəki dəmirdən olan su borularının polietilen borularla əvəz edilməsi prosesi həyata keçiriləcək. Bununla həm israfçılığın, həm də qəzaların qarşısı alınacaq. 
Ramil Rüstəmov 7 nömrəli Regional Sukanal İdarəsinin Xocalı Sukanal sahəsi tərəfindən ötən ildə görülən işləri də diqqətə çatdırdı. Qeyd etdi ki, rəhbərlik etdiyi idarə Goranboy rayonunun Aşağı Ağcakənd, Yuxarı Ağcakənd, Meşəli və Börü qəsəbələrində yaşayan əhalini su ilə təmin edir. Sahə hal-hazırda 1120 abonentə xidmət  göstərir. Əhalinin içməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədi ilə tərəfimizdən bir sıra işlər görülmüşdür. 
İdarənin daxili imkanları hesabına Yuxarı Ağcakənd, Aşağı Ağcakənd, Börü və Meşəli qəsəbələrində boru  xətlərində cari təmir və bərpa işləri  aparılmışdır. İl ərzində qəsəbədaxili  küçələrdə müxtəlif diametrli su boru xətlərinin 106 metr hissəsi dəyişdirilmişdir. Müxtəlif diametrli 12 ədəd  siyirtmə yenisi  ilə əvəz olunmuş, 45 ədəd müxtəlif diametrli  siyirtmə isə təmir olunmuşdur. 

Paylaşın:

Qarabağ müharibəsi iştirakçısı AVMVİB tərəfindən medallarla təltif edildi

        Martın 23-də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin rəisi Bəxtiyar Məmmədov medallarla təltif edilmişdir. "Azərbaycan Ordusunun yaranmasının 100 illiyi", "AVMVİB-nin yaranmasının 25 illiyi" və təşkilata üzvlük məqsədilə təsis olunmuş medalların təqdimatında AVMVİB-nin Bərdə Regional bölməsinin sədri İsmayıl Rüstəmov, bölmənin hüquqi işlər üzrə sədr müavini Coşqun Məmmədov və Respublika Müharibə Veteranları və Beynəlmiləl Hərbçilər Birliyinin Bərdə Regional bölməsinin sədri Tofiq İsmayılov iştirak etmişdir.   

        Qeyd edək ki, 2019-cu ildə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Sə­fər­bər­lik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin rəisi, polkovnik-leytenant Məmmədov Bəxtiyar İbrahim oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. 

        Görüşdə Qarabağ müharibəsində igidlik və şücaət göstərmiş insanların şərəfli döyüş yolunun gənc nəslə çatdırılmasının əhəmiyyətindən danışılmışdır. Cənab Prezident İlham Əliyev tərəfindən Böyük Vətən Müharibəsi iştirakçıları, Qarabağ müharibəsi şəhidlərinin ailələri, veteranlar, əlillər yüksək diqqət və qayğı ilə əhatə olunduğu bildirilmişdir.


"XOCALININ SƏSİ"
Paylaşın:

Qərb Regional Hidrometeorologiya Mərkəzi hava məlumatlarını operativ olaraq Hidrometeoroloji Proqnozlar Bürosuna ötürür

        Hər il 23 mart tarixində Ümumdünya Meteorologiya Təşkilatı və onun üzvü olan ölkələrdə Ümumdünya Meteorologiya günü qeyd edilir. Təşkilata üzv olan 193 meteoroloji qurum tərəfindən qeyd edilən Ümumdünya Meteorologiya Günü 1961-ci ildən etibarən təqvimə salınıb. Bu günün qeyd edilməsində məqsəd əhalinin sağlamlığının təminində meteorologiya və meteoroloji xidmətin mühümlüyünə diqqət çəkmək, insanların fikrini bəşəriyyətin üzləşdiyi ən ciddi problemlərdən biri olan iqlim dəyişikliklərinə, onların səbəb və nəticələrinə, o cümlədən qarşısının alınmasına yönəltməkdir. Hər ilin bu günü insanlara 38 meteoroloji xidmətin mənasını başa salan yeni şüar seçilir. Bu ilin devizi “İqlim və Su”dur.
        ETSN Milli Hidrometeorologiya Departamenti Qərb Regional Hidrometeorologia Mərkəzinin direktoru Əli Ağayev bildirir ki, Azərbaycanda hidrometeoroloji müşahidələrin təşkili, proqnozlar və xəbərdarlıqların hazırlanmasını və yayımlanmasını təmin edən qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentidir. Rəhbərlik etdiyi qurum 9 rayona xidmət edir. Qərb bölgəsində 8 meteoroloji stansiya və 2 radiometeoroloji stansiya vardır. Tabeliyimizdə olan 8 stansiyazımızın gücləndiriməsi üçün 7 vaysala 301 tipli avtomat meteoroloji stansiya qurulub. QRMN-nin Göygöl Radiometeoroloji stansiyasında cari ildə "Baron" tipli radiolokator qurulmuşdur. Qərb Ağstafa Radiometeoroloji stansiyasında MRL-5 tipli radiolokator vasitəsilə mütəmadi radar müşahidələri aparılmaqdadır. 
         Əli Ağayev qeyd edir ki, Hidrometeoroloji Proqnozlar Bürosuna Qərb Regional Hidrometeorologiya Mərkəzinin aidiyyəti əməkdaşları tərəfindən gündəlik operativ olaraq hər 3 saatdan bir havanın parametrləri - temperatur, yağıntı, görünüş, rütubətlilik, atmosfer təzyiqi, buludluq, atmosfer hadisələri və s. üzrə mütəmadi məlumat göndərilir. 
         ETSN Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyevanı və Departamentin bütün əməkdaşlarını peşə günü münasibətilə təbrik edirik. Hava məlumatı marağımızı təmin edən hidrometeorologia işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.  
Qalib BƏYMƏMMƏDOĞLU
         
Paylaşın:

XOCALI RAYONUNUN İQTİSADİ-MƏDƏNİ İNKİŞAFI VƏ TƏBİİ-COĞRAFİ MÖVQEYİNİN QISA İCMALI


Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il (№279-XII) Qanunu ilə yaradılmış Xocalı rayonu, 1930-1978-ci illərdə Xankəndi rayonunun, 1978-1991-ci illərdə isə Əsgəran rayonu­nun tərkibində olmuşdur. Azərbaycan Respublikasının Xocalı rayonunun mərkəzi Xocalı şəhəridir. Xocalı şəhəri Yuxarı Qara­bağın dağlıq hissəsində, Şuşa şəhərindən 18 km, Xankəndindən 12 km şimal-şərqdə, üç çayın – Qarqar, Xocalı və İlis çaylarının qovşağında, Ağdam-Şuşa-Laçın yolunun üstündə, Xankəndi və Əsgəran arasındakı geniş bir ərazidə, hər tərəfdən dairəvi əhatə olunmuş Qarabağ dağ (Kiçik Qafqazın Kirs və Qırxqız dağları) silsiləsində yerləşir. Ümumilikdə, Xocalı rayonu Kiçik Qafqazda, Qarabağ silsiləsinin şimal şərq yama­cın­dadır. Xocalı yaşayış məntəqəsi Xocalı nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. Xocalı adına Azərbaycanın digər ərazi­lərində də, rast gəlmək mümkündür. Belə ki, Salyan rayonu ərazi­sində kənd, Xocavənd rayonu ərazisində çay, Fizuli rayonu ərazi­sində dağ adları Xocalı adını daşıyır [2, s.248]. Qırxqız dağından (hündürlüyü 2827 m.) Ağdama, Xankəndidən Boz­dağa, Meydandan (Qırxqız ətəklərindən) Kətiyə qədər geniş, münbit torpaq və otlaq sahələri xocalıların ulu babalarının yurd yerləri olub. 2006-cı il 1 yanvar məlumatına görə Xocalı rayo­nunun sahəsi 936 kvadrat kilometr, əhalisi 25 min nəfər olmuşdu [1, s. 859].
Xocalı rayonuna – Xocalı şəhəri, Əsgəran qəsəbəsi, Xocalı, Cəmilli, Meşəli, Dağyurd, Seyidbəyli, ballıca, Xanyurdu, Meh­di­­bəy­li, Harov, Dağdağan, Daşbulaq, Qayabaşı, badara, Xan­yeri, Suncin­ka, Qarabulaq, dəmirçilər, Mədədkənd, Quşçubaba, Qızıloba, Haç­maç, Aşağı Yemişcan, Cəmilli, Kosalar, Başkənd, Cavadlar, Yalo­bakənd, Canhəsən, Naxçıvanlı, Daşkənd, Mux­tarkənd, şuşakənd, Sığnaq, Çanaxçı, Daşbaşı, Fərrux, Pirlər, Qarakötük, Almalı, Aşağı Qılıncbağ, Ağgədik, Xanabad, Şəlvə, qışlaq, Sərdarkənd, təzəbinə, Dəhrəz, Ağbulaq, Aranzəmin, Pircamal kəndləri daxildir.
Xocalı rayonunun relyefi, əsasən dağlıq, mərkəzi hissədə isə düzənlikdir. Düzənlik hissədə Xankəndi çökəkliyi, dağlıq hissədə Qızqala (2843 m) və Qırxqız (2827 m) dağları yerləşir. Ərazidə Yura, Tabaşir, dağətəyi çökəkliklərdə və dağətəyi düzənliklərdə Antropogen çöküntüləri yayılmışdır. Rayon ərazisində gil, qum, çınqıl, gillicə, mərmər və digər faydalı qazıntı yataqları var. Rayonun yüksək əraziləri istisna olmaqla, iqlimi mülayim istidir. Orta tem­peratur yanvarda – 0-2 selsi, iyulda +20 +22 selsi dərəcədir. İllik yağıntının miqdarı 600-800 milli metrdir. Qarqar, Badara, İlis, Xocalı çayları rayon ərazi­sindən keçir. Rayonda əsasən dağ-meşə, dağ-çəmən torpaqları yayılmışdır. Meşələri vələs, palıd, fıstıq, çökə, ağcaqayın, göyrüş, qarağac və digər ağaclarla zəngindir. Rayonun yüksək dağlıq sahələrində subalp və alp çəmənlikləri yayılmışdır. Ərazinin 40 faizi meşələrdən ibarətdir. Ərazidə ayı, qaban, vaşaq, canavar, meşə pişiyi, tülkü, dovşan, cüyür, dağkeçisi və digər hey­vanlar, kəklik, turac, qırqovul, göyərçin, qartal, quzğun və başqa quş­lar yaşayır. Çox təəssüflər olsun ki, rayonun erməni vandalları tərəfindən işğalı ilə faydalı qazıntılar qəddarcasına mənimsənilir, nəsli kəsil­məkdə olan heyvanlar, ovlanır, adı qırmızı kitaba düşən nadir ağaclar doğranaraq Ermənistana daşınır.
Xocalı, əsasən kənd təsərrüfatı rayonudur. Rayonda hey­van­dar­lıq, üzüm­çülük, taxılçılıq, tərəvəzçilik, meyvəçilik inkişaf etmişdir. Burada dənli və dənli-paxlalı bitkilər (buğda, arpa və s.), tərəvəz, kartof, yem bitkiləri əkilirdi. Təsərrüfatlarda üzüm, meyvə yetişdi­rilir, əhali quşçuluq və baramaçılıqla məşğul olurdu. Rayonda 11 orta məktəb, 1 ibtidai məktəb, uşaq yara­dı­cılıq mərkəzi, 3 musiqi məktəbi, tarix-diyarşünaslıq muzeyi, 20 klub, 29 kitabxana, mərkəzi rayon xəstəxanası, 13 tibb müəssisəsi var idi [1, 859]. Bu gün, xal­qımızın zəhməti ilə dövlətimizin böyük maliyyə vəsaiti hesabına yaradılmış nəhəng infrastruktur erməni vandalizminin qurbanına çevrilmişdir. Azərbaycanın qədim tarixə malik Xocalı ərazisi, Şuşa­dan sonra ermənilərin müxtəlif ərazilərdən köçürülərək məskun­laşdıqları kəndlərin əhatəsində yerləşən ən böyük və qədim türk yaşayış məskəni olmuşdur.
Azərbaycanın qədim yaşayış məskəni olması, azərbaycan­lıların bölgədə say üstünlüyü ilə yaşaması, mühüm çayların ərazidən ax­ması, Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yer­ləşməsi, Arandan Dağlara gedən köç sürülərinin Xocalıdan keçməsi, rayonun Əsgəranla Xankəndi arasında yerləş­məsi Xocalının strateji əhəmiyyətini artırmış və mənfur siyasət sahiblərinin diqqətindən yayınmamışdır. Bütün bunlarla yanaşı erməni cəlladlarının məkrli bir niyyəti “dənizdən-dənizə Böyük Ermənistan” yaratmaq olmuşdur ki, Xocalı kimi qədim türk diyarının mövcudluğu bu “plan”a maneə olurdu. Məhz bütün bunlara görə, erməni van­dalları Xocalı şəhərində tarixdə misli görün­məmiş soyqırımı törət­dilər. Qədim türk diyarını dünya xəritəsindən silmək məqsədilə xalqımızın başına müsibətlər gətirildi. Şəhər yerlə yeksan edildi, 700-ə yaxın azərbaycanlı ağır işgəncələrlə öldürüldü, Xocalı əhalisi qaçqınlıq, köçkünlük, didərginlik həyatını yaşamalı oldu.
Xocalı Azərbaycanın qədim yaşayış məskənidir. Ərazinin əl­verişli təbii coğrafi şəraitə malik olması uzun bir dövrdə ulu əc­dadlarımızın burada düşərgə salmasına, yaşamasına imkan yarat­mışdır. Ərazidə aparılan arxeoloji tədqiqat işləri nəticəsində son Tunc və ilk Dəmir dövrünə (e.ə. XIII-VII əsrlərə) aid arxeoloji abidə Nekropol, Daş qutu və kurqanlar, 1356-1357-ci illərə aid Dairəvi Türbə, XIX əsrə aid memarlıq abidələri, “Xocalı Qəbiristanı” və oradakı müxtəlif tipli saxsı qablar, silahlar, qızıl və tuncdan ha­zır­lanmış bəzək əşyaları, tunc alətlər və digər qədim maddi-mədəniyyət nümunələri aşkar edilmişdir ki, bütün bunlar ulu əcdadlarımızın Xocalı ərazisində qədimdən yaşadığını sübut edir [10, s.61].
Yeri gəlmişkən onu da qeyd edək ki, Xocalıda qədim abidələrin öyrənilməsi işi XX yüzilliyin əvvəllərinə təsadüf etmişdir. Qarabağ abidələrini öyrənən Alman tədqiqatçısı Emil Resler, rus şərqşünası M.Xankov, ingilis alimi F.Bajer, fransız şərqşünası A.Berje buradakı arxeoloji abidələrlə tanış olmuş və təəssüflər olsun ki, buradan tapıl­mış eneolit, tunc və dəmir dövrünə aid əşyaları öz ölkələrinə apar­mışlar. Azərbaycanlı tədqiqatçı alim Ə.Ələkbərovun ərazidə apardığı tədqiqat işləri böyük əhəmiyyət kəsb etmişdir. Azərbaycanın gör­kəmli alimi­nin qənaətinə görə Xocalı abidələri bütün Azərbaycan abidə­lərini öyrənmək üçün açar rolunu oynayır. Ümummilli lide­rimiz Heydər Əliyevin təşəbbüsü ilə keçən əsrin 70-ci illərində Xocalı abidələri tədqiq edilmiş və ərazidə qədim və orta əsrlərə aid 28 abidənin olması aşkar edilmişdir. Tədqiqatlar nəticəsində tunc dövrünə aid 8 kurqan və nekropol, dəmir dövrünə aid 5 qəbir və kurqan, orta əsrlər dövrünə aid 9 məbəd, IX-XVIII əsrlərə aid 5 qala, XIV əsrə aid türbə aşkarlanaraq öyrənilmişdir ki, bütün bunlar Vətənimizin tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edirdi. Lakin çox təəssüflər olsun ki, 1992-ci ilin fevralında erməni və rus ordu­sunun birləşmiş qüvvələri Xocalıda əhalini vəhşicəsinə qırarkən bəşəriyyət üçün nadir abidələr toplusu olan zəngin Xocalı abidələrini də dağıtdılar.
Xocalının gözəl təbii və coğrafi şəraiti - bol sulu çaylarının, buz bulaqla­rının, əkin üçün yararlı münbit torpaq sahələrinin, maldarlıq üçün otlaq sahələrinin zəngin flora və faunasının, bir sözlə, həyat üçün lazım olan bütün təbii şəraitinin olması ərazidə qədimdən ulu əcdadlarımızın məskən salmasına səbəb olmuş, minilliklər boyunca bu ərazidə əcdadlarımız qurub yaratmışlar. Xocalı ərazisində tapılan, qədim türk soylarına məxsus olan tarix və mədəniyyət abidələri buna parlaq misaldır. Xocalı abidələr kompleksi bizə ulu əcdadlarımızdan, babaları­mız­dan miras qalmış yadigardır. Bu abidələr qədim ulu tariximizin canlı nümunə­lə­ridir. Xocalı ərazisindəki son tunc, erkən dəmir dövrünə aid edilən 5 adda 11 nəhəng kurqan, torpaq və daş kurqanlar, irili xırdalı böyük əraziləri tutan nisbətən yastı torpaq kurqanlar ərazidə yaşayan qədim türk tayfalarının əli ilə bünövrə tutaraq yüzilliklər boyunca salınan möhtəşəm abidələrdir. Xocalı ərazisindəki e.ə. VIII-Vıı əsrlərə aid olan abidələr əsasən daş qutu qəbirlərdən, daş sənduqələrdən, daş kitabələrdən, nekro­poldan, daş siklop tikililərdən-qalaçalardan, 5-10 ton ağırlığında sivri yonulmuş bir neçə metr hündürlükdə olan heykələbənzər daş abidələrdən – menhirlərdən, dairəvi düzülmüş bir neçə dik və onların üzərinə qoyulmuş köndələn daşdan – kromlexlərdən ibarətdir.
Xocalı ərazisində – Qarqar çayının sol sahilində Fərəcanlı adla­nan böyük bir sahədə, tarixi mənbələrə əsasən qədimdə mövcud ol­muş, lakin naməlum səbəbdən batmış, torpaq altında qalmış Fərəcan şəhəri olmuşdur. Məlumatlı yerli sakinlərin sözlərinə görə indiki Laçın rayonunun inzibati ərazisinə daxil olan, Kirs dağının ətəyində yerləşən Fərəcanlı kəndinin əhalisi vaxtilə məhz buradan köçmüş insanlar olmuşdur. Belə ki, Xocalı ərazisində salınmış Fərəcanlını “Aran Fərəcanlısı”, Laçın rayonunun inzibati ərazisinə aid olan Fərəcanlını isə “Dağ Fərəcanlısı” da adlandırmaq olar. Hətta işğala qədərki vaxtlaradək Laçının Fərəcanlı kəndinin camaatı Xocalı Fərəcanlısının mövcud olduğu yerləri ziyarət edərək öz ata- babalarının ruhlarını yad etmişlər. Həmçinin sonrakı dövrlərdə həmin ərazidən keçən dəmir yol xəttinin inşası zamanı torpağın altından çoxlu sayda qızıl küpləri və digər qiymətli əşyaların çıxması oranın qədim yaşayış məskəni olmasının sübutudur. Həmin vaxt qeyd olunan ərazidən o qədər qızıl və digər qiymətli əşyalar çıxmışdır ki, dəmir yolunun çəkilişinə çəkilmiş xərclər burdan əldə edilmiş vəsaitin hesabına ödənilmişdir. Bundan başqa, Xocalı və İlis çaylarının arasındakı üçbucaqda, Yerli Xocalıdan 1-2 km yuxarıda çox böyük bir ərazini tutan Uzərliktəpə kurqanı yer­ləşir. Xocalı ərazisində ulu baba­la­rımızın tanıdığı və yaşayıb yaratdıqları kənd, Xocalıdan 10-12 km şimal-qərbdə Sarı Qaya adlanan nəhəng kurqanın və İlis çayının sağ sahilində yerləşən Qədim Xocalı-Qışlaq adlanan kənd olmuşdur. Bu kənd Xocalıda ən qədim kənd olmuşdur. Kən­din yaxınlığında ulu əcdad­larımızın uyuduğu, yaşı 3500-4000 il olan qədim qəbiristanlıq var idi. Burada daşdan yonulmuş yazısız abidələr - qoç, öküz, bay­quş, yəhər, nəhrə və digər şəkilli abidələr də olmuşdur (Bun­ların çoxu ermənilər tərəfindən oğurlan­mış, məhv edilmişdir). Kənd əha­lisinin adı Qarabağ xanən­dələrinin və şairlərinin dilin­dən heç zaman düşməyən, ilin bütün fəsillərində başı qarla örtülü olan Qırxqız dağının ətəklərində “Meydan” adlanan, böyük bir ərazini tutan yay­laq yerləri var idi. Kənd əhalisi mal-qarasını, qoyun sürülərini yay aylarında yaylaqda (Meydan­da) payız, qış mövsümünü isə Qışlaqda keçirərdi. Meydanda hər bir Qışlaq (Qədim Xocalı) ailəsinin öz yurd yeri – yaylaq yeri var idi.
Beləliklə, Qədim Xocalı kəndi – Qışlaq kəndi Daşbulaq kəndi­nin yaxınlı­ğından İlis çayının mənbəyinə doğru, Sarıqaya Kurqanının sağ yamaclarına qədər geniş bir ərazidə yerləşirdi. Bu yerlər sonralar ermənilər tərəfindən vəhşicəsinə mənim­sənilsə də, dədə-baba­la­rı­mıza – Azərbaycan türklərinə məxsus olan bəzi qəbirlər və bəy baba­ları­mızın nəhəng evlərinin qalıq­ları son zamanlaradək həmin yurd yerlərimizdə dururdu.
XIX əsrin əvvəllərində Azərbaycan torpaqları bölüşdürül­dük­dən – bədnam 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqa­vi­lələrindən və 1828-1832-ci illərdə rus-türk müharibə­lə­rindən sonra ruslar tərəfindən Azərbaycana, onun dilbər guşə­lərindən biri olan Qarabağa köçürülən on minlərlə erməni ailəsinin böyük bir qismi Xocalıda yerləşdirilmişdir. Onlar Xocalı bəylərinin bərəkətli torpaqlarında – Noraguğ, Xanabad, Seyidbəyli, Şəlvə, Xındırıstan, Bəddərə, Daşbulaq, Mehdi­kənd, Sərdarkənd, Əsgəran, Naxçıvanik, Aranzəmin, Pircamal, Çanaq­çı, Ballıca, Xənəzək və digər kəndlərdə məskunlaşdırılmışdır. Tədqiqat­lardan məlum olur ki, bu kəndlərin hamısı keçmiş za­manlardan qədim Qışlaq kəndinin ətrafında salın­mış türk kənd­ləri, əhalisi də türk mənşəli olmuşdur. Ermənilər öz hava­darlarının köməkliyi ilə zaman-zaman Qarabağın digər yerlə­rində olduğu kimi, burada da ulu babalarımızın torpaqlarını mənim­səyərək özününküləşdirmiş, qədim tarix və mədəniyyət abidələrimizi dağıtmış, onların izini tariximizdən silməyə çalışmışlar.
XX əsrin əvvəllərində Qarabağ ərazisində ermənilərin törət­dikləri kütləvi qırğınlar Xocalıların yaşadığı qədim Qışlaq kəndindən də yan keçməmişdir. Belə ki, 1905-1907-ci illərdə xocalıların qədim Qışlaq kəndi qismən, 1915-ci ildə isə tama­milə dağıdılıb yandırıl­mışdır. Sağ qalmış əhali o dövrdə kənd ağsaqqalı Səfiyar bəyin başçılığı ilə Qışlaqdan Şuşanın Malı­bəyli kəndinə pənah gətirmiş, orada bir neçə gün qaldıqdan sonra əhali Ağdamın Gülablı kəndinə köçərək həmin rayonun Tərnəgül və Kəngərli kəndlərində məskun­laşmışlar. Üç ilə yaxın bir müddətdə bu məskunlaşma davam etmiş və yerli əhali ilə qismən qaynayıb-qarışmışlar. Şimali Azərbaycanda Xalq Cüm­hu­riyyəti qurulduqdan sonra Əsgəran qalası yaxınlığında, silah­lanmış erməni daşnaklarına rəhbərlik edən Dəli Qəzərin dəstəsi, Osmanlı və Qafqaz İslam Ordusu tərəfindən darmadağın edil­dikdən sonra 1918-ci ilin iyul-avqust aylarında xocalılar yenidən Xocalıya qayıtmışlar. Lakin qədim Qışlaq kəndindən əsər-əlamət qalmadığını görən Xocalı əhalisi Səfiyar bəyin göstərişi ilə İlis və Xocalı çay­larının qovşağında əmələ gələn üçbucaqda yeni Xocalı kəndinin əsasını qoyurlar. Çünki, ermənilər sonralar Qışlaq kəndini və həmin kəndin yaxınlığındakı qədim qəbiris­tanlığı dağıdaraq yox etmiş, onların yerini əkin sahəsinə çevir­miş və həmin ərazidə “Sunçinka” adlanan donuzçuluq kom­pleksi salmışdılar. Ulu babalarımız tərəfin­dən salınmış bu kənd Yeni Xocalı adlandırılmışdır.
1920-ci il aprel işğalından sonra Qarabağdakı torpaqları­mızın bir hissəsi yenidən erməni kəndlərinə (Noraguğ, Daşbu­lağ, Əsgəran, Mehdikənd, Harov, Kətik, Naxçıvanik, Badara və ş.) verilərək Xoca­lının ərazisi süni surətdə yenidən kiçilmişdir. Beləliklə, Xocalı Yu­xarı Qarabağda böyük bir ərazinin adıdır. Bu ərazidə olan bütün tarix və mədəniyyət abidələri müxtəlif tipli olmaqla müxtəlif dövrlərə aiddir. Ərazinin nə vaxtdan Xocalı adlandırılması məlum deyil. Xoca­lıda tapılan qiymətli əşyalar, o cümlədən əqiq muncuqlar – üzərində mixi yazı ilə Assuriya hökmdarları Adadnerarinin (e.ə. VIII-VII əsr) adı yazılmış əqiq muncuq, şirli qablar, silindr şəkilli möhürlər, müxtəlif qızıl məmulatları, sədəfdən, fil sümüyündən hazır­lanmış zinət əşyaları, molyuskların çanaqları və s. göstərir ki, hələ qədim dövrdə Xocalıda yaşayan əcdadlarımız ətraf aləmdən təcrid edilmiş halda deyil, Yaxın Şərq və Ön Asiya ölkələri ilə ticarət əlaqələrində olmuşlar. Xocalıda olan qədim tarix və mədəniyyət abidələrinin böyük əksəriyyəti dəfn abidələri olub son tunc, erkən dəmir dövründə yaşayan əcdadlarımızın dini və axirət dünyasına olan baxışlarını ifadə edir. Bu abidələr, həmin dövrdə yaşayan bəşər övladının həyat tərzini, məşğuliyyətini, ictimai dünyagörüşünü əks etdirir.
Xocalı abidələri dini mərasimlər, ayinlər, ibtidai memarlıq və incəsənət, təsərrüfat və sənətkarlıq sahələri haqqında qiymətli mənbədir. Xocalı abidələr kompleksi Qarabağda mövcud olan qədim abidələr silsiləsində özünəməxsus yer tutur. Xocalıya, burada olan qədim qəbiristanlıqlara, daş ibadətgahlara, övliya­lara, müqəddəs sayı­lan insanların, görkəmli şəxsiyyətlərin, din xadimlərinin dəfn olunduğu yerlərə müqəddəs ocaqlara, ziya­rət­gahlara, müxtəlif tarixi dövrlərdə yaşamış seyidlərin qəbir­lərinə görə müxtəlif tarixi dövrlərdə “müqəddəs yurd yeri”, kimi baxılmışdır.
Apardığımız tədqiqatlardan məlum olur ki, orta əsr mənbə­lərində Xocalı ərazisi “Müqəddəs Yurd”, “Müqəddəs Qərb” adlan­dırılmışdır. Ona görə də ərazi­nin Xocalı adlandırılmasını birmənalı şəkildə belə şərh etmək olar. Xoca türk sözü olub, türkdilli xalq­ların dilində “hörmətli”, “möhtəşəm” və “müqəd­dəs” şəxslərə deyi­lir. Buradakı “lı” şəkilçisi el, oba, yer, yurd, məkan mənasını ifadə edən mən­su­biyyəti bildirir. Odur ki, bütün bunları nəzərə alaraq deyə bilərik ki, Xocalı müqəddəslərin uyuduğu diyar, müqəddəs yurd, mə­kan, yer mənasını verir. Əfsuslar olsun ki, sovetlər dövründə Xocalıda aşkar olunmuş qiymətli maddi mədəniyyət nümunələrinin əksəriyyəti bir qayda olaraq öz muzeylərimizdə deyil, Moskva, Sankt-Peterburq, London, Paris, Drezden kimi şəhərlərin muzey­lərində (məsələn Moskva Dövlət Tarix Muzeyi, Ermitaj muzeyi və s.) saxlanı­laraq, başqa xalqlara məxsus incəsənət nümunələri kimi nüma­yiş etdirilmişdir.
Çar Rusiyası tərəfindən Xocalıda (həmçinin Qarabağın bütün ərazisində) ilk siyahıyaalma 1886-cı ildə həyata keçiril­mişdir. Qafqaz canişinliyinin Mülki İşləri Üzrə Baş İdarəsinin Zaqafqaziya Statistika Komitəsinin 1886-cı ildə Zaqafqaziya diyarı üzrə, ailə sayına görə keçirdiyi siyahıyaalınmaya əsasən, Xocalıda Qədim Qışlaq kəndində 34 tüstü (yəni ev – M.N.) olmuş və burada 192 nəfər (98-i kişi, 94-ü qadın olmaqla) yaşamışdır. Eyni zamanda, mənbədə göstərilir ki, bu əhalinin hamısı şiə məzhəbli tatarlardır, yəni türklərdir. Siyahıya­alınmadan məlum olur ki, 9 bəy ailəsində 24 nəfər kişi, 22 nəfər qadın bəy (bəyim) olmuşdur. Bu kənddəki sahibkar (bəy) tor­paq­larında 28 ev, 146 nəfər (74 kişi, 72 qadın) adam yaşamışdır.
1893-cü ildə Tiflisdə nəşr edilən «Свод статических данных о населении Закавказского края извлеченных из поселенных списков» adlı kitabda da Xocalıda yaşayan ailələr haqqında, o cümlədən Xocalının 46 bəyi haqqında məlumat verilir.
Təbiidir ki, Xocalının o zamankı 46 bəyi, “bəy” titulunu elə-belə qazan­mayıb. Onların kifayət qədər var-dövləti, ən əsası isə Yuxarı Qarabağda (sonralar Dağlıq Qarabağ adlanan ərazidə) geniş torpaq, otlaq və biçənək sahələri olub. Yuxarıda adıgedən mənbədə göstərilir ki, Malıbəyli kəndində 9 kişi, 4 qadın bəy (bəyim) olmuş­dur (cəmi 13 nəfər). Xocalıda Allahverdi bəyin, Qəhrəman bəyin, Şükür bəyin adlarını daşıyan bağ yerləri (əsasən tut bağları) bütün xocalılara yaxşı məlum idi. Sovetlər dövründə bu yerlərin (bağ yerlərinin) böyük bir hissəsi erməni kəndlərinin ərazisinə qatılıb mənimsənilmişdir.
1921-ci il kənd təsərrüfatı siyahıyaalınmasında göstərilir ki, Malıbəyli kənd cəmiyyətinin tərkibində 6 kənddən biri olan tatar (yəni türk) Xocalısında təsərrüfat sayı 70, burada yaşayan adamların sayı kişilər 128, qadınlar 190 olmaqla cəmi 318 nəfər olmuşdur.
Qərbi Azərbaycanda yaşayan soydaşlarımız 1918-1920-ci illər­də Yerli Xocalı salındıqdan sonra, bu ərazilərə köçməyə məcbur edil­dilər. XX əsrin 20-ci və 30-cu illərinin əvvəllərində, Ermənis­tanın (Qərbi Azərbaycanın) Dərələyəz mahalından de­por­tasiya edil­miş soydaşlarımız Xocalıya pənah gətirmiş və onlar Xocalı çayının sağ və Qarqar çayının sol sahilində, Çar Rusiyası dövründə “Poçt yeri” kimi tanınan ərazidə, Qaçqınlar Xocalısı (sonralar müəyyən dövrlərdə Dərələyəz) adlanan kən­din əsasını qoymuşdular.
Keçən əsrin 30-cu illərində əsasən Laçın və Kəlbəcərdən gəlmiş soydaş­larımız, Xocalı çayının sağ sahilində, Qaçqınlar Xocalısı və Yerli Xocalı kəndinin yuxarı tərəfində Qaladərəsi Xocalısı adlanan kəndi salmışlar.
Beləliklə, Sovet hakimiyyəti dövründə Xocalı kəndi, Xocalı çayının sağ və sol, Qarqar çayının sol sahilində yerləşən üç para kənddən ibarət olmuş, bu kəndlərin üçü də (Yerli Xocalı – Qədim Xocalı, Qaçqınlar Xocalısı – Dərələyəz Qaladərəsi Xocalısı) Xo­ca­lı kəndi adlandırılmışdır. Bu üç kənd bir sovetlikdə – Xocalı sovetliyində birləşirdi.
XX əsrin 30-cu illərində Xocalıda da kolxoz təsərrüfatı yaran­mış, Xocalı bəylərinin var-dövləti, mal-qarası, torpaq sahə­ləri kol­xozun ixtiyarına verilmişdir. Kollektivləşmə dövründə (1930-cu il­lər) Xocalı bəylərinin onlarla nəsilləri (dövləti-varı olanı da, olmayanı da) “kulak” adı ilə repressiya qurbanı olmuş, güllələnmiş, ya da ömürlük Sibirə sürgün edilmişlər. Bu qurbanlardan biri də XX əsrin əvvəlində Xocalının – Qarabağın ən məşhur bəylərindən biri Səfiyar bəyin oğlu Abdulla bəy olmuşdur. Abdulla bəy ziyalı, təhsilli bəylərdən olub, əvvəlcə Qori Seminariyasını, sonra isə Peterburqda gimnaziyanı bitir­mişdir. Bununla yanaşı Usub bəy, Allahverdi bəy, Şükür bəy, Tapdıq bəy, Zülfüqar bəy kimi bəylərlə yanaşı, var-dövləti olma­yan qeyrətli Vətən övladları – Şahbaz oğlu Abdulla, Qam­boy və başqaları da repressiya qurbanları olmuşlar. Onu da qeyd edək ki, Xocalıda yaradılan və sonralar “Şəfəq“ adlanan kolxoz 1950-60-cı illərdə Respublikamızdakı ən varlı kolxozlardan biri ol­muşdur. Kolxozda mal-qara saxlamaqla yanaşı, tütünçülük və bostançılıqla məşğul olmuşlar.
1964-cü ilin sentyabrında Xocalıda kolxoz təsərrüfatı ləğv edil­miş, əvəzində “Xocalı üzümçülük-tərəvəzçilik sovxozu” yaradılmış, 1986-cı ildə isə üzüm bağları ləğv edilərək, “Xocalı tərəvəzçilik-südçülük sovxozu” yaradılmışdır.
1923-cü ildə mərkəzi Xankəndi (Ermənilərin Stepanakert ad­landırdıqları ərazi) olmaqla DQMV adlanan inzibati qurum yara­dıldıqdan sonra, Xocalı 1978-ci ilə qədər Xan­kəndi rayo­nunun, 1978-ci ildən 1991-ci ilə qədər isə Xocalı kəndi Əsgəran rayonunun tərkibinə qatılmışdır.
1990-cı ilin aprelində Xocalı, Azərbaycan hökumətinin qərarı ilə (rayon tərkibində) şəhər statusu almış, həmin dövrdə Xocalıda aqrar sənaye birliyi və Rayon Təhsil Şöbəsi yara­dılmışdır. DQMV ərazisində azərbaycanlılar yaşayan bütün kəndlərin kolxoz, sovxoz və təhsil müəssisələri bu təşkilatlara tabe edilmişdir. Bundan sonra, Xocalıda quruculuq-abadlıq, şə­hər­salma işləri aparıl­mışdır. 1990-cı illərin əvvəllərində Qara­bağda milli münaqişə son həddə çatdıqdan sonra 1991-ci il noyabrın 26-da Azərbaycan Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağın Muxtar Vilayət statusu ləğv edilmiş, Xocalıya rayon statusu verilmiş və keçmiş Əsgəran rayonunun bütün kəndləri və Xankəndi şəhəri ona tabe edilmişdir.
Məlum “Xocalı faciəsi”ndən sonra Xocalı Rayon İcra Hakimiy­yəti tabeli­yində 1 şəhər – Xocalı, 1 qəsəbə – Kər­kicahan, 3 kənd – Kosalar, Meşəli, və Cəmil­li İcra Nümayən­dəlikləri məcburi köçkün­lük şəraitində fəaliyyət göstərir.
Hazırda Xocalı rayonunun əhalisi Respublikamızın 54 rayo­nun­da məskun­laşmışdır. Xocalı rayonunun əsas idarə, müəs­sisə və təşkilatları rayon əhalisinin kompakt şəkildə məs­kunlaşdırıldığı Go­ran­boy rayonu Aşağı Ağcakənd (2001-ci ildə ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə salın­mışdır) qəsəbəsində və xocalılar üçün həmin qəsəbə ərazisində yeni salınmış (2009-cu ildə “İnkişaf proqram”ına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərən­camına əsasən) Börü, Meşəli və Yuxan Ağ­cakənd qəsəbələrində fəaliyyət göstərirlər.
Xocalı rayon əhalisinin respublikamızın müxtəlif bölgə­lərində kompakt şəkildə məskunlaşdığı yerlərdə 12 tam orta və 1 ibtidai məktəb, 1 Uşaq Yaradıcılıq Mərkəzi, 2 məktəbəqədər tərbiyə müəs­si­səsi (körpələr evi və uşaq bağçası), 3 mədəniyyət evi, 3 musiqi məktəbi, 1 tarix diyarşünaslıq muzeyi, 29 kitab­xana, 17 klub, Xocalı Rayon Mərkəzi Xəstəxanası və Polik­linikası, 4 həkim ambu­la­toriyası, 9 feldşer-mama məntəqəsi və digər təhsil, mədəniyyət, sə­hiy­yə ocaqları fəaliyyət göstərir.
Onu da qeyd edək ki, Pənahəli xan tərəfindən Şuşa qalası tikilərək Qarabağ xanlığının əsası qoyularkən xanlığın idarə olun­ması, qorunub-saxlanılması və digər işlərin icra olun­masında Şuşaya aparılmış Xocalının Cavanşirlər nəsli yaxından iştirak etmişdir. Belə ki, Pənahəli xanın dövründə xan tərəfindən Qalanın qalabəyisi təyin olunmuş Mirzə Məhəmmədxan bəy Cavanşir, Pənahəli xanın oğlu İbrahimxəlil xanın dövründə isə əvvəlcə onun xanımının yanında mirzəlik etmiş, sonra dəftərxana müdiri olmuş, daha sonra xan tərə­findən xanlığın vəzir-katibi təyin edilmiş Məhəmmədxan bəyin oğlu Mirzə Camal Cavanşir, Cavanşir qəzasının Xocalı kəndin­dəndir. Mirzə Camal Cavanşir ilk Qarabağnamənin, fars dilində yazılmış “Tarixi Qarabağ” əsərinin müəllifidir. Bu sülalənin sonrakı davam­çıları Rzaqulu bəy Mirzə Camal oğlu Vəzirov, Həsənqulu Rzaqulu oğlu, Qulu Həsənqulu oğlu, Usub bəy Qulu oğlu Cavanşir də əslən Xocalıdan olub, Məhəmmədxan bəyin bu günümüzə kimi davam edən nəsillərindəndir. Bunlardan başqa, Ağaməhəmməd şah Qacarın Qarabağa hücumu zamanı onun yüz minlik qoşununun qarşısını Xocalının Əsgəran Qalası yanında kəsən, Qacar ordusuna qarşı Xocalı düzündə mərdliklə vuruşan, Qarabağ xanlığı qoşununun başçısı “Batman qılınc” ləqəbli Məhəmməd Cahan pəhləvan da əslən Xocalıdandır. Qədim Qışlaq kəndinin XIX əsrdəki, Yerli Xocalının XX əsrin əvvəl­lərindəki əhalisinin əsas hissəsini üç qardaşın – Hacı Zeynal ağanın, Kərbəlayı Abışın Kərbəlayı Feyzinin törəməsi təş­kil edir.
Görkəmli Azərbaycan ədibi Ə.Haqverdiyevin “Xortdanın cə­hən­nəm mək­tub­ları” əsərində Hacı Zeynal ağa, dövrünün gör­kəmli şəxsiyyəti və Xocalılarının ən varlı adamlarından biri kimi təsvir olunur. Xocalının yaxşı tanıdığı “Kərbəlayı Abış qayası” (Kərbəlayı Abışın adını daşıyan) nəhəng abidə kimi İlis çayının sağ sahilində yerli Xocalı və ermənilərin məskunlaşdığı Nora­guğ kəndi arasında yerləşir.
Qışlaqda və Yerli Xocalıda – xələflilər, anaxanımlılar, kəngər­lilər, cırdaxan­lılar, Qaçqınlar Xocalısında – dərələyəz­lilər, çullular, zarıslılar, demokratlar Qaladərəsi Xocalısında – laçınlılar, kəlbə­cərlilər, məhsətilər tayfaları olub və bu gün də həmin tayfaların davam­çıları müxtəlif bölgələrimizdə məskun­laşıb yaşayırlar.
Xocalı ərazisində Oarqar çayı, Xocalı çayı, İlis çayı, Qırx­qız dağı, Boz dağ, Qarağac bulağı, Əhməd bulağı, Əfrus bulağı, Azad bulağı, Əyyub bulağı, Rəhim bulağı, Rus bulağı, Nəriman bulağı, Müseyib bulağı, Ataş bulağı, Söyüd bulağı, Pirəməki və Kətik me­şələri, Əsgəran qalası, Cahan nənənin ocağı, Seyid Cəlal ağanın qəbri, Çökək məhəllə, Çay məhəllə, Çınqıl məhəl­lə, Kəngərlilər mə­həlləsi, Yuxarı məhəllə, İlis məhəllə, Qan çanağı məhəlləsi, Zarıslılar məhəlləsi, Fərəcanlı məhəlləsi, Çullular məhəlləsi, Çınqıl məhəllə, Türklər məhəlləsi, Kürdlər məhəlləsi, Orta məhəllə, Yeni məhəllə var idi.
Dünyanın müxtəlif bölgələrinə səpələnmiş ermənilərin Azər­bay­cana köçürül­məsi ilə burada yaşayan xalqların çətin və məşəq­qətli günləri başlamışdır. Azər­baycanın qədim İrəvan xanlığında Erməni vilayəti yaradıb, sonralar tarixi torpaq­larımızı müxtəlif yollar və vasitələrə həmin qondarma quruma birləşdirib Ermə­nistan adlı “dövlət” yaradan ermənilər və havadarları təəssüflər olsun ki, bu­nunla kifayətlənmədilər. Bütün XX yüzillik ərzində Azərbaycanın tükənməz və təbii yeraltı və yerüstü təbii sərvətlərə malik Qarabağ bölgəsinə əsassız ərazi iddiası edən Ermənistan 80-ci illərin son­larında ölkəmizə qarşı açıq tətil, nümayiş və ən nəhayət irimiqyaslı hərbi əməliyyatlara başladı. Azərbaycanda yaranmış dərin siyasi böh­randan mə­harətlə istifadə edən arxalı düşmən xalqımızın başına tarixdə misli-bərabəri olmayan müsibətlər gətirdilər. Bu dövrdə erməni terroru miqyaslı xarakter aldı. Türk qanına susayan erməni kafirləri elan olunmamış “Qarabağ savaşı”nda ağsaqqal qoca­lara, qadınlara, südəmər körpələrə də aman vermədi. Erməni vandalları tarixdə analoqu olmayan faciələr törətdilər. Belə faciələrdən biri də, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə vəhşi erməni cəlladları tərəfindən törədilən Xocalı qırğını idi. Xocalı soyqırımını erməni quldurları Rusiyanın 366-cı atıcı alayının köməyi ilə törətmişdilər. Ermənilərin Xocalını əsas hədəflərdən biri kimi seçməsi təsadüfi deyildi. Düşmən xocalını işğal etməklə bir sıra məqsədlər güdürdü. Belə ki, Dağlıq Qarabağ regionunun digər şəhərlərini ələ keçirmək üçün streteji üstünlük qazanmaq; Regionda yeganə mülki hava limanına malik olan mühüm kommunikasiya mərkəzini ələ keçir­mək; Xocalıda törədilən soyqırımı ilə psixoloji üstünlük əldə etmək və azərbaycanlıların iradəsini qırmaq; Xocalıda və ətraf ərazilərdə olan tarixi izlər onların ərazi iddialarını puça çıxardığı üçün bu şəhəri yer üzündən silmək.
Beləliklə, XX yüzilliyin sonlarında erməni faşistləri tərə­findən azərbay­can­lılara qarşı, Xatın və Sonqımi faşistlərini geridə qoyan Xocalı soyqırımı törədildi. Xocalı müsibəti ermə­nilərin Azərbaycan xalqına qarşı törətdiyi geno­siddir - soyqırımdır. Vəhşiləşmiş erməni cəlladlarının məqsədi şəhərin bütün əhalisini məhv etmək idi. Ancaq sırf təsadüflər nəticə­sində xeyli Xocalı sakini tarixə şahidlik etmək üçün sağ qaldı.
Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri genosid – Xocalı soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 83 azyaşlı uşaq, 70 qoca, 76 nəfər yetkinlik yaşına çatmayan oğlan və qız öldürüldü. 1000 nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. Həmin dəhşətli gecədə 1275 nəfər əsir götürüldü, hansı ki, həmin əsirlərin 150 nəfərinin taleyi bu gün də, məlum deyil [6, 152].
Erməni quldur dəstələrinin xüsusi qəddarlıqla törətdikləri bu hərbi cinayət nəticəsində 8 ailə tamamilə məhv edilmiş 25 uşaq hər iki valideynlərini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, başları kəsilmiş, gözləri çıxarılmış, dişləri və dırnaqları çəkil­miş, hamilə qadınların qarnı de­şik-deşik edilmişdir [13, 42]. Bütün bu qeyri-insani əməllər XX əsrin sonlarında dün­yanın gözü qarşısında özlərini “mədəni” və “məzlum” xalq kimi tanıtmağa çalışan vəhşi ermənilər tərəfindən törədilmişdir.
Çox təəssüflər olsun ki, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi id­diaları və etnik təmizləmə siyasəti Xocalı soyqırımı ilə başa çatmadı. Ermənilər xarici havadarlarının köməyi və fitvası ilə Azərbaycan torpaqlarının 20 faizini işğal etdilər, bir milyondan artıq azərbaycanlını öz tarixi dədə-baba yurdlarından didərgin saldılar.
Xocalıda azərbaycanlılara qarşı törədilmiş bu amansız və kütləvi qırğına, tarixi cinayətə ilk hüquqi siyasi qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilmişdir. Prezident Heydər Əliyev 25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının xatirə­sinə sükut dəqiqəsi elan edilməsi haqqında fərman” imzala­mışdır. Həmin Fərmanda göstərilir: “1992-ci il fevral ayının 26-da Ermə­nistan silahlı qüvvələri Azərbaycan xalqına qarşı misli görünməmiş Xocalı soy­qırımını törətmişlər. Bu kütləvi və amansız qırğın aktı erməni qəsb­kar­larının Azərbaycan dövlət müstəqilliyini, ərazi bü­tövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhi­fəsi olmaqla, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayətdir və bəşər tarixində qara ləkə kimi qalacaq­dır.
Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə qərara alıram:
Hər il fevral ayının 26-sı saat 1700-da Azərbaycan Respub­lika­sının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilsin”... “Xocalı soyqırımı XX əsrin ən böyük insan faciələrindən biridir. Xoca­lıda misli görün­mə­miş qəddarlıqla törədilmiş bu insan qırğınının Yer kürəsinin hər hansı bir guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı soyqırımı həqiqətləri dünya ictimaiyyətinə hərtərəfli dünya ictimaiy­yətinə çatdırılmalı və humanizm ideal­larına sədaqət nümayiş etdirən bütün insanların bu faciəyə öz qəti, birmənalı mövqelərini bildir­mələri üçün ciddi və məqsəd­yönlü iş aparılmalıdır”.
Xocalı şəhəri işğal edildikdən sonra Ermənistan Silahlı birləş­mələrinin əsarəti altında qalan, qarət edilən, yandırılan tarixi abidələr və maddi-mədəniyyət nü­mu­nə­ləri aşağıdakılardır: Daş qutu nekro­polu tunc dövrü (Xocalı şəhəri Əsgəran dağı); Nekropol ilk tunc və orta tunc dövrü (Xankəndidən cənubda); Xoca­lı kurqanları ilk tunc və dəmir dövrü (Xocalı rayonu); Küp qəbirlər nekropolu ilk orta əsrlər (Xankəndinin ərazi­sin­də); Kurqan dəmir dövrü (Xan­kəndi yaxın­lığında); Xankəndi kur­qanları tunc dövrü (Xan­kəndi­dən şimalda); Xaçınçay kur­qanları ilk tunc və orta tunc dövrü (Seyidli kəndindən şimal-şərq­də); Küp qəbirləri nekropolu tunc dövrü (Armudlu kən­dindən 2 km. İlis kəndinə tərəf); Kurqan tunc dövrü (Armudlu kəndindən 15 km aralı, İlis çayının sahilində); Daş qutu nek­ropolu dəmir dövrü (Armudlu kəndi, qəbiristanlığın yaxın­lığında); Köhnə qəbiristanlıq tunc dövrü (çanaqçı kəndi); Daş qulu nekropolu dəmir dövrü (Saruşen kəndi); Daş qulu nek­ropolu dəmir dövrü (Saruşen kəndi, dağın ətəyində); Dairəvi məbəd 1356-1357-ci il (Xocalı şəhəri); Türbə XIV əsr (Xo­ca­lı şəhəri); Alban məbədi 1100-ci il (Çanaxçı kəndi); Alban mə­bədi 1065-ci il (Çanaxçı kəndi); Alban məbədi 1905-ci il (Şuşa kəndi); Alban məbədi 1122-ci il (Xansıx kəndi); Alban məbədi 1100-ci il (Xaçmaz kən­di); Alban məbə­di 1202-ci il (Armudlu kəndi); Qala X əsr (Maş­x­maat kən­di); Qırxlar qalası orta əsrlər (Badara kəndi); Məbəd kom­pleksi VII əsr (Badara kəndi) [29]. Hazırda işğal zonasında ge­niş miqyasda qanunsuz arxeoloji qazıntı işləri aparılır və tapıntılar Ermənistana daşınır.
Xocalı rayonu ərazisində təsdiq edilmiş ehtiyatları uyğun olaraq 32 min kub m. və 2039 min kub m. olan və istismara cəlb olunan Zərinabağ və Ağçay üzlük daşı yataqları, ehtiyatları 12434 min ton olan və istismara cəlb olunan, qırmadaş və əhəng istehsalına yararlı Şuşa əhəngdaşı yatağı, 962 min kub m. Eh­tiyatlara malik, kərpic istehsalına yararlı Xocalı gil yatağı, eh­tiyatları 7280 min kub m. olan Xankəndi qum-çınqıl qarışığı yatağı, istismar ehtiyatları 9 min kub m. gün olan Xankəndi yeraltı şirin su yatağı mövcuddur. Xocalı rayonu ərazisində, Ba­dara çayı hövzəsində “yeddi kilsə” adlanan yerdə Xankəndi meşə təsərrüfatının tabeliyində olan Pirkal meşə­çiliyində fıstıq-palıd meşələri xüsusi olaraq qorunurdu [29].
Xocalı rayonunun Seyidbəyli kəndinin şimal-şərqində Xa­çın­çayda tapılmış kurqan Erkən Tunc dövrünə aid olub, 1-2,5 m hün­dür­lüyündə və 10-20 m dia­metrində olması ilə diqqəti cəlb edirdi. Bu kurqan düzbucaqlı və trapes formalı mü­dafiə mər­kəzindən ibarət idi. Bu gün həmin, maddi-mədəniyyət nümunəsi də erməni vandaliz­minin qurbanı olmuşdur.
Hazırda ermənilər işğal altındakı Xocalı ərazisində təbiətə vəh­şicəsinə ziyan vururlar. Meşələrdəki qiymətli ağaclar kütləvi surətdə doğranaraq Ermənistana daşınır. Torpaqlarımızda gizli şəkildə nar­kotik maddələr əkilib becərilir, terrorçu dəstələr hazırlanır.
Xeyli vaxtdır ki, Qarabağ torpaqlarının düşmən tapda­ğından azad edilməsi üçün danışıqlar aparılır. Bu danışıqlarda iri dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar iştirak edirlər. Azər­baycan dövləti torpaqlarımızda yenidən müharibə başlama­sını, qan tökülməsini istəmir, çalışır ki, sülh danışıqları nəticə versin. Danışıqlarda Azər­baycanın nümayiş etdirdiyi mövqe haqq-ədalət mövqeyidir. Azər­bay­can dövləti heç bir ölkəyə qarşı ərazi iddiası irəli sürmür, eyni zamanda öz torpaqlarımızın bir qarı­şının da düşmən tapdağında qalmasına imkan verməyəcək.
Azərbaycan Respublikasının Prezidenti çıxışlarından birin­də açıq şəkildə bəyan etmişdir: “...Azərbaycan heç vaxt Dağlıq Qara­bağın itirilməsinə razılıq verməyəcək, nəyin bahasına olur­sa-olsun, doğma torpaqlarını azad edəcək, ərazi bütövlüyünü bərpa edəcəyik... Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Ermənilər oraya XIX əsrin əvvəllərində köçürülmüşlər. Bir dəfə Azərbaycan, türk torpa­ğında erməni dövləti yaradılıb, burada ikinci erməni dövlətinin yaranmasına biz heç vaxt imkan vermərik”.
 “Müqəddəs yurd: Xocalı” adlı kitabdan 



Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi