Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Şanlı Ordumuz ermənilərin təxribatına tutarlı adekvat cavab verir

         Ermənistanın beynəlxalq hüquq normalarını kobud və nümayişkaranə şəkildə pozması bu ölkənin daxili və xarici siyasətində baş verən böhrandan xəbər verir. Belə ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri  Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu ərazisində atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
          Azərbaycan Ordusunun aprel döyüşlərində əldə etdiyi şanlı qələbə, eləcə də Naxçıvanda Günnüt əməliyyatı düşmən tərəfini qorxuya salmaqla bərabər, daxildə baş verən hərc-mərcliyin artmasına və xarici siyasətdə məğlubiyyətə gətirib çıxarıb.
        Tovuz istiqamətində düşmənin mövqe ələ keçirmək istəməsi və məlum məğlubiyyəti Pandemiya dövründə dövlətin ağırlaşan iqtisadi vəziyyətini diqqət mərkəzindən yayındırmağa çalışmaqdan başqa bir əhəmiyyət kəsb etmir. Erməni tərəfinin dünənki təxribatı və məğlubiyyəti bir daha Azərbaycan Ordusunun gücünü, Azərbaycan əsgərinin əzm və rəşadətini bir daha dünyaya nümayiş etdirdi.
          Tovuz rayonu istiqamətində baş vermiş hadisə ermənilərin məkrli siyasətinin təzahürüdür. Təcavüzkar siyasətini özünün təhlükəsizlik strategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və ermənilər tərəfindən işğal edilmiş ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər və ərazilər ələ keçirmək, gərginliyi artırmaq məqsədinə xidmət etdiyini açıq şəkildə göstərir.
  Həmçinin Ermənistan bu kimi təxribatçı əməlləri ilə xarici siyasətdə münaqişəyə digər dövlətləri cəlb etməklə məğlub ordusunun qoruya bilmədiyi ərazisində və işğal altında olan torpaqlarımızda “ dayaq” yaratmağa çalışır. Ermənistan rəhbərlərinin verdiyi sərsəm və heç bir reallığı əks etdirməyən məlumatlar da beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışmaqdan başqa bir şey deyil.
         Qətiyyətlə deyə bilərik ki, milli həmrəyliyimizin sayəsində və eləcə də Ali Baş Komandanımızın ətrafında sıx birləşərək, qüdrətli Ordumuzun gücünə güvənərək nəinki Qarabağ və onun ətrafındakı torpaqlarımızı, hətta bütün zamanlarda itirdiyimiz Azərbaycan torpaqlarını – Göyçəni, Dərələyəzi, Vedibasarı, Zəngibasarı, Dərəçıçəyi, Zəngəzuru, Alagöz yaylaqlarını və tarixi şəhərimiz olan İrəvanı azad edəcəyik. İnşallah o gün çox da uzaqda deyil. Uca Allah Ali Baş Komandanımızı, xalqımızı və qələbələrə layiq olan Ordumuzu qorusun, bu haqq işində hər kəsə güc və qüvvət versin, düşmənlərimizi xar eləsin. Amin!


Məhərrəmov Kamil Qasım oğlu,
Xocalı rayon Yaloba kənd tam orta məktəbin tarix müəllimi 
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi