Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Türkiyə - Azərbaycan qardaşlığı sarsılmazdır

 

           Türkiyə ilə Azərbaycan dili bir, dini bir, adət-ənənələri, soykökü eyni olan iki qardaş dövlətdir. Zamanla bu qardaşlığa qısqanclıqla yanaşanlar nə qədər əngəl olmağa çalışsalar da, sadə xalq hər zaman bir-birinə arxalandı. Məşhur Çanaqqala savaşında nə qədər Azərbaycanlı canından keçdi. Qafqaz İslam Ordusunun bolşevik-daşnak qüvvələrinə qarşı döyüşlərdə nə qədər türk azərbaycanlı qardaşlarıyla birgə çiyin-çiyinə döyüşüb şəhid oldu. 

         Ulu öndər Heydər Əliyev Türkiyə haqqında "İki dövlət, bir millət " deyərdi. Əliyev dühasının davamçısı olan, bütün dünyada biliyi, yüksək zəkasıyla öz sözünü deməyi bacaran Prezidentimiz İlham Əliyev isə belə demişdir: "Türkiyə bizim üçün yalnız tərəfdaş deyil, həm də hər zaman arxalana biləcəyimiz qardaş ölkədir!".

         Azərbaycan-Türkiyə əməkdaşlığı hər sahədə, eləcə də hərbi sahədə günü-gündən inkişaf edir. İki dövlət arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki dövlətin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək birgə genişmiqyaslı döyüş atışlı və taktiki uçuş təlimləri keçirilir.

       Torpaqlarının 20%-i erməni quldurları və onların havadarları tərəfindən işğal olunan ölkəmizin ordusu üçün belə təlimlər çox əhəmiyyət kəsb edir. Bilirik ki, Prezidentimizin də söylədiyi kimi zorla cəlb olunduğumuz müharibədə işğal altındakı torpaqlarımız danışıqlar yolu ilə geri qaytarılmasa, məcburən hərbi müdaxilə qaçılmazdır. Buna görə də hərbi biliklər və təcrübə daha da təkmilləşməlidir.

         Digər tərəfdən, birgə təlimlər ölkələrimizin inkişafını və ayrılmaz qardaşlığını gözü götürməyən bir çox hegemon dövlətlərçün bir mesaj olaraq da qəbul olunur. Bu təlim heç kimin bizim əbədi dostluğumuza və qardaşlığımıza zərbə vura bilməyəcəyinə bir daha sübutdur. Haqq işimizdə Tanrı Türkü qorusun!       

Zərifə Məmmədova,

Xocalı ziyalısı

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi