Xocalı rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmiş Nəcəf Həsənov son zamanlarda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatlara münasibət bildirərək cinayətkar məmurları dövlətin mənafeyinə zərər vuran xəyanətkarlar adlandırıb.
Nəcəf Həsənov fikirlərinə əlavə edib ki, Səfəvilər dövründən sonra əldə etdiyimiz uzunmüddətli dövlətimizi Cənab Prezidentimiz qoruyub inkişaf etdirir. Azərbaycan dövləti ikinci dəfə müstəqilliyini əldə etdiyi 30 ildə xeyli inkişaf yolu keçmişdir. Azərbaycan xalqı uzaqgörən ölkə başçısına, ölkə başçısı isə öz müdrik xalqına güvənir. Çünki Prezident İlham Əliyev hər zaman xalqın rifah halını yüksəldilməsinə, dövlətimizin hərtərəfli inkişafına çalışır. Bir sözlə Cənab İlham Əliyev qurucu Prezidentdir. Həyata keçirilməsi üçün uzun müddət lazım olan siyasi-iqtisadi prosesləri ölkə başçısı qısa müddətdə həyata keçirir. Ramil Səfərovun ekstradisiyası bu fikirlər üçün bariz nümunədir. Ömürlük həbs cəzası alan bir insanın Azərbaycana gətirilməsi çox çətin məsələ idi. Cənab Prezidentimiz “ASAN xidmət” modelini Azərbaycanda tətbiq etdi. Dünyanın heç bir yerində məmurlardan asılılığı qaldırmaq üçün dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən “ASAN xidmət” modeli yoxdur. Vətəndaşlar üçün lazım olan xidmət sahələrinin çoxu “ASAN xidmət”ə keçib. Bütün bunlar xalqın sosial halının yüksəldilməsinə xidmət edir. Cənab Prezidentimizin apardığı siyasəti hər zaman dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Cəmiyyətin bu cür formalaşdırılması hər bir vətəndaşın ürəyincədir.
Ölkə başçısı hər zaman xalqın maraqlarına, fikrinə uyğun siyasət aparır. Korrupsioner məmurlara qarşı mübarizə daha da güclənib. Mənim yaxşı yadımdadır ki, 2003-cü ildən Cənab İlham Əliyev Prezident seçiləndən məmurlara çağırış edir. Hər müşavirədə, hər yığıncaqda deyir ki, bəzi məmur övladları qudurğanlıq edir. Onlar özlərini yığışdırmalıdırlar. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Prezidentimizin çağırışına bəzi gözləri doymayan məmurlar əməl etmirlər. Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatları nəticəsində qanunsuz əməllər törədən icra başçılarının cinayət əməlləri aşkar edilir və onlar məsuliyyətə cəlb edilirlər. Neqativ hallar, korrupsiyalar nazirliklərdə də baş verir. Rüşvətxor məmurların cəzalandırılması xalqın istəyi ilə üst-üstə düşür. Ona görə ki, həmin məmurlardan vətəndaşlar narazılıq edirdi.
Əminliklə deyə bilərəm ki, xocalılar ölkə başçısı ilə həmrəydir və onun apardığı uğurlu daxili və xarici siyasəti dəstəkləyirlər. Xocalı rayonu yeganə rayonlardandır ki, hər zaman vətəndaşlarla məmurlar arasında normal münasibətlər olub, yuxarı orqanlara şikayət getməyib. Məmur-vətəndaş münasibəti bizim rayonumuzda yüksək səviyyədə qurulubdur. Rayonumuzda olan məmurlar işlərini Cənab Prezidentin tələblərinə uyğun şəkildə icra edirlər. Karantin rejimi dövründə də Xocalı Rayon İcra Hakimiyyəti Aparatının, həmçinin rayonun nəzdində fəaliyyət göstərən bütün idarə və müəssisələrin işçiləri koronavirusla mübarizədə həmrəylik nümayiş etidirirlər. Xocalı rayon İcra Hakimiyyətinin və YAP Xocalı rayon təşkilatının könüllüləri, hüquq-mühafizə orqanlarının, Xocalı Rayon Məşğulluq Mərkəzinin əməkdaşları və rayonun səhiyyə işçiləri rayon əhalisinin bütün istəklərinə diqqət edirlər, onların müraciətlərini yerinə yetirirlər.