
Azərbaycan dövləti və xalqı
Qarabağın işğalı ilə heç bir zaman barışmayacaqdır. Dövlətimiz Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həllinə üstünlük versə də, mənfur düşmənlər danışıq
proseslərindən qaçır, mövcud status-kvonu saxlamaq istəyirlər. Ermənistan
hakimiyyəti danışıqlar prosesinin intensiv hal aldığı vaxtlarda təxribat
əməlləri törədərək ölkədəki siyasi-iqtisadi böhranı gizlədir və işğalçılıq
siyasətini davam etdirir. Münaqişənin yeganə həlli yolu Azərbaycanın işğal
olunmuş ərazilərinin azad edilməsi, Ermənistan qoşunlarının həmin ərazilərdən
çıxarılması və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasından başlayaraq
mərhələli nizamlanmadır. Qeyri-konsturiktiv fəaliyyət göstərən işğalçı dövlət
münaqişənin sülh yolu ilə həllinə zərbə vurur.
İşğal edilmiş
rayonlarımızda yaradılmış qanunsuz rejim Azərbaycan Konstitusiyasına və
beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan növbəti “seçki” şousunu təşkil
etdilər. Seperatçıların “seçki tamaşası” beynəlxalq hüquqda Azərbaycan ərazisi
kimi qəbul olunmuş ərazilərin əvvəlki hüquqi statusuna ziyan vurur. Prezident
İlham Əliyev 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı
zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı Qondarma Dağlıq
Qarabağ xunta rejimində 31 martda keçirilən prezident və parlament, 14 apreldə
keçirilən prezident (2-ci tur) seçkilərinə toxunaraq qeyd etdi ki, “Qondarma
Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament
seçkiləri bir şou və təlxəklər tamaşasıdır. Dünyanın heç bir dövləti illərdir
keçirilən “məzhəkə oyununun” nəticələrini tanımayıb. Hətta Dağlıq Qarabağ
münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk
qrupu həmsədrləri – Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən
seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı da
eynilə seçkiləri tanımadığını bəyan edib. Avropa Parlamenti, İslam Əməkdaşlıq
Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq
təşkilatlar bu seçkiləri qınadı. Məsələyə təkcə Avropa Şurası münasibət
bildirmədi və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların
sırasına qoşulmadı. Avropa Şurasının susmağının səbəbi bəllidir. Çünki Avropa
Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək,
ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr
qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı
Ermənistan tərəfini dəstəkləməkdir.”
Dövlət başçısı bu görüşdə ilk dəfə olaraq azərbaycanafobiya
terminini işlətdi. Çıxışında vurğuladı ki, “mən deyəndə ki, Avropa Şurası
tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız
parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti
görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan
meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların
təməlində məhz azərbaycanafobiyadır”.
Koronavirus pandemiyasının bütün dünyanı bürüdüyü bir vaxtda
Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama
Hərəkatının fövqəladə Zirvə Görüşləri keçirildi. Türk Şurasının Virtual Zirvəsi
mövzu üzrə dünya miqyasında, dövlət başçıları səviyyəsində ilk beynəlxalq
məsləhətləşməydi. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq
platformadır. Hər iki Virtual Zirvədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)
başçısı da iştirak və çıxış etdi. Bütün bunlar Prezident İlham Əliyevin yüksək
intellektinin və Azərbaycanın artan nüfuzunun göstəricidir.
Gündən-günə inkişaf edən,
dünya arenasında söz sahibi olan Azərbaycanı gözügötürməyənlərin sayı
artmaqdadır. Ölkə başçısının apardığı düzgün siyasət dövlətimizin və ordumuzun
güclənməsinə, xalqımızın rifanın daha da artmasına səbəb olur. Avropanın enerji
təhlükəsizliyində xüsusi rolu olan Azərbaycanın inkişafını istəməyən qüvvələr
ölkəmizə qarşı qarayaxma kampaniyası təşkil edirlər.
Xalqımız ən çətin vaxtlarda
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasını təkidlə tələb etdi. Ulu
öndərin dühası ilə dövlətimiz uğurlu inkişaf yoluna qədəm qoydu. Bu gün uğur
estafeti etibarlı əllərdədir. Azərbaycan xalqı Prezident İlham Əliyevə böyük
inam bəsləyir. Xalq iqtidar birliyi bizi qələbəyə aparır. Azərbaycanı istəməyən
qüvvələrə ən böyük zərbə həmrəyliyimizdir. Azərbaycana qarşı olan qüvvələrin “azərbaycanafobiya”sı
nə qədər artsa da həmrəyliyimiz olduğu təqdirdə bizi haqq yolundan döndərmək
mümkün olmayacaq.
Nadir RƏŞİDOV,
İşğaldan əvvəl Xocalı rayonununda müəllim işləmiş, təqaüddə olan dövlət qulluqçusu