Nəsirov Xəqani
Kamran oğlu 1982-ci ilin iyun ayının 29-da Xankəndi şəhərində anadan olub.
1988-ci ildə Xocalıya köç edən Nəsirovlar ailəsi fin evlərdə məskunlaşıblar.
Ailədə 4 qardaş olublar. Xocalı soyqırımı zamanı Xəqaninin yaxın qohumları şəhid
olub, itkin düşüblər. Soyqırım günü atasının xalası oğlu Yaşar şəhid olub,
atasının dayısı oğlu Azər isə itkin düşüb. Əmisi Nəsirov Ramiz Kamal oğlu I
Qarabağ Müharibəsinin fəal iştirakçılarından biridir. Cəsur kəşfiyyatçı olan Ramiz Nəsirovun igidliyi, döyüş şücaətləri nəzərə alınaraq 25 fevral 1997-ci ildə Azərbaycan
Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə “İgidliyə görə” medalı
ilə təltif olunub. Xocalı qətliamı zamanı Xəqaninin əmisi Ramizin rus milliyətindən
olan qayınatası Dmitri Butko və həyat yoldaşı Tatyana Dmitriyevna həlak
olublar.
Xocalıdan didərgin düşən ailə əvvəlcə Şirvanda, sonra Naftalanda,
2002-ci ildən isə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşıb.
Xəqani
Nəsirov 2000-ci ildə hərbi xidmətə getmişdir. 2003-cü ildə Dövlət Yanğından
Mühafizə Hissəsinin Xocalı rayon bölməsində işə düzəlib. Lakin o, bu işdə
darıxır, Vətənə olan borcunu ön cəbhədə xidmət aparmaqla yerinə yetirmək istəyirdi.
Xəqani torpaqlarımızın işğalı ilə heç vaxt barışmırdı. Məhz buna görə 2014-cü
ildə Xəqani Dövlət Yanğından Mühafizə hissəsinin Xocalı rayon bölməsindən işdən
çıxaraq müddətdən artıq həqiqi hərbi xidmətə yazıldı. Seçdiyi peşədən zövq alan
Xəqani tezliklə torpaqlarımızın azad edilməsi üçün döyüşlərin başlayacağını da
bilirdi.
Qardaşı Ceyhun şəhid qardaşı haqqında
xatirələrini ürək ağrısı, eyni zamanda fəxr və qürur hisləri ilə danışır. Xəqaninin
vətənpərvərliyi ilə seçildiyini, deyib-gülən bir insan olduğunu, böyükdən-kiçiyə
hər kəs onun xətrini çox istəyərdi deyir. Hamı onun haqqında xoş sözlər
danışır.
Xəqani
idmana xüsusi həvəsi və bacarığı ilə daim fərqlənib. Dəfələrlə yüngül atletika,
futbol və stolüstü tennis üzrə Xocalı rayon çempionu olub. Vətənpərvər gənc
kimi cəmiyyətdə tanınıb. Vətənə bağlılığı, torpağa olan sevgisi onu hərb həyatına
gətirdi.
Xəqani
kiçik yaşlarında olarkən erməni seperatçıları onun doğulduğu Xankəndi şəhərini,
sonra pənah apardıqları Xocalı şəhərini işğal etdilər. Yaşadığı şəhərdə bəşər
tarixində ən dəhşətli soyqırım aktlarından biri törədildi. Bütün bu yaşadıqları
yeniyetmə Xəqaniyə təsir etmişdi. Doğma torpaqlarından didərgin düşmək, həmyerlilərinə
qarşı törədilmiş soyqırım aktı onu daim narahat edirdi. Bir gün əlinə silah
alıb düşmənlə döyüşmək, qisas almaq düşüncələri ilə yaşayırdı. Vətən Müharibəsinin
başlanması ilə vətənpərvər gənclərimiz, cəsur həbçilərimiz qəhrəmancasına
döyüşlərə atıldılar. 27 sentyabrda Xəqani Talış və Suvoquşan kəndlərinin
alınmasında, düşmənin qurduğu istehkamların yarılmasında öz canını Vətənə sipər
etdi. I Qarabağ müharibəsində çoxlu sayda erməni terrorçusunu məhv edən Ramiz əmisinin
şərəfli döyüş yolundan nümunə götürən Xəqani mərmi yarası alsa da, düşməni
torpaqlarımızdan çıxartmaq üçün son damla qanına qədər vuruşmağı qarşısına məqsəd
qoymuşdu. Lakin pusquda dayanan xain düşmənin atdığı güllə onu boyun hissəsindən
dəyərək döyüşlərinə son qoydu. Qorxmaz, cəsur döyüşçümüz torpaqlarımızın azad
olunduğu xəbərini gətirən ilk müjdəçilərdən oldu.
Ailəli idi. Bir oğlu, bir qızı yadigar qalıb.
Bərdə
şəhəri "Şəhidlər" Xiyabanında dəfn edilib.
Ruhu şad olsun!
Qalib BƏYMƏMMƏDOĞLU,
Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri