XOCALIDA SOVET REJİMİNİN QURULMASI

        
        Azərbaycanın Xocalı ərazisində sovet rejiminin qurulması prosesini təhlil etməzdən öncə XX əsrin əvvəllərində bölgədə baş verən sosial-siyasi prosesləri izləmək yerinə düşərdi. Qarabağ bölgəsi Azərbaycanın tarixən ayrılmaz bir hissəsi olub onun qərbində yerləşir. Rusiya imperiyasının “1897-ci ildə əhalinin ümumi siyahıya alınması məlumatına” görə XIX yüzilliyin sonlarında Qarabağın ümumi sahəsi bir milyon 101 min 748 desyatin, əhalisi 415.712 nəfər olmuşdur [Moskva 1904, s.78]. Burada yaşayan əhali əsasən əkinçilik və maldarlıqla məşğul olurdu. Rusiyanın mərkəzi şəhərləri ilə Qarabağ əhalisinin iqtisadi və mədəni əlaqələri var idi. Əvvəllər Bakı, Gəncə, Təbriz, Dərbənd, Şəki, Şamaxı, Naxçıvan şəhərlərində alver edən Qarabağ tacirlərini həm də Peterburq, Kazan, Həştərxan, Moskva və digər şəhərlərdə də görmək olardı.
        XX yüzilliyin əvvəllərində Xocalıda sənaye də inkişaf etmişdi ki, həmin sənaye sahələrindən biri də ipəkçilik olmuşdu. Qeyd edək ki, baramanın mexaniki üsulla qurudulması ilk dəfə Qarabağ ipək müəssisələrində tətbiq edilmişdi. XX əsrin əvvəllərində ipək mallar Moskvaya və Rusiyanın digər şəhərlərinə göndərilirdi.
        Bəhs olunan dövrdə Xocalının kənd təsərrüfatında taxılçılıq və bağçılıq əsas yer tuturdu. Burada pambıq da əkilirdi. 1906-cı il məlumatına görə Xocalı ərazisində bütün torpaqların 28 faizi kəndlərin, qalanları isə dövlətin və bəylərin ixtiyarında idi. Burada əmtəə-pul münasibətləri genişlənmiş, daxili və xarici ticarət inkişaf etmiş, Xocalı tacirlər öz mallarını ümumrusiya və dünya bazarına çıxarmışlar.
        XX əsrin əvvəllərində bütövlükdə Qarabağda, o cümlədən Xocalıda Qaçaq hərəkatı genişlənmişdi. Vəziyyətdən istifadə edən Rusiya Sosial Demokrat Fəhlə Partiyasının (RSDFP) birbaşa diktəsi ilə Qarabağda sosial-demokrat qrupları yaratdı və xalq içərisində “inqilab” ideyaları yayılmağa başlandı. Onlar “İskra” qəzeti vasitəsilə konsert-teatr binalarında seminariyalarda təbliğatlarını davam etdirirdilər. Bu işə tələbləri, fəhlələri və sənətkarları cəlb etmişdilər. Belə bir şəraitdə Şuşa, Cavanşir və Qaryagin qəzalarında “Difayi” (“müdafiəçi”) təşkilatı da yaranmışdı ki, onlar xalqı bolşevik təbliğatından uzaq durmağa çağırırdılar. Bolşeviklər fəhlə və kəndliləri silahlanmağa və inqilaba istiqamətləndirirdilər.
Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin  (bundan sonra ARPİİSSA)  f.276, s.1, i.42-də göstərilir ki, Cavanşir, Şuşa və Qaryagin (Xocalı nəzərdə tutulur – M.N.) qəzalarında silahlı kəndli dəstələri mülkədarlara və bəylərə qarşı hücuma keçir, onların malikanələrini zəbt edir, müqavimət göstərənləri öldürürdülər... Həmin qəzalarda Kərbəlayi Həsənli oğlunun və Əli Abbas oğlunun başçılıq etdiyi silahlı kəndli dəstələri 1906-cı ilin dekabrında polis və kazak dəstələri üzərinə hücuma keçərək hərbi ləvazimatı ələ keçirərək ... malikanələri dağıdır, meşələri qırırdılar... Tətillər, kəndli həyəcanları, silahlı kəndli dəstələrinin fəaliyyəti gündən-günə artırdı.
       Rusiyada baş verən 1917-ci il fevral inqilabının sədası Qara-bağa da öz təsirini göstərmişdir. Arxiv sənədlərində göstərilir ki, “1917-ci ilin mart-aprel aylarında Qarabağda əsgər deputatları sovet və əsgər komitələri təşkil edildi. Bu zaman qəzada Müvəqqəti Hökumət orqanları da yaradıldı... 1917-ci il martın 12-də isə Xocalıda Əsgər Deputatları Soveti və əsgər komitələri təşkil edildi. Az sonra kəndli Deputatları Soveti və qəza nümayəndələrindən ibarət icraiyyə komitəsi yaradıldı” [ARPİİSSA, f. 456, s.16, i.122].
        “Bakı” qəzeti 26 avqust 1917-ci il /191/-ci sayında yazırdı ki, Qarabağda hakimiyyət başına keçmiş Müvəqqəti hökumət zəhmətkeş kütlələrin ağır vəziyyətini yüngülləşdirmək üçün heç bir tədbir görmədi... Əvvəllər hakimiyyət başında olanlar yenə də əvvəlki mövqelərində qalmaqda idilər.
        1917-ci il mart-avqust aylarında Qarabağı gəzən müvəkkil, buradakı vəziyyəti həyəcanla mərkəzə məlumat vermiş və bütün bunlar arxiv sənədlərində öz əksini tapmışdır. Belə ki, həmin sənəddə göstərilir ki, “kənd əhalisi yerli hakimiyyət orqanlarından üz döndərmişdir.... kim ölkənin idarə edilməsini möhkəm ələ alsa, bizə ucuz qiymətə taxıl versə, onun arxasınca gedəcəyik... Ona görə də hökumət Qarabağda bu problemi həll etmək üçün tələsməlidir. Yoxsa sabah gec olacaq” [ARPİİSSA, f.30, s.1, i.13, v.30].
        Bəhs olunan dövrdə Xocalıda əhalinin hər nəfərinə gündə 200-250 qram çörək buraxılırdı. Taxılın qiyməti gündən-günə bahalaşırdı. Aclıq, yoxsulluq, ölüm, orduya səfərbərlik bölgədə əhalinin sayının 32 faiz azalmasına səbəb olmuşdu. Hərc-mərclik, özbaşınalıq, talançılıq, ordu hissələrinin qarətçiliyi, zorakılığa gündən-günə artırdı. “Kaspi” qəzeti 1917-ci ilin avqust ayında yazırdı Qarabağda talançılıq və sui-qəsd çoxalır. Hazırda vəziyyət o dərəcəyə çatıb ki, heç kəs bilmir ki, sabaha salamat çıxacaq yoxsa yox. Oğurluq, ölüm halı adiləşmiş və heç kəs məsuliyyətə cəlb edilmir.
        Arxiv sənədlərindən birində göstərilir ki, 1918-ci ilin əvvəl-lərində Xocalıda kəndlilər Müvəqqəti hökumətin yerli orqanlarına qarşı hücuma keçir, Zemstvo təşkilatlarına mənsub anbarları dağıdır və yerli məmurlara divan tuturdular... [ARPİİSSA, f.268, s.2, i.7, v.4]. Həmin dövrə nəzərə salan zaman məlum olur ki, bu hücumların əsas səbəblərindən biri camaatın aclıq və səfalət içərisində yaşaması idi. Belə ki, erməni qəsbkarları tərəfindən torpalqarından qovualaraq didərgin salınmış, bütün maddi nemətlərini, hətta ailə başçılarını itirmiş ailələr yeni məskunlaşdıqları ərazidə aclıqla üz-üzə qaldıqları üçün bu cür hərəkətlərə yol verirdilər. Hətta bəzi məlumatlara görə ərzidən keçən taxılla dolu karvanlara hücumlar təşkil edilirdi. Qeyd edək ki, Ermənistan dövləti öz mövcudluğunun ilk günlərindən Azərbaycana təcavüz etməyə, qədim Azərbaycan torpaqları olan Zəngəzur, Naxçıvan və Qarabağı işğal etməyə çalışırdı. Bəhs olunan dövrdə yaranmış əlverişli vəziyyətdən istifadə edən Andronik 8 min nəfərlik güclü silahlı qoşunu ilə Qarabağa hücum etdi. Andronikin quldur dəstələri Qarabağın azərbaycanlılar yaşayan qədim kəndlərini dağıdır, yandırır, dinc əhalini vəhşicəsinə qılıncdan keçirirdi. Daşnaklar 1918-ci ildə Zəngəzurda 115, Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında 21, İrəvan quberniyasında 60-dan çox Azərbaycan kəndini məhv etmişdi. 100 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovuldular. Qeyd edək ki, 1918-ci ilin dekabrında Xocalı ərazisindəki azərbaycanlı kəndlərinə erməni hücumları genişlənmiş, bu hal 1919-cu ilin əvvəllərində daha dağıdıcı xarakter almışdı. Azərbaycan hökuməti Andronikin dəstələrinin Qarabağda törətdikləri quldurluğun qarşısını almaq üçün təcili tədbirlər gördü. Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovun rəhbərliyi altında Azərbaycan özünümüdafiə qüvvələri tərəfindən Andronikin quldur dəstələrinin hücumlarının qarşısı alındı.
Həmin dövrdə Qarabağ bolşeviklərinin fəaliyyət dairəsi getdikcə genişlənirdi. 1919-cu ilin yazında Xocalıda gizli partiya Komitəsi yaradıldı [“Azərbaycanda sovet hakimiyyəti uğurunda fəal mübarizə”. Azərnəşr, 1958, s.409].
        Qarabağda o cümlədən Xocalı ərazisində sovet rejiminin qurulması prosesini izləməkdən öncə Demokratik Cümhuriyyət dövrünə ekskurziv nəzər yetirmək, dövrün tarixşünaslığı haqqında yığcam məlumat vermək yerinə düşərdi:
        Xalq Cümhuriyyətinin yaradılması Vətənimizin şimalında Azərbaycan dövlətçiliyinin bərpası yolunda ən böyük tarixi hadisə idi. Cümhuriyyət dövründə torpaqlarımızın bütövlüyünün qorunması sahəsində böyük işlər görülməsinə baxmayaraq, daxildə bolşevik-daşnak qrupları Xalq Cümhuriyyətinin fəaliyyətinə maneçilik törətməyə çalışırdılar. Xarici hərbi müdaxiləçilərin və daxildə antiazərbaycan siyasəti yeridənlərin birliyi nəticəsində Şərqdə və türk-İslam dünyasında ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.
Uğursuz nəticəyə baxmayaraq, Azərbaycan Xalq Cümhuriy-yətinin iyirmi üç aylıq fəaliyyəti xalqımızın yaddaşına əbədi həkk olundu. Azərbaycan SSR 70 ilə yaxın bir dövrdə kommunist ideologiyasının hökmran olduğu SSRİ-nin tərkibində olmuşdur: Mürəkkəb, ziddiyyətli hadisələrlə dolu bu 70 il müddətdə xalqımız böyük məhrumiyyətlərə uğramış, soyqırımına məruz qalmış, böyük itkilər vermişdir. Eyni zamanda bu müddətdə bütün məhrumiyyətlərə baxmayaraq, xalqımız yaşamış, yaratmış, inkişaf etmişdir. Bu 70 il ərzində itkilərimizlə yanaşı, Azərbaycan xalqı böyük nailiyyətlər qazanmış, iqtisadi, elmi, mədəni yüksəlişə nail olmuşdur. Azərbaycan bu dövrdə öz müstəqilliyini faktiki olaraq itirsə də, formal olaraq müstəqil dövlətin atributları olan konstitusiyaya, əraziyə, sərhədlərə malik idi.
        Məhz dövlətçilik ənənələrinin, mədəni elmi, iqtisadi, kadr potensialının mövcudluğu Azərbaycan xalqına öz varlığını, mədəniyyətini, milli mənliyini qorumağa və yenidən dirçəlib 1991-ci ildə milli dövlət – Azərbaycan Respublikası kimi tarix səhnəsinə çıxmağa imkan verdi.
1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin topladığı böyük tarixi təcrübə, əsasını qoyduğu demokratiya, demokratik dövlət quruculuğu bu gün onun hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikasında dönmədən həyata keçirilir və inkişaf etdirilir. Tam əsasla demək olar ki, varis öz sələfinin müstəqillik və suverenlik prinsipini hər şeydən əziz və uca tutur.
        İyirminci yüzilliyin əvvəllərində fəal inqilabçı, hərbi siyasi qurumların rəhbər işçiləri, Sovet hakimiyyəti dövründə isə respublikanın partiya-dövlət nümayəndələri olmuş yerli kommunistlər – N.Nərimanov, Q.Musabəyov, M.D.Hüseynov, M.Quliyev, Q.Hüseynov, Ə.Qarayev və b. tədqiq edilən dövrə aid bir sıra sərt xarakterli polemik əsərlər qələmə almışlar. Bu əsərlərin dəyəri siyasi rəqiblərə tənqidi münasibət ifadə etmələrində, hadisələrin qənaətbəxş və obyektiv təsvirini vermələrində yox, o vaxtkı kommunistlərin dünyagörüşü və psixologiyası haqqında dolğun təsəvvür yaratmalarındadır. Onlara xas olan ümumi cəhət “müsavat hökuməti” ilə müqayisədə sovet idarəetmə sistemi və sosial-iqtisadi quruluşunun Azərbaycan xalqının tərəqqisi üçün daha çox işlər gördüyünü sübut etməyə çalışmalarıdır.
XX yüzilliyin 20-ci illər tarixşünaslığını üç dövrə bölmək olar: 20-30-cu illərin marksist tarixşünaslığı, 40-80-ci illərin milli kommunist tarixşünaslığı, 90-cı illərin liberal-milli tarixşünaslığı.
        Azərbaycanda marksist tarixşünaslığın əsas nümayəndələri 1921-1931-ci illərdə Qırmızı Professura İnstitutunu bitirmiş qeyri-azərbaycanlılar idi. Onlar 1917-1920-ci illəri əhatə edən inqilab dövrünü dünya kapitalizminin tam çürümə mərhələsində zəhmətkeşləri burjuaziyanın zülm və istismarından azad edəcək dünya inqilabının ilkin müjdəçisi kimi qələmə alırdılar.
“Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi”nə aid tarixi əsərlərin müəllifləri – A.Rayevski, Y.Ratqauzer, N.Pçelin, A.Papov, S.Sef, A.Steklov, A.Dubner hadisələri tədqiq və təqdim edərkən tarixi reallığın təfsilatlarına maraq göstərmək, hadisələrin izahında ideologiyaya üstünlük vermək, mənbələrdən geniş iqtibas gətirmək və s. kimi xüsusi yanaşma üslubu nümayiş etdirmişlər. Həmin müəlliflərin əsərlərində sonrakı sovet tarixçilərinin tez-tez müraciət etdikləri partiya-sovet rəhbərlərinin çıxışlarından geniş istifadə, tarixi məkanın təfərrüatınadək dövrləşdirilməsi, arxiv mənbələrini kütləvi fetişləşdirmə hallarına az-az rast gəlinir.
Yuxarıda adıgedən müəlliflərin əsərlərində “Zəhmətkeşlərə vəhşi nifrət”, “dünya miqyaslı quldurlar”, “müsavat nökərləri”, “bəy-xan hökuməti”, “öz xalqının mənafeyi ilə alver edənlər” Azərbaycan Xalq Cümhuriyyəti “Müsavat rejimi”, “Müsavat dövləti” kimi təqdim edilmişdir.
Ali təhsil müəssisələri üçün nəzərdə tutulmuş, 1961-ci ildə nəşr olunan “Azərbaycan tarixi” dərsliyinin kiçik bir abzasını diqqətinizə çatdırmaqla Azərbaycanda sovet hakimiyyətinin yaranmasına verilən qiymətin şahidi olarıq: “Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi Azərbaycan xalqının müqəddəratında dönüş nöqtəsi, onun tarixində yeni dövrün başlanğıcı oldu. Sovet hakimiyyəti azadlıq və ana yurdunun istiqlaliyyəti haqqında Azərbaycan xalqının ən müqəddəs arzularını həyata keçirtdi. Azərbaycanın ən yaxşı oğulları və qızları həmin istiqlaliyyət uğrunda canlarını qurban vermişdilər. Sovet hakimiyyəti Azərbaycanı burjua-mülkədar istismarından və xarici imperialistlərin zülmündən həmişəlik azad etdi, onun üzünə azadlıq və səadət yolunu açdı. Zəhmətkeşlər öz müqəddəratının, öz yurdundakı sərvətlərin tam sahibi oldular” [s.246].
        Kiçik bir açıqlamadan məlum olur ki, sovet hakimiyyəti dövründə yazılmış əsərlərdə sosializm cəmiyyətinin yaranması “xalqın müqəddəratında dönüş nöqtəsi”, “xalqın ən müqəddəs arzularının reallaşması”, “istismar və zülmdən azad olması” kimi təqdim edilmişdir.
Qeyd edək ki, Sovet hakimiyyəti Azərbaycan Sovet Sosialist Respublikasını ancaq elan etmişdi, qarşıda hələ çətin vəzifə – onu həqiqətə çevirmək tələb olunurdu. Labüd sual doğur: bütün Azərbaycan bu vəzifəni yerinə yetirmək üçün hazır idimi? Ümumən sosialist dəyişikliklər üçün Azərbaycan iqtisadiyyatda, siyasətdə, sosial-maddi sahədə, mədəniyyət və ideologiyada lazımi ilkin şərtlərə və əsas amillərə malik idimi?
        Qərəzsiz elmi araşdırma göstərir ki, Azərbaycanın timsalında sovet respublikası quruculuğu, əslində, onun maddi, elmi-texniki və insan potensialını hakim mərkəzin məqsəd və mənafeyinə tabe etməklə aparılırdı. Mərkəzin sosializm quruculuğu siyasətində Azərbaycanın yeri əsasən onun öz “beynəlmiləlçilik borcunu” yerinə yetirməsi dəlili ilə əsaslandırılırdı. Həmin siyasətin ümdə istiqaməti bunlar idi: Bütövlükdə Respublikamız o cümlədən Qarabağ ölkənin başlıca xammal xəzinəsi və Sovet İttifaqının ikinci pambıq bazasıdır. “Ümumi sosialist vətəninin” mənafeləri ilə pərdələnən, əslində isə, “sosializm” bayrağı altında əsarətə almaq siyasətinin incə formada davamı olan siyasət belə idi. Prinsip etibarilə, bölgədə sosializm quruculuğu bu cür intişar edirdi. Başlıcası isə bunu obyektiv surətdə izah etməyə və işıqlandırmağa çalışmaq lazımdır. Çünki inkar etmək olmaz ki, Xocalıda öz tarixinin sovet dövründə də mühüm iqtisadi sosial-mədəni dəyişikliklərə nail olmuşdur. Xocalı əhalisi əməksevər əhalidir, qarşısına çıxan böyük çətinlikləri və səhvləri aradan qaldıraraq, ədalətsizliyə tab gətirərək yeni həyat quruculuğu naminə tarixən fədakarlıqla çalışmışlar və bu gün də bu proses uğurla davam edir.
        Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin (ARDTA)  894-cü fondunun, 970-ci fondunun, 28-ci fondunun, ARPİİSSA-nin 1-ci fondunun, 159-cu fondunun materiallarına, M.Ə.Rəsulzadənin [68-70], T.Svetoxoviskinin [71], N.A.Ağamalıyevanın [2-4], P.Darabadinin [34-36], A.F.Abdullayevanın [13], Ş.Rüstəmbəylinin [65], A.Qarayevin [81], A.N.Xeyfesin [66], N.Nərimanovun [58] əsərlərinə, “İqtixad”, “İskra”, “Bakinskiy raboçiy”, “Azərbaycan”, “Kommunist”, “Noviy mir”, mətbuat materialları [114-122], «Очерки истории Коммунистический партии Азербайджана» [110-111], «Директивы Главного командования орронта Красный Армии 1917-1920 годов» və digər rəsmi sənədlərə əsaslanaraq Azərbaycanda, o cümlədən onun Xocalı ərazisində Sovet hakimiyyətinin qurulması prosesinin qısaca diqqətinizə çatdırırıq:
        Azərbaycan hökumətinə siyasi, diplomatik təzyiqləri gücləndirən Sovet Rusiyası milli hökuməti devirmək üçün “beşinci kolon” rolunu oynayan bolşeviklərdən, Azərbaycan ərazisini işğal etməyə çalışan ermənilərdən və türk amilindən istifadə edirdi. 1920-ci ilin əvvəllərində erməni sosial-demokratları Pirimov və Zaxaryan Moskvada “ərazi güzəştləri müqabilində Azərbaycan Cümhuriyyəti hökumətini devirmək işində öz hökumətlərinin təklifini bildirdilər”. Moskvanın razılığı ilə mart ayının 22-də – Novruz bayramı günü daşnak dəstələri Azərbaycan ordusunun Xankəndi şəhərində yerləşən qarnizonuna və Xocalıya hücum etdilər. Eyni zamanda, Ermənistan ordusu Qazax və Gəncə qəzalarına da basqın etdi. Qarabağda baş verən erməni qiyamı Azərbaycan hökumətini ordunu təcili olaraq Dağıstan sərhədindən və Bakıdan Qarabağa o cümlədən Xocalıya yeritməyə məcbur etdi. Rəsmi Moskvanın planı baş tutdu. Cümhuriyyətin şimal sərhədləri demək olar ki, müdafiəsiz qaldı.
        Mötəbər mənbələrə əsaslanaraq deyə bilərik ki, ermənilərin “sifarişli” qiyamının, inqilabi cəhdlərin gözlənilən nəticəni vermədiyini görən bolşeviklər türk nüfuzundan istifadəyə, türk milli hərəkatı ilə əlaqəyə girməyə çalışdılar. İmperialist dövlətlərin vahid cəbhəsi ilə üz-üzə qalan Türkiyə Sovet Rusiyasının hərbi-iqtisadi yardım haqqında təklifini qəbul etməyə, əvəzində isə Azərbaycanın Rusiyanın nüfuz dairəsinə daxil olması ilə razılaşmağa məcbur oldu. Təbliğat vasitələrində XI Qırmızı ordu Türkiyənin yardımına gedəcək ordu kimi təqdim olunurdu. XI qırmızı ordunun tərkibindəki müsəlman hissələrinə Xəlil paşa və digər türk zabitləri başçılıq edirdilər.
        A.Balayevin 1990-cı ildə nəşr olunmuş “1917-1920-ci illərdə Azərbaycanda milli-demokratik hərəkatı” adlı əsərində yazır ki, 1920-ci il aprel ayının ortalarında XI Qırmızı ordu Denikin ordusunun qalıqlarını əzərək Azərbaycan Xalq Cümhuriyyətinin şimal sərhədlərinə yaxınlaşdı. F.Xoyski aprel ayının 15-də G.V.Çiçerinə göndərdiyi teleqramda yazırdı: “Hazırda Azərbaycan Cümhuriyyətinin sərhədində, Dərbənd rayonunda Sovet Rusiyası hökumətinin böyük hərbi qüvvələrinin toplaşması müşahidə edilir. Sovet hökumətinin niyyətlərindən xəbərsiz olan Azərbaycan hökuməti xahiş edir ki, göstərilən rayonlarda ordu hissələrinin toplaşmasının səbəbləri və məqsədləri haqqında təcili məlumat verilsin”. Lakin G.V.Çiçerin Azərbaycan hökumətinin teleqramına cavab verməyi belə lazım bilmədi [s. 66].
Aprel ayının 17-də RSFSR Xalq Xarici İşlər komissarının müavini milliyyətcə erməni M.Qaraxanın Sovet Rusiyasının ticarət-iqtisadi münasibətlərə dair danışıqlara hazır olması barədə Azərbaycan hökumətinə göndərdiyi teleqram sırf taktiki mülahizələrlə bağlı idi.
1974-cü ildə Moskvada nəşr olunmuş «Директив Главного командонования фронтов Краской Армении» kitabında hadisələr olduğu kimi təhlil edilmişdir. Həmin materialda göstərilir ki, aprel ayının 21-də Qafqaz cəbhəsi komandanlığının XI Qırmızı ordu rəhbərliyinə və Volqa-Xəzər donanmasına göndərdiyi 490 nömrəli direktivdə Azərbaycan ordusunun əsas qüvvəsinin öz dövlətinin qərb cəbhəsində məşğul olduğu bildirilirdi. Habelə direktivdə aprel ayının 27-də Azərbaycan sərhədlərini keçib beş gün ərzində Yalama – Bakı əməliyyatını yerinə yetirmək əmr edilirdi. Aprelin 23-də Qafqaz Cəbhəsinin komandanı Tuxaçevski və Hərbi İnqilab Şurasının üzvü S.Orconikidzenin imzaladığı 52 nömrəli əmrdə göstərilirdi ki, “XI ordunun son vəzifəsi Bakı quberniyasını tutmaq deyil, Azərbaycanın bütün ərazisinin tutulması hesab edilsin” [s.310].
         “Qırmızı Ordunun komandanlığının döyüş bölgəsindən verdiyi məlumat”da (cild. III, Moskva, 1974) göstərilirdi ki, Sovet Rusiyasının Azərbaycana hərbi müdaxiləsi həlledici mərhələyə daxil olurdu. Bakı bolşeviklərinin nümayəndə heyəti A.İ.Mikoyan başda olmaqla Azərbaycan xalqı adından XI Qırmızı ordunu Azərbaycana dəvət etdi. XI Qırmızı ordunun Bakıya hücum əməliyyatı planı hazır idi. Aprel ayının 25-dən 26-na keçən gecə Levandovskinin başçılığı altında XI Qırmızı ordu hissələri Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərini keçdi. Yalama stansiyasında iki saatlıq döyüş Azərbaycan hərbçilərinin məğlubiyyəti ilə nəticələnirdi. “Qırmızı Ordunun komandanlığının döyüş bölgəsindən verdiyi məlumat”da (cild. III, Moskva, 1974) göstərilirdi ki, üçə yaxın artilleriya diviziyası itirildi, 600-700-dək döyüşçü əsir düşdü. Rus ordusunun itkiləri 30 nəfərə çatırdı [s.310]. Aprel ayının 27-də hərbi nazir S.Mehmandarov qərb cəbhəsinə vurduğu teleqramda bildirirdi: “Bolşeviklər Yalama stansiyasına hücum edib, içəriyə doğru hərəkət edərək Xudatı tutmuşlar, vəziyyət böhranlıdır. Əmr edirəm elə bu gün hər birində 500 tüfəngdən az olmayaraq Qazaxdan bir batalyonu, Gəncədən bir batalyonu Qızıl-Buruna gətirin” [“Azərbaycan Demokratik Respublikası (“tarix, ictimai, siyasi və mədəni həyat”). Bakı, 1992].
XI Qırmızı ordunun sərhədi keçməsi barədə Xaçmazdan teleqram alınması hakimiyyət dairələrində çaşqınlıq yaratdı.
        1967-ci ildə Bakıda nəşr olunmuş “1918-1920-ci illərdə Azərbaycanda sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizə (sənədlər və materiallar)” adlı əsərinə istinadən deyə bilərik ki, 1920-ci il aprel ayının 27-də saat 12-də AK (b)P MK, RK(b)P Qafqaz Diyar Komitəsinin Bakı bürosu və fəhlə konfransı adından hakimiyyətin bolşeviklərə təhvil verilməsi haqqında parlamentə ultimatum verildi. Həmin gün axşam saat 11-də Azərbaycan parlamenti özünün son iclasına toplandı. M.Ə.Rəsulzadə, Ş.Rüstəmbəyli və başqa müsavatçıların kəskin etirazlarına baxmayaraq, sosialist fraksiyasının və ona yaxın olan fraksiyaların tələbi ilə hakimiyyətin Azərbaycan bolşeviklərinə təhvil verilməsi haqqında qərar qəbul edildi. Nahaq qan tökülməsinin qarşısını almaq məqsədilə hakimiyyəti aşağıdakı şərtlərlə Azərbaycan kommunistlərinə təhvil vermək qərara alındı:
1) Azərbaycanın tam müstəqilliyinin qorunub saxlanılması;
2) AK(b) P-nın yaratdığı hökumətin müvəqqəti orqan olması;
3) Hökumət idarələrindəki qulluqçuların tutduğu vəzifələrdə qalması;
4) Hökumət və parlament üzvlərinin həyat və mülkiyyətinin toxunulmazlığının təmin edilməsi;
5) Azərbaycan siyasi partiyalarının tam sərbəst fəaliyyətinin təmin edilməsi;
6) Azərbaycan ordusunun saxlanması;
7) Rus ordusunun Bakı şəhərinə daxil olmadan dəmir yolu ilə Türkiyənin köməyinə getməsi [531].
        Lakin parlamentin qərarından bir neçə saat sonra Anadoluya getmək bəhanəsi ilə Biləcəri stansiyasına gəlib çatmış XI Qırmızı ordu hissələri Bakıya daxil oldu. Bununla da Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil¬liyinə son qoyuldu və Azərbaycan yenidən Rusiya tərəfindən işğal edildi. Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri (Tarix, fəlsəfə hüquq seriyası) 1992-ci il 5-ci nömrəsində yazır ki, aprel ayının 29-da gündüz saat 2-də Azərbaycan Müvəqqəti İnqilab Komitəsi “… Qızıl ordunu (Qırmızı ordu nəzərdə tutulur – N.M.) təxirə salmadan göndərməyi, real kömək göstərməyi xahiş edirik” məzmunlu teleqramla Sovet Rusiyasına müraciət edildi. Həmin teleqramın göndərilməsində əsas məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin XI Qırmızı ordu tərəfindən işğalını ört-basdır etmək, onun xalq kütlələrinin silahlı üsyanı nəticəsində devrildiyini iddia etmək idi [s.34].
        ARPİİSSA-nin, f.1, s.1, iş 3, v. 275-də saxlanılan sənədlərə əsaslanaraq cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun səbəblərini aşağıdakı kimi ümumiləşdirmək olar:
        Beynəlxalq aləmdə, eləcə də Qafqaz bölgəsində yaranmış ümumi hərbi-siyasi vəziyyəti;
Sovet Rusiyasının beynəlxalq münasibətlərə və beynəlxalq hüquqa zidd olaraq suveren dövlət olan Azərbaycana təcavüz etməklə onun ərazisini işğal etməsi;
        Azərbaycan hökumətinin daxilində sabitliyin olmaması, parlament fraksiyalarının, siyasi partiyaların hakimiyyət uğrunda mübarizəsinin daxili çəkişmə və şəxsi düşmənçilik həddinə çatdırılması, hökumət kabinetlərinin tez-tez dəyişilməsi, siyasi-iqtisadi islahatların aparılmasında qətiyyət və ardıcıllığın olmaması;
        M.Ə.Rəsulzadə, 1925-ci ildə yazdığı “İstiqlal məfkurəsi və gənclik” əsərində müstəqillik dövründə Azərbaycanda istiqlal şüurunun zəif olduğunu göstərərək, bu süqutun səbəblərindən bəhs edərək yazırdı: “Azərbaycanımızda milli fikrin həyatı nisbətən asan olsa da, sözün aydın mənası ilə istiqlalçılıq fikri çox yenidir”.
        Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü, XI Qırmızı ordunun hücumu ərəfəsində Dağlıq Qarabağda ermənilərin “sifarişli” qiyamının təşkil etməsi ilə əlaqədar milli ordu hissələrinin cəbhə xəttindən götürülməsi nəticəsində Azərbaycanın şimal sərhədlərinin müdafiəsiz qalması;
        XI Qırmızı ordunun Anadoluya Türkiyənin yardımına getməsi bəhanəsi ilə işğalda türk zabitlərinin nüfuzundan və gücündən isti¬fadə edilməsi;
        Azərbaycan bolşeviklərinin şəxsində “beşinci kolon”un pozuculuq fəaliyyəti, A.İ.Mikoyan başda olmaqla türk dilini, məişəti, yerli şəraiti bilən qrupun (Q.Musabəyov, H.Cəbiyev və b.) XI Qırmızı orduya bələdçilik etməsi və s.
        Azərbaycan xalqının milli azadlıq hərəkatı nəticəsində yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti xalqımızın tarixində və taleyində mühüm hadisə idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə XIX əsrin əvvəllərində itirilmiş dövlətçilik ənənələri bərpa edildi. Azərbaycan Xalq Cümhuriyyəti qısa vaxtda öz hökuməti, parlamenti, milli ordusu və pul vahidi olan demokratik respublikaya çevrildi.
        Dünya dövlətlərinin əksəriyyəti tərəfindən müstəqilliyi tanınmış Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq münasibətlərin iştirakçısına və beynəlxalq hüququn subyektinə çevrildi. Azərbaycan xalqının milli-azadlıq hərəkatının qanunauyğun nəticəsi kimi yaranmış, xalqımızın demokratik ənənələrinin qanuni varisi kimi formalaşmış Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçiliyimizin tarixi nailiyyəti idi. O, Azərbaycan xalqının əzəli arzusu olan müstəqilliyin gələcəkdə gerçəkləşməsi üçün zəngin ənənələr və möhkəm mənəvi zəmin verdi.
         Bu gün artıq öz müstəqilliyini yenidən bərpa etmiş xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin hər il ildönümünü qeyd edir. 1998-ci ildə xalqımız Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Xalq Cümhuriyyətinin 80 illik yubileyini çox böyük təntənə ilə qeyd etdi.
         Qeyd edək ki, Rusiyanın məqsəd və məramı AXC rəhbərliyinə əvvəlcədən məlum idi. Bunu həmin dövrə aid materiallardan da görmək olar. Belə ki, 1920-ci il aprel ayının 27-də parlamentin sonuncu iclasında M.Ə.Rəsulzadə nitqində göstərmişdir ki, “Qardaşlar! Qarşımızda bir ultimatum durur. Burada təslimdən bəhs edilir… Bizə deyirlər ki, hüdudlarımızdan keçən ordunun başında Nicati adında bir türk komandanı var. Rusiyadan gələn bu təcavüzkar ordu təxminən bilirəm ki, həyat və ölüm mübarizəsi aparan Türkiyəni xilas etmək üçün gedir.
        Qardaşlar! Türkiyə Azərbaycanın xilaskarıdır. Millətimizin amalını uca eyləyən bir məmləkətdir. Onun xilasına gedən bir qüvvəni biz məmnuniyyətlə yola salarıq. Fəqət bir şərtlə ki, bu qüvvə bizim azadlığımızı, müstəqilliyimizi çeynəməsin. Halbuki qardaşlar, bizdən soruşmadan torpağımıza keçən hər hansı bir qüvvə dostumuz deyil, düşmənimizdir…. Gələn rus ordusudur. Onun istədiyi 1914-cü il hüdudlarını almaqdır. Anadolunun imdadına getmək bəha¬nəsilə yurdumuza girən işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir. Rusiya ilə anlaşmaq üçün hökuməti mütləq bolşeviklərə təslim etmək ultimatumunu qəbul etmə¬yə ehtiyac yoxdur. Bu ultimatumu kəmali-nifrətlə rədd edirik” [69].
        P.Q.Darbadinin 1991-ci ildə nəşr olunmuş «Военные проблемы политической истории Азербайджана начала ХХ века» adlı əsərində, Bakıya çevrilişdən əvvəl silah və sursat gətirilməsi haqda məlumat verilmişdir: “1920-ci ilin əvvəllərində Moskvadan Bakıya hərbi məqsədlər üçün 15 milyon manat pul göndərilmişdi…”. Xəzər vasitəsilə qayıqlarla Bakıya 2 min tüfəng, çoxlu döyüş sursatı, pul vəsaiti gətirilərək Qaraşəhər və Bayılda gizlədilmişdir [ s.151].
        ARPİİSSA-də (f.1, s.1, i.8, v.280) saxlanılan sənəddə Həmid Sultanovun AK(b)P-nın II qurultayındakı nitqi geniş şərh edilmişdir: “Biz bilirik ki, indi də olmasa, sabah ya birisi gün qırmızı süngü (Qırmızı ordu nəzərdə tutulur – N.M.) burada olacaqdır... Belə də oldu, biz sovet hakimiyyətini hazır formada aldıq, onu bizə boşqabda gətirdilər”.
        Azərbaycanda işğalçılıq siyasətini həyata keçirən bol¬şeviklər keçmiş Rusiya imperiyasını bərpa etmək məqsədilə 1920-ci il aprelin 28-də Bakıda Azərbaycan Sovet Sosialist Respublikasının yarandığını elan etdilər. Doğrudur, xalqın narazı olacağından qorxan bolşeviklər öz işğalçılıq siyasətini pərdələmək üçün Azərbaycanı “müstəqil” Sovet Sosialist Respublikası elan etsələr də, əslində aprel çevrilişindən sonra Azərbaycan öz dövlət müstəqilliyini itirdi. “Müstəqil Azərbaycan Respublikası” şüarı altında bolşeviklərin XI qırmızı ordu hissələri qısa bir müddətdə ciddi müqavimətə rast gəlmədən Azərbaycanın əksər ərazilərini öz nəzarəti altına aldılar.
        “Şeypur” jurnalı, 7 dekabr 1920-ci il, 8-ci nömrəsində yazılmışdı ki, 1920-ci ilin martında A.İ.Mikoyan Moskvada bir qrup Er¬mənistan nümayəndəsini qəbul etdi. A.İ.Mikoyan bildirdi ki, əgər Sovet qoşunları Bakıya daxil ola bilərsə, onda Ermənistan dövləti də öz məqsədinə çatacaqdır. Yəni “Böyük Ermənistan” ideyası reallaşacaqdır. Bakının asan yolla ələ keçirilməsi üçün burada yerləşən Milli Ordunun çıxarılması tələb olunurdu. Ona görə də Rəsmi Moskvanın “planına” uyqun olaraq bütövlükdə Qarabağa o cümlədən Xocalıya erməni müdaxiləsi yenidən başlandı. ARDTA-nin 970-ci fondunda saxlanılan materiallara əsasən deyə bilərik ki, erməni vandalları yaranmış əlverişli vəziyyətdən çox məharətlə istifadə etdilər. 1920-ci il 22 martda başdan-ayağa silahlanmış güclü, təlim görmüş nizami erməni ordusu Xocalıya daxil olub amansız qırğınlar törətdilər. Həmin gün yüzlərlə dinc əhali daşnak quldurları tərəfindən öldürüldü və əhalinin yaşayış evləri yandırılmışdı. Şərəf və ləyaqətin tapdalanması, qadına, qocaya, uşağa aman verilmədən qırılması adi hala çevrilmişdi [s.1, i.190, v.68]. ARDTA-nin 2894-cü fondunun materiallarında göstərilir ki, Moskva öz mənfur məqsədinə nail oldu. Xocalıda, bütövlükdə Qarabağda baş verən bu qırğının qarşısını almaq üçün Azərbaycan Milli Ordu hissələri 1920-ci il aprelin 26-da bölgəyə daxil oldu. Təcavüzkar erməni quldur dəstələri müvəqqəti olaraq ərazidən uzaqlaşdı. Lakin Şimal sərhədlərimizdəki yaranmış boşluqdan istifadə edən XI Ordu hissələri Azərbaycan sərhədlərini keçdi [s.2, i.56, v.57].
        “Kommunist” qəzeti 3 iyun 1920-ci il (№26) yazır ki, 1920-ci il aprelin 29-da Xocalıda hakimiyyət kommunistlərin əlinə keçdi.
        Azərbaycana qarşı Mərkəzin məqsədlərinə V.İ.Lenin 1920-ci il aprelin 29-da öz çıxışında aydınlıq gətirmişdir: “Dünən Bakıdan aldığımız bir xəbər göstərir ki, Sovet Rusiyasının vəziyyəti yaxşılaşacaqdır: Sənayemizin yanacaqsız qaldığı bizə məlumdur, indi isə xəbər almışıq ki, Bakı proletariatı hakimiyyəti öz əlinə almış və Azərbaycan hökumətini yıxmışdır. İndi bizim də bir iqtisadi bazamız vardır ki, (Bakı nefti nəzərdə tutulur – N.M.) bu bizim bütün sənayemizi canlandıracaqdır” [31-ci cild, s.111].
        Beləliklə, 1920-ci il aprel çevrilişi ərəfəsində Qarabağda o cümlədən Xocalıda erməni daşnaklarının məkirli ərazi iddiaları kütləvi xarakter aldı və onların yerli dinc azərbaycanlılara qarşı təcavüzü, zorakılığı, qarəti daha da genişləndi. AK (b)P Qarabağ Komitəsi yaranmış vəziyyətdən istifadə edərək öz təbliğatlarını genişləndirdilər. Bəhs etdiyimiz dövrdə Şuşa gizli bolşevik komitəsinə milliyətcə erməni olan Akop Kamari rəhbərlik edirdi. Qarabağda xalqımızın iqtisadi və siyasi böhranla üzləşməsi, onların milli çəkişmə və qarşıdurmadan təngə gəlməsi əhalinin müəyyən təbəqəsinin bolşevik təbliğatına inanmasına səbəb olmuşdur. Qarabağda o cümlədən Xocalıda Akop Kamari başda olmaqla Ş.Şahnazaryan, B.Vəlibəyov, B.Qaragözyan, A.Qevelyan, A.Tataryan və başqaları xalqı “ədalətli və dinc quruluş” yaratmaq üçün birliyə səsləyən yığıncaqlar keçirirdilər [ARPİİSSA, f.276, s.2, i.36, v.8].
        Təəssüf hissi ilə qeyd etməliyik ki, Qarabağda inqilab ərəfə-sində Moskva birbaşa burada yaşayan erməni xalqına müraciət etmiş və onları birliyə çağırmışdır. Belə ki, Ermənistanda 1957-ci ildə nəşr olunmuş “Ermənistanda Sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizə (1917-1920)” sənədlər toplusunda “zəhmətkeş erməni xalqına müraciətdə” göstərilir: “Qarabağın erməni kəndləri və xalqı…. Sizi birgə mübarizə aparmağa çağırırıq. Zülmə dözdüyünüz bəsdir, ayılmaq vaxtıdır…. İnqilab Komitəsi, Sovetləri təşkil edin, buraya öz nümayəndənizi [erməniləri nəzərdə tutulur – N.M.] seçin… sovetlərdə və inqilab komitəsində birləşin” [s.361].
        ARPİİSSA-nin 27-ci fondunun materiallarında göstərilir ki, Mərkəzdə hakimiyyəti ələ keçirən XI qırmızı Ordu Azərbaycanın bütün ərazisini zəbt etmək üçün 1920-ci il mayın 1-dən respublikanın daxili əyalətlərinə “Zəfər yürüşü”nə başladılar. 1920-ci il mayın 2-3-də XI qırmızı Ordunun silahlı qüvvələri Yevlax stansiyasında qərarlaşdılar [s.1, i.54, v.43]. XI Ordunun Qarabağ istiqamətində gələcəyi xəbərini eşidən Qarabağ bolşevikləri 1920-ci il mayın 4-də Qarabağ general-qubernatoru X.Sultanovu hakimiyyətdən uzaqlaşdıraraq hakimiyyətin qəza İnqilab Komitəsinin əlinə keçdiyini elan etdilər. İnqilab Komitəsinin tərkibinə B.Vəlibəyov, S.A.Ambarsumyan, K.Şahnazarov, Q.İbrahimov daxil oldular [s.2, i.54, v.44].
        ARPPİİSSA, f.1, s.85, i.89, v-8-də göstərilir ki, “1920-ci il mayın 20-də bolşeviklərin Qarabağ mahal Komitəsinin, Qarabağ üzrə fövqəladə komissar dadaş Bünyadzadənin və onun müavini Karakazovun iştirakı ilə keçirilən birləşmiş iclasında Qarabağ Vilayət İnqilab Komitəsi yaradıldı. İnqilab Komitəsinin sədri Bahadur Vəlibəyov, katibi Abram Marquliyev, üzvləri isə Qambay İbrahimbəyov, Hacı Zalov və başqaları təsdiq edildi. Təşkil edilmiş Vilayət İnqilab Komitəsi Şuşa, Zəngəzur və Cavanşir, Cəbrayıl qəzalarına da rəhbərlik etməli idi: İnqilab Komitəsi nəzdində torpaq, daxili işlər, ədliyyə, dövlət nəzarəti, səhiyyə, ictimai-təminat, təchizat, maarif, maliyyə şöbələri və xalq təsərrüfatı şurası təşkil edilmişdi”.
        Apardığımız araşdırmalardan məlum olur ki, Qarabağda İnqilab Komitəsinin tərkibi milliyyətcə qeyri azərbaycanlılardan ibarət olmuşdur. Məsələn, ARPİİSSA-nin 276-cı fondunda saxlanılan materiala əsasən deyə bilərik ki, Qarabağda təşkil edilmiş İnqilab Komitəsinə Sako Hambarsumyan, Hadrud İnqilab Komitəsinə S.Şaduns, Tuğ İnqilab Komitəsinə Armenak Şaburyan, Aptaşesi Muselyan, Ağdərə rayon İnqilab Komitəsinə Ter Mirzəbekyan, Xocalı İnqilab Komitəsinə Artakaz Saakyan, Tağverd İnqilab Komitəsinə Arso İonesiyan və sair təyin edilmişlər [s.2, i.28, v. 130; i.84, v.131].
        Rus, erməni silahlı dəstələrinin və bolşevik təbliğatına uyan bir qrup azərbaycanlının köməyi ilə Qarabağın bütün şəhər və kəndlərində o cümlədən Xocalıda qısa bir müddətdə hakimiyyət İnqilab Komitəsinin əlinə keçdi. İnqilab Komitəsi bölgədə yerləşən Milli Ordu silahlı qüvvələrinin ləğv olunması işinə başladı.
        Arxiv sənədlərindən birində göstərilir ki, 1920-ci il aprelin 29-da Xocalıda da İnqilab Komitəsi yaradılmışdı. Lakin İnqilab Komitəsi tərəddüd edir, fəaliyyətsizlik göstərirdi. Burada ciddi səhvlərə də yol verilmişdi. Belə ki, inqilabdan sonra Qəza partiya Komitəsinin də vəzifəsini icra edən İnqilab Komitəsi partiyaya hər cür adamları qəbul etmişdi [ARPİİSSA, f.276, s.2, i.84, v.8].
        Yerli dinc əhali tərəfindən xilaskar kimi qarşılanan Qırmızı Ordu döyüşçülərinin soyğunçu, quldur, işğalçı hərəkətləri, hakimiyyətdə olanların qarətçilik siyasəti, varlı adamların, o cümlədən ziyalıların evlərində kütləvi şəkildə axtarışlar aparılması, əmlakların müsadirə edilməsi, insan ləyaqətinin tapdalanması və təhqirlər xalqımızın yeni yaranmış hakimiyyətə qarşı narazılığını artırırdı. Xocalı ərazisində bu hal daha kütləvi xarakter almışdı. Çünki bütün bunlarla yanaşı Qırmızı Ordunun timsalında mənfur niyyətlərinin böyük qüvvəsini duyan ermənilər 1920-ci ilin mayında torpaq iddiası ilə daha da azğınlaşmış və kəndlərin yandırılması, dinc əhalinin güllələnməsi adi hala çevrilmişdir. Qəzəb dalğası xalqın müqavimət hərəkatını yetişdirmişdi. 1920-ci ilin mayından Azərbaycan milli ordusu, erməni təcavüzkarlığının, erməni basqınlarının qarşısını almaq məqsədilə Yuxarı Qarabağda yerləşdirilmişdi. Milli Ordu hissələrindəki əsgərlərimiz, qırmızı Ordunun xalqımızın adət-ənənəsinə, milli xüsusiyyətlərinə toxunan hərəkətləri ilə barışmır, hətta yeni hakimiyyətin özbaşınalığına qarşı biganə qalmır və onların qarşısını almağa cəhd göstərirdilər.
“Kommunist” qəzeti 15 may 1920-ci il [№14] sayında yazırdı Xocalıdan alınan xəbərdə göstərilirdi ki, Azərbaycan İnqilabi komitəsinin torpaq haqqında verdiyi 5 may 1920-ci il dekreti qəzanın zəhmətkeş kəndlilərinə mayın 14-də elan edildi. Onlar çoxdan gözlədikləri bu dekret haqqında məruzəni böyük diqqətlə dinlədilər.
        Bunlardan bir az sonra Xocalıdan Azərbaycan İnqilab komitəsinə göndərdiyi bir məktubda xəbər verirdi ki, torpağın zəhmətkeşlərə verilməsi haqqındakı dekret mayın 18-dək həyata keçirildi [“Kommunist” qəzeti, 22 may 1920-ci il, №17].
Xocalıda sovet hakimiyyəti qurulduqdan sonra yaradılmış orqanlardan biri Fövqəladə Komissiya idi ki, bu orqanın antiazərbaycan fəaliyyəti arxivlərdə saxlanılan sənədlərdə geniş əks olun-muşdur.
         Belə ki, ARDTA fond 1-də saxlanılan sənədlərdə yuxarıda adıgedən məsələyə aydınlıq gətirilmişdir. Həmin fonddakı materialda göstərilir ki, 1920-ci il mayın 12-də Azərbaycan İnqilab Komitəsinin əmri ilə əksinqilabçılara, təxribatçılara və alverçiliyə qarşı Fövqəladə Komissiya (FK) yaradıldı. FK tərəfindən görülən tədbirlərə hökm verilməsi Ali İnqilabi Tribunala həvalə olundu. FK təşkil olunduğu ilk gündən Sovet Rusiyasında olduğu kimi terrorçu bir orqan kimi fəaliyyətə başladı. Qarabağda FK-nın sədri vəzifəsinə Armenak Mkırtiçeviç Qaragözov təyin edildi. Armenak həm də Xocalının fövqəladə Komissara idi. O “şübhəli ünsür” adı altında azərbaycanlı imkanlı şəxslərin, mədəniyyət xadimlərinin həbslərinə başladı. 1920-ci ilin sonu və 1921-ci ilin birinci rübündə Xocalıda 90 nəfər məsuliyyətə cəlb olunmuşdu. Məsuliyyətə cəlb olunanların demək olar ki, hamısı azərbaycanlılar idi. 1920-1921-ci illərdə 100 nəfər azərbaycanlı şahidsiz, sübutsuz ən ağır cəzaya məhkum olmuşlar [s.1, i.96, v.16-17]. Xocalıda təqib olunanların, həbs edilənlərin çoxusu milli ayrı-seçkiliklə, milli ədavətlə bağlı məsələlər üstündə mühakimə edilmişlər. FK yerlərdə əhali arasında vahimə yaratmaq məqsədi güdürdü.
        Bəhs etdiyimiz dövrdə Xocalıda FK ilə yanaşı XI Ordunun xüsusi şöbələri də geniş fəaliyyət göstərirdi. FK kimi XI Ordunun xüsusi şöbəsi də kəndlərə gedərkən ilk növbədə varlı adamların siyahısını tələb edir, qaçaqçılıqla məşğul olanları arayıb-axtarır, hər bir ailənin keçmişi ilə maraqlanır, təqib olunmaları üçün tədbirlər görürdülər. ARPİİSSA fond 1-də 1920-ci ildə Xocalıdakı durum aşağıdakı kimi göstərilmişdi: “İstər FK-nın və istərsə də XI Ordunun siyasi şöbəsinin qeyri-məhdud səlahiyyətləri var idi. Məhz buna görə xalq təsərrüfatının bərpasına keçid dövründə respublikanın hər yerində və xüsusilə Qarabağda” [deməli həm də Xocalıda - M.N.] siyasi vəziyyət son dərəcədə gərgin bir halda idi. Əhalinin qarət olunması, təqiblər, insan ləyaqətinin tapdalanması adi bir hala çevrilmişdir. Buna görə Qarabağda xeyli imkanlı ailələr İrana, bir qismi isə Türkiyəyə çıxıb getməli oldular. XI Ordunun 8-ci diviziyasının siyasi şöbəsinin əməkdaşları Qarabağa daxil olarkən keçmiş qəza rəislərini, pristavları, kəndxudaları, bir çox din xidmətlərini, varlı hampaları, onların ailə üzvlərini, hətta qadınlarını həbs edib, Şuşa və Qıraxtında saxlanmış, bir çox bəylər əhalinin gözü qarşısında güllələnmişlər… [f.1, s.1, i.8, v.143]. Həmin fondun digər vərəqindən oxuyuruq: Xocalı İnqilab Komitəsinin fəaliyyəti ilə bağlı 1920-ci il 17 oktyabr məlumatında bildirilirdi ki, bölgəyə gələn komissiya inqilab düşmənlərinin güllələnməsini həyata keçirdi. Həmin vaxt Xocalıdan Azərbaycan İnqilab Komitəsinə göndərilən gizli məktubda göstərilirdi ki, bu bölgədə daxili “sakitliklə” bağlı bir çox tədbirlər görülmüş, inqilab düşmənlərindən intiqam alınmışdır. Əhali böyük qorxu, ciddi təlaş içərisində idi. Xocalıdan verilən xəbərlərdən aydın olur ki, son zamanlarda bölgədə yerləşən ordu hissələri əhali arasında iş apararkən əhalinin adət-ənənələrinə, dininə, dilinə hörmət etmir, onlarla vəhşicəsinə rəftar edir və kütləvi həbslər aparılmışdır [f.1, s.1, i.105, v.49]. 1920-ci ilin sonlarında Qarabağdan AK(b)P MK-nə daxil olan məlumatda göstərilirdi ki, Xocalıda vəziyyət son vaxtlar daha da ağırlaşıb. Azərbaycanlılar keçmişə daha çox meyl¬lidirlər. Bunun əsas səbəbi heç bir qaydaya sığmayan mal-qaranın, taxılın ot-ələfin müsadirəsi, kəndlilərə qarşı FK-nın repressiyalar tətbiq etməsidir. Ona görə də xalq yenə hakimiyyətə inanmır [f.4, s.1, i.8, v.144].
        Tanınmış tarixçi, alim, ermənişünas K.Patkanov hələ 1875-ci ildə qələmə aldığı «Ванские надписи и их значение для Передней Азии» əsərində göstərirdi ki, “Ermənilər bəşər tarixində heç zaman xüsusi rol oynama¬mışlar. Bu, siyasi termen yox, ayrı-ayrı erməni məskənlərinin səpələndiyi coğrafi vilayətin adıdır. Ermənilər həmişə yaşadığı torpağın pis sahibləri olmuşlar, ancaq onlar çox məharətlə öz yaxınlarını sataraq güclülərə xidmət göstərmişlər” [s.104]. Əlbəttə bəhs edilən dövrdə Moskvanı özlərinə arxa hesab edən ermənilər XI Qırmızı ordunun Qarabağa daxil olması ilə hakimiyyəti ələ keçirib daha da fəallaşdılar. Bütün bunlar ARDTA-nin 970-ci fondunda saxlanılan materiallarda öz əksini tapmışdır. Həmin sənəddə oxu¬yuruq: 1920-ci ilin əvvəllərində özlərinin ən “müqəddəs arzu”larını “Böyük Ermənistan” yaratmaq kimi bəd, ədalətsiz niyyəti – praktiki olaraq həyata keçirməyə çalışan erməni daşnakları Xocalıda dinc əhaliyə qarşı təcavüzkarlıq edir, vahimə salır, qarətçilik və zorakılıqla məşğul olur, onlara ən ağır cəza verməkdən çəkinmir, bütün kəndləri yandıraraq əhalinin yaşadıqları əraziləri tərk etməyə məcbur edirdilər [f.970, s.1, i.190, v.21]. Aprel faciəsindən sonra özlərinə güclü arxa tapan təcavüzkarların bəd əməlləri daha da artmış, Qarabağda milliyyətcə erməni – rus və kommunistlərdən ibarət ali hakimiyyət orqanı yaradılmış, onların “sosializm quruculuğu” adı altında apardıqları siyasət, həm mahiyyət cəhətdən, həm də üsul etibarilə yuxarıdan, zorakılıq yolu ilə, şovinist mövqedən yanaşma və ya buna bənzər hallar istər-istəməz xalqımızın kütləvi narazılığına səbəb olurdu. Bu narazılıqlar isə özünü xalq üsyanları şəklində göstərirdi.
         1920-ci ildə Xocalıda vəziyyət olduqca ağır idi. Bunu ARPİİSSA-də fond 1-də saxlanılan AK(b)P MK-ya daxil olan məlumatlardan aydın görmək olar: Hazırda Xocalı ərazisində vəziyyət çox ağırdır. Əhalisi keçmiş vaxtlara daha çox meyillidir. Bunun səbəbi kütlələrin siyasi hazırlıq səviyyəsinin aşağı olması və ərzaq siyasətidir…, kəndlilərə qarşı repressiyaların tətbiq edilməsi, heç bir qaydaya sığışmayan mal-qaranın, taxılın, ot-ələfin müsadirəsi… Bunlar hamısı güman etməyə əsas verir ki, qırmızıların bu ərazini tərk etməsindən sonra, Sovet hakimiyyəti arxasız qalacaq və əhali bir mənalı əks-inqilabçıların tərəfini saxlayacaq [siy.1, i.8, v.143]. Həmin fondun digər vərəqində Qarabağdan AİK-nə verilən məlumat yığcam şərh edilmişdir. Həmin məlumatdan oxuyuruq: Xocalının kəndlərinin heç birində Sovet hakimiyyəti yoxdur və burada aclıq hökm sürür… Yerli əhalinin Sovet hakimiyyəti haqqında təsəvvürü ancaq XI Qırmızı ordunun xüsusi şöbəsi ilə bağlıdır.... Bütövlükdə Qarabağda qayda-qanun yoxdur. … Burada hər həftə kef məclisi təşkil edilir. Xalılar döşənmiş zalda çox varlı süfrə arxasında əyləşən yarımsərxoş zabitlər öz arvadları ilə fasiləsiz çalan musiqi dinləyir və rəqs edir [f. 1, s.2, i.105, v. 48-50]. Fikir verin, bütün torpağın sərvətlərin, yerin yiyəsi olanlar güllələnir, təhqir edilir, acından ölür, əlində silah olan qırmızı mundir sahibləri isə eyş-işrət içərisində yaşayır.
        Beləliklə, 1920-ci ildə Azərbaycanın Xocalı ərazisində totalitar bir cəmiyyət – sovet hakimiyyəti bərqərar oldu. Ərazidəki varlı, imkanlı, savadlı olanlar şahidsiz sübutsuz güllələndi, sürgün edildi. Bölgədəki qiymətli və nadir yeraltı və yerüstü sərvətlərimiz gizli və açıq yollarla Rusiyaya və Ermənistana daşındı.
                                                                                               “Müqəddəs yurd: Xocalı” adlı kitabdan


Yorum Gönder

Daha yeni Daha eski