Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Talış kəndi və Suqovuşan istiqamətində gedən döyüşlərin şəhidi

Vətən Müharibəsi başlandığı ilk gündən Azərbaycan Ordusu düşmənə ağır zərbələr vurdu. Düşmənin 30 ildə qurduğu istehkamları yardıqca Xilaskar Ordumuz irəli gedərək torpaqlarımızı işğaldan azad etdi. Mərd oğullar öz canlarını sinəsi mərmidən göynəyən Vətən torpaqlarına sipər etdilər. Zəfər yolunun başlanğıcında şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də Sənan Miriyevdir.

Miriyev Sənan Arif oğlu 1998-ci il mart ayının 1-də Beyləqan rayonunun Allahyarlı kəndində anadan olub. Xocalı şəhər sakinidir. Xocalı şəhər 4 saylı orta məktəbin məzunu olub. Sənan 2016-cı ilin aprel ayında hərbi xidmətə çağırılmışdır. Dövlət Sərhəd Xidmətində çavuş kimi hərbi xidməti başa vurduqdan sonra ehtiyyata buraxılmışdır. Lakin onun hərb peşəsinə olan məhəbbəti yenidən hərbi forma geyməsinə səbəb oldu. Atasının digər sahədə çalışma istəyinin əksinə çıxaraq hərbçi olmağı üstün tutdu. 2020-ci il sentyabrın əvvəlində könüllü olaraq ordu sıralarına ərizə verdikdən sonra Azərbaycan Ordusunun əks-kəşfiyyat bölüyünə yazılaraq müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır. Onun  arzusu əmisi oğlu Miriyev Surət kimi Xüsusi Təyinatlı Qüvvələdə xidmət etmək idi. Sənanın kəşfiyyaçı olmaq arzusu gerçək oldu. Lakin onun ən böyük arzusu hələ həyata keçməmişdi. Uşaq yaşlarından Qarabağın bütünlüklə işğaldan azad olunmasını, erməni quldurlarının məhv edilməsini görmək istəyirdi. Onun arzusu qisas hissi ilə daha da qüvvətlənirdi.

Vətən Müharibəsi Sənan kimi minlərlə igid oğullarımızın öz hünərini, Vətənə sevgisini və düşmənə nifrətini göstərmək üçün bir imkan oldu. Bir-birinin hünərindən ilham alan igid əsgərlərimiz düşmənin üstünə qorxmadan irəlilədilər. Qorxmaz oğullarımızın sayəsində tarixi torpaq-larımızı bərpa etdik. Sənan da Vətən müharibəsində cəsur döyüşçü kimi iştirak edərək qəhrəmancasına şəhid oldu. 27 sentyabr tarixdə Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhadət şərbətini içərək əbədiyyətə qovuşdu. Sənanın cismi canını qurban verdiyi müqəddəs torpağımıza qarışdı. Şəhidlərimiz Vətən torpağına qarışmaqla müqəddəs torpağın parçasına çevrildilər. İndi Sənanın və bütün şəhidlərimizin uyuduğu torpaq xalqımızın ən əziz ziyarət yeridir.

Subay idi.

Ağcabədi rayonu Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, əsgər Miriyev Sənan Arif oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Ruhu şad olsun!

Qalib BƏYMƏMMƏDOĞLU,

Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri




Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi