Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev hal-hazırda Azərbaycanın haqlı mövqeyini bütün dünyaya yüksək səviyyədə bəyan edir. Vətən müharibəsi başlayan gündən xarici mediya nümayəndələri Cənab Prezidentimizdən müsahibələr götütür. Belə müsahibələrdən birini oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyi götürüb. Müsahibə əsnasında Prezident İlham Əliyev bir çox suallara aydınlıq gətirib.
Jurnalistin Cənab Prezident, Siz dəfələrlə demisiniz ki, münaqişənin nizamlanmasında irəliləyiş olması üçün vasitəçilər Ermənistana qarşı hansısa formada sanksiyalar tətbiq etməlidirlər. Sizin fikrinizcə, bu sanksiyalar nədən ibarət ola bilər? sualına cavabında qeyd edib ki? -Bəli, siz haqlısınız. Mən bu barədə danışmışam. Özü də təkcə indi yox. Mən bu barədə çoxdan danışıram. Lakin təəssüf ki, mənim çağırışlarım cavabsız qalır. Hansı sanksiyalar tətbiq edilə bilərdi? O sanksiyalar ki, Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə və işğal edilmiş ərazilərdən qoşunları çıxarmağa məcbur etsinlər. Məsələn, İraq Küveyti işğal edəndən sonra İraqa qarşı tətbiq edilmiş sanksiyaları götürmək olar. Axı, beynəlxalq hüquq baxımından təxminən eyni hadisə baş verib. Küveytin beynəlxalq aləmdə tanınmış ərazisi İraq tərəfindən işğal edilmişdi, hərbi cinayətlər törədilmişdi, etnik təmizləmə aparılmışdı. Yalnız dünya birliyinin vaxtında reaksiya verməsi nəticəsində bu işğal dayandırıldı, özü də qısa vaxtda. Daha sonra İraqa iqtisadi sanksiyalar tətbiq edildi, silah satışına embarqo qoyuldu, İraqın ərazisi uçuşların qadağan edildiyi zonaya çevrildi, insanlığa qarşı cinayətlər törətmiş hərbi canilər məhkəməyə cəlb edildi, mühakimə olundu. Ermənistana münasibətdə də bu cür sanksiyalar tətbiq edilməli idi. Mən əminəm ki, hətta bu sanksiyalardan biri tətbiq olunsa idi, münaqişə çoxdan həll edilərdi. Sadəcə, bu sanksiyaları tətbiq etmək üçün siyasi iradə və istək yox idi. Çox ehtimal ki, belə bir mövqeyə üstünlük verilirdi - təki vəziyyət daha da kəskinləşməsin, gəlin hər şeyi olduğu kimi saxlayaq.