vardır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətindəki nitqi mövzunun aktuallığını şərtləndirmiş və fundamental şəkildə araşdırılmasını zəruriləşdirmişdir. Həmin dərin məzmunlu nitqdə göstərilir: “...Bu gün Azərbaycan hökuməti və xalq qarşısında Xocalı soyqırımında ermənilərin törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyas və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması, bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir”. Bütün bunlar, tarixi sənədlərə, faktlara, Qarabağ müharibəsi iştirakçısı kimi şahidi olduğum məlumatlara əsaslanaraq Xocalı soyqırımının təhlili və tədqiqini, dünya ictimaiyyətinə çatdırılmasını əsaslandırmışdır.
Fəsildə, Xocalı soyqırımının baş
verdiyi tarixi şərait və həyata keçirilmə üsulları, səbəbləri faktlar və sənədlər
əsasında, müqayisəli şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində bu qənaətə
gəlinmişdir ki, Xocalı soyqırımını həyata keçirən təşkilatçının və sifarişçinin
başlıca məqsədi xalqımızı müstəqillik yolundan döndərmək, onu yenidən öz təsir
dairəsinə qaytarmaqdan ibarət olmuşdur. Bu soyqırımda icraçı kimi iştirak edən
ermənilərin əsas məqsədi Qarabağı və digər ərazilərimizi
işğal etmək idi. Düşmənlər məqsədlərinə çatmaq üçün
xalqımıza qarşı görünməmiş vəhşiliklərlə, insanlığa yaraşmayan üsullarla dəhşətli
soyqırımı həyata keçirmişlər. Bunun nəticəsində torpaqlarımızın bir hissəsi
işğal olunmuş, minlərlə azərbaycanlı qətlə yetirilmişdir. Ancaq düşmənlərin
xalqımızı qorxutmaq və onu müstəqillik ideallarından uzaqlaşdırmaq cəhdi baş
tutmamışdır.
Fəsil yazılarkən Heydər Əliyevin “Xocalı
soyqırımının onuncu ildönümü ilə bağlı Azərbaycan xalqına müraciəti”ndən, İlham Əliyevin “Bəşəriyyətə
qarşı ən ağır cinayətlərdən olan Xocalı soyqırımı Azərbaycan xalqının qan
yaddaşından silinməyəcək” Akademik Y.Mahmudovun “Xocalı soyqırımını və
erməni vəhşiliklərini bütün dünyaya çatdırmalıyıq”, “Xocalını unutma”,
professor O.Sultanovun “Xocalı soyqırımına aparan yol-hakimiyyət hərisliyi və cinayətkar
səhlənkarlıq”, Ş.Ş.Usubovun “Xocalı rayonunun 2018-ci ilin sosial-iqtisadi inkişafın
yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr”; K.M.Məmmədovun “Xocalı
soyqırımını törədənlər layiqli cəzalarını alacaqlar”, “Xocalı soyqırımı”;
t.e.d. Q.hacıyevin “Xocalı faciəsi
Ermənistanın Azərbaycana qarşı torpaq iddialarının nəticəsidir”, t.e.d. Boran
Əzizin “Xocalı soyqırımı” Z.Sultanovun “Xocalı faciəsi”, Q.Qırxqızılının “Əsrin
faciəsi – Xocalı”, N.Yaqublunun “Xocalı qırğını”, S.Müslümqızının “Qar üstünə
qan yağırdı”, H.Məmmədovanın “Xocalı. Şəhidlər, şahidlər”, «Ходжалы. Хроника
геноцида», «Ходжалинский геноцид. Фонд Г.Адиева» M.Şükürovun “Xocalı: Daş
yaddaşı, qan yaddaşı” R.Ağahüseynlinin “Xocalı soyqırımı”, Z.Sultanovun
“Qarabağın qara günləri”, E.Əhmədovun “Ermənistanın Azərbaycana təcavüzü” və digər
əsərlərdən bəhrələnmişik.
Xocalı qətliamının həyata keçirilməsi
üsulları və nəticələrini təhlil etməzdən öncə soyqırımı doğuran səbəblərə
aydınlıq gətirmək yerinə düşərdi. Belə ki, əzablı, çətin milli mübarizə nəticəsində,
1991-ci ildə dövlətimiz yenidən müstəqilliyini bərqərar etdi. Xocalı faciəsi
müstəqilliyimizə qarşı yönəldilmiş, məqsədli bir plan idi. Hər bir hadisəyə
doğru-düzgün qiymət verən dünya siyasətçisi Heydər Əliyev çıxışlarından birində
məsələyə belə münasibət bildirmişdir: “Xocalı faciəsi təsadüfi
hadisə deyildi. Dəhşətli Xocalı faciəsini törətməklə ermənilər xalqımızı
qorxutmaq, mübarizə əzmini qırmaq, onu tarixi torpaqlarımızın bir qisminin itirilməsi
ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata
bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə
daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi”.
Qərb dövlətlərindən,
Rəsmi Moskvadan dəstək alan mənfur siyasət sahibləri olan ermənilər çirkin
“Böyük Ermənistan” ideyalarını reallaşdırmaq üçün fürsəti əldən verməməyi qərara
aldılar. Məkirli və bədnam siyasətlərini həyata keçirmək üçün erməni lobbisindən
hərtərəfli yararlanan bədnam “qonşularımız” məqsədlərinə çatmaq üçün türkə
qarşı terrorun bütün vasitələrindən istifadə etməyə başladılar. 1995-ci il
fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Xocalı
soyqırımının üçüncü ildönümü ilə əlaqədar
Azərbaycan xalqına müraciətində qeyd etmişdir ki, “xaricdəki imperiyapərəst
qüvvələrin dəstəyi ilə törədilən bu soyqırımı erməni qəsbkarlarının müstəqil Azərbaycan
dövlətinə qarşı yeritdiyi məqsədyönlü təcavüz planının ən amansız həlqəsi,
misli görünməmiş vəhşilik aktı, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa
qarşı törədilmiş cinayət kimi XX əsrin tarixinə daxil olmuşdur. Azərbaycan
Prezidenti vurğulamışdır ki, günahsız dinc əhaliyə tutulmuş amansız divan,
ağlasığmaz qəddarlıq erməni irticasının və onun xaricdəki havadarlarının iç
üzünü beynəlxalq ictimaiyyət qarşısında bütünlüklə açıqladı”.
XX yüzilliyin 80-ci illərinin sonunda
dünyada və o cümlədən SSRİ-də baş verən
ictimai-siyasi proseslər nəticəsində sosializm sistemi iflasa
uğradı. SSRİ dünyada oynadığı hegemon rolunu itirməyə başladı. Belə bir vaxtda
digər amillərlə yanaşı, sovet imperiyasına qarşı, ərazisi ruslar tərəfindən
işğal edilərək zorla bu dövlətə birləşdirilən xalqlar tərəfindən başlanılan
milli-azadlıq hərəkatı sovetlər
birliyinin çökməsini sürətləndirdi və bu proses sonda öz siyasi nəticəsini
verdi. Xalqımızın illərlə, uğrunda mübarizə apardığı müstəqillik arzusu gerçəkliyə
çevrildi. Lakin, SSRİ süqut etdikdən sonra müstəqil milli dövlət
quruculuğu dövrünə qədəm qoyan Azərbaycanın vəziyyəti, həm götürdüyü xarici
siyasi kurs, həm də 1988-ci ildən başlayan erməni təcavüzü nəticəsində
xeyli ağırlaşdı.
Qeyd edək ki, milli azadlıq hərəkatının
gücləndiyi ərəfədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Moskvanın və erməni
lobbisinin təhriki ilə ərazimizin bir hissəsinin qoparılması istiqamətində fəaliyyət
planı işə düşdü. Münaqişənin ilkin vaxtlarında Moskva, DQMV-nin nə Ermənistana
birləşdirilməsinə, nə də Azərbaycanın tərkibində qalmasına aid qəti bir qərar
qəbul etmədi. Bunu, o dövrdə Sov.İKP MK-nın Dağlıq Qarabağ haqqındakı qərarlarında,
Sov.İKP MK-nın Baş Katibi M.Qorbaçovun 1988-ci il 26 fevral çıxışında da görmək
mümkündür. İlkin baxışda belə təəssürat yaranır ki, Baş Katibin SSRİ-nin milli-ərazi
quruculuğu prinsipləri haqqında kifayət qədər aydın mövqeyi, məlumatı yoxdur.
Ancaq, hadisələrin sonrakı gedişi və təhlili göstərir ki, M.Qorbaçov düşünülmüş, dəqiq plan əsasında fəaliyyət göstərmişdi. SSRİ-də
milli münaqişələrin qızışması yönündə edilən hərəkətlərə qarşı, mərkəz tərəfindən
heç bir tədbir görülmürdü. Problemlə bağlı apardığımız tədqiqat və hadisələrin
müqayisəli təhlili bunun iki başlıca səbəbinin olduğunu göstərir.
Bu səbəblər eyni zamanda baş verən, bir-birilə bağlı
olan proseslər olmuşdur. Bunlardan birincisi – SSRİ-nin rəhbərliyinə daxil olan
adamların əksəriyyəti milli münaqişələr vasitəsilə Sovet imperiyasının
bütövlüyünü qoruyub saxlamaq niyyətində idi. Onlar əzəli Azərbaycan
torpağı olan Qarabağı ermənilərə vəd etməklə erməni-Azərbaycan müharibəsinə
start vermiş oldular. Bu yolla ruslar həm Azərbaycanı, həm də erməniləri əllərində
saxlamağı düşünürdülər. Ölkəmizin müstəqillik uğrunda mübarizəyə qalxması və
suverenliyini elan etməsi Qarabağın işğalına təkan verdi. Rus-erməni birgə
işğalı Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kiçik məntəqələrindən başlandı.
Xüsusi olaraq qeyd olunmalıdır ki, XX
yüzillik ərzində Rusiya iqtisadi-siyasi cəhətdən zəiflədikcə laxlayan
imperiyanın bütövlüyünü qoruyub saxlamaq üçün bir neçə dəfə milli münaqişələr,
qırğınlar törətmək siyasətindən “uğurla” istifadə etmişdir. Xalqımız bu siyasətin
ağrı-acısını bir neçə dəfə - 1905-1907, 1917-1920 və 1948-1953-cü illərdə
dadmışdır. Çar və sovet Rusiyası “parçala, hökm sür” siyasəti həyata keçirməklə
xalqları, o cümlədən azərbaycanlıları əsarət altında saxlamaq, onları
milli-azadlıq mübarizəsindən yayındırmaq, Rusiya əsarətindən qurtarmaq niyyətindən
uzaqlaşdırmaq siyasəti yeritmişdir.
Avropada və Amerikada ermənilərin
separatçı hərəkətləri “yenidənqurmanın” ilk dövrlərində demokratiya, insan haqları
uğrunda mübarizə adı altında mütərəqqi, sovet totalitarizminə qarşı çıxan qüvvə
kimi müdafiə və təbliğ olunmağa başlandı. Öz torpaqlarını müdafiə edən,
separatizmin əleyhinə olan Azərbaycan xalqı isə guya SSRİ-ni qoruyub saxlamaq
istəyən mühafizəkar, dindar, islam fundametalistləri kimi təqdim edildi. Ermənilərin
Xocalını əsas hədəflərdən biri kimi seçməsi təsadüfi deyildi; Düşmən Xocalını
işğal etməklə bir sıra məqsədlər güdürdü. Belə ki, Dağlıq Qarabağ regionunun
digər şəhərlərini ələ keçirmək üçün strateji üstünlük qazanmaq; Regionda yeganə
mülki hava limanına malik olan mühüm kommunikasiya mərkəzini ələ keçirmək;
Xocalıda törədilən soyqırımı ilə psixoloji üstünlük əldə etmək və azərbaycanlıların
iradəsini qırmaq; Xocalıda və ətraf ərazilərdə olan tarixi izlər onların ərazi
iddialarını puça çıxartdığı üçün bu şəhəri yer üzündən silmək.
Dağlıq
Qarabağdakı hadisələr müstəqilliyimizin əleyhinə yönəlmişdir və Xocalı
soyqırımı da həmin prosesin kulminasiya nöqtəsi idi. Bu, əslində xalqımızın
müstəqillik mübarizəsinin məhv olması üçün hazırlanmış ssenari olsa da, bu
ssenarinin həyata keçirilməsində alət rolunu oynayan ermənilər, mənfur “planı” soyqırımı kimi həyata keçirdilər.
Beləliklə,
ermənilər Qarabağın dağlıq ərazisinin bir hissəsindən ibarət olan Dağlıq
Qarabağı coğrafi anlam kimi deyil, siyasi termin kimi irəli atmaqla onu ələ
keçirmək uğrunda mübarizəyə başladılar.
Dağlıq Qarabağ bölgəsinin erməniləri Azərbaycan
dövlətində yaşayan milli azlıqlardan biridir və bu baxımdan ermənilərin öz müqəddəratını
təyinetmə hüququnu bəhanə edərək bu torpaqların Ermənistana birləşdirilməsi
üçün atdığı bütün addımlar beynəlxalq hüquq normalarının kobud şəkildə
pozulması deməkdir.
Prezident
İlham Əliyev çıxışlarından birində göstərmişdir ki, Sov. İKP və Sovet hökumətinin
rəhbərliyi SSRİ-nin süqutunun qarşısını almaq, imperiyanın ərazi bütövlüyünü
qorumaq və əhalinin diqqətini mühüm məsələlərdən yayındırmaq üçün
respublikalarda milli qarşıdurma yaratdı”.
Məhz, Moskvanın xeyir-duası ilə Dağlıq
Qarabağ Muxtar Vilayətinin erməniləri arasında Ermənistanla birləşmək uğrunda
“Miatsum” (birləşmə) hərəkatı başlandı. Vilayətdə uzun müddət gizli fəaliyyət
göstərən, Ermənistanda yaradılmış “Qarabağ Komitəsinin” bir qolu olan “Krunk”
(“Durna”) adlı cəmiyyət açıq mübarizəyə keçdi.
Ermənistanda dövlət səviyyəsində gizli
dəstələr yaradıldı. 1988-ci il fevralın 19-da Yerevandakı “Ermənistanda ermənilər
yaşamalıdırlar”, “Ermənistanı türklərdən təmizləməli” kimi antitürk şüarlarla
mitinqlər keçirildi. Vilayətin şovinist ruhlu erməniləri də onlardan geri
qalmadı, mitinqlərə başladı. 1988-ci il fevralın 20-də DQMV-i sovetinin
deputatları, vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-ə
verilməsi qərarına səs verdilər. Qeyd edək ki, vilayət sovetinin azərbaycanlı
deputatları bu səsvermədə iştirak etməkdən imtina etdilər. Vilayət sovetinin
erməni deputatları Moskva, Bakı və Yerevan Ali Sovetlərinə “müraciət” göndərdilər.
1988-ci ilin iyununda Ermənistan SSR Ali Soveti “DQMV-i sovetinin Ermənistana
birləşdirmək” qərarına razılıq verdi. Bu, bir tərəfdən SSRİ-nin milli-ərazi
quruluşu prinsiplərinə zidd idi, digər tərəfdən Azərbaycanın ərazi bütövlüyünə
kobudcasına qəsd idi.
Ermənistan parlamenti 1989-cu il
dekabrın 10-da “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi”, yəni qonşu
dövlətin ərazisinin bir hissəsinin ilhaq olunması haqqında heç bir hüquqi əsası
olmayan qərar qəbul etdi. Bu, əslində Azərbaycanın ərazi bütövlüyünə və
suverenliyinə qəsd idi və münasibətləri daha da kəskinləşdirdi.
Dağlıq
Qarabağda yaşayan, terrorçuluq və separatçılıq mövqeyində
dayanan ermənilərə Ermənistana birləşməyin zəruri olduğu ideyasını qəbul etdirən Ermənistan Respublikası
Rusiyadakı himayədarlarının havadarlığı ilə Azərbaycan ərazisinə hərbi qüvvə
göndərərək açıq təcavüzə başladılar.
Acınacaqlı hal orasında idi ki, belə
vaxtda Azərbaycana rəhbərlik edənlərin problemi həll etmək üçün konseptual
yanaşması, aydın, düşünülmüş proqramı yox idi.
Sovetlər Birliyinin dağılmasının
mümkünlüyünə inanmayan o zamankı Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ qondarma
probleminin həllində Moskvaya hədsiz inam və ümid bəsləyirdi və bu özünü
doğrultmadı. Moskvadan asılı siyasət yürüdərək milli ordunun
yaradılmasına nail olmayan Azərbaycan rəhbərliyindən fərqli olaraq Ermənistan
öz ərazisindəki keçmiş 7-ci sovet ordusunun bazasında güclü ordu yarada
bilmişdi. Sovet ordusundan həm texnika, həm də canlı qüvvə köməyi alan ermənilərin
Dağlıq Qarabağda və Ermənistanla sərhəd bölgələrdə artan təcavüzünün qarşısını
almaq getdikcə çətinləşirdi.
Rusiya
SSRİ dağıldıqdan sonra keçmiş sovetlər birliyi ərazisində öz hegemonluğunu
saxlamaq üçün Müstəqil Dövlətlər Birliyi ideyasını ortaya atdı. Azərbaycan bu birliyə daxil olmağa tələsmədi,
bunu xeyli götür-qoy etdi. Ermənistan isə əksinə, dərhal oraya üzv oldu.
Bununla da, onlar Rusiyanın timsalında özlərinə təkrar və həm də güclü havadar
tapdılar.
Dağlıq
Qarabağ problemini ortaya atmaqla Ermənistan vasitəsilə Azərbaycana təzyiq edən
Rusiyanın bu siyasəti erməni təcavüzkarlarını həm şirnikləndirdi, həm də gücləndirdi.
Ermənilər
eyni vaxtda həm DQMV-nin içərisində yaşayan azərbaycanlılarla, həm də sərhədyanı
rayonlarda mübarizə aparmağın çətinliyini bildiyindən əvvəlcə Vilayətin içərisindəki
azərbaycanlılar yaşayan məntəqələri zəbt etmək taktikasını seçdilər.
Ancaq
istər ermənilər, istərsə onlar üçün planı hazırlayan Moskva, istərsə də ermənilərin
Avropa və Amerikadakı havadarları başa düşürdülər ki, Ermənistan ərazisində azərbaycanlılar
yaşadığı dövrdə bu planı reallaşdırmaq mümkün deyil. Bu səbəbdən öncə azərbaycanlılar
Ermənistandan – öz ata-baba torpaqlarından, əzəli yurdlarından qovulmalı idi.
Rusiyadan
kömək alan ermənilər azərbaycanlılar yaşayan kəndləri, şəhərləri zəbt etmək,
onların daimi sakinlərini sıxışdırıb qovmaq, yaxud qətlə yetirməklə Dağlıq
Qarabağı Ermənistana birləşdirmək, bu baş tutmasa müstəqillik əldə etmək niyyətində
idilər.
1991-ci ilin payızında Rusiya və Ermənistan
arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqavilə
bağlanması Rusiyaya, DQMV-də yaşayan erməniləri Azərbaycana qarşı açıq-aşkar
silahlandırmaq imkanı verdi. Bu özünü çox gözlətmədi. Belə ki, 1991-ci ilin
noyabr ayının 20-də içərisində Azərbaycanın dövlət və hökumət rəhbərliyinə
daxil olan şəxslərlə bərabər SSRİ Müdafiə Nazirliyinin, Rusiya və Qazaxıstanın
müşahidəçilərini Xocavənddə yaşayan azərbaycanlıların qətlə yetirilməsini
araşdırmağa gedən adamların olduğu vertolyot erməni terrorçularının atəşi nəticəsində
məhv edildi. Bu terror aktı nəticəsində 22 nəfər faciəli şəkildə həlak oldu.
Bundan sonra Dağlıq Qarabağdakı azərbaycanlılar yaşayan əraziyə erməni
terrorçularının hücumları daha da gücləndi. Füzuli rayonunun Arış, Cuvarlı, Çimən,
Xələfşah, Axullu, Goranboy rayonunun Şəfəq, Zeyvə və digər kəndlərinə erməni
basqınları nəticəsində xeyli ziyan vuruldu, onlarla ev viran edildi ölən və
yaralananlar oldu.
1991-ci ilin dekabr ayının 23-də 500 nəfərlik
erməni qoşunu Xankəndində yerləşən 366-cı rus alayının əsgərləri və hərbi
texnikası ilə birlikdə Dağlıq Qarabağın Meşəli kəndini tam mühasirəyə aldılar. Kəndi
qoruyan könüllü döyüşçülərin və onlara köməyə gələn Xocalı, Kosalar və Qaragav könüllü
özünümüdafiə dəstələrinin üzvlərinin qəhrəmancasına müqavimətinə baxmayaraq, kənd
işğal edilib yerlə yeksan edildi.
Həmin döyüşlərdə ermənilər dinc sakinlərdən
27 nəfəri öldürmüş, 15 nəfərdən çox adamı ağır yaralamışdılar. Öldürülənlər
arasında azyaşlı məktəbli və 75 yaşlı qoca da var idi. Öldürülənlərin 11 nəfərinə
ermənilər od vurub yandırmışdı. Sonralar kəndin müdafiəçilərindən olan Faiq
Ağayev göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülmüşdür.
Ümumiyyətə, Qarabağ hadisəsi
başlanandan 1991-ci ilin noyabr ayna qədər Ermənistan silahlı birləşmələrinin
hücumu nəticəsində, azərbaycanlılarla ermənilər arasında 2559 toqquşma, 318
silahlı basqın, 1388 dəfə ermənilər tərəfdən atəşə tutma halları qeydə alınmış,
1318 nəfər azərbaycanlı yaralanmışdırlar. Azərbaycanlılara məxsus 1134 ev və
119 digər obyekt dağıdılmışdır.
Belə bir şəraitdə MDB
Silahlı Qüvvələrinə məxsus olan 4-cü ordunun 23-cü Gəncə diviziyasının Xankəndindəki
366-cı alayın bütün hərbi texnikası və sursatının ermənilərin əlinə keçməsi
gündən-günə reallaşırdı. Qeyd edək ki, bu alay hələ 1985-ci ildə Gəncədən Xankəndinə
köçürülmüşdü. Ştat üzrə 1800 hərbi qulluqçusu, 100-ə yaxın hərbi texnikası var
idi. MDB Silahlı Qüvvələrinin Quru qoşunlarının
Baş Qərargahının rəisi general-leytenant Ter-Qriqoryants da milliyyətcə erməni
idi və o da erməni terrorçularına kömək edirdi. 366-cı alayda xidmətdə olan
zabit və gizirlərin 50-dən artığının erməni olması və eyni zamanda bir çox
başqa millətlərdən olan zabitlərin də onların tərəfində olması vəziyyəti çətinləşdirirdi.
1991-ci ilin yayından polkun komandiri təyin edilmiş polkovnik Zaviqorovun erməni
terrorçularının tərəfini saxlaması da azərbaycanlıların işini pisləşdirdi,
1992-ci il yanvar ayının 12-13-də Xankəndindəki 366-cı alayda hərbi xidmət keçən
əslən Özbəkistan və Türkmənistandan olan yeddi nəfər əsgər qaçaraq Xocalıya gəlmişdilər
Onlar bildirmişdilər ki, ordunun rəhbərliyi nəinki silahların, texnikanın bir
hissəsini erməni yaraqlılarına verir, həm də əsgərləri azərbaycanlılara qarşı
atəş açmağa məcbur edir. Bu alayda hərbi xidmətdə olan milliyətcə rus,
ukraynalı, moldavan əsgərlərdən də qaçanlar var idi. Həmin əsgərlərin də getməyə
başqa yerləri olmadığı üçün onlar da Xocalı şəhərinə pənah gətirmişdilər və şəhər
işğal olunduğu zaman yerli əhali ilə birlikldə Xocalını tərk etmiş, hətta bəziləri
həlak olmuşlar. Onların qaçma səbəblərinə aydınlıq gətirən ifadələri 366-cı alayın
qətliamdakı rolunu öyrənmək baxımından çox əhəmiyyətlidir. Məsələn, alayın
sıravi əsgəri Yuri Şvelyov deyirdi ki, “Alayda tam azğınlıq hökm sürür. Zabitlərin üçdə bir hissəsi
ermənilərdir. Bəzən onlar əsgərləri və sürücü mexanikləri məcbur edirlər ki,
zirehli maşınları hissənin ərazisindən çıxarıb quldurların döyüş mövqeyinə gətirsinlər.
Sonra da özləri azərbaycanlılar yaşayan kəndlərə atəş açırlar”. Yaxud alayın
başqa bir sıravi əsgəri Yuri Yakoviç bildirirdi ki, “Bizə
hər gün xristianlığımızı xatırladır, buna görə də müsəlmanlara qarşı vuruşmağa
borclu olduğumuzu aşılayırdılar. Biz dörd əsgər buna dözməyib alayı tərk
etdik”.
Bundan başqa 366-cı alayda xidmət edərək, oradan qaçmış baş
serjant Aleksey Melnikov, serjant Dmitri Çarıyev, sıravi əsgərlər Aleksandr
Boldov, Oleq Makovski və Əlişir Yeqamqulov Bakı şəhərində mətbuat konfransı
keçirərək ordunu tərk etmələrinin səbəbini izah etdilər. A.Melnikov qaçmalarının
səbəblərindən bəhs edərkən şahidi olduğu hadisələri qətiyyən gizlətmək fikrində
olduğunu bildirib deyirdi: “Ordudan tərxis olunmağımıza cəmi beş-altı gün
qalırdı. Fevralın 13-də rotaya yenicə təyin olunmuş komandirimiz bildirdi ki, “əgər
pul qazanmaq istəmirsinizsə, evinizə qayıda bilərsiniz. Hansı yolla pul qazana
biləcəyimizi soruşarkən dedi ki, yaxın günlərdə irimiqyaslı döyüş əməliyyatı
gözlənilir, türkləri qırmaq lazım gələcək. Təbii ki, müəyyən risk olacaq. Yəni
heç kim heç kəsə havayı pul verməyəcək”.
“Doğrusu bu sözlərdən mənim tüküm ürpəşdi.
Canlı insanı, bəlkə də dinc adamları öldürməyə görə pulla şirnikləndirmək! İyrənc,
ağlasığmaz vəhşilik!!! Bizi muzdla qatillərə çevirmək istəyirdilər!
Əslində, bizim rota silah anbarını
qoruyurdu. Lakin necə qoruyurdu?! Erməni zabitlər istədikləri vaxt həmin
silahları döyüş mövqelərinə çıxarır, azərbaycanlılar yaşayan kəndləri atəşə
tuturdular. Biz, indi burada gördüyünüz əsgərlər həmin qanlı cinayətlərdə
bilavasitə iştirak etməsək də, müqavimət göstərməkdə də aciz idik.
Özbaşınalığın tüğyan etdiyi alayda bəyənilməyən sözə görə amansız cəza hazır
idi. Hətta məhkəməsiz, filansız güllələyərdilər də.
Doğrusu nə üçün orduda qaldığımızı
bilmirdik. İki respublikanın daxili işlərinə qarışmaq çoxumuzun ürəyincə
deyildi”.
Biz, altı nəfər əsgər əvvəlcə meşə yolu
ilə, böyük çətinliklə, əzab-əziyyətlə Ağdama gəlib çıxa bildik. Oradan
avtobusla Gəncəyə gəldik. Lakin, üstümüzdə heç bir sənəd olmadığına görə evimizə
uça bilmədik. Oradan Azərbaycan Respublikası Milli Ordusunun rəhbərləri köməklik
göstərdilər. Lazımi sənədlər verib qatarla Bakıya yolladılar. İndi ən böyük
arzumuz doğma ocağa qayıtmaqdır. Aramızda rus da var, moldavan da, tatar da,
özbək də. Heç birimiz qan tökülməsinin tərəfdarı deyilik. Bütün Azərbaycan
xalqına haqq işində uğurlar arzulayırıq”.
“Nə geyimimizə, nə yeməyimizə, nə də
dincəlməyimizə diqqət yetirən var. Hərdən lap quru yerdə yatırıq... Ermənilər
alaya gəlib tut arağı satırlar. Pul hardan idi içki alaydıq? Kim nə çırpışdıra
bildi, - ya patrona, ya avtomata, ya da qumbaraya dəyişirdi arağı. Zabitdən
tutmuş sıravi əsgərlərədək hamı sərxoş gəzir. Dava-dalaşsız gün olmur”.
Pavel Zuyev, Aleksey Bondarev və Pavel
Natikinin dedikləri: “Erməni zabitləri hamını azərbaycanlılarla döyüşə məcbur
edirlər. Əmrə tabe olmayanlar yerindəcə güllələnir. Kim bacarırsa başını götürüb
qaçır. Bir dəfə 12 nəfər öz aramızda sözləşib ağ bayrağı əlimizə, aldıq və
qaçdıq. Ağdərə tərəfdə bizi atəşə tutdular. Ağdama yalnız 6 nəfər sağ-salamat
çata bildi”.
Dəqiq faktlar əsasında deyə bilərik ki,
alayın döyüş texnikası, şəxsi heyəti tez-tez erməni quldurlarının “xahişini”
yerinə yetirirdi. Həm də bu zaman xüsusi haqq-hesab sistemi, yəni rüşvət alma
mexanizmi mövcud olmuşdu. Məsələn, ZTR-in azərbaycanlılara qarşı döyüş əməliyyatında
iştirakına görə komandirə 5 min rubl, atəşə tutmaya görə min rubl və 20 litr spirt
və digər ərzaqlar verilirdi.
Xocalı soyqırımı zamanı 366-cı
motoatıcı alayın xüsusi şöbəsinin (№02270) rəisi olmuş Rusiya Federasiyasının
Baş Kəşfiyyat İdarəsinin polkovniki Vladimir Romanoviç Savelyevin məlumatları
isə daha tükürpədicidir. O, Xocalı soyqırımı ərəfəsi və günlərində 366-cı
alayda baş verənləri, erməni və rus əsgərlərinin hərəkətləri, Azərbaycandakı
ictimai-siyasi vəziyyəti Kremlə, müdafiə Nazirliyinə, Baş Kəşfiyyat İdarəsinin
generallarına 19 səhifəlik məxfi məlumat – arayış göndərməklə bildirmişdi. Xidməti
vəzifəsi ilə əlaqədar hadisələrin ən qaynar yerlərində olan, dəqiq məlumatlara
malik polkovnik proseslərin canlı şahidi olmuşdur. O yazır ki, “mayor Aşin
Simonyan 26 nəfərlik dəstəsi ilə Xankəndinə gəldikdən sonra 366-cı alayın içərisində
asanlıqla öz dayaqlarını qura bildilər. Polkovnik Yevgeni Zaviqarova nağd 36
min ABŞ dollarını tanışlıq üçün “hədiyyə” etdilər. Məlumata görə, 23-cü
diviziyanın komandiri general-mayor Boris Budeykin polkovnik Zaviqarovu buna
görə ittiham edib”.
Polkovnik V.Savelyev bu alayın ermənilər
tərəfindən azərbaycanlılara qarşı döyüşlərdə iştirakı barədə yazır: “Əslində
millətlərarası münaqişəyə cəlb olunmuş 366-cı alay ətrafında həmin problemlər
daha qabarıq nəzərə çarpır. Hərbi əməliyyatlarda alayın ermənilərin tərəfinə
keçib azərbaycanlıları qırması, hərbi texnika və silahları ermənilərə verməsi məsələsi
artıq siyasi əhəmiyyət daşıyırdı.... Polkovnik Zaviqarov və başqa vəzifəli şəxslər
Xocalı istiqamətindəki döyüş nöqtələrini ləğv etmək
haqqında ordu və dairə komandanlığının rəsmi icazəsi ilə Xocalı istiqamətində
gedən əməliyyatlarda ermənilərlə birləşdi. Nəticədə bir gün ərzində
49 nəfər azərbaycanlı meydanlara yığılıb güllələndi... Qərargah rəisi, polkovnik-leytenant
Sergey Kraumnin, birinci motoatıcı batalyonun komandiri, polkovnik Arkadi
Moiseyev, ikinci batalyonun komandiri mayor Serj Ohanvan, üçüncü batalyonun
komandiri mayor Qavril Nabokix, kapitan İshaq Lixodyan... ayrı-seçkilik edir.
Dinc əhalini zonalardan uzaqlaşdırarkən ermənilərlə daha çox məşğul olurdular.
Köçürmə zamanı 58 nəfər azərbaycanlı öldürüldü”.
Onu da qeyd edək ki, azərbaycanlılara
qarşı əməliyyatlarda DQMV-də yerləşən ruslara məxsus digər batalyonlar da
yaxından iştirak etmişdilər. Onlar belə əməliyyatlarda “yuxarıların tapşırığı”
ilə yanaşı, həm də ermənilərlə də sövdələşərək pul qazanırdılar. Məsələn, “Xankəndi
şəhərindəki 463-cü Əlahiddə Kimyəvi-mühafizə batalyonu
və 909-cu Əlahiddə Kəşfiyyat batalyonunun döyüş planları ilə bağlı, ermənilər
tərəfindən vuruşması barədəki əmrin qiyməti 18 min dollar idi”.
Faktların, sənədlərin
və bu məsələ barəsində müxtəlif ölkələrdə çapdan çıxan yazıların təhlili göstərir
ki, ermənilərə Avropa ölkələrindən də, xüsusilə Fransadan müntəzəm silah,
sursat, ərzaq və s., göndərilmişdir. Məsələn, onlarca belə yazıların birində
göstərilir: “... Üstəlik Fransadan göndərilən 142 ədəd avtomat, 7 min 600 ədəd
güllə, 460 ədəd zirehli jilet, 11 ton konservləşdirilmiş yemək, min iki yüz
cüt ayaqqabı, 146 ədəd tapança... ermənilərin istifadəsinə verildi. Amerikada
istehsal olunmuş 149 ədəd ratsiya da ermənilərə paylandı”.
Bundan əlavə 366-cı alayın nəzdinə
“Klukin erməni cəbhəsi” deyilən “rota” yaradılmışdı. Bu rotanın özəyini Livan,
Amerika, Kanada, İran, İsveç və Hollandiyadakı... erməni quldur birləşmələri təşkil
edirdi. 1988-ci il fevralın 17-də qızlardan ibarət “Şuşanik” adlı erməni
snayperçilər dəstəsi həmin birləşməyə qoşulmuşdu. Düşüncələrində türk düşmənçiliyi
hopdurulan, insan idrakından uzaq olan “Şuşanik” snayperçiləri Livandan gətirilmiş
muzdlu qatillər idi. “Klukin
erməni cəbhəsi”nə quldur, cani Xaçik Vartanyan rəhbərlik edirdi. Ümumiyyətlə,
tarixə nəzər saldığımız zaman erməni millətçilərinin öz niyyətlərinə çatmaq
üçün həlledici qüvvəyə sahib olan şəxslərdi ələ almaq məqsədilə ən müxtəlif nanəcib
üsullardan istifadə etdiklərini, hətta öz qadınlarını belə satmaqdan çəkinmədiklərini,
SSRİ dövründə bir çox yüksək vəzifəli şəxslərin katibələrinin məhz erməni millətindən
olmalarını görərik.
Qeyd edək ki, erməni millətçi-şovinistlərinin
hazırladıqları əməliyyatlar “Haydad” və “ASALA” terror təşkilatları ilə birgə
icra olunurdu.
SSRİ-nin, sonralar isə MDB-nin IV
ordusunun 23-cü diviziyasının Xankəndində yerləşən 366-cı motoatıcı alayının
hərbi texnikasından Xocalıya qarşı istifadə ediləcəyi barədə respublika rəhbərliyinə
xəbər verilmişdi. Ona görə respublika rəhbərliyi, ictimaiyyəti IV Ordunun
komandanı general Popovdan bunun ən qısa müddətdə qarşısını almağı tələb etdilər.
Hətta alayın çıxarılma müddəti də - 1 mart 1992-ci il müəyyən edilmişdi. Lakin
bunun heç bir xeyri olmadı. Əksinə, alayın qulluqçuları texnikanı ermənilərə
satmaq işini daha da artırdılar. Məsələn, respublika təhlükəsizlik xidməti
radio dalğa tutanların
ratsiya ilə danışan 366-cı alayın 13-cü və 53-cü hərbi qulluqçusunun silah
alveri ilə əlaqədar bir milyon barədə mübahisəsinə dair qeyd etdiyi “Gələndə
demişdin ki, bizim üçün bir milyon pul saxlamalısan. Bilmirəm milyondur, milyon
deyil, amma yarısı bizimdir” sözləri bunu bir daha təsdiq edir.
Qeyd edək ki, ermənilər silah-sursatı
rüşvət və ya oğurluq ilə əldə edə bilmədikdə Sovet Ordusunun silah anbarlarına
hücumlar təşkil edirdilər. Belə ki, 1990-cı il 1 yanvarından 1992-ci ilin iyununadək
Zaqafqaziyada silah anbarlarına 294 dəfə hücum olmuşdur ki, onun da 130-u Ermənistanın,
164-ü isə Dağlıq Qarabağ ermənilərinin payına düşmüşdür. Doğrudur, bir sıra
hallarda Sovet-rus ordusunun rəhbərlərinin razılığı ilə silahlar əl altından
satılır, özlərini bir növ sığorta etmək üçün sonradan bu bazalara hücum
tamaşaları düzəldilir və yanğın törədilirdi.
Moskva mətbuatında və elmi-kütləvi nəşrlərində
belə məlumatların yayılması bu ölkənin siyasi rəhbərliyini tənqiddən qorumaq,
soyqırımda ordunun iştirakından, silah-sursatı satmasından guya xəbərsiz
olmasını təbliğ etmək məqsədi də daşıyırdı.
Vaxtilə dinc, silahsız adamları
qırmaqla, itaətə gətirməklə öz “beynəlmiləlçilik” borcunu Macarıstanda,
Çexoslovakiyada, Polşada, Əfqanıstanda yerinə yetirib “qəhrəmanlıq” təcrübəsi
toplayan Sovet Ordusu özünü 1989-cu ilin aprelində Tbilisidə, 1990-cı ilin
yanvarında Vilnüsdə və Bakıda bir daha göstərmişdi.
İndi, bu “şanlı ordu” qısa bir müddətdə
xalqımıza qarşı növbəti dəfə soyqırımda iştirak etməyə hazırlaşırdı.
Müasir silahlardan, o cümlədən xarici
silahlardan geniş istifadə edən erməni terrorçularının cəbbəxanası hər gün Azərbaycan
əraziləri üstündən keçib gələn, tanınma nişanı olmayan vertolyotlar vasitəsilə
gücləndirilirdi.
Hərbi texnikada azərbaycanlılardan
üstün olan ermənilər 1991-ci ilin oktyabrından 1992-ci ilin yanvarınadək
Xocalı rayonunun Cəmilli, Meşəli kəndləri, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi,
Ağdərə rayonunun İmarət Qərvənd kəndi, Xocavənd rayonunun Xocavənd, Tuğ kəndləri,
keçmiş Hadrut rayonunun Axullu, Salakətin kəndləri, Goranboy rayonunun
Ballıqaya və Başqışlaq kəndləri ermənilər tərəfindən işğal edilərək
yandırılmış, məhv edilmişdi.
Qeyd
edək ki, ermənilər coğrafi şəraitinə görə hər tərəfdən erməni kəndləri ilə əhatə
olunmuş Azərbaycanlılar yaşayan kəndlərini birinci növbədə işğal edirdi. Bu
taktikada başlıca məqsəd vilayətdən kənardakı azərbaycanlılar yaşayan rayonlara
daha çox yaxınlaşmaq idi.
İşğal planlı sürətlə aparılırdı. Əvvəlcə kənd terrorçular tərəfindən hər
tərəfdən mühasirəyə alınır, müntəzəm olaraq atəşə tutulur, sonra isə zəbt
edilib məhv olunurdu.
Xocalı qətliamı ərəfəsində ermənilər Xocavənd rayonunun Qaradağlı, Əmirallar, Ağdərə rayonunun Umudlu, Şuşa rayonunun Malıbəyli, Quşçular kəndlərini hər tərəfdən mühasirəyə almışdılar. Strateji cəhətdən çox böyük əhəmiyyəti olan bu yaşayış məntəqələrinə gedən keçidlər, yollar erməni silahlıları tərəfindən tutulmuşdu.
Onlar bu yerləri zəbt etməklə Qarabağın
şimalından cənubuna, şərqindən qərbinə sərbəst hərəkət imkanı əldə edə bilərdilər.
Azərbaycanlıların hərbi texnikasının, silah və sursatın daim çatışmaması erməni
terrorçularının gündən-günə güclənən hücumlarının qarşısını almaqda çətinlik
yaradırdı.
1992-ci ilin yanvarın 21-də Qaybalı,
fevralın 12-də Quşçular və Malıbəyli, fevralın 17-də isə Qaradağlı kəndləri ermənilər
tərəfindən zəbt edilib yandırıldı.
1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan
"Mİ-8" mülki vertolyotunun erməni terrorçuları tərəfindən Xankəndi
istiqamətindən vurulması dinc azərbaycanlılara qarşı törədilmiş növbəti terror
hadisəsi idi. Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermiş həmin hadisə
nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj
üzvü, ümumilikdə 44 nəfər həlak olmuşdur. Bəzi mənbələrdə həmin hadisənin
qumbaraatan vasitəsilə törədilməsi göstərilmişdir. Lakin, qeyd olunan hadisənin
şahidi olmuş yerli sakinlərdən olan Şahmar Usubovun veridyi məlumata görə mülki
şəxsləri daşıyan həmin vertolyot Xankəndi istiqamətindən hərəkət edən
“krakadil” adlanan hərbi vertolyot tərəfindən vurulmuşdur. Qeyd olunan hərbi
vertolyot isə ermənilərə yalnız Sovet ordusunun yüksək hərbi vəzifəli şəxsləri tərəfindən
“bəxşiş” edilə bilərdi. Bu bir daha onu sübut edir ki, həmin vaxt erməni
mənfurları müxtəlif üsullarla bəzi yüksək hərbi vəzifəli şəxsləri ələ almağı
bacarmışdılar.
Bildiyimiz kimi həmin hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin
Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertolyotunu
atəşə tutması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər
həlak olublar. Həlak olanlar arasında dövlət katibi Tofiq
İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, Qazaxıstan daxili
işlər nazirinin müavini Sanlal
Serikov, Azərbaycan Dövlət
Televiziyasının jurnalisti Alı Mustafayev də
olub. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. Məhz bu hadisə ermənilər
tərəfindən Azərbaycanı daxildən sarsıtmağa, yenicə müstəqqiliyi elan etmiş bir
dövlətin dövlətçilik ənələrini məhv etməyə və milli ruh düşkünlüyü yaratmağa
hesablanmış qanlı terror hadisəsi idi.
Ermənilər fevralın 11-də beş aya yaxın
mühasirədə saxladığı Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinə üç tərəfdən
tanklar və zirehli maşınlarla hücum etmişdilər.
Yerli sakinlər, kəndlərin mühafizəsində
dayanmış milis işçiləri və özünümüdafiə qüvvələri düşmənə ciddi müqavimət
göstərmişlər. Lakin qüvvələr nisbəti qeyri-bərabər olduğuna görə tədricən geri
çəkilməyə məcbur olmuşlar. Bu hücum zamanı 28 nəfər öldürülmüş, 39 nəfər ağır
yaralanmış, bir neçə nəfər isə erməni quldurları tərəfindən girov
götürülmüşdür.
Yüzlərlə sakin, o cümlədən qadınlar və
uşaqlar dağlara çəkilmiş, meşə ilə Ağdam rayonunun Gülablı kəndinə üz
tutmuşdular. Yollar isə Əsgəran rayonunun Harov kəndi yaxınlığından keçirdi. Məsələdən
xəbərdar olan ermənilər yolu kəsərək onları yenidən gülləyə tutmuşdular. Bir
neçə saat davam edən atışmadan və xeyli itkidən sonra mühasirəni yarıb səhərə
yaxın Ağdamın Gülablı kəndinə gəlmək mümkün olmuşdu.
Erməni quldurları azərbaycanlıların bir
çöp də çıxara bilmədikləri dolu evləri talan etməklə yanaşı, iki mindən çox
qaramal, qoyun-quzu ələ keçirdilər.
Malıbəyli və Quşçular kəndindən 4 min
adam didərgin salınmış və respublikanın müxtəlif bölgələrinə pənah aparmalı
olmuşdu.
Ermənilər Qaradağlı kəndini işğal edərkən
xüsusi amansızlıq göstərmişlər. Strateji əhəmiyyətli ərazidə yerləşən bu kənd 4
il (1988-1992) ərzində düşmənlərə qarşı qəhrəmancasına mübarizə aparmış və 77 nəfər
şəhid vermişdir. 1992-ci il 15-17 fevralda üç gün ərzində ağır döyüşlərdən
sonra ermənilər bu kəndi işğal edib, büsbütün yandırıb məhv etdilər. Erməni
faşistləri döyüş zamanı ağır yaralanan və hərəkət edə bilmədiyindən əsir düşən
48 nəfər azərbaycanlını rəhm etmədən xüsusi amansızlıqla qətlə yetirdilər.
Ümumiyyətlə,
ermənilər əldə etdikləri üstünlükdən istifadə edib işğal etdikləri yaşayış məntəqələrində
evləri uçurur, tikililəri yandırırdılar ki, heç bir sakin bu yerlərə köçüb
qayıda bilməsin.
Bu cəhətdən bəşəriyyətin haqlı olaraq lənətlədiyi
alman faşizmi erməni faşizmindən tamamilə fərqlənir. Belə ki,
almanların işğal etdiyi ərazilərdə yerli dinc əhali yaşayır, maddi-mədəniyyət
abidələri isə qorunub saxlanırdı. Almanlar yalnız hakimiyyəti dəyişirdilər.
Əhalinin evi və təsərrüfatı çox zaman istifadəsində qalırdı. Erməni
faşizminin mahiyyəti ondan ibarətdir ki, ermənilər hansı ərazini tuturdularsa,
orada nəinki bir nəfər də olsun azərbaycanlı qalmır, dinc əhalini öldürür,
hətta maddi mədəniyyət abidələrini dağıdır, kəndləri yerlə yeksan edir, bir
sözlə yandırılmış torpaq siyasəti aparırdılar.
Beləliklə, ermənilərin
azərbaycanlıların yaşayış məntəqələrini daimi gərginlikdə saxlamaq, onların
mövqeyini zəiflətməklə işğal etmək və ərazilərini genişləndirmək kimi
təcavüzkar planı tədricən həyata keçməkdə idi. Artıq növbə Xocalıya çatmaqda idi. Xocalının o dövrkü icra
başçısı və prokuroru respublika rəhbərliyinə göndərdiyi məktubda bu şəhərin əhəmiyyətini
xatırladaraq yazırdılar ki, “...bütün hadisələr Xocalının üstündədir. Xocalı
gedərsə Dağlıq Qarabağ ermənilərindir. Biz Xocalını saxlasaq Dağlıq Qarabağ
bizimdir. Xocalı Azərbaycanın taleyini həll edir”. Əslində böyük strateji əhəmiyyətə
malik olan Xocalı, Aran Qarabağı ilə Dağlıq Qarabağ arasında bir bağlayıcı həlqə
rolunu oynayırdı.
Qeyd edək ki, 1988-ci ilin fevralında – Azərbaycanda
XX yüzilliyin sonuncu erməni təxribatları başlayanda, onun ən ağır zərbəsi
Xocalıya dəydi. Belə ki, şəhərin Xankəndi, Əsgəran və əsasən ermənilər yaşayan
digər qəsəbə və kəndlərində işləyən mütəxəssis və fəhlələri işdən qovuldu.
Bundan başqa, qədim Oğuz yurdu olan Ermənistan adlandırılan Respublikadan
vəhşiliklə çıxarılan 130 azərbaycanlı ailəsi və Fərqanədən erməni-rus
fitvasının qurbanı olaraq didərgin salınmış 54 mesxeti türkü ailəsi də buraya
pənah gətirmişdi. Onlara, burada yerli hakimiyyət orqanları tərəfindən torpaq
sahəsi ayrılaraq ev tikmələri, işləmələri və yaşamaları üçün şərait
yaradılmışdı.
1989-1990-cı illərdə münaqişə daha da gərginləşdi. Bu dövrdə ermənilər
Yuxarı Qarabağın avtomobil yollarında azərbaycanlılara, o cümlədən xocalılara
məxsus olan nəqliyyat vasitələrini daşa basır, əzir, yandırır, insanları girov
götürərək qətlə yetirirdilər. Ancaq Xocalının igid oğulları onlara tutarlı
cavablar verirdilər. Bu zaman hava limanının Xocalının nəzarətində olması da
buna imkan yaradırdı.
Ermənilərin Xocalıya ilk böyük hücumu 1988-ci il sentyabrın 18-də oldu.
Onlar belə hesab edirdilər ki, elə ilk həmlə ilə Xocalını məhv edərək, Qarabağa
gedən maneəni aradan qaldıra biləcəklər. Həmin gün Xankəndidəki nümayişdən
çıxan 5 minə qədər erməninin bir qismi piyada, bir qismi maşınlarla Xocalının
üstünə hücum etdilər. Qabaqda gedən 4 “Kamaz” və “Kraz” markalı yük maşınlarının
arxasınca, gələn ermənilər şəhərə yaxınlaşdı. Şəhərə
1988-ci
ilin oktyabrında Azərbaycan hökuməti Xocalının sosial inkişafı qayğısına
qalaraq bu barədə xüsusi qərar qəbul etdi. Bu qərardan sonra Azərbaycanın
rayonları Xocalıya və bütün Dağlıq Qarabağa kömək etməyə başladı. Dağlıq
Qarabağa və Xocalıya kömək ümumxalq xarakteri aldığı üçün burada tikinti və
abadlıq işləri daha da genişləndi.
Bu
işlər Sov. İKP MK-ın tövsiyəsi əsasında və SSRİ Ali Sovetinin 1989-cu il yanvarın
12-də verdiyi qərar ilə Dağlıq Qarabağa Xüsusi İdarə Komitəsinin (XİK) və onun
burada külli-ixtiyar sahibi olan rəhbəri Arkadi Volskinin planlarına uyğun
gəlmirdi. Çünki A.Volski və onun rəhbərlik etdiyi Xüsusi İdarə Komitəsi açıq-aşkar ermənipərəst mövqe
tuturdu. Komitə, Vilayətdə qayda-qanunu bərpa etmək əvəzinə, azərbaycanlıların
buradan qovulmasına, ermənilərin silahlanmasına şərait yaratdı. A.Volskinin yaratdığı şərait
nəticəsində DQMV-nin ərazisinə Ermənistandan silah-sursat daşınır, erməni quldur
dəstələri silahlandırılırdı. Beləliklə,
əslində A.Volskinin əli ilə Dağlıq Qarabağ Azərbaycandan ayrılıb Ermənistanın,
daha doğrusu Moskvanın tabeçiliyinə keçirilmişdi. Xalq Volskinin bu xəyanətkarlığını
görür və onun Dağlıq Qarabağdan qovulmasını tələb edirdi.
Sovetlər Birliyinin
rəhbərliyi Azərbaycanın demokratik qüvvələrinin tələblərinin güclənməsi ilə
imperiya üçün artan təhlükəni azaltmaq və əhalini sakitləşdirmək üçün 1989-cu
il noyabrın 28-də Xüsusi İdarə Komitəsini ləğv etdi. A.Volski yenidən Moskvaya qayıtdı. Ləğv edilən
idarənin əvəzinə SSRİ Ali Soveti Xüsusi
Komissiyasının nəzarəti altında Dağlıq Qarabağ üzrə Azərbaycan SSRİ-nin
Təşkilat Komitəsi yaradıldı. Sovet işğalı zamanı Əfqanıstanda B.Karməlin siyasi
müşaviri işləmiş, sonralar Azərbaycan Kommunist Partiyasının II katibi olan
V.Polyaniçko onun sədri təyin edildi. Lakin V.Polyaniçko milli
münaqişənin qızışdırılmasında heç də A.Volskidən geri qalmadı. Ona görə də bu əvəzlənmə
prinsipial dəyişikliyə səbəb olmadı. SSRİ rəhbərləri tərəfindən qəti
tədbirlərin görülməməsi nəticəsində 1989-cu il dekabrın 1-də
Ermənistan SSR Ali Soveti “Ermənistan SSR və Dağlıq Qarabağı
birləşdirmək haqqında” qərar qəbul etdi. Xankəndidə Ermənistan bayrağı qaldırıldı. Vilayətin
əksər idarə və müəssisələri Ermənistana tabe edildi. Bu isə qarşıdurmanı daha
da gücləndirdi.
1990-cı ilin mayında DQMV-nin
idarəçiliyi yenidən Azərbaycana qaytarıldı. Lakin bu, ciddi dəyişikliyə səbəb
olmadı. Çünki,
Azərbaycan Şuşada, Xocalıda və digər yerlərdə tikinti işlərini artırdığı
dövrdə DQMV-də yaşayan ermənilər sürətlə silahlanır və dünyanın müxtəlif
ölkələrində yaşayan, terrorçuluqda kifayət qədər təcrübəsi olan ermənilərdən
ibarət muzdlu qüvvələr toplayırdılar.
Yanvarın 7-də erməni daşnak
terrorçuları tərəfindən Xocalıya gedən dəmiryol xətti təkrar partladılır Həmin
gün daşnak terror qrupu Kərkicahan qəsəbəsinə basqın edir və onlarla əhali
xəsarət alır.
22 noyabr 1990-cı
ildə daşnak terrorçuları saat 900 radələrində
qəflətən Kərkicahan qəsəbəsinə basqın edir,
qəsəbə sakini Həsənov Tofiq
Bəylər oğlunu qətlə yetirirlər.
Mərhumun meyiti tanınmaz hala
salınır. Əfqan Novruz oğlu Tanrıverdiyev isə atışma zamanı yaralandı. Həmin
ilin 29 noyabrında Xocalı təyyarə limanına növbə çəkməyə
polis işçilərini aparan avtobus daşnak terrorçularının
basqınına məruz qalır. Bir polis işçisi həlak olur,
16 nəfər əməkdaş isə güllə yarası alır. Həmin gün 16 yaşlı Xocalı sakini
Xanoğlan Şahməmmədov daşnak terrorçuları tərəfindən
qoyun otardığı yerdən girov götürülür.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet
ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi görünməmiş vəhşilikdən - “20
Yanvar qırğını”nından sonra Azərbaycanda vəziyyət daha da kəskinləşdi.
Əhalinin
sovet sisteminə və ordusuna nifrəti daha da artdı. Respublikanın hər yerində
milli hərəkat gücləndi.
Xocalı sürətlə tikilib genişləndiyinə və həm də artan strateji
əhəmiyyətinə görə 1990-cı ilin aprelində Azərbaycan hökumətinin qərarı ilə
şəhər statusu qazandı.
19 aprel 1991-ci ildə
Mehdikəndə sığınmış daşnak terror qrupu axşam saat 1000 radələrində Xocalı
şəhərinin Universitet adlanan məhəlləsini avtomat və minamiyotlardan güclü və
aramsız şəkildə atəşə tutur. Xocalıdakı tərəvəzçilik-südçülük sovxozunun
direktoru Mətləb Yusifova isə odlu silahdan atəş aşılır. Həmin il 26 aprel daşnak
terrorçusu qəflətən meşə massivində qarşısına çıxan Xocalı
şəhər sakini, silahsız İbrahim Məmmədovu yaxalayır və yaxın məsafədən atdığı
tapança atəşi ilə onu ağır yaralayır.
25 sentyabr 1991-ci
ildə daşnak terrorçuları Kərkicahan qəsəbəsinə
basqın edirlər. Qəsəbə sakinlərindən bir nəfər həlak olur, doqquz nəfər isə
ağır bədən xəsarəti alır. Həmin gün Ağdam-Xocalı
sərnişin avtobusu daşnak terrorçuları tərəfindən Əsgəran ərazisində saxlanılır.
Sürücü və 15 sərnişin vəhşicəsinə döyülür. Avtobus isə aşırılıb yararsız hala
salınır.
19
oktyabr 1991-ci ildə Yevlaxdan Xocalıya uçan AN-12 təyyarəsi Əsgəran rayonunun
Kərmirsar-Xanabad səmasında daşnak terror
qruplaşması tərəfindən vurulub
yerə salınmır.
Təyyarədəki yeddi ekipaj üzvü: Əsəd Əsədov, Hikmət
Muradov, Ceyhun Rəhimov, Əhmədağa Baxşıyev, Yunis Misirov, Azad Sadıqov və
Sabir Rəcəbov qətlə yetirilir. Sonra isə mərhumların cəsədləri yandırılır. Həmin il noyabrın 12-də erməni
terrorçuları saat 1600
radələrində Xocalı şəhərinin inşaatçılarına basqın edirlər. Nəticədə Xocalıdakı
23 saylı SMD-nin rəisi Tahir Məmmədov qətlə yetirilir.
Ermənistanın terror
qrupları 1 dekabr 1996-cı ildə Kərkicahan qəsəbəsinin aşağı başına həmlə
edirlər. Bir polis əməkdaşı həlak olur, üç nəfər qəsəbə sakini itkin düşür, beş
nəfər yaralanır, 21 ev yandırılır. Dekabrın 2-də isə Ermənistan silahlı
birləşmələri tərəfindən Kərkicahan qəsəbə
sakini Elman Həsənov həyətində qətlə yetirilir,
dörd uşaq anası S.Sabahova ağır güllə yarası alır. Həmin gün erməni
terrorçuları Şuşa şəhərinə həmlə edirlər. 8 ev dağıdılır, iki nəfər dinc şəhər
sakini qəlpə yarası alır. Dekabrın 4-də Ermənistan daşnak terrorçuları
tərəfindən Kərkicahan qəsəbəsinə basqın edilir. Nəticədə qəsəbə sakini Osman
Səfərov qətlə yetirilir, üç nəfər ağır güllə yarası alır.
1992-ci
ilin yanvar ayında Paris yaxınlığında məxfi təlim düşərgəsi yaratmış “ASALA” erməni terrorçu
təşkilatının 26 üzvü Fransa vətəndaşı olan mayor Aşin Simonyanın başçılığı ilə Xankəndinə gəlmiş
və xalqımıza qarşı döyüşlərdə qəddarlığı və amansızlığı ilə ad çıxarmışdı.
Qarabağda,
xüsusilə Xocalıda terror aktlarının həyata keçirilməsində, azərbaycanlıların
yaşadığı qəsəbə və kəndlərə hücumlarda bilavasitə iştirak etmiş xarici ölkə
vətəndaşlarından Suren
Paşayan (“Krunk” təşkilatının Fransa bölməsinin üzvü, Fransa vətəndaşı), Qabriel Şıxanyan
(“Vartan cəngavərləri” qrupunun Vyana
bölməsi, Fransa vətəndaşı), Abram Çitçiyan (366-cı alayın I batalyonunun
qərargah rəisi, Rusiya vətəndaşı, (hazırda Fransa vətəndaşı), Romb Qalakçiyan (Xocalını
bombalayan 39 nömrəli vertolyotun pilotu, livan vətəndaşı), Razdan Minoyan
(Xocalını bombalayan 40 nömrəli vertolyotun pilotu, Suriya vətəndaşı) Fransada
terror aktları törətmiş beynəlxalq terrorçu Monte Melkonyan (Ermənistanın milli
qəhrəmanı), beynəlxalq aləmdə kifayət qədər tanınmış terrorçulardan Qrant
Markaryan və Vazgen Sislyan (Qarabağ müharibəsində Ermənistanın qəhrəmanları) və
başqalarını misal çəkə bilərik.
1991-ci
il dekabrında Ermənistanda xüsusi təlim keçmiş terrorçular Xocalı ərazisində
terroru genişləndirdilər. Belə ki, 8 dekabr 1991-ci ildə Xankəndində məskən
salan daşnak terrorçuları Kərkicahan qəsəbəsinə basqın edirlər. Qəsəbə sakini
Rizvan Ağalarov həlak olur. Səkkiz nəfər dinc qəsəbə sakini
ağır güllə yarası alır. Dekabrın 11-də Ermənistan terrorçuları tərəfindən
Xocalı şəhəri raket atəşinə tutulur. 50-dən çox raket mərmisi atılır. Çoxlu
dağıntılar olduğu qeydə alınır. Bir gün sonra daşnak terrorçuları Kərkicahan
qəsəbəsinə həmlə edirlər. Polis əməkdaşı Firdovsi Məmmədov həlak olur. 1991-ci
il 13-14 dekabrda Ermənistan silahlı birləşmələri Malıbəyli kəndinə basqınlar
edirlər. Basqın nəticəsində 16 evə od vurulur sovxozun ferması yandırılır.
Kəndin əliyalın, dinc sakinləri – Gülxar Bayramova, Qəşəm Quliyev, Allahverdi Bəxtiyarov, Bilal Məmmədov, Arzu Şahmanova, Oqtay
Mədədov, İsmayıl və Bayram Mədədov yaralanırlar. Həmin gün saat 1500
radələrində Kərkicahan qəsəbəsi yenə
də daşnak terrorçularının hücumuna məruz qalır. 3 nəfər dinc sakin – Elxan
Məmmədov, Mütəllim Əhmədov və telereportyor Seyidağa Mövsümov yaralanır. Bəhs
olunan gün Kərkicahan qəsəbəsinə erməni daşnaklar təkrar həmlə edilir.
Qəsəbənin dinc sakini A.Nəcəfov daşnak terrorçusu tərəfindən qətlə yetirilir.
Elxan Abbasov isə yaralanır. 1991-ci il dekabrın 15-də erməni terrorçuları Cəmilli
kəndinə basqın edir, 9 nəfər dinc, əliyalın kənd sakinini – Xıdır Cabbarov,
Vaqif Cavadov, Əhməd Cavadov, Fikrət Mehdiyev, Vaqif Sadıqov, Natiq Salahov,
Şakir Salahov, Məmməd Zeynalov və Bəhram İsmayılovu (ümumilikdə 15 nəfər) qətlə
yetirirlər. 600 nəfərlik əhali kənddən didərgin salınır, evlər tamamilə
yandırılır. Həmin gün Ermənistan silahlı birləşmələri Xocalı hava limanına
basqın edir. Atışmada polis əməkdaşı E.Əhmədov qətlə yetirilir, iki əməkdaş isə
güllə yarası alır.
Dekabrın 17-də erməni terrorçuları yenidən
Kərkicahan kəndinə basqın edərək 20 sakinini qətlə yetirməklə, 14 nəfəri girov
aparırlar. 1800 nəfərlik qəsəbə əhalisi ev-eşiyindən didərgin salınır,
əmlakları qarət olunur, qəsəbə yerlə-yeksan edilir. Kənd sakinlərindən birinin –
Fərhad Ağakişiyevin cəsədi geri alınarkən onun üzərində müxtəlif alətlərlə
icra edilən 75-dən artıq işgəncə izi aşkar edilir.
Qeyd
edək ki, xocalılar da müəyyən müdafiə tədbirləri görürdülər. Burada ilk
növbədə yerli özünümüdafiə dəstələri yaradılmışdı. Tərkibi 100 nəfər qeyrətli
gəncdən ibarət olan bu dəstə Tofiq Hüseynovun komandirliyi ilə kəndin müxtəlif
yerlərində müdafiədə dayanırdılar. Bundan başqa, şəhər statusu aldığı üçün
Xocalıda 60 nəfər əməkdaşı olan Xocalı Şəhər Polis Şöbəsi yaradılmışdı və onlar
da müdafiədə iştirak edirdilər.
1990-cı
ilin noyabrında Əlif Hacıyevin 20-yə qədər polis nəfəri və zabit heyəti olan
Xocalı təyyarə limanının Xətt Daxili İşlər Bölməsinin rəisi və Xocalı Hava
Limanının komendantı təyin olunması da ermənilərə silah daşınmasında ciddi
maneə oldu. Qeyd edək ki, Ə.Hacıyev bundan başqa, Azərbaycan
Respublikası Nazirlər Kabineti tərəfindən 1991-ci ilin noyabrında “Sərhəd
rayonları və Dağlıq Qarabağda yerli yaşayış məntəqələrinin mühafizəsinin təşkil
edilməsi” haqqında kompleks proqramı nəzərdə tutan sərəncam imzalanmışdı. Bu
sərəncamı yerinə yetirmək həmin dövrdə yenicə yaradılmış Müdafiə Nazirliyinə
tapşırılmışdı.
Əlif Hacıyev 1953-cü
il iyunun 24-də Xocalı şəhərində dünyaya göz açıb. Hələ orta məktəbdə oxuyarkən
həmişə anasına Mehdi Hüseynzadə kimi Sovet İttifaqı qəhrəmanı olacağından bəhs
edir. Amma bilmir ki, Sovet vətəndaşları olan rus və erməni hərbi birləşmələri
tərəfindən atılan güllə onun həyatına son qoyacaq və Azərbaycanın Milli
Qəhrəmanı olacaq.
Əlif 1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük
peşəsinə yiyələnir. 1971-ci ildə isə ordu sıralarına çağırılır. Hərbi xidmətini
Minsk şəhərində çəkir. 1973-cü ildə ordudan tərxis olunaraq, Xankəndi
Avtonəqliyyat Müəssisəsində sürücü işləyir. Əlif SSRİ DİN-nin Frunze adına
Xüsusi Orta Milis Məktəbini bitirərək təhsilini SSRİ DİN-nin Akademiyasında
davam etdirir. 1974-1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR Dağlıq
Qarabağ Muxtar Vilayətinin (DQMV) daxili işlər orqanlarında müxtəlif
vəzifələrdə çalışır. Gələcək həyat yoldaşı Qalina xanımla da
Belorusiyada tanış olur.
O, 1984-cü ildə Belorusiyadan
Xocalıya qayıdır, sahə müvəkkili kimi çalışır. Qısa zaman ərzində o, Xocalı
camaatının rəğbətini qazanır. Xocalı sakinləri onu qanunsevər bir insan kimi
tanıyır.
1980-ci illərdə, Dağlıq
Qarabağ Muxtar Vilayətində ermənilərin uzun müddətdən bəri gizli millətçi
mərkəzi fəaliyyət göstərirdi. Bu mərkəzə gizli yollarla külli miqdarda vəsait,
silah-sursat daxil olurdu. Ə.Hacıyev, bu millətçi mərkəzin fəaliyyətini qorxub
çəkinmədən ifşa edir. Bu isə ermənilərə xoş gəlmir, onları narahat edir. Çünki
get-gedə Əlif onlar üçün böyük təhlükəyə çevrilirdi. Buna görə də Əlifi hansı
vasitə ilə olursa-olsun aradan götürmə planlarını cızmağa və bunu həyata
keçirməyə çalışırlar. Nəhayət saxta ittihamlarla onu şərləyərək
günahlandırırlar. Guya rüşvət alması ilə bağlı DQMV prokurorluğunda cinayət işi
qaldırılır. Saxta faktlar əsasında qaldırılmış cinayət işi üzrə aparılan
istintaq 9 ay çəkir və qəhrəmanımız 10 il həbs cəzasına məhkum edilir.
Yaxınlarının sözlərinə görə, Əlifi tutmaq üçün onun arxasınca 5-10 adam gəlmir.
Bütün binanı mühasirəyə alırlar və Əlifin arxasınca BMP, pulemyotla, tankla,
topla gəlirlər. Hakimin verdiyi ədalətsiz hökm onu Şuşa həbsxanasından
tutmuş, uzaq Sibir həbsxanalarına qədər aparıb çıxarır. 1987-ci ildə Əlifin
məhkəmə işinə yenidən baxılır və 10 il həbs cəzası 6 ilə endirilir. Sibirdə 4
il həbs cəzası çəkir. Bir az sonra isə o, tam bəraət alaraq azadlığa buraxılır.
Ə.Hacıyev bəraət alandan
sonra 1990-cı ildə yeridən Xocalıya qayıdır və ermənilərə qarşı mübarizəsini
daha da sərtləşdirir. Yaxınları ona nə qədər Xocalıya getməməsi üçün
yalvar-yaxar etsələr də, ermənilərin ondan “yanıqlı” olduğunu desələr də, Əlif
dediyindən dönmür. Xocalıda böyüdüyünü və bu torpaqlar üçün vuruşacağını
bildirir. Beləliklə, Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq
Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini
yenidən davam etdirir. Bu o vaxtlar idi ki, artıq Dağlıq Qarabağda ermənilərin
özbaşınalıqları daha böyük faciələrə səbəb olmuşdu. O, 1990-cı ilin dekabrında
daxili işlər orqanlarına qəbul olunaraq Xocalı Təyyarə Limanı Xətt Daxili
İşlər Bölməsinə rəis təyin edilir. Eyni zamanda, Xocalı Aeroportunun
komendantı idi. Yaxşı işinə görə 1991-ci ilin dekabrında ona mayor rütbəsi
verilir.
Məhz Ə.Hacıyevin əzmkarlığı,
təşkilatçılığı nəticəsində 1991-ci ilin martın sonlarında Xocalı aeroportu
erməni millətçilərinin nəzarətindən tamamilə çıxaraq Azərbaycan hüquq-mühafizə
orqanlarının tabeçiliyinə keçir. Ermənilər üçün bu, faciə sayılırdı.
Qeyd edək ki, o vaxta kimi
Xocalı aeroportunda heç bir azərbaycanlı işləmədiyindən ermənilər istədikləri
qədər silah-sursatı gətirib Dağlıq Qarabağın ərazisinə yığırdılar.
Xocalı Aeroportunun strateji
əhəmiyyətini başa düşən ermənilər aeroportu zor gücü ilə ələ keçirməyə
çalışırlar. Bunun üçün Xankəndindən içərisində 100-ə yaxın erməni döyüşçüsünün
olduğu iki avtobus gəlir. Quldurlar aeroportu mühasirəyə alır və axşam saat
10-a kimi oranı boşaltmaq üçün azərbaycanlılara vaxt verirlər. O zaman
aeroportda növbədə cəmi 30-a yaxın əməkdaş var idi. Aeroportu əldən verməmək
üçün Ə.Hacıyev siyasət işlədir. Aeroport binasındakı otaqların birində
səsgücləndiricinin qarşısına keçir və əmr verir ki, “filan batalyon filan
cəbhəyə, filan batalyon filan cəbhəyə və s. keçsin”. Ermənilər elə başa düşür
ki, burada azərbaycanlılardan ibarət böyük bir polk var. Buna görə də aeroportu
tərk etmək məcburiyyətində qalırlar.
Əlif erməniləri çox gözəl tanıyırdı. Həm də Sovet
milisi sıralarında çalışdığından ermənilərin silah bazalarının hansı səmtdə
yerləşdiyini bilirdi. Həmin dövrdə silah anbarlarının dağıdılması, uzaq mənzilə
vuran topların yerlərinin təyin edilib götürülməsi məhz Ə.Hacıyevin
təşkilatçılığı sayəsində həyata keçirilirdi.
Ermənilərlə mübarizə Əlifi
onların gözündə güclü və yenilməz düşmənə çevirir. Vəziyyət o həddə çatır ki,
ermənilər onun başına 1 milyon dollar pul qoyub ölümünü sifariş verirlər.
Dəfələrlə Ə.Hacıyeva qarşı sui-qəsd təşkil edilir. Əlifin maşınına
Xankəndində mina quraşdırsalar da, qrantamiyot, snayperdən istifadə edərək onu
öldürmək istəsələr də, istədiklərinə nail ola bilmirlər. Buna görə də düşmən
çox çalışırdı ki, onu Xocalı aeroportunun komendantlığından çıxarıb başqa vəzifəyə
aparsın. Amma buna da müvəffəq olmurlar. Ona Moskva şəhəri üzrə komendantın
1-ci müavini təklif etsələr də, Əlif getmir.
Döyüş yoldaşlarının dediyinə
görə, Əlif girov götürülən ermənilərə qarşı heç vaxt qəddar davranışa icazə
verməz, bizim əsir və girovlarla dəyişdirildiyi günə qədər onlara zamin
durarmış. O, insanlığa sığmayan hərəkətləri qəbul etmirdi.
Azərbaycana qanıyla, canıyla
bağlı olan Əlif həmişə döyüş yoldaşlarına deyərmiş ki, “Xankəndinə Azərbaycan
bayrağını taxsam, ölsəm də, dərdim olmaz”.
Onun komandanlığı altında
vuruşan döyüş yoldaşlarına isə Əlif həmişə bir nümunə olur. Tabeçiliyində olan
əsgərlər heç vaxt onun bir sözünü iki etmir. Qəhrəmanımız döyüşə gedərkən
silah yoldaşlarına məsləhət görürmüş ki, “döyüşə gedəndə heç vaxt fikirləşməyin
ki, öləcəm, fikirləşin ki, öldürəcəm”.
Bir dəfə hadisələrin qızğın
vaxtında Əlif Hacıyev 366-cı alayın rəhbərliyi ilə danışığa gedir. Döyüş
yoldaşlarına da tapşırıq verir ki, kənardan “görsəniz ki, onlar məni girov
götürüblər, məni güllələyin, qoymayın ermənilərə girov düşüm”.
Xocalı faciəsi baş
verməmişdən əvvəl o, ermənilərin dinc əhaliyə hücum edəcəyini bilirdi. Bu
barədə tədbir görülməsi üçün hər gün, hər saat Bakıya xəbər ötürsə də,
paytaxtdan heç bir kömək almır. Xocalının blokadaya düşdüyü vaxtda dəfələrlə
blokadanı yararaq əhaliyə yemək gətirir, mümkün olduqca milis işçilərinin
silahlanmasına çalışırdı. Faciə baş verəndə Əlif və dəstəsi səhər saat beşə
qədər azğınlaşmış rus hərbiçiləri və erməni yaraqlıları ilə vuruşur. Döyüşlər
qeyri-bərabər qüvvələr arasında getsə da, Əlif Hacıyev qanlı döyüşdə misilsiz
qəhrəmanlıqlar göstərir. Dəstəsiylə birgə tanka, BTR-ə qarşı avtomatla vuruşur.
Bir dəstə dinc əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxarır və
bir daha geriyə dönərək, yenidən döyüşə atılır. Avtomatın darağını dəyişərkən
düşmən gülləsi Qarabağ cəngavərinin qəlbinə sancılır.
Ölümündən bir neçə gün sonra
Əlifin tabutunu Bakıya gətirib Şəhidlər Xiyabanında dəfn edirlər. Milli
qəhrəmanın özündən sonra iki qız övladı –
Zərinə və İradə, bir də ürəklərə həkk edilən adı, şərəfli ömür yolu qalır.
Xocalı hava limanını ələ
keçirildikdən sonra erməni faşistləri tankların, zirehli maşınların gücü ilə
Mehdikənd, Qayabaşı və Daşbulaq istiqamətindən Xocalıya soxuldular. Artıq
Xocalı şəhərində küçə döyüşləri gedirdi. Xocalının müdafiəsi uğrunda ərazi
özünümüdafiə taborunun döyüşçüləri düşmənə qarşı qəhrəmanlıqla vuruşdular.
Bu döyüşlərdə Tofiq Hüseynovun rəhbərlik etdiyi 60 nəfərlik batalyon ölüm-dirim
mübarizəsində igidliklə vuruşmuş, yüzlərlə Xocalı sakinin mühasirədən çıxmasına
şərait yaratmışlar. T.Hüseynovun batalyonundakı döyüşçülərdən 49 nəfəri
qəhrəmanlıqla həlak olmuş, qalanları isə yaralanaraq girov götürülmüş və erməni
quldurları tərəfindən qəddarlıqla öldürülmüşdür. Ayağından yaralanan Tofiq,
düşmənin təslim olmaq çağırışına məhəl qoymayıb saxladığı sonuncu qumbara
ilə özünü öldürmüşdür. Ölümündən sonra göstərdiyi şücaətə görə T.M.Hüseynova
Azərbaycanın Milli Qəhrəmanı adı verildi.
Xocalı
şəhəri uğrunda gedən döyüşlərdə göstərdikləri igidlik və şücaətə görə Aqil
Sahib oğlu Quliyevə və Hikmət Baba oğlu Nəzərliyə, Ələsgər xanlar oğlu Novruzova, Araz bahadur oğlu Səlimova, Təbil Qasım oğlu
Həsənova, İnqilab Ələkbər oğlu Salahova, natiq
İlya oğlu Əhmədova, Mövsüm Şahin oğlu Məmmədova Azərbaycan Respublikası
Prezidentinin Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Xocalı
əhalisinin təhlükəsizliyinin təmin edilməsində, onların əksəriyyətinin
ərazidən çıxarılmasında öz həyatlarını qurban vermiş igid döyüşçülərdən Canpolad
Rzayevin, Adil Quliyevin, İlqar Musayevin, Tofiq Bədirovun, Cəbrayıl Rəcəbovun,
Hafiz Nuriyevin, Fikrət Əzimovun, Mübariz Şaxmurovun, İlham Mehdiyevin, Mikayıl
Əliyevin, Elçin Quliyevin, Elçin Şəmiyevin və başqalarının adlarını fəxrlə
çəkmək olar. Vətənin azadlığı, ərazi bütövlüyü uğurunda həyatını itirən
şəhidlərimiz öz ölümləri ilə ölümsüzlüyə qovuşur və qədirbilən xalqımızın
qəlbində əbədilik yaşayırlar.
Lakin
orada hərbi texnika və hərbi xidmətdən istifadə deyil, yalnız tikinti və
texniki işləri həyata keçirmək nəzərdə tutulurdu. Təəssüf ki, o dövrdə nəinki
Xocalıda, heç bir sərhəd bölgəsində müdafiə qurğularının inşası və təşkili
gerçəkləşmədi.
Bundan
istifadə edən ermənilər rus ordusundan “icarəyə” götürdükləri silahlarla
tez-tez Xocalını atəşə tutur, evləri yandırır, dinc əhalini, qoca, qadın və
uşaqları qətlə yetirirdilər. Məsələn, belə hücumların biri 1991-ci il
sentyabrın 10-da səhər saat 530-da baş vermişdi. Erməni quldur
dəstələri Daşbulaq kəndi istiqamətindən şəhəri avtomat və pulemyotlardan,
“Alazan” tipli raketlərdən atəşə tutmuşdular. Bir saata yaxın çəkən aramsız
atəş nəticəsində şəhər sakinlərindən biri ölmüş, ikisi uşaq olmaqla altısı ağır
yaralanmışdı. Xeyli sayda ictimai binalar, yaşayış evləri dağılmışdı.
Ermənilər
sentyabr ayının birinci on günündə Qarabağın dağlıq hissəsində 10 nəfər
azərbaycanlını öldürmüş, 21 nəfəri isə ağır yaralamışdılar.
Hələ
1991-ci ilin payızında Sovet rəhbərliyinin əmri ilə Dağlıq Qarabağda yaradılmış
prezident üsul-idarəsi kifayət qədər səmərəli fəaliyyət göstərmədiyindən,
Azərbaycan Respublikasının o dövrkü rəhbərliyi 1992-ci ilin fevral ayının 10-da
Xocalıda və Dağlıq Qarabağda yaranan vəziyyəti vahid mərkəzdən, operativ idarə
etmək üçün ümumi komandanlıq yaratdı və Tahir Əliyev onun başçısı təyin olundu.
Lakin, o da müxtəlif səbəblərdən öz vəzifəsinin öhdəsindən gələ bilmədi.
O
dövrdə Xocalının müdafiə qüvvələrinin ixtiyarında az sayda avtomat, bir ədəd
top, iki ədəd “Alazan” tipli raket qurğusu var idi. O dövrün məlumatlarına
görə, həmin vaxtlar Xocalını əhatə edən, ermənilər yaşayan kəndlərdə – Daşbulaq, Mehdikənd, Ballıca,
Pirəməki, Noraguğ və Mirzəcanda ermənilərin 515 nəfər canlı qüvvəsi, 3 “Alazan”
raketi, 10 ədəd zirehli transportyoru, 3 ədəd PDM və bir neçə tankı var idi. Ermənistanın işğalçı hərbi
qüvvəsi isə Xankəndidə və Əsgəranda əmrə hazır dayanmışdılar. Bütövlükdə o dövrdə Dağlıq
Qarabağın erməni ordusunun sayı buradakı Ermənistan Silahlı Qüvvələri nəzərə alınmadan 7 min nəfər olmuşdur.
1992-ci
ilin yanvarında Ermənistan silahlı birləşmələrinin Xocalıya hücumları ara
vermir. Belə ki, yanvar 1992-ci ildə daşnak terrorçuları
tərəfindən Xocalı şəhərinə gedən elektrik xətti partladılır. Bununla şəhərin
elektrik enerjisi ilə təminatına son qoyulur. Həmin il yanvarın 7-də Əsgəranda
möhkəmlənən daşnak terrorçuları Xocalıya güclü basqın təşkil edirlər. Xocalı şəhər
sakini Qanboy Həsənov yaralanır. Yanvarın 10-13-də Ermənistan silahlı birləşmələri
Xocalını bombardman edir və terrorçular Xocalı rayonunun dəniz səviyyəsindən
1992-ci
il fevral ayının 12-si və 13-də Xocalı qonşu erməni kəndləri tərəfindən atəşə
tutuldu və bundan çox keçməmiş erməni hərbi qüvvələrinin Xankəndidən Xocalıya
tərəf yerdəyişməsi baş verdi.
Belə
gərgin bir vaxtda, fevralın 13-də Xocalı İcra Hakimiyyətinin başçısı Elman
Məmmədovun sayəsində Xocalıya sonuncu vertolyotlar gəldi. Onu da qeyd edək ki,
hava nəqliyyatını Zabrat və Gəncədə yerləşən, ruslara məxsus desant
diviziyasının mühafizəçi vertolyotları həyata keçirirdi.
Həmin
vertolyotlarla 300 nəfər qoca, qadın, uşaq mühasirədən çıxarıldı. Ancaq məsələ
orasında idi ki, vertolyotlar da bir çox səbəbdən istənilən vaxtda uça
bilmirdi. Ermənilər yanvar-fevral aylarında Xocalı və Şuşaya uçan 7 sərnişin
vertolyotunu gülləyə tutmuşdular. Bu da hava əlaqələrini çətinləşdirirdi.
Xüsusilə 1992-ci il yanvarın 28-də Şuşa şəhəri səmasında içərisində 44 nəfər
dinc azərbaycanlı əhalinin olduğu mülki vertolyotun vurulmasından sonra Xocalı
ilə hava əlaqəsi də demək olar ki, kəsildi. Beləliklə, şəhərin blokadası tam
başa çatdırıldı.
Ümumiyyətlə,
Xocalıya axırıncı dəfə avtomobil 1991-ci il oktyabrın 30-da gedib və noyabrın
1-dən bu şəhər artıq mühasirə vəziyyətində olub. 1992-ci il yanvarın 2-dən isə
elektrik enerjisinin verilməsi dayandırılıb.
Fevral
ayının 19-da saat 17-də Xocalı hər tərəfdən PDM, iriçaplı pulemyot və
avtomatlardan 4 saat ara verilmədən atəşə tutuldu. Həmin ilin 21 fevralında
Ermənistan silahlı birləşmələri Xocalını atəşə tutur, üç nəfər həlak olur, 9
nəfər ağır yaralanır.
1992-ci il fevral ayının
25-dən 26-na keçən gecə tarixdə ən böyük faciələrdən biri – Xocalı soyqırımı baş
verdi. Həmin gecə ermənilər üç istiqamətdən Xocalıya hücum etdi. Bu hücumda
Ermənistan Respublikası Silahlı Qüvvələrinin tabeçiliyində olan silahlı
qruplar, muzdlu əsgərlər, özünü Arsak Xalq Azadlıq Ordusu adlandıran Dağlıq
Qarabağın erməni bölmələri və 366-cı rus hərbi alayı iştirak etmişdi. Bu hücumda
Xankəndi tərəfdən öndə olan 366-cı alayın hərbi texnikası, onların ardınca
rus-erməni silahlı dəstələri və Əsgəran istiqamətindən isə mindən çox silahlı
quldurlar daha çox fəallıq göstərirdilər. Əvvəlcə 366-cı alayın tanklarının köməyi ilə
piyada qüvvələri şəhərə doğru irəliləyərək artilleriya atəşi ilə şəhərdə olan
müdafiə qərargahlarını və atəş
mövqelərini məhv etmişdilər. Şəhərin müdafiəçiləri şəhərə qədər düşmənə qarşı
rəşadətlə döyüşmüşdülər. Onların bir neçəsi kamikadze şücaəti göstərərək, bədənlərinə
partlayıcı qurğu bağlayaraq özlərini düşmən texnikasına çırpmışdılar. Sonuncu
müqavimət məntəqəsi səhər saat 7-də susdurulmuşdu. Atışma zamanı Xocalıda
yüzlərlə adam döyüşə-döyüşə həlak olmuşdu. Ağdama tərəf müxtəlif
istiqamətlərdən hərəkət edən dinc əhali yolda erməni silahlı qüvvələri
tərəfindən atəşə tutularaq girov götürülmüş, dəhşətli işgəncələrə məruz
qalmışdır. Dinc sakinlərin qaça biləcəyi yolların qarşısında gizlənmiş erməni
silahlı əsgərləri gəlib keçənləri qətlə yetirmişdilər. Ermənistan
hərbi birləşmələri qətlə yetirdikləri insanların başlarının dərisini soymuş,
müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların
qarınlarını yararaq körpələri süngülərə keçirmiş, adamları diri-diri torpağa
basdırmış və ya yandırmışlar.
Baş
məhkəmə tibb eksperti professor R.M.Yusifovun qeydlərində bildirilir: “1992-ci
il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni quldurları
tərəfindən qətlə yetirilən şəxslərin xəsarətinin təhlili: Xocalı hadisəsi
zamanı bizim birliyin ekspertləri tərəfindən məhkəmə tibbi müayinədən 181 meyit
keçirilmişdir. Həmin meyitlərdən 130 nəfəri kişi, 51 nəfəri isə qadındır.
Müayinə olunan meyitlərdən 13 nəfəri azyaşlı uşaq olmuşdur. Xəsarətlərin
əmələgəlmə mexanizminə görə bölünməsi aşağıdakı qaydada olmuşdur: a) qəlpə
təsirindən – 20 nəfər; b) güllə təsirindən – 151 nəfər; c) küt alət
təsirindən – 10 nəfər.
Xəsarətlər
aşağıdakı kimi olmuşdur: a) baş nahiyəsi – 40; b) döş qəfəsi – 74; c) qarın nahiyəsi – 17; d) ətrafları –11.
Bununla
yanaşı, müayinə olunmuş meyitlərdən 3 nəfərində ətrafların donması, 33
nəfərində işgəncə əlamətləri, yəni başın dərisinin soyulması, qadınlarda döşlərin
kəsilməsi, burun və qulaq qığırdaqlarının kəsilməsi, qadınların cinsiyyət
üzvlərinə odlu silahdan atəş açılması əlamətləri
aşkar edilmişdi. Eyni zamanda, göz almalarının çıxarılması, dişlərin
sındırılması, kişilərin cinsiyyət üzvlərinin kəsilməsi müşahidə olunmuşdur. Müayinə olunmuş 31 meyitdə isə
kombinə olunmuş, yəni bədənin müxtəlif nahiyələrinin güllə yarası və küt
alətlə, kəsici-deşici alətlə yetirilmiş xəsarətlər olmuşdur. Müayinə olunmuş
meyitlərdən 13 nəfərində bədənin bütün səthini əhatə edən yanıq-kömürləşmə
aşkar edilmişdir. Eyni zamanda, müayinə edilən meyitlərdən 10 nəfərində güllə yarası ilə birlikdə onların
üzərindən hərbi texnikanın keçməsi əlaməti olmuşdur”.
Erməni
quldurları əsir götürdükləri adamlara qarşı qeyri-insani rəftar etmişlər.
Məsələn əsir götürülmüş Xəzəngül Məmmədova bildirir ki, “Gözümüzün qarşısında əvvəlcə atamın ayaqlarına benzin
tökdülər, sonra isə od vurub yandırdılar. Milli Ordunun 2 əsgərinin diri-diri
başını kəsdilər. Əsir düşmüş başqa bir Xocalı sakini Səriyyə Talıbova isə gördüklərini
belə deyir: “Bizi erməni qəbiristanlığına gətirdilər. Dörd nəfər gənc mesxeti türkünü və üç
azərbaycanlını vaxtilə türklərə qarşı vuruşmuş bir erməninin qəbri üstündə
qurban kəsdilər. Bundan sonra, əsgərlər və
quldurlar valideynlərinin gözü qabağında uşaqlara işgəncə verib öldürməyə
başladılar. Sonra buldozerlərin
köməyi ilə meyitləri dərəyə tökdülər. İnsan cildinə girmiş bu vəhşilərin ürəyi
bununla da soyumadı. Onlar əynində milli ordunun forması olan iki azərbaycanlını
gətirdilər və vintaçanla onların gözlərini dəldilər”.
Qadınlar,
uşaqlar və qocalardan ibarət bir dəstə adam Qaraqaya tərəfə getmiş, Əsgəranla
üzbəüz meşədə gizlənmişdi. Onlar gecə qarlı-şaxtalı havada səhərə qədər dayanıb
gizlənmişdilər.
Səhər
dan yeri ağaran zaman soyuqdan tir-tir əsən insanlar meşədən çıxıb Ağdama tərəf
hərəkət etmək istəyəndə atəşə tutularaq qətlə yetirilmişdi. Bu dəstənin
içərisindən təsadüf nəticəsində bir neçə adam xilas olub Ağdama gələ bilmişdi.
Başqa
bir dəstə adam isə Abdal-Gülablı kəndinə tərəf qaçmışdı. Onları yolda Ağbulaq,
Naxçivanik və Dəhraz kəndlərinin silahlı erməniləri mühasirəyə alıb atəşə
tutmuşdu. Bu istiqamətdə xeyli azərbaycanlı öldürülmüş, 250 nəfər isə əsir
götürülərək dəhşətli işgəncələrə məruz qalmışdır. Yalnız 15 nəfərə qədər adam
ölümdən və girov düşməkdən xilas olub axşama yaxın Ağdamın Gülablı kəndinə
gəlib çıxmışdı.
Təlaş
və vahimə içində qaçan adamların 300 nəfərdən ibarət olan bir dəstəsi də böyük
çətinliklə ermənilərin yaşadığı Dəhraz kəndinə gəlib çıxa bilmiş, ancaq burada
da onlar mühasirəyə alınmışdılar. Dəstədə üç nəfərin əlində ov tüfəngi
olmuşdu. Təslim olmaq istəməyən xocalılar atışma zamanı erməni pulemyotçusunu
vura bilirlər. Yalnız güllələri qurtardıqdan sonra onları əsir götürürlər və
ermənilər öldürülmüş pulemyotçunun əvəzinə 10 nəfəri dərhal güllələyir, qadın
və qızların başlarına dəhşətli müsibət açırlar.
Azərbaycan xalqının Ümummilli
lideri Heydər Əliyev 25 fevral 1997-ci ildə Xocalı soyqırımının
beşinci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bildirmişdir:
“...1992-ci il fevral ayının 26-da Ermənistan silahlı birləşmələri imperiyapərəst
qüvvələrin bilavasitə iştirakı və havadarlığı ilə Azərbaycan xalqına qarşı
növbəti qanlı təcavüzə əl ataraq tarixdə misli görünməmiş Xocalı soyqırımını
törətdilər. Xocalı şəhərinin minlərlə əliyalın mülki əhalisi müasir hərbi
texnika ilə silahlanmış düşmənin qəfil və amansız hücumuna məruz qaldı. Yüzlərlə
günahsız, insan kütləvi şəkildə məhv edildi, qocalar, qadınlar, uşaqlar, hətta
südəmər körpələr ən dəhşətli üsul və vasitələrlə qətlə yetirildilər, girov
götürülərək insanlığa sığmayan həqarət və təhqirlərlə üzləşməli oldular.
Xocalı soyqırımı erməni
faşizminin iç üzünü bir
daha açıb göstərməklə, təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir və beynəlxalq
hüquqa uyğun olaraq sivilizasiyalı dünya tərəfindən məhkum olunmalıdır...”.
1992-ci il fevralın 25-dən
26-na keçən gecə rus əsgərləri ilə birlikdə ermənilərin Xocalıda həyata
keçirdikləri hərbi əməliyyat öz miqyası, qəddarlığı və amansızlığı ilə insanı
dəhşətə gətirir. Şəhərə hücum edən qüvvələr arasında yerli erməni hərbi birləşmələri ilə yanaşı, ruslardan
ibarət olan 366-cı alayın komandirləri, əsgərləri beynəlxalq qanunları və hərbi
Nizamnaməni deyil, milli nifrəti əsas tutaraq soyqırımı həyata keçirmişdilər. Erməni qaniçənləri bu şəhərdə
yaşayan azərbaycanlılara qarşı milli-etnik və dini zəmində soyqırımı aktı
törədərək şəhəri tamamilə yandırmış və dağıtmışlar. Bu faciəli gecədə “dinc əhalidən 613 nəfər, o
cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıq və işgəncə verilməklə
öldürülmüş, 76-sı uşaq olmaqla 487 nəfərə ağır bədən xəsarəti yetirilmiş, 1275
sakin – uşaqlar, qadınlar və qocalar girov götürülərək ağlasığmaz
zülmə, təhqirlərə və həqarətə məruz qalmışlar. Onlardan 150 nəfər itkin
düşmüşdür. Sonradan onlardan – əsir götürülənlərdən yalnız
1165 nəfərini geri almaq mümkün olmuşdur. Bu qətliam zamanı 8 ailə tamamilə
məhv edilmiş, 25 uşaq hər iki valideynini, 224 uşaq bir valideynini itirmişdir.
Bundan başqa, 230 ailə öz başçısını itirib. 200 nəfərin ayaqları soyuqdan
qanqren olmuşdur. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və
26 uşağın taleyi bu günədək məlum deyil”.
Vaxtilə Xocalıya pənah
gətirmiş Mesxeti türklərinin 7 nəfəri xüsusi işgəncə ilə qətlə yetirilmiş, 12
nəfəri əsir götürülmüş, onların 4 nəfərinin taleyi bu günə qədər məlum deyil.
Ermənilərin Xocalıdakı
vəhşiliyini əks etdirən çoxsaylı sənədlər göstərir ki, Rusiya Federasiyası və
Ermənistan Respublikası silahlı qüvvələrinin və onların tabeçiliyində olan
muzdlu əsgərlərin və terrorçu dəstələrin törətdiyi vəhşilik məhz soyqırımı
aktıdır və beynəlxalq hüquq normalarına, insan haqlarına tamamilə ziddir.
Bu dəhşətli faciə ermənilərin
qəddarlığını, insanlığa ləkə olan hərəkətlərini gözləri ilə görən, bu
vəhşiliklərin şahidi olan Rusiya Federasiyası Baş Kəşfiyyat İdarəsinin (BKİ)
polkovniki V.Savelyevi də təəccübləndirmiş və sarsıtmışdı. “Mən bütün bunları
yazmaya bilmərəm. Hər şey gözlərim önündə baş verib. İnsanların, uşaq və
qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmərəm. Qoy
azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan
hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə on doqquz səhifəlik məxfi arayışı həm
Kremlə, həm də Müdafiə Nazirliyinə, Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim.
Oxuyun! – dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi... Bu oyunlara
rus zabitlərini qoşmaqla onları alçaltdılar, şərəfinə lənət damğası vurdular.
Mən on addımlıqda güllə yarasından can verən səkkiz-doqquz yaşlı qızcığaza heç
cür kömək əlimi uzada bilmədim. Allahın mənə lənət edəcəyindən qorxdum”.
Ermənilərin öldürülən
azərbaycanlıları dəfn etmə üsulu isə ümumiyyətlə insanlığa yaraşmayan hərəkət
olmuşdur. Belə əxlaq sahibi olanların Avropa və Amerikada himayə edilməsi,
təəssüf doğurmaya bilməz. Bu məsələdən bəhs edərkən V.Savelyev yazır: “Onları yarım metr qazılmış
çalalara atıb üstünü torpaqlayırdılar. Axşamlar belə çalaların ətrafında
itlərin və çaqqalların səs-küyündən, dartışmalarından qulaq tutulurdu, adam
vahimələnirdi. Hər yerdən laxtalanmış qan və cəsəd iyi gəlirdi”.
Qeyd edək ki, ermənilər Xocalı soyqırımına
əvvəlcədən hazırlaşdıqlarından bu aksiyadan bir neçə gün əvvəl dünyanın
onlarla ölkəsindən qəzet, televiziya jurnalistlərini hadisələri işıqlandırmaq
üçün buraya dəvət etmişdilər. Onlar buraya hadisələri obyektiv işıqlandırmaq
üçün deyil, hadisələri saxtalaşdırmaq, “fağır, sakit, əməksevər” ermənilərin
müsəlmanlar tərəfindən qətlə yetirilməsini sübut etmək üçün təşrif
buyurmuşdular.
Polkovnik V.Savelyevin
arayışında ermənilərin belə saxtakarlığına aid bir neçə maraqlı faktlar
vardır. O, yazır: “Həmin ərəfədə Fransadan gəlmiş “Operator-II” özəl studiyasının erməni əməkdaşları isə (Gül Bareylan,
Şerin Sitaryan) Xocalı ətrafında qalaqlanmış meyitlərin yandırılmasını lentə
köçürdülər. Rusiyanın 2-ci batalyonunda vuruşan zabit İvan Karebelnikovun
verdiyi məlumata görə, bu yer ... Xocalının şimal-şərq hissəsində kiçik
təpəciklər olan bir yer idi....
Xocalı faciəsini
“işıqlandırmaq” (ermənilər buna qəhrəmanlıq deyirlər) üçün Xankəndinə dünyanın
32 ölkəsindən 47 nəfər erməni jurnalist gəlmişdi. Onların bir qismi general
Zaviqarovun ayırdığı zirehli maşınların gözlüklərindən, qərargah məskənlərindən
hadisələri izləyir, qeydlər götürür, bəziləri də operativ çəkilişlər aparırdı.
Dağıdılmış, viranə qalmış yerləri dünyaya göstərir və acı bir təəssüflə qeyd
edirdilər: “...Azərbaycanlılar günahsız erməniləri qırırlar”.
Xocalı soyqırımı zamanı dinc əhaliyə qarşı daha çox
qəddarlıq edənlər, adam öldürənlər Rusiya, Ermənistan və digər ölkələrdəki
havadarları tərəfindən müxtəlif formalarda mükafatlandırılırdı. Bu isə
təcavüzü, vəhşiliyi şirnikləndirmək deməkdir. Belə məsələdən bəhs edən onlarca fakt və
sənədlərdən yalnız bir neçəsindən sitat verməklə onun doğru olduğunu göstərmək
istəyirik. “Xocalının işğal edilməsi planının strateji tərəflərini ermənilərlə
yanaşı, ruslar da... çox düşünüblər. Nəticədə birinci batalyonun qərargah
rəisi, mayor Abram Çitçiyan mayor Nabokix və kapitan İ.Lixodey hərbi əməliyyatlarda
bilavasitə vuruşublar. Zabit İ.Karabelnikovun məlumatına görə, A.Çitçiyan 13 nəfərlik
Babayevlər ailəsini “güllədən keçirib”. Ona 1993-cü ildə Fransa erməni diasporu
tərəfindən 150 min dollar mükafat və ən böyük “Kilsə mükafatı” verilib. A.Çitçiyan 1994-cü il
sentyabr ayının 2-dən Fransada yaşayır.
Üçüncü
batalyon Xocalı işğal olunan gecə müharibə zonasından çıxarıldı, amma oranı
tərk etmədi. 366-cı polk isə ərazidən çıxarılmadı. Ordu tərksilah olundu.
Silahlara gəlincə, işlənməmiş silahları ermənilər üçün ayırdılar. Qərara alındı ki, ermənilərdən
bunun müqabilində pul və zinət şeyləri alınsın.
Ermənilərin
özünümüdafiə dəstəsi adı ilə vuruşan, əslində “ASALA” terror təşkilatının
Xankəndidə yaradılmış özəyinin başçısı kimi tanınan İllarion Allahverdiyan 24 nəfər
rus zabit və əsgərinə pul mükafatlarını elan etmişdi. Məsələn,
dəstənin önünə çıxarılmış rus
zabiti Yevgeni Qolubyevə üstündə “ASALA” yazılmış 25 qramlıq qızıldan tökülmüş
orden və beş min ABŞ dolları məbləğində pul təntənəli surətdə
təqdim edilmişdi. Və yaxud həmin gün sıravi Anastas S.İvanova 10 min dollar təqdim etməklə İrəvanda onu
gözləyən “Hunday” markalı avtomobilin sənədləri verilmişdi.
Nəticədə
erməni silahlı dəstələri ilə rus zabitləri arasında şifahi razılaşmalar, “Döyüş
müqavilələri” də imzalandı.
Xocalı soyqırımı ərəfəsində
Rusiya Federasiyasının 4-cü ordusunun 23-cü diviziyasının 366-cı motoatıcı
alayının komandiri polkovnik Zaviqarovun ermənilərlə əlbir olub
azərbaycanlıları öldürməsi, azərbaycanlılar yaşayan kəndləri atəşə tutdurub
dağıtması, silahları ermənilərə verərək alayın şəxsi heyətini ermənilər tərəfindən
döyüşlərdə iştirak etməyə məcbur etməsinin müqabilində rüşvət alması və s.
qanunsuz hərəkətləri barədə istər ordu rəhbərliyinə, istərsə də Rusiya
Federasiyasının siyasi rəhbərliyinə çoxsaylı müraciətlər göndərilmişdi. Bu müraciətlərdə 366-cı alayın
DQMV-nin ərazisindən çıxarılması və onun komandirinin ən qısa müddətdə
cəzalandırılması tələb olunurdu.
Rusiya Federasiyasının ordu
və siyasi rəhbərliyi polkovnik Zaviqarovun heç nədən çəkinib qorxmaması və azərbaycanlılara
qarşı daha
amansız olması üçün “çox gözəl” tədbir görmüşdü. Gələcək soyqırımın ən fəal
təşkilatçısı və əsas icraçısı olan polkovnik Zaviqarova 1992-ci il fevral
ayının 24-də, yəni Xocalı soyqırımından bir gün əvvəl general rütbəsi
vermişdi.
Xocalı
soyqırımının təşkilatçılarından biri, 366-cı alayın komandiri, hərbi
tapşırıqların “mahir” icraçısı Zaviqarovun xüsusi fəaliyyəti olmuşdur. O, bir
tərəfdən erməniləri silah, sursat
və s. ilə təmin etmiş, digər tərəfdən, alayın əsgərləri qarşısında çıxış etmiş,
onların milli, dini hisslərindən sui-istifadə edərək, əsgərləri qızışdırmış və
azərbaycanlıları qırmağa təhrik etmişdir.
V.Savelyev
Zaviqarovun azərbaycanlılara qarşı münasibətindən bəhs edərək yazın “1992-ci il
fevral ayının 24-də general rütbəsi almış V.Zaviqarov zabitlər önündə belə bir
çıxış edir ki, “regiondakı
müharibə torpaq müharibəsi yox, islamın xristianlığa qarşı müharibəsidir.
Xristianlığa qarşı bir yürüş
var. Bu yürüşdə ya dinimizi, şərəfimizi qorumalıyıq, ya da şərəfsizliyi qəbul
edib tabe olmalıyıq”.
Məhz belə təbliğatların
nəticəsi idi ki, “...ermənilər ruslara məxsus “02-19-MM” nömrəli “Kamaz”la
ərazidəki azərbaycanlı meyitlərini yığıb Xocalıda tonqal qurdular...”
“İnsanın
insana olan nifrəti burada həddini aşmışdı. Kim yaratmışdı bunu, dərk edə
bilmirdim... mən sizə ermənilərə qoşularaq əsir alınmış azərbaycanlıları sıraya düzərək
tək-tək məhv edən və bundan həzz alan rütbə zabitlərini tanıtmaq istəyirəm, (bundan sonra müəllif 366-cı
alayın 19 nəfər rus millətindən olan zabitlərinin və 41 nəfər milliyətcə erməni
olan kiçik rütbəli şəxslərin adlarını verir).
Qeyd
edək ki, Ermənistan Respublikası və Rusiya Federasiyasının bəzi vəzifəli
şəxsləri lənətlə yad edilmək və cəzalandırılmaq qorxusundan Xocalı soyqırımında ermənilərin
ruslarla əlaqələrini sübut edən sənədlərin bir hissəsini məhv etməyə
çalışmışlar. Məsələn, V.Savelyev göstərir ki,
“sıravi əsgər Qriqori Voroşilovun məlumatına görə, Xocalı ilə bağlı sənədlər 1992-ci il mart ayının
1-də Zaqafqaziya Hərbi Dairəsinin Aviasiya komandanı general-mayor S.Lukaşovun əmri
ilə yandırıldı”.
Lakin
onlar öz niyyətlərinə tam başa çatdıra bilmədilər. Bu soyqırımı əvvəlcədən
planlaşdırıb hazırlayanların, həyata keçirən icraçıların əməlləri barədə
yüzlərlə sənəd qalmış, bu hadisələrin şahidi olmuş minlərlə insanlar hələ də
yaşayırlar.
Xocalı
soyqırımı barədə Milli Məclisin “Qarabağ” fraksiyasının 2002-ci ildə
hazırladığı qərar layihəsində göstərilir: “Ermənistan Silahlı Qüvvələri
Beynəlxalq Humanitar Hüququn bütün normalarını kobudcasına pozaraq dinc əhali,
din xadimləri, Xocalı şəhərinin özünümüdafiə dəstələri, yaralılar və əsirlərlə
qeyri-insani metodlarla davranmış, milli və dini mənsubiyyətinə görə bütöv bir
şəhərin sakinlərini soyqırımına məruz qoymuş, insanlığa yaraşmayan bir faciə
törətmişlər”.
1949-cu il Cenevrə
Konvensiyasının I, III, IV bəndlərinə məhəl qoyulmadan yaralılarla, əsir düşənlərlə,
mülki əhali ilə vəhşicəsinə rəftar edilmiş, onlara işgəncələr verilməklə qətlə
yetirilmiş, üzərlərində xüsusi qəddarlıqlarla əməliyyatlar aparılmış, dinc
əhalinin şəhəri tərk etməsinə şərait yaradılmamışdır.
Xocalı şəhərinin işğalı
zamanı 1954-cü il Cenevrə Konvensiyasının müddəaları da kobudcasına pozulmuş, şəhərin qiymətli, mədəni abidələri yerlə-yeksan edilmişdir.
1972-ci
il “Bakterioloji (bioloji) və toksik silahların ehtiyatının yaradılması,
istehsalı, istifadəsinin qadağası və məhvi haqqında” Konvensiyanın tələblərinə
riayət olunmamış, Xocalı şəhərində əhalinin kütləvi məhvi üçün kimyəvi silahlardan – zarin qazlarından, “Fosgen”
tipli kimyəvi silahlardan, tərkibində sianid maddəsi olan 122 mm-lik top
mərmilərindən istifadə edilmişdir.
Həmçinin Ermənistan
ərazisində üzərində “A-TOOZ” sözləri yazılmış xüsusi qutularda qablaşdırılmış nüvə
tullantıları da Xocalı şəhərinin sakinlərinin soyqırımına qədər əvvəlcədən
nəzərdə tutulmuş qonşu kəndlərdə basdırılmışdır. Xocalı şəhərinin şimal-qərb
hissəsindəki Kolatağ, Seyidbəyli və Almalı kəndləri nüvə tullantıları
basdırılan ərazilər kimi seçilmişdir.
Ermənilərin Xocalıda
törətdikləri vəhşilikləri faktlarla sübut edən Rusiyanın “Memorial”
Hüquq-Müdafiə Mərkəzinin məlumatında hətta, diri adamın başının dərisinin
soyulması faktı da qeydə alınmışdır.
Həmin silahlı birləşmələr
Xocalı sakinlərinə qarşı soyqırımı törədərkən 111 nəfəri Xocalıdan, mühasirədən
çıxıb qaçmağa müvəffəq olmuş Xocalı sakinlərini təqib edərək 16 nəfərini Kətik meşəsində,
130 nəfəri Naxçivanik yolunda, 23 nəfəri Qaraqaya ətrafında, 23 nəfəri Dəhraz
kəndi yaxınlığında, 8 nəfəri Şelli istiqamətində, 6 nəfəri Əsgəran asfalt yolunun 86-cı kilometrində və
digər yerlərdə, əsir götürülənlərdən 18 nəfərini isə Əsgəran Rayon Daxili
İşlər Şöbəsində işgəncə verərək xüsusi amansızlıqla qətlə yetirmişlər. Meyitlərin xarici müayinəsi, məhkəmə-tibb
ekspertizalarının rəyləri, mühasirədən çıxmağa müvəffəq olmuş Xocalı sakinlərinin
ifadələri ilə ermənilərin və 366-cı alayın hərbi qulluqçularının azərbaycanlılara
qarşı törətdikləri ağlasığmaz işgəncə, vəhşilik faktları müəyyən edilmişdir.
İstintaqla müəyyən edilmişdir ki, Ermənistan
silahlı qüvvələri və keçmiş SSRİ-nin Xankəndində dislokasiya
olunmuş 366-cı alayının hərbçiləri
ilə birlikdə törətdikləri bu qanlı əməldə Birləşmiş Millətlər Təşkilatının
Baş Məclisinin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması
haqqında” 1948-ci
il 9 dekabr tarixli konvensiyasında və Azərbaycan Respublikası CM-in 103-cü
maddəsində nəzərdə tutulmuş soyqırımı cinayətinin tərkibi vardır.
Həmçinin cinayət işi öyrənilərkən müəyyən
edilmişdir ki, Xocalı soyqırımını həyata keçirən Ermənistanın hərbi birləşmələri,
Dağlıq Qarabağdakı silahlı birləşmələr və keçmiş sovet ordusunun Xankəndində
yerləşən 366-cı alayının hərbçiləri tərəfindən dünya dövlətlərinin qəbul
etdiyi beynəlxalq hüquq normalarına da riayət edilməmiş, 1949-cu il
12 avqust tarixli “Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin
yaxşılaşdırılması haqqında”, “Hərbi əsirlərlə rəftar haqqında” və “Müharibə
zamanı mülki əhalinin qorunması haqqında” Cenevrə Konvensiyalarının müvafiq
maddələrində nəzərdə tutulan – döyüş əməliyyatlarında
bilavasitə iştirak etməyən şəxslərə qarşı onların həyatına və şəxsiyyətinə qəsd
etmək, o cümlədən hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar
etmək və işgəncə vermək, girov götürmək, insan ləyaqətinə toxunmaq, o cümlədən
təhqiramiz və alçaldıcı tərzdə rəftar edilməsi kimi hərəkətlərin qadağan
olunması barədə tələblər kobud surətdə pozulmuşdur.
Hazırda 38 nəfərin – 366-cı
alayın hərbi qulluqçuları və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam
sübuta yetirilmiş və onların Azərbaycan Respublikası CM-in soyqırımına görə məsuliyyət
nəzərdə tutan 103-cü maddəsi, habelə sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə
görə məsuliyyət nəzərdə tutan CM-in 107-ci (əhalini deportasiya etmə və ya məcburi
köçürmə), 113-cü (işgəncə), 115.4-cü (müharibə qanunlarını və adətlərini pozma)
maddələri ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirləndirilən şəxs kimi cəlb
olunmaları barədə qərarlar çıxarılmış, barələrində məhkəmələr tərəfindən həbs
qəti imkan tədbiri seçilmiş və beynəlxalq axtarışlarının həyata keçirilməsi
üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikası Milli Bürosuna göndərilmişdir.
İstintaq zamanı Xocalı soyqırımı ilə
bağlı 223 3 nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilmiş, 800-dən artıq
ekspertizalar keçirilmişdir.
366-cı alayın həlak olmuş və yaralanmış
hərbi qulluqçularının siyahısının təqdim edilməsi,
hərbi texnikasının ermənilər tərəfindən ələ keçirilməsi və ya onlara
verilməsi, habelə azərbaycanlıların yaşayış məntəqələrinin 366-cı alaya məxsus
hərbi texnika ilə atəşə tutulması ilə əlaqədar məlumatların alınması və digər
cinayətlərlə bağlı Rusiya Federasiyası, Özbəkistan və Qazaxıstan Respublikaları
Baş prokurorluqlarına hüquqi yardım göstərilməsi barədə təqdimatlar göndərilmişdir.
Xocalı soyqırımının törədilməsində
iştirak etmiş 366-cı alayın 2-ci batalyonunun komandiri olmuş mayor Ohanyan
Seyran Muşeqoviçin, 366-cı alayın 3-cü batalyonunun komandiri olmuş Nabokix
Yevgeni Aleksandroviçin və qeyrilərinin iştiraklarını sübuta yetirən
materialların toplanması və Azərbaycan Respublikası CM-in müvafiq maddələri ilə
nəzərdə tutulan cinayətləri törətməkdə təqsirləndirilən şəxslər kimi cəlb
olunmaları, eləcə də əsr və girovlarla amansız rəftar edərək onlara işgəncələr verməklə qəddarlıqla qətlə yetirmiş,
habelə Meşəlidə, Qaradağlıda, Bağanis-Ayrımda və digər yaşayış məntəqələrində
soyqırımı, həmçinin milliyətcə azərbaycanlı olan yerli əhalinin qanuni yaşadığı
yerlərdən məcburi surətdə didərgin salınaraq deportasiya etməklə, xüsusilə
ağır cinayətləri törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat
tədbirləri davam etdirilir.
1992-ci il fevralın sonunda Keçmiş SSRİ-nin
366-cı motoatıcı alayının xankəndidən
Rusiyaya köçürülməsi zamanı 25 tank, 87 zirehli döyüş maşını, 28 piyada döyüş
maşını, 45 artilleriya top sistemi ermənilərə qanunsuz verilmişdir.
Həmin ilin 2 martında Xocalı soyqırımında
izləri itirmək üçün 366-cı motoatıcı alay Gürcüstanın Vaziani şəhərinə
köçürülmüşdür.
Aparılan tədqiqatlardan məlum olur ki, Erməni
daşnak terrorçuları Xocalıdan əsir götürdükləri Azərbaycan türklərindən 120
nəfərini 1992-ci il martın 1-nə keçən gecə güllələyirlər.
Xocalı şəhərinin sakinlərinin
soyqırımı
zamanı 1949-cu il Cenevrə Konvensiyasına əlavə olunan 1977-ci il “Beynəlxalq
və qeyri-beynəlxalq hərbi konfliktlərdə qurbanların müdafiəsini gücləndirən” iki protokolun tələbləri də
erməni silahlı birləşmələri tərəfindən kobudcasına pozulmuşdur.
Bundan əlavə, 1980-ci il “Adi silahların konkret
növlərinin tətbiqini qadağan edən və məhdudlaşdıran” Konvensiyanın xüsusilə I
və II müddəalarına məhəl qoyulmamışdır. “AK” markalı avtomatlar üçün,
xüsusilə təhlükəli olan 5,45 millimetrlik güllələrdən, piyadalar əleyhinə minalardan da Xocalı
soyqırımı zamanı istifadə edilmişdir.
Beləliklə,
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri
və onların tabeçiliyində olan muzdlu əsgərlər, terrorçu qruplar beynəlxalq
hüquq normalarını, qəbul olunmuş konvensiyaları, insan haqlarını, xüsusilə “Soyqırımı cinayətinin
qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasının tələblərini
pozaraq Azərbaycan
Respublikasının Xocalı şəhərində dinc sakinlərə, yerli özünümüdafiə dəstəsinin
üzvlərinə, din xadimlərinə, yaralı və əsirlərə qarşı misli görünməmiş soyqırımı aktı həyata
keçirmişlər”.
Bundan
başqa, bu qərar layihəsində çoxsaylı təkzibedilməz faktlar və sənədlər əsasında
Xocalı soyqırımını həyata keçirən mülki və hərbi adamların adları göstərilir,
onların Beynəlxalq Məhkəməyə verilməsi zərurəti qeyd olunur.
Qeyd
edək ki, 366-cı alayın 02270 nömrəli hissəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, RF Baş Kəşfiyyat İdarəsinin
polkovniki V.Savelyev Kremlə, Rusiya Federasiyası MN-ə və Baş Kəşfiyyat İdarəsinə yazdığı
məktubda soyqırımında iştirak edən 19 nəfər yüksək rütbəli zabitin və 41 nəfər milliyətcə erməni olan
kiçik rütbəli şəxslərin adlarım sadalayır.
Xocalı soyqırımını həyata
keçirməklə Rusiya Federasiyası və Ermənistan Respublikası rəhbərliyinin əsas
məqsədi xalqımızı tutduğu yoldan – Qərb, ABŞ, Türkiyə və azad
dünya ilə yaxınlaşaraq Azərbaycan Respublikasının müstəqilliyini, azadlığını
möhkəmləndirmək yolundan çəkindirmək, mübarizə əzmini qırmaq, gözünü
qorxutmaqdan ibarət idi.
Ümummilli liderimiz Heydər
Əliyev Xocalı soyqırımının dərslərindən bəhs edərkən göstərir: “... Lakin
hadisələrin sonrakı gedişi göstərdi ki, düşmənlər öz niyyətlərinə çata bilmədi.
1990-cı ilin yanvar faciəsindən sonra xalqımıza qarşı Xocalıda törədilən ikinci
böyük soyqırımı aktı xalqımızın mübarizə əzmini qıra bilmədi. Bu faciələr
zamanı həlak
olanlar
əslində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuşlar. Ona
görə biz bu dəyərli insanların – şəhidlərin ruhuna rəhmət
oxumaqla yanaşı, başımızı dik tutmalıyıq. Nə qədər qəmgin olsaq da, o qədər də
ümidlə yaşamalıyıq. Mən tam əminəm ki, Azərbaycan xalqı bu ağır mərhələdən də
keçəcəkdir.
Biz öz inamımızı
itirməməliyik, məsləkimizdən, tutduğumuz yoldan çəkinməməliyik. Tutduğumuz
yol bizim mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, dinimizə, dilimizə tariximizə
sədaqətimizdir. Tutduğumuz bu yol Azərbaycanın müstəqilliyidir, milli
azadlığıdır, müstəqil Azərbaycanın müstəqil dövlət kimi əbədi olmasıdır”.
Rus ordusu Xocalını işğal
edib Yuxarı Qarabağa gedən yolu açan kimi onu ermənilərə peşkəş verdi. Əslində
Moskva, Xocalını zəhərli bir xəncər kimi Azərbaycan Respublikasının kürəyinə
saplamaqla ondan intiqam almış oldu. Lakin Xocalının qanlı süqutu belə
Azərbaycanı geriyə – imperiya əsarətinə döndərə
bilmədi.
Ermənistan
Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin başçısı, polkovnik Armaik
Mamukyan iddia edir ki, Xankəndidə, ümumən Dağlıq Qarabağ ərazisində, eləcə də
Yerevanda heç bir azərbaycanlı əsir yoxdur. 2000-ci ilin dekabr ayının 16-da
isə Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsinin polkovniki, cənab Vladimir
Romanoviç Savelyevin Birləşmiş Millətlər Təşkilatına ünvanlanmış məktubunda isə
Ermənistan ərazisində əsirlərin sayından, düşərgə zonalarından bəhs olunur.
“Cianak”
qəzeti (Türkiyədəki erməni diasporunun qəzeti) 1992-ci ilin fevral hadisələrini,
qanlı qırğını şərh edərək yazır: “...Biz vəcdə gəldik. Ermənilərə öz dədə-baba
torpaqları uğrunda vuruşmaq üçün güc və qüvvət verilmişdi. Bu işdə Allahın
razılığını görürdük. Və vuruşurduq. Azərbaycanlılar isə bizim qədər torpaq
istəyə bilmədi. Məhəbbət və vətən sevgisi olduğu üçün biz qalib gəldik...
Bakıdan da xəbərdarıq. Orada torpaq uğrunda yox, sülalə və vəzifə, səltənət və
şöhrət uğrunda daha çox güc sərf olunur. Çünki, Bakıda da bilirdilər ki, bu
torpaqlar bizimdir, bizim dədə-babalarındır... Bu barədə rus zabiti Vladimir
Savelyev adlı birisi meydanda atılan topların yanında bizdən sorğu etdi. O,
bizim müxbirdən tələb edirdi ki, bu yerlərdən çıxıb getsin....”.
Vladimir Savelyev 02270 saylı
(Dağlıq Qarabağda) hərbi hissənin əks-kəşfiyyat şöbəsinin rəisi olub. Xocalı
faciəsinin ilk məlumatlarını toplayan, hadisələrin şahidi olan polkovnik
1992-ci il noyabr ayının 26-da, 1994-cü il mart ayının 19-da, 1998-ci il avqust
ayının 22-də və nəhayət, 2000-ci il iyul və dekabr aylarında BMT-yə, Avropa
Şurasına..., sonda Baş Kəşfiyyat İdarəsinə “Məxfi arayış”ını təqdim edir. O,
son arayışlarını “zabit Puqaçov” imzası ilə göndərib.
Polkovnik
erməni terror təşkilatlan ilə Rusiya qoşun birləşmələrinin Dağlıq Qarabağda
keçirdikləri hərbi əməliyyatları izləyərək fakt və sənədlərdə, “Agentura” gücü
ilə əldə etdiyi informasiyalarda bütün olub keçənlərin şərhini verib etiraz
edir: “... Mən bütün bunları yazmaya bilmərəm. Hər şey gözlərim önündə baş
verib. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş
bədənlərini unuda bilmərəm; Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu
qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə on
doqquz səhifəlik məxfi arayışı həm Kremlə, həm də NİN-ə, BKİ-nin generallarına
göndərdim, Oxuyun-dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi ...”
Polkovnik B.R.Savelyev məxfi arayışında yazır: “Mən Bakıdakı hadisələri də
izləyirdim. Hiss olunurdu ki, prezident Ayaz Niyazoviçi aldadıb tora salıblar.
O, kələfin ucunu itirmiş, hər şeyi nəzarətdən çıxarmış, qarşıdurmanın
mərkəzində dayanmış, nüfuzunu itirmiş Ali Baş Komandandır...
Azərbaycan
hərbi əks-kəşfiyyatına gəlincə belə, bu qurumda iflic olub. Aldığımız məlumata
görə, bu qurumun əməkdaşları orduda kartof kisələrinin, soğan və ətin...
oğurlanıb-oğurlanmaması ilə maraqlanır, əsas məsələlərə girişə bilmirdilər.
Prezident Xocalıda nəyin baş verməsini dərk etmirdi. Azərbaycan ordusunun Baş
Qərargahında hamı özünü qərargah rəisi kimi aparırdı. Dördüncü ümumordu qoşun
birləşmələrində isə gərginlik genişlənirdi. Bu qoşun birləşmələrində hər şey
Azərbaycan əleyhinə idi. Vəziyyət nəzarətdən çıxmışdı. Zabitlər başlarını
itirmişdilər...
Məlumat
aldıq ki, Azərbaycanın Prezident Aparatında və güc nazirliklərində ikitirəlik
var. Məqsəd və fikirlər bir-birini tamamlamırdı. Hamı siyasi məqsədlər üçün
“məqsəd kartından” yapışmışdı. Bu kartı paylayanlara gəlincə, onların bir qismi
Azərbaycanın Ali Baş Komandanının, bir qismi də müxalifətin və nəyə xidmət
etdiklərini anlamayan savadsız və küt generalların yanını kəsdirmişdilər”.
Fransada
çıxan “Frans katolik-ekklezia” aylıq jurnalında “Hücumdan öncə” yazısını çap
etdirən erməni jurnalisti Berain Siracyan yazır: “... Xocalını gözlərimlə
gördüm. Döyüşən, hər qarış torpaq uğrunda vuruşan artsaxlıların igidlikləri
məni valeh etdi. Amma mən torpaq uğrunda gedən vuruşmanın bu tərzdə aparılmasının
tərəfdarı deyildim...” (1992-ci il, 12 mart).
Halbuki,
1992-ci ilin yanvar ayında Paris yaxınlığında qeyri-leqal məxfi təlim düşərgəsi
yaratmış “ASALA” erməni terrorçu təşkilatın bir qrup üzvü – 26 nəfərlik dəstə mayor Aşin
Simonyanın başçılığı ilə Xankəndinə təşrif gətirmişdi. Onlar başlı-başına buraxılmış
366-cı alayın içərisində asanlıqla öz dayaqlarını qura bildilər. Polkovnik
Yevgeni Zaqviqarova nağd 36 min ABŞ dollarını tanışlıq üçün “hədiyyə” etdilər.
Məlumata görə, 23-cü diviziyanın komandiri, general-mayor Boris Budeykin
polkovnik Zaviqarovu buna görə ittiham da edib. Dördüncü ordu komandanlığı
qarşısında onun “zabit şərəfinə xəyanəti” üstündə ordu sıralarından azad
olunmasını, qovulmasını tələb edib.
Lakin
bütün bu ittiham və tələblərə baxan yox idi. Çünki qanunlar artıq işləmirdi.
Polkovnik V.Savelyev “Məxfi arayış”ında daha sonra yazır: “Əslində
millətlərarası münaqişəyə cəlb olunmuş 366-cı polk ətrafında həmin problemlər
daha qabarıq nəzərə çarpır. Hərbi əməliyyatlarda polkun ermənilər tərəfinə
keçib azərbaycanlıları qırması, hərbi texnika və silahları ermənilərə verməsi
məsələsi artıq siyasi əhəmiyyət daşıyırdı...”.
Polkovnik
1992-ci ilin aprel ayının 12-də MN-nə göndərdiyi məktubda isə yazır ki,
öldürülmüş, məhv edilmiş adamların bir qisminin şəxsiyyətlərini təyin edən
sənədlərdən 46-nı nömrələyib Azərbaycanın MN-nə, Prezident Aparatına
göndərdim. Mənə cavab gəldi ki, biz həmin sənədləri araşdırırıq. Onda mən
Tiflisdə idim və məktubu da oradan yola salmışdım. Amma dərk edə bilmirdim ki,
Azərbaycan hərbi kəşfiyyatı nəyi araşdırır...
1992-ci il fevral ayının
19-da isə İrəvanın Teatr meydanında Firdos Ərəbyan adlı bir erməni emissarı
(Livan) dünya ermənilərinin “iqtisadi gəlir mənbəyi” kimi ad çıxarmış “Qaragin” erməni mərkəzində on üç
nəfər varlı erməninin imzaladığı məktubu oxudu: “Oyanmış xalqa eşq olsun! Müdrikliyini, ağıl və idrakını
dərk edən, babalarımızın, əcdadlarımızın külünü təzədən alışdıran erməni
qəhrəmanlarını alqışlamaqla yanaşı, onlara dünya ermənilərinin salamlarını yetirirəm. Parisdə,
Kölndə, Romada, Vaşinqtonda, Küveytdə, Londonda, Moskva və Ankarada, Tehran və
Latın Amerikasında ...ayağa qalxan ermənilər sizinlədir... Biz isə hər cür
yardıma hazırıq...”.
İki
milləti qarşı-qarşıya qoyan bu “millət qəhrəmanları” bir məsələni dərk
etmirdilər ki, heç kəsin qanı yerdə qalmır. Edilən cinayətlər üçün, tökülən
qanlar üçün cavabdehlik və məsuliyyət nə Vaşinqtonun, nə Londonun... üstündə
qalırdı. Bütün bu vəhşiliklərin cavabdehliyi İrəvanın üstündə idi... Bunu isə
sadəcə dərk etmək lazım idi... Necə ki, kəşfiyyatçı V.Savelyev bunları görür və
dərk edirdi.
RF-nin
MN-nin BKİ-yə ünvanlanmış “Məxfi arayış”ında isə polkovnik yazır ki, “Zaviqarov
və başqa vəzifəli
şəxslər döyüş nöqtələrini ləğv etmək haqda ordu və dairə komandanlığının rəsmi
icazəsi ilə Xocalı istiqamətində gedən əməliyyatlarda ermənilərlə birləşdi.
Nəticədə bir gün ərzində 49 nəfər azərbaycanlı meydanlara yığılıb güllələndi...
Qərargah rəisi, podpolkovnik Sergey Kraulenin verdiyi tapşırığa əsasən, birinci
motoatıcı batalyonun komandiri, polkovnik İvan Moiseyev, 2-ci batalyonun
komandiri, mayor S.Ohanyan, 3-cü batalyonun komandiri, mayor Qavril Nabokix,
kapitan İshaq Lixodeyn... Xankəndini atəşə tutmaqla yanaşı, ayrı-seçkilik edir,
dinc əhalini döyüş zonalarından uzaqlaşdırarkən ermənilərlə daha çox məşğul
olurdular. Köçürmə zamanı 158 nəfər azərbaycanlı öldürüldü...
Öldürülən
azərbaycanlılar isə adəti üzrə dəfn olunmurdular. Onları yarım metr qazıbmış
çalalara atıb, üstünü torpaqlayırdılar. Polkovnikin qeydlərinə görə, axşamlar
belə çalaların ətrafında “itlərin və çaqqalların səs-küyündən,
dartışmalarından” qulaq tutulurdu, adam vahimələnirdi. Hər yerdən laxtalanmış
qan və ölmüş cəsəd iyi gəlirdi”.
Bu arada Livanda fəaliyyət göstərən erməni
diasporu tərəfindən radikal mövqeyi ilə seçilən “Ramka-var” partiyasının
liderlərindən olan Rafael Messeyan (Qriqoryan) Beyrutda çıxan “Zartunk”
(“Oyanma”) qəzetində “Bir erməni yardımı” yazısında qeyd edir: “Xocalı uğrunda
vuruşan, döyüşə atılanları unutmaq, yaddan çıxarmaq biz ermənilərə yaraşan iş deyil. Onlara - o igidlərə yardım
edin. Məlumatımız var ki, dünyanın 24 ölkəsində varlı və zəngin erməni
biznesmeni Araz Süleyman öz ticarət mərkəzindən gələn illik gəliri... Parisdə
“Erməni ana dili” cəmiyyətinin üzvləri topladıqları ianələri... Xocalı
qəhrəmanları üçün ayırdılar...”(1992-ci il 24 mart).
1992-ci il fevral ayının 4-də isə Roma Papası II
İohanın Dağlıq Qarabağ özünümüdafiə dəstələrinə (?) və rus qoşun
birləşmələrinin generallarına məxfi məktubu daxil olur. Roma Papası erməni
müdafiə dəstələrinə “Allahdan aldığı gücü” (?) göndərirdi. Ruslara isə bu
vuruşmanın “dini bir vuruşma” olduğunu xatırladır, onlara dua edəcəklərini
aşılayırdı. Roma Papası Dağlıq Qarabağ uğrunda vuruşmanı “Dini vuruşma... Din
uğrunda vuruşma” kimi qiymətləndirib yazır: “...İmkan olarsa, Xocalıya gəlib
orada həlak olan erməni qardaşların vuruş və döyüş məkanlarında baş əyəcəm”.
Polkovnik V.Savelyev “Məxfi arayış”ında yazır:
“...Xocalının işğalında, ölüm və kütləvi qırğın hadisələrində azərbaycanlı
zabitləri də günahlandırıb ittiham edirəm... Bu necə vətəndir? Bu necə ordudur?
... Bütün bunları anlaya bilmirəm. Bu oyunlara rus zabitlərini qoşmaqla onları
alçaltdılar, şərəfinə lənət damğası vurdular...
366-cı polkun birinci batalyonun qərargah rəisi,
mayor A.Nabokix və kapitan İ.Lixodeyin hərbi əməliyyatlarda bilavasitə iştirak
etməsi barədə yuxarıda məlumat vermişik. Eləcə də A.Çitçiyan 14 nəfərlik Babayevlər ailəsini güllələməsi
ilə “fərqlənmişdi”. “cəsur
əməllərinə” görə ona 1993-cü ildə Fransa erməni diasporu tərəfindən 150 min
dollar mükafat və ən böyük “Kilsə mükafatı” verilib. Həmçinin, A.Çitçiyanın Fransaya köçüb yaşaması
üçün münbit şərait yaradılıb.
366-cı polkun sıravi qulluqçusu, rabitəçi Afik
İsabeliyevin məlumatına görə isə o, fevralın 24-də (1992-ci il) kapitan
İ.Lixodeyin komandasında topçu dəstəsində vuruşub və Xocalının işğalında
iştirak edib.
- Siz necə vuruşurdunuz? - sualına belə cavab
verib:
- Biz həm də qorxurduq. Ölümdən qorxurduq. Əlimizə
keçənləri məhv edirdik. Bəzən küləkdən tərpənən ağaclar, xışıldayan yarpaqlar
da bizi qorxuya salırdı... mən bilmirəm Azərbaycan xalqı məni bağışlayarmı?...
Artıq evə gedə bilmirəm, hamı məndən üz döndərib. Amma, məni məcbur etdilər.
Əmr verdilər. Biz isə əmrə tabe idik... Məni artıq heç kəs bağışlamır... (“Bir
erməni məzarı” - müəllif: Əbdül Fateh. “Beyrut” nəşri. 1994-cü il). A.İsabeliyev
bunu da deyir ki, “ermənilər
ruslara məxsus hərbi texnikanı satın almışdılar”.
1992-ci il mart ayının 19-da (müsəlman
təqvimində bu gün Novruz günü, bahar bayramı idi) Xocalıda öldürülmüş azərbaycanlılar
üçün kiçik bir qəbiristanlıq salındı. Orada 54 nəfər öldürülmüş günahsız
azərbaycanlı “dəfn” edildi. Ermənilərin Fransa Diasporunda telekanal müəllifi
Surik Şaqenyan bu mənzərəni elə həmin günün axşamı İranın,
Türkiyənin, Moskvanın, Yerevanın, Vaşinqtonun, Londonun, Parisin, Bonnun
telekanallarına çıxartdı. Ermənilərin öldürülmüş azərbaycanlıların meyitlərinə
etdikləri hörmət və ehtiramdan təşkil olunmuş dəfn mərasimindən danışdı.
Bakıda isə hələ heç kəs hadisələrin, Xocalıda
baş vermiş faciənin səbəblərini araşdıra bilmirdi. Yaradılmış deputat komissiyasından
tutmuş, müxalifət partiyalaradək hamı iflic vəziyyətində idi, hakimiyyət çat
vermişdi. Təhlükəsizlik orqanları öz informasiya mənbələrini – əsas güclərini düşüncə və ağıllarını itirmişdi.
Təhlükəsizlik sisteminin bir qrupu müxalifətlə necə deyərlər “əhd-peyman”
bağlamışdılar. hakimiyyət-cəmiyyətdə
və dövlətdə siyasi gücünü artıq itirmişdi.
Həmin ərəfədə rus kəşfiyyatçısı V.Şavelyev
Azərbaycan hakimiyyətini təsvir edib yazırdı: “...Xocalı işğalından sonra
A.Mütəllibov hakimiyyəti öz yaşamaq hüququnu itirdi... Nazirlər isə Baş
Nazirin ətrafında dövlət daxilində dövlət yaratmışdılar...”
Polkovnik V.Şavelyev daha sonra yazırdı:
“...Polkun çıxarılmasında hərbi sursatların ermənilərə verilməsində bilavasitə
iştirak edənlərə baxın: Qromov – general-polkovnik;
Qrekov –
general-leytenant; Ohanyan general-leytenant; Andranov
A. – deputat; zaviqarov –
polkovnik; Kraule O. – polkovnik.
Dördüncü ordu 23-cü motoatıcı diviziya
nümayəndələrinin Xocalı əməliyyatında iştirak etmələri üçün şərait yaratdı.
2-ci motoatıcı diviziyanın komandan müavini A.Babukov və K.Yermolayev isə
erməni yaraqlılarına verilmiş hərbi texnikanın geri qaytarılmasını tələb
edirdi. Onları isə kim idi eşidən?!”
V.Savelyev məsələləri şərh edərək qeyd edir:
“...1992-ci il fevral ayının 23-dən hərbi şəhərcik “Qrad” qurğularından atəşə
tutulduqdan sonra polkovnik Y.Zaviqarov polkun daimi dislokasiya məntəqəsindən
ehtiyat bölgəyə keçirilməsi haqqında qərar verib. Qərar isə erməni silahlı
dəstələrinin heç bir müqaviməti olmadan həyata keçirilib. Dislokasiya yerinin
dəyişdirilməsi heç də zərurətdən irəli gəlməyib. Bu zaman bir sıra bölmələrin
döyüş texnikaları çıxarılmayıb. Həmin günlərdə Xankəndi şəhərinə gələn
general-leytenant İ.Ohanyan (mayor Ohanyanla qarışdırılmamalı)” təkid edib ki,
artilleriya diviziyası, zenit artilleriya diviziyası, tank rotası və texnikası
saxlanılsın. Nəticədə, ermənilər heç bir maneə ilə rastlaşmadan 23 ədəd “PDM”,
3 ədəd ZSÜ-23-4, 8 ədəd D-30 və xeyli digər döyüş texnikası ələ keçirdilər.
Polkovnik V.Savelyev “Məxfi arayış”ında bütün
bunlara toxunaraq yazır: ...“Birinci batalyon ehtiyat bölgəyə keçirilən zaman
polkovnik LMoiseyev texnikanı və şəxsi heyəti dağlar arasındakı “Çapar”
dərəsində saxlayıb, gözləmə mövqeyi tutub. Sonra onun batalyonu Çixani yaşayış
məntəqəsinə daxil olub ermənilərin mühasirəsinə düşüb. Nəticədə batalyon
könüllü surətdə öz döyüş texnikasını ermənilər üçün qoyub. İvan Moiseyev və
şəxsi heyətə pul təklif edilərək birlikdə vuruşmağa çağırılıblar...”
Qeyd etmək lazımdır ki, Xocalının ətraf yaşayış
məntəqələrini də dağıdan, külünü göyə sovuran elə İvan Moiseyevin batalyonu
olub və bu batalyon da ermənilər arasında “İvanın vəhşi batalyonu” kimi tanınıb
(işğal altında olan Xocalını “İvanovka” adlandırmaları bununla bağlıdır).
1993-cü ilin fevral ayının 14-də bu da məlum
oldu ki, Fransada “Xocalı faciəsini” ermənilərin faciəsi kimi təbliğ edib
tanıdıblar. Bizim səfarətxanaya gəlincə, onları sadəcə geri çağırıb ittiham
etməkdən başqa... ayrı heç nə qalmırdı. Digər tərəfdən erməni diplomatı O.Ter-Qriqoryanın
1992-ci ilin aprel ayında İrəvanın Teatr meydanındakı çıxışında deyirdi:
“...Erməni təbliğatı Bakının diplomatik mərkəzlərində artıq özünə istənilən
mövqeyi tutub...”. Bunun isə ətrafında düşünmək lazım idi.
Diplomat
çıxışının bir yerində isə xatırladır ki, ermənilərlə rusların dostluğunun
sınmayan sütunları var. Ter-Qriqoryan deyir: “...Hələ 300 il bundan qabaq
ermənilər I Pyotrdan xahiş etdilər ki, yadelli işğalçılara qarşı vuruşanda onlardan da istifadə
etsinlər... Əgər Moskvada (təkcə şəhərin özündə) 1959-cu ildə 18,4 min nəfər
erməni var idisə, indi bu rəqəm 47 min nəfərdir... RF-nin xaricdəki diplomatik
korpuslarında çalışanların sayı 142 nəfərdir. Onların 59 nəfəri jurnalist kimi
fəaliyyət göstərir...”.
Yuxarıda
deyildiyi kimi 1992-ci il fevral ayının 24-də saat 2115 dəqiqədə
general rütbəsi almış Y.Zaviqarov zabitlər önündə belə bir çıxış edir ki,
regiondakı müharibə torpaq müharibəsi yox, islamın xristianlığa qarşı
müharibəsidir. O, çıxışında göstərirdi: “...Dünyanın islam ölkələrinin
nümayəndələri, hərbi müşavirlər Bakıya yığışıblar ki, bizim xaçı necə sındırıb,
əzsinlər... Xristianlığa qarşı yürüş var. Bu yürüşdə ya dinimizi, şərəfimizi
qorumalıyıq, ya da şərəfsizliyi qəbul edib tabe olmalıyıq”.
Bakıda isə vəzifələr bölünür, səriştəsiz
kadrların sərəncamları verilirdi. Kadrlar isə hər şey demək idi. Əslində
polkovnik V.Savelyeyin – vicdanlı rus kəşfiyyatçısının “Məxfi arayışı” səriştəli,
haqsızlıqla barışmayan bir zabitin ən böyük etirafıdır.
Xocalı faciəsini araşdıran deputat – İstintaq
komissiyasının verdiyi məlumatlara, bu Müqəddəs Yurdda doğulmuş uzun müddət
Xocalıda məsul vəzifələrdə işləmiş, Azərbaycan Respublikasının deputatı,
müharibə veteranı “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş canlı şahid,
çox hörmətli Elman Məmmədovun dəyərli fikirlərinə, araşdırmalar nəticəsində
özümüzün gəldiyimiz qənaətə görə Xocalı soyqırımı olmayada bilərdi. Elman
Məmmədov bildirir ki, mülki əhalini uzağı bir gün ərzində hərbi vertaliyotlarla
daşıyıb çıxarmaq olardı. Eyni zamanda, Əsgərandan Xocalıya təhlükəsiz yol açmaq
üçün imkan və şərait var idi. Azərbaycan rəhbərliyinin məsuliyyətsizliyi
ucbatından bu yolların heç birindən istifadə edilmədi. Onu da qeyd edək ki,
1992-ci il fevralın 13-də Gəncədəki hərbi vertaliyotlarla Elman Məmmədovun
şəxsi şücaəti nəticəsində 300 nəfər qadın, qoca, uşaq Xocalıdan çıxarılmışdı.
Deməli bu variant inandırıcı olmaqla tamamilə doğru təklif idi. Eyni zamanda,
Əsgəranı aradan götürməklə Xocalıdakı dinc əhalini bu yolla, asanlıqla
çıxarmaq olardı. Çox təəssüflər olsun ki, bu “Palan” hazırlansa da reallaşmadı.
Fikrimizcə, müharibədə bütün ağırlığı öz çiyinlərində daşıyan Ali Baş
Komandanın yerində olması ən vacib şərtdir. 1994-cü il “Atəşkəs” elan olunması
və şanlı Aprel Döyüşləri bir daha deyilənlərin təsdiqidir. Çünki, Atəşkəs elan
olunmasaydı bütövlükdə Azərbaycanın varlığı sual altında qala bilərdi. Eyni
zamanda şanlı Aprel döyüşlərində Azərbaycan Ordusu nəyə qadir olduğunu sübut
etdi. Naxçıvandakı qələbələrimiz isə bunun uğurlu davamıdır.
Xocalı soyqırımına düzgün siyasi qiymət verən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımının 15-ci ildönümü
münasibətilə Azərbaycan xalqına müraciətində demişdir: “...1992-ci il fevralın
26-da qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən vəhşicəsinə
dağıdıldı, onun müdafiəçilərinə və sakinlərinə amansız divan tutuldu. Yüzlərlə
dinc sakin görünməmiş işgəncələrlə öldürüldü, uşaqlar, qadınlar, qocalar,
bütöv ailələr məhv edildi, onların meyitləri təhqir olundu. XX əsrin sonunda
dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz
amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil,
bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət idi... Bu gün
artıq heç kimə sirr deyil ki, Xocalı faciəsi davakar erməni millətçilərinin
yüzilliklər boyu türk və Azərbaycan
xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi
idi... Xocalı qırğınını törətməklə erməni millətçiləri hiyləgər siyasi və
taktiki məqsədlər güdürdülər. Onlar bununla xalqımızın mübarizə əzmini qırmaq,
onu tarixi torpaqlarımızın işğalı faktı ilə barışmağa məcbur etmək istəyirdilər.
Lakin düşmənin niyyətləri baş tutmadı, xalqımız öz dövlətinin suverenliyi və ərazi
bütövlüyü uğrunda mübarizədə yüksək iradə və qəhrəmanlıq nümunəsi göstərdi...”.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi 1992-ci ilin əvvəllərindən başlayaraq daha çox beynəlxalq əhəmiyyətli
problemə çevrildi. Belə ki, müstəqilliyini əldə edən Azərbaycan Respublikası
ATƏM-in üzvü olduqdan sonra Dağlıq Qarabağ münaqişəsi bu təşkilatın prinsiplərinə
uyğun olaraq üzv olan dövlətlərin daha çox müzakirə obyektində oldu. ATƏM-in
Xarici İşlər Nazirləri Şurasının martın 24-də keçirilən birinci əlavə görüşündə
Dağlıq Qarabağda vəziyyət müzakirə olundu və münaqişənin sülh yolu ilə
nizamlanması istiqamətində aparılan danışıqların səmərəliliyini təmin etmək
üçün ATƏM-in Dağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar
qəbul edildi.
1992-ci il mayın
8-də Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ
keçirməklə Ermənistan ordusu tərəfindən bütün yuxarı Qarabağ işğal edildi. Bu
hadisə mütəmadi şəkildə BMT Nizamnaməsini və ATƏT-in prinsiplərini kobud şəkildə
pozaraq Qarabağın dağlıq hissəsini zorla Ermənistana ilhaq etməyə çalışan təcavüzkar
dövlətin beynəlxalq hüquq normaları ilə bir araya sığmayan və işğalçılıq siyasətinə
sadiq qaldığını bir daha təsdiq etdi. Şuşanı ələ keçirməklə Ermənistan bu
problemi yalnız hərbi-taktiki baxımdan həll etmiş oldu. Problemin siyasi həlli
isə getdikcə dərinləşərək çətin məcraya salındı. Məhz Şuşanın işğalı sonralar
digər Azərbaycan ərazilərinin itirilməsində əsas rol oynadı.
Azərbaycanın strateji əhəmiyyətli Şuşa
şəhərinin işğalından sonra Ermənistan silahlı qüvvələrinin məqsədi işğal etdikləri
Azərbaycan torpaqlarında möhkəmlənmək, Qarabağın dağlıq hissəsini Ermənistan
Respublikasına birləşdirmək üçün onların arasında dəhliz açmaq idi. Az sonra
ermənilər qısa müddət ərzində, yəni mayın 18-də Dağlıq Qarabağdan kənarda yerləşən
qədim Azərbaycan şəhəri Laçını da zəbt etdilər. Beləliklə, “öz müqəddəratını təyin
etmək” ideyasını reallaşdırmaq adı altında Azərbaycanın Dağlıq Qarabağ bölgəsi
ilə Ermənistan arasında “dəhliz” adlandırılan, əslində isə 1.835 km2
ərazisi olan böyük bir ərazi Laçın rayonu da Ermənistan silahlı qüvvələri tərəfindən
işğal olundu. Laçının işğalı müharibənin Dağlıq Qarabağ hüdudlarından çıxdığını
və Ermənistanın hərbi işğalçılıq niyyətinin böyük olduğunu göstərdi.
Ermənilərin
“humanitar dəhliz” adlandırdığı bu yol ilə Dağlıq Qarabağa
külli miqdarda silah, döyüş sursatı və hərbi qüvvə gətirildi. Heç şübhəsiz ki,
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması, hətta istəsəydi
belə, kənardan çox böyük kömək olmadan Azərbaycan ərazilərini işğal edə bilməzdi.
Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa və Laçının işğalı nəinki münaqişənin
hərbi tərəfini, eyni zamanda onun mahiyyətini də dəyişərək yeni siyasi problem
yaratdı və sülh missiyasını öz üzərinə götürmüş Minsk konfransının keçirilməsi yolunda maneəyə
çevrildi.
Nəticədə, Ermənistan silahlı qüvvələri
tərəfindən 1993-cü il martın 27-dən aprelin
2-dək Azərbaycanın Kəlbəcər rayonunun işğalı münaqişəsinin artıq mahiyyətcə
başqa səviyyəyə keçdiyini göstərdi. Yəni, Ermənistan Respublikasının bu təcavüzü
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda
yerləşən ərazilərinin intensiv surətdə işğal edilməsinin yeni mərhələyə
– işğalçılıq mərhələsinə keçməsinə sübut idi. Bundan
sonra Ermənistan ordusu 1993-cü il ərzində Azərbaycanın Ağdam, Füzuli, Cəbrayıl,
Qubadlı və Zəngilan bölgələrini də işğal etdi. Bütün bu ərazilər
ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdır.
Beləliklə, Ermənistanın ərazi iddiası
obyekti olan Dağlıq Qarabağ bölgəsinin (4,4 min km2) hüdudlarından kənarda
yerləşən və onun ərazisindən 4 dəfə böyük olan 7 rayon (Laçın, Kəlbəcər, Ağdam,
Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edildi. Bütün dövrlərdə olduğu kimi ermənilərin həyata keçirdiyi bu
işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki,
1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər azərbaycanlı
həlak olmuş, 100 000 nəfərdən çoxu yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli
xəsarət alaraq əlil olmuşdur.
Ermənistanın Dağlıq Qarabağın erməni
icmasının “öz müqəddəratını təyin etmək” cəhdi kimi qələmə verdiyi bu təcavüzü
nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhali
(ümumi əhalinin 15%-i) öz torpağından məcburən köçkün və qaçqın vəziyyətinə
düşdü. Hazırda Azərbaycan ərazisinin 20%-dən çox (17 min km2) hissəsi
Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
Xalqımızın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü
ilə əlaqədar Azərbaycan xalqına Müraciətində qeyd etmişdir ki, “Xocalı faciəsi”
bütün Azərbaycanı sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr
vurmuşdur. Lakin xocalılılar hətta amansız soyqırımı günündə də özlərini əsl qəhrəman
kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə
igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq
tarixinə şərəfli səhifələr yazmışlar... Bu gün Azərbaycan
hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə
ermənilərin Dağlıq Qarabağda törətdikləri
vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün
miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş
ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı kimi tanınmasına nail
olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq
və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi
qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə
cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə
təkrarlanmaması üçün mühüm sərtdir...”.
Qeyd edək ki, 1993-2003-cü illər ərzində
– Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin dinc vasitələrlə nizama salınması ümummilli lider Heydər Əliyevin xarici siyasət fəaliyyətində
mühüm yer tutmuşdur. Bu illərdə münaqişənin sülh yolu ilə həll edilməsi üçün
Dünya siyasətçisi Heydər Əliyevin ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə
heyətləri ilə ikitərəfli, eləcə də çoxtərəfli görüşlərdə
ATƏT-in Zirvə toplantılarında, Minsk qrupunun həmsədrləri
ilə aparılan müzakirələrdə, eyni zamanda Ermənistan prezidenti ilə birbaşa danışıqlarda göstərdiyi
səylər ümummilli liderin apardığı ardıcıl və məqsədyönlü
siyasətin mühüm tərkib hissəsini təşkil etmişdir. Bu dövrdə
Ümummilli liderimiz Heydər Əliyev Ermənistan Prezidenti ilə 23, ATƏT-in rəhbərliyi
və Minsk qrupunun nümayəndələri ilə 150-yə qədər görüş keçirmişdir. Ümummilli
liderin Azərbaycan Prezidenti kimi bu illərdə 80-dək ölkənin dövlət başçıları
ilə keçirdiyi 500-dən çox görüşdə, eləcə də nüfuzlu beynəlxalq təşkilatların ən
yüksək səviyyəli nümayəndələri ilə ATƏT-in, NATO-nun, Avropa Şurasının, İslam
Konfransı Təşkilatının, MDB-nin, GUAM-ın, İqtisadi Əməkdaşlıq Təşkilatının,
Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşlərində Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin
nizama salınması məsələləri müzakirə edilmiş, Ermənistanın Azərbaycana hərbi təcavüzü
və işğalçılıq siyasəti haqqında geniş məlumat verilmişdir.
Xalqımızın Ulu öndəri Heydər Əliyevin
siyasi kursunun uğurlu davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı
faciəsinin bütövlükdə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
tariximizin dərindən və hərtərəfli araşdırılmasına gündəlik qayğı göstərir.
Son illərdə ölkə başçısının təşəbbüsü və çağırışı ilə Ermənistan Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi, soyqırımlar tarixinə dair onlarla fundamental
əsərlər nəşr olunmuş, erməni təcavüzkarlarına qarşı informasiya müharibəsində
mühüm qələbələr qazanılmışdır.
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət
vəkili, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım
Əliyevanın Azərbaycan mədəniyyətinin, o cümlədən Qarabağ həqiqətlərinin dünya miqyasında
təbliğ edilməsi və tanıdılmasında xüsusi xidmətləri vardır.
Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev fondunun nəşr etdirdiyi “Qarabağ
həqiqətləri” bukletlər toplusu dünyaya yayılaraq, erməni qəsbkarlarının iç
üzünü açır.
Son
vaxtlar Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə
yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində
davamlı olaraq addımlar atılmışdır. Bu baxımdan Azərbaycan Respublikasının
Vitse-Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
Brüsseldə təşkil olunan “təcavüzün qurbanları” adlı foto və uşaq rəsmlərinin sərgisi
də bu həqiqətlərin beynəlxalq aləmə çatdırılması işinin davamı olmuşdur.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin, Azərbaycan Respublikasının
məcburən qoşulduğu Qarabağ müharibəsinin tarixi, Xocalı soyqırımı, işğal
altındakı torpaqlarımızda törədilən vəhşiliklər, maddi və mənəvi irsimizin
amansızlıqla məhv edilməsi barədə nəşrlər silsiləsinin də Fondun diqqət
mərkəzində saxlanılması çox təqdirəlayiqdir.
Son
zamanlar Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması kompaniyasının təşkil
edilməsi və bu missiyanın həyata keçirilməsi geniş vüsət almışdır. Heydər
Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri və “Baku”
jurnalının baş redaktoru Leyla Əliyeva Xocalı soyqırımı haqqında həqiqətləri
dünya ictimaiyyətinə çatdırmaqla böyük tarixi bir missiyanı həyata keçirir.
2008-ci il fevralın 14-də Berlində
keçirilmiş “Xocalı soyqırımı və 1915-ci il
hadisələrindəki gerçəkliklər” adlı elmi konfransda Heydər Əliyev Fondunun dəstəyi
ilə hazırlanmış “Xocalı - uşaqların
gözü ilə” adlı sərgi nümayiş etdirilmiş, eləcə də
erməni qəddarlığını əks etdirən kitablar paylamışdır.
2008-ci
il 8 mayda Şuşa şəhərinin işğalının
ildönümündə İslam təşkilatının Gənclər Forumunun (İKT GF) mədəniyyətlərarası
dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya
ədalət” kompaniyası təsis edilmişdir.
2009-cu
il fevralında İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası
dialoq üzrə baş əlaqələndiricisi Leyla
xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq
informasiya və təşviqat kompaniyasına start verilmişdir. Bu kompaniyanın məqsədi
beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama
beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının
qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Faciənin mənəvi və
siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş bu kampaniya dünyanın 30 ölkəsində
uğurla həyata keçirilmişdir.
Aparılan təhlillərdən məlum olur ki,
2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü
artıq dünyanın 100-dən çox nöqtəsində qeyd
olunmuşdur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər, Fondun hazırladığı təbliğat
materialları əsasında həyata keçirilmişdir. Heydər Əliyev Fondunun ayrı-ayrı
ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciənin həqiqətlərinin yayılmasına yönəldilmiş
anım tədbirləri Rusiya Federasiyasındakı nümayəndəlik tərəfindən İslam-Konfransı
Təşkilatının Əməkdaşlıq və Dialoq Uğurunda Gənclər Forumu çərçivəsində uğurla
davam etdirilmişdir.
2014-cü il mayın 21-də Azərbaycan
Prezidenti İlham Əliyev Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri
üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında demişdir: “...Asiyada təhlükəsizlik
tədbirləri qlobal təhlükəsizliyin bir hissəsidir. Biz təhlükəsizlik tədbirlərinə
kompleks yanaşmanın tərəfdarıyıq. Terrorizmə qarşı mübarizə, regional, enerji,
nəqliyyat və informasiya təhlükəsizliyinin təmin olunması, dondurulmuş münaqişələrin
həlli kimi məsələlər bir-biri ilə sıx bağlıdır və bəşəriyyətin təhlükəsizliyi
üçün vahid mövqenin ortaya qoyulmasını zəruri edir. Azərbaycan beynəlxalq
terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsini dəstəkləyir. Azərbaycan
özü terrorizmin qurbanı olub. Təkcə müstəqillik illərində erməni terror təşkilatları
Ermənistanın dövlət qurumlarının rəhbərliyi ilə Azərbaycana qarşı 30-dan artıq
terror aktı törədiblər ki, bunun da nəticəsində 2000-dən çox insan həlak olub.
Bu terror aktları Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib
hissəsidir. Bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizi, tarixi
torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən
işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir
milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
1992-ci ilin fevral ayında erməni silahlı qüvvələri Xocalıda dinc əhaliyə qarşı
soyqırımı törətmişlər. Bu soyqırımı nəticəsində 613 günahsız insan qətlə
yetirilmişdir. Bu gün dünyada 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən tanımışdır. Beynəlxalq birlik və
beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin
beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə
ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Qoşulmama Hərəkatı, ATƏT,
Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı
və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Mən, həmçinin
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üzvü olan
dövlətlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllini dəstəklədiklərinə
görə təşəkkür edirəm....
ATƏT-in
Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda bu günə qədər irəliləyiş əldə
edilməyib. Ermənistan münaqişənin həllində maraqlı deyil. Bizim qəti mövqeyimiz
bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.
Ümummilli
lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş prinsiplərə sadiq qalan Azərbaycan
Prezidenti İlham Əliyev ölkəmizin xarici siyasətinin əsas prioritet istiqamətlərindən
biri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq
hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin
edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirmiş və beynəlxalq təşkilatların
bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan etmişdir.
Münaqişənin nizama salınması üçün
aparılan danışıqlar prosesində Ermənistan tərəfi ermənilərin öz müqəddəratını,
təyinetmə prinsipini əsas gətirərək Dağlıq Qarabağın müstəqil dövlət ikimi
tanınmasına çalışır. Ancaq ermənilər öz müqəddəratını təyinetmə hüququndan hələ
XX əsrin əvvəllərində ən yüksək səviyyədə istifadə edərək, özlərinin müstəqil
dövlətini – Ermənistan
Respublikasını yaratmışlar. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında
da dəfələrlə bəyan etmişdir ki, bugünkü Ermənistan dövləti 1918-ci ildə
qurularkən tarixi Azərbaycan torpaqlarında, İrəvan xanlığı və Zəngəzur mahalı ərazilərində
yaradılmışdır.
Dağlıq Qarabağ bölgəsinin
erməniləri isə digər ölkələrdə yaşayan ermənilər kimi, Azərbaycanda yaşayan
milli azlıqlardan biridirlər. Beynəlxalq hüquq normalarına görə milli
azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər. Lakin bu, müstəqillik formasında
ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə
hüquqları yoxdur. Eyni zamanda, xalqların öz müqəddəratını təyinetmə məsələsi
beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipini
pozmamalı, bu prinsiplə ziddiyyət təşkil etməməlidir. Bu baxımdan, ermənilərin
öz müqəddəratını təyin etmə hüququnu bəhanə etməsi beynəlxalq hüquq
normalarının, xüsusilə, dövlətlərin suveren bərabərliyi, zor işlətməmək və zor
işlətməklə hədələməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü,
mübahisələri dinc yolla nizama salmaq və başqa dövlətlərin daxili işlərinə
qarışmamaq və beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək kimi
ATƏT-in Helsinki prinsiplərinin kobud şəkildə pozulması deməkdir.
Bundan əlavə, Ermənistan münaqişənin
nizama salınması üçün aparılan danışıqlarda Dağlıq Qarabağın erməni icmasının
tərəf kimi iştirakının təmin
olunmasını istəyir. Ancaq bu tələb də əsassızdır və beynəlxalq hüquq prinsiplərinə
uyğun deyil. Çünki Dağlıq Qarabağ ermənilərinin müstəqil tərəf kimi
danışıqlarda iştirakı məsələsi nəinki ATƏT-in Minsk qrupunun mandatına ziddir,
eyni zamanda 2008-ci ilin sonunda Moskvada imzalanmış məlum bəyannamədə də açıq
şəkildə bildirilir ki, münaqişənin nizamlanması istiqamətində aparılan
danışıqlar prosesində yalnız Azərbaycan və Ermənistan tərəfləri iştirak edə bilər.
Dağlıq Qarabağın Azərbaycanın əzəli
torpağı və ayrılmaz tərkib hissəsi olduğunu dəfələrlə bəyan edən Azərbaycan
Prezidenti İlham Əliyev Ermənistan rəhbərinin Moskva bəyannaməsini tərəf kimi
imzaladığını vurğulamaqla yanaşı, danışıqların Ermənistanla Azərbaycan
arasında aparıldığını və bunun beynəlxalq format olduğunu bildirərək qeyd
etmişdir ki, əgər Dağlıq Qarabağ münaqişə tərəfi olsaydı, onda Ermənistan tərəfi
bəyannaməni imzalamazdı.
Bununla yanaşı, dövlət başçısı İlham
Əliyev bəyan etmişdir ki, yalnız Dağlıq Qarabağın azərbaycanlı əhalisi oraya, o
cümlədən Şuşaya qayıtdıqdan sonra status məsələsi müzakirə oluna bilər. Heç
şübhəsiz ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini
tapmalı və gələcəkdə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları yüksək
muxtariyyət şəraitində, Azərbaycan dövlətinin tərkibində yaşamalıdırlar.
2008-ci il noyabrın 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin
birgə imzaladığı bəyannamədə də münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli
nəzərdə tutulur. 2009-cu il dekabrın 5-də ATƏT-in xarici işlər nazirlərinin
Afinada keçirilən görüşündə qəbul edilmiş sənəd də məhz bu yanaşmanı təsdiq
edir.
Buna görə də, Ermənistan, ilk növbədə,
Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməli, işğalçılıq
siyasətinə son qoymalı, sonra isə münaqişənin nizamlanmasının variantları barədə
öz mövqeyini bildirməlidir. Münaqişənin nizama salınması prosesində Azərbaycan
dövləti və onun başçısı ilk növbədə sülh variantına üstünlük verir. Lakin
Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə
siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt
barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın
olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini
vurğulamışdır.
Azərbaycan Prezidenti münaqişənin – siyasi və
hüquqi tərəflərindən başqa, məsələnin praktiki tərəfinin də Azərbaycanın
xeyrinə olduğunu və bu gün Ermənistanı Azərbaycan ilə müqayisə etməyin mümkün
olmadığını bəyan etmişdir. Dövlət başçısı İlham Əliyev Ermənistanın kommunikasiyalardan
kənarda qalan, asılı vəziyyətdə olan, başqa ölkələrin və dairələrin ianəsi ilə
güclə yaşayan bir dövlət olduğunu bildirməklə yanaşı, Azərbaycanın dinamik
inkişaf edən və öz resurslarına arxalanan bir ölkə olduğunu vurğulayaraq Ermənistanda
əhalinin ölkədən kütləvi şəkildə köçdüyünü və demoqrafiya məsələsini də
unutmamağı xatırlatmışdır.
Bu faktı da qeyd etmək vacibdir ki,
etnik təmizləmə nəticəsində hazırda Ermənistan mono-etnik, yəni milli
azlıqların yaşamadığı dövlətə çevrilmişdir. Bununla yanaşı, bu gün özünü təcrid
vəziyyətinə salmış Ermənistan əhalisinin sayı durmadan azalır. BMT İnkişaf
Proqramının himayəsi altında çap olunmuş İnsan Potensialının İnkişafı haqqında
məruzədə göstərilir ki, hər il Ermənistanı 23-27 min adam tərk edir. XX əsrin
80-ci illərinin sonunda 3,7 milyon əhalinin yaşadığı Ermənistanda əhalinin 1,5
milyondan çoxu (ümumi əhalinin 40%-i) müstəqillik dövründə aclıq, işsizlik, səfalət
ucbatından xarici ölkələrə mühacirət etmiş və bu proses indi də davam etməkdədir.
Artıq 20 ildən çoxdur ki, təcavüzkar
Ermənistan aparılan danışıqlar prosesində həmişə qeyri-konstruktiv mövqedən
çıxış edərək hər dəfə bu prosesi süni surətdə uzatmağa çalışır. Lakin Azərbaycanın
ərazi bütövlüyünün heç vaxt aparılan danışıqların mövzusu olmadığını və bundan
sonra da olmayacağını daim vurğulayan dövlət başçısı İlham Əliyev bildirmişdir:
“Biz danışıqları sadəcə olaraq danışıqlar naminə aparmayacağıq. Danışıqların
imitasiyası ilə məşğul olmaq üçün Ermənistana imkan verməyəcəyik. Biz o vaxta
qədər danışıqlar aparacağıq ki, ərazi bütövlüyümüzü bu yolla bərpa edə biləcəyimizə
ümidimiz qalacaqdır. Əgər görsək ki, bu mümkün deyil, onda Azərbaycan dövləti
hərbi yoldan istifadə edərək öz ərazi bütövlüyünü bərpa edəcəkdir”.
Hazırda münaqişənin
nizama salınması prosesi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən
biri kimi müəyyənləşdirilmişdir. Aparılan danışıqların gedişi konfidensial səciyyə
daşısa da, Azərbaycan Prezidenti İlham Əliyev bu gün danışıqlar masası üzərində
bütün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması və məcburi köçkünlərin
öz doğma yurdlarına qayıdışı məsələlərinin mövcudluğunu bildirmişdir. Bununla
yanaşı, Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu
taktikanın heç bir perspektivinin olmadığını söyləyən dövlət başçısı İlham
Əliyev nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağın müstəqil olmayacağını
vurğulamışdır.
Bu səbəbdən Azərbaycan Prezidenti İlham
Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin
yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək. Dağlıq
Qarabağa yalnız Azərbaycanın tərkibində hər hansı bir status verilə bilər.
Lakin bu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Bu prinsipdən kənarda
heç bir məsələnin həll oluna bilməyəcəyini bildirən dövlət başçısı Azərbaycanın
bununla əlaqədar öz prinsipial mövqeyindən geri çəkilməyəcəyini bəyan etmişdir.
Münaqişənin nizama salınmasında Azərbaycanın
tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin
beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu
mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki
Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı
beynəlxalq sənədlərə əsaslanır. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham
Əliyev bizim tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa edəcəyimizə əminliyini
bir daha bəyan etmişdir: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
yalnız Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində
öz həllini tapmalıdır. Ondan sonra biz azərbaycanlılar əlbəttə ki, bütün qədim
torpaqlarımıza qayıdacağıq – İrəvana
da, Göyçəyə, Zəngəzur mahalına da. Bütün bunlar bizim qədim torpaqlarımızdır.
Gənc nəsil də bunu bilməlidir ki, bizim torpaqlarımız sadəcə olaraq bugünkü
müstəqil Azərbaycan torpaqları deyil. Biz o torpaqlara da qayıtmalıyıq və
qayıdacağıq”.
"Müqəddəs Yurd: Xocalı" adlı kitabdan