Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Azərbaycana “dost” ölkələrin düşmənimizə dəstəyi

 

         Tarix boyu Azərbaycan xalqı dost, qonşu deyib qapı açdığı, süfrəsində yer verdiyi bəzi nankorlar tərəfindən təzyiqlərə məruz qalmışdır. “Çörəyimin duzu yoxdur” – sanki bu xalq deyimi bizim xalq üçün onun bəzi qonşularına münasibətinin qarşılığında gördüklərinə görə deyilib. 

          Bir ay bundan öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi hücumu olmuşdur. Bu hücum nəticəsində hərbiçilərimizin və mülki şəxsin öldürülməsi göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti hələ də davam etməkdədir. Hər nə qədər deyilsə də ki, bu beynəlxalq hüquqa ziddir, təəssüf ki, heç bir beynəlxalq aləm də bu məsələyə ciddi yanaşmır, ikili mövqe tutulur. İllərdir xalqın səbri tarıma çəkilir, səmərəsiz danışıqlar heç bir fayda vermir. Tovuzdakı son hücum Xocalı qətliamının, Dağlıq Qarabağın işğalının, düşmənin cinayətkar əməllərinin davamıdır. 

          Azərbaycan tərəfi bu münaqişənin danışıqlar yolu ilə həllinə çalışsa da Ermənistan və ona dəstək verən tərəflər bu prosesə mane olur. Problemin həllində maraqlı olmadığını göstərir. Bəzi tərəflər isə ikili mövqe tutur, belə ki müəyyən məqamlarda Azərbaycan xalqı ilə üzdə dost, qardaş münasibətlərində olduğunu göstərsə də, amma əslində düşmən mövqeyi dəstəkləyir, qeyri-dost addımları atır. 

          İllərdir çözülməyən Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın diplomatik səyləri nəticə vermir. İşğalçı Ermənistan hər dəfə müxtəlif təxribatçı addımlar atır. Onların bu cəhdlərinin arxasında böyük qüvvələr dayanır. Ermənilərin müxtəlif beynəlxalq təşkilatlar və qurumlardan maliyyə dəstəyi aldığı da sirr deyil. Onlara hərbi dəstək verən ölkələrdən biri də qonşu Rusiyadır. Bəzi ölkələr isə öz dəstəyini açıq deyil, gizli şəkildə edir və bununla bağlı izahlarda müxtəlif bəhanələr gətirir. 

          12 iyul 2020-ci ildə Ermənistan hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücumu olmuşdur. Bu hücum əməliyyatları zamanı əsasən müxtəlif hərbi vasitələrdən istifadə olunmaqla sərhədyanı yaşayış məntəqələri, mülki əhalinin təhlükəsizliyini təmin edən Azərbaycan hərbi qüvvələrinin mövqeləri hücuma məruz qalmışdır. Bu xain hücumların qarşısının alınması zamanı Azərbaycan hərbi qüvvələrinin bir generalı, on bir hərbi qulluqçusu, bir nəfər kənd sakini həlak olub. Həmin hücum zamanı Serbiyadan da Ermənistana hərbi minomyotlar və müxtəlif kalibrli hərbi silahlar daxil olmaqla böyük həcmdə silah-sursat göndərilib. 

          Azərbaycan Respublikası iki ölkə arasında strateji tərəfdaşlığa sadiq qalaraq çətin vaxtlarda dost Serbiya xalqına həmişə yardım əlini uzatmışdır və bu Serbiya tərəfindən minnətdarlıqla qarşılanmışdır. Azərbaycan Serbiyanın ərazi bütövlüyünə dəstək məsələsində də həmişə dost mövqeyi nümayış etdirib. Amma Serbiyanın Ermənistanın işğalçı siyasətinə Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımı Azərbaycan xalqında acı məyusluq və təəssüf hissi doğurub. Bu cür münasibətin Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətlərinə və strateji tərəfdaşlığa xələl gətirəcəyini düşünür. 

Hamıya məlumdur ki, Rusiyanın 102 saylı hərbi hissəsi Ermənistan ərazisində yerləşir. Ermənistan 1992-ci ilin may ayından Rusiyanın təşəbbüskarlığı ilə “Kollektiv Təhlükəsizliyə” üzv dövlətlərlə hərbi və siyasi münasibətlər  qurur. Ən əsas Rusiya ilə hərbi əməkdaşlıq edir, bunun da nəticəsidir ki, 17 İyuldan etibarən Rusiya Ermənistana Qazaxıstan, Türkmənistan və İran hava limanlarından 400 tondan artıq hərbi silah-sursat və partlayıcı maddələr göndərmişdir. 

 Mən də bir ziyalı kimi, bütün bu baş verən siyasi məqamları diqqətlə izləyirəm və birmənalı olaraq bildirmək istəyirəm ki, bu ikili siyasət yeridən dövlətlər öz haqsız mövqeyindən əl çəkməlidirlər. 

  Şahilə Zeynalova,

  Xocalı rayon ziyalısı

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi