Ramazanlı Əlizamin Umud oğlu 2000-ci il mayın 9-da
Bərdə rayonu Şirvanlı kəndində anadan olub. Əslən Xocalı rayonunun Kosalar kəndindəndir.
Onun doğum günü ata-baba yurdunun işğalı ilə eyni günə düşürdü. Əlizamin 2006-cı ildə
Şuşa rayon 19 nömrəli tam orta məktəbinin 1 sinfinə gedib, 2017-ci ildə həmin məktəbi
bitirib. 2017-ci il iyulunda Sərhəd qoşunlarında hərbi xidmətə başlayıb,
2019-cu il il yanvarında hərbidən tərxis olunub.
Əlizamin
uşaqlıqdan Vətən, Ana sözlərini dilində əzbər etmişdi. O, uşaq
yaşlarından igid kimi böyüyürdü. Əlizamin əsgər olarkən hər zaman Vətənin
keşiyində layiqincə durmağı özünə borc bilib. Valideynlərinə mən hərbi xidməti
bitirsəm də, yenidən Vətənimin keşiyində durmağa qayıdacağam deyirdi. Əlizamin
evin tək oğlu idi. Valideyləri evin tək oğlu olduğu üçün bu iş çətin yoldur desə
də, Əlizamin razı olmayıb. Vətənpərvər gənc valideynlərinə mən hərbçi olacağam
deyərək 2020-ci il fevralın 13-də Sərhəd Qoşunlarında kəşfiyyatçı Gizir kimi işə
başlayıb.
Əlizamin kiçik yaşlarından anasından qohumu, “Azərbaycanın
Milli Qəhrəmanı” Tabil Həsənovun döyüş yolunu tez-tez soruşardı. “Qırxqız
qartalı” ləqəbli Tabil Həsənov onun üçün qəhrəmanlıq məktəbi olub. Əlizamin
Tabil Həsənovun qəhrəmanlıq hekayələri ilə böyüyüb, vətənpərvər gənc kimi
yetişib. Onun döyüşkən ruhu Tabil Həsənovun qəhrəmanlıq dastanı ilə
yoğrulmuşdu.
Anası ilə danışanda məndən narahat olmayın, ən ağır
silah sənin oğlundadır deyərək arxayın edərdi. Ana, sadəcə onu bil ki, hər şey
Vətən üçündür. Əlizamin hər zaman ailəsi ilə danışanda onun son sözləri mən
yaxşıyam, təki siz yaxşı olun, təki Vətən sağ olsun sözləri olardı. Xocalıya
bayrağımızı özüm sancacağam deyərdi. Görmədiyi ata yurdu Xocalının Kosalar kəndində
bayrağımızı qaldırmaq ən böyük arzusu idi.
Xüsusi Təyinatlı Qüvvələrdə işlədiyi üçün necə işlədiyini,
nələr etdiyi haqqında danışmazdı. Çünki həmişə deyərdi ki, kəşfiyyatçı görünmədən
görmək, ölmədən dönməkdir. Əzizləri ilə danışanda qürurla Xüsusi Təyinatlı Qüvvələrdə
işləmək hər oğulun işi deyil söyləyərdi. Doğrudan da belədir. Əlizamin Tovuz
döyüşlərində də igidliklə döyüşərək məharətini göstərib.
Sentyabr ayının əvvəlində ailəsi ilə görüşə gəldikdə
anasına papağını, atasına isə ətrini hədiyyə edib. Əlizamin sanki şəhid
olacağını bilirmiş kimi vidalaşıb evdən çıxarkən. Son görüşündə ana, gəl şəkil
çəkdirək, bu şəklimizi xatirə saxlayarsan deyərək evdən ayrılıb.
Vətən Müharibəsi başladığı gündən yalnız düşməni məhv
etmək məqsədi ilə vuruşan Əlizamin Ramazanlı Murovdağ silsiləsinin alınması
uğrunda döyüşlərdə iştirak edib, Kəlbəcər tərəfdə kəşfiyyat əməliyyatlarında ön
sıralarda olub. Sonra Füzuli istiqamətində döyüşlərə qatılıb. Şəhid olduğu gün
isə döyüş yoldaşının maşından düşməsini xahiş edərək "erməni öldürməyə mən gedəcəyəm" deyib.
Komandiri isə Əlizaminə "sən yeni gəlmisən, gözlə" desə də, o xahişində təkidli
olub. Əlizamin Ramazanlı oktyabr ayının 9-u Hadrut uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Komandiri deyir ki, Əlizamin komandanın göyərçini
gözündən vuran ürəyi idi. Ramazanlı hansı döyüşə gedərdisə iş yoldaşları bizə
qorxu yoxdur deyərmiş. Əlizminin uşaqlıqdan idmana böyük həvəsi vardı. O,
idmanla məşğul olurdu. Çevikliyi, cüssəsi ilə sanki kəşfiyyatçı olmaq üçün
doğulmuşdu.
Əlizamin kimi igidlər Qarabağ Azərbaycandır deyərək
qanları ilə tarix yazdılar. İndi bütün şəhidlərimizin ruhu rahat uyuyur və
şaddır. Çünki onların müqəddəs mübarizəsi qələbəmizlə yekunlaşdı, Qarabağı yağı
düşmən tapdağından azad etdik. Şəhid Əlizamin Ramazanlı da toprpaqlarımızın
işğaldan azad edilməsi uğrunda öz canından keçərək uca məqama yüksəldi.
Subay idi.
Şəhidimiz Bərdə şəhəri Şirvanlı kənd qəbiristanlığında
dəfn edilib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi
qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən,
kiçik gizir Ramazanlı Əlizamin Umud oğlu ölümündən sonra Azərbaycan
Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında
iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı
vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra “Vətən uğrunda”
medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi
qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
Sərəncamına əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad
edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik
və şücaət nümayiş etdirmiş kiçik gizir Ramazanlı Əlizamin Umud oğlu ölümüdən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə
təltif edilib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirmiş kiçik gizir Ramazanlı Əlizamin Umud oğlu ölümüdən sonra “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.
Ruhu şad olsun!
Qalib BƏYMƏMMƏDOĞLU,
Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri