Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

ƏZİZ ŞUŞA, SƏN AZADSAN


14 yanvar 2021-ci ildə Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərinə səfər etdilər.
Səfər zamanı Füzuli-Şuşa yolunun və Füzuli Beynəlxalq Hava limanının təməli qoyuldu. Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməlinin qoyulması, işğaldan azad edilən ərazilərdə beynəlxalq aeroportlar da daxil olmaqla, nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılması strateji əhəmiyyətlidir. Artıq inşasına başlanılan hava limanının uçuş-enmə zolağının istifadəyə verilməsi bu ilə planlaşdırılır. Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçında inşa ediləcək. Prezident qeyd etdi ki, böyük qayıdış başlayır, bütün işlərə start verilib. “Əminəm ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan necə qovduqsa-cəmi 44 gün ərzində, -biz tarixi dədə-baba torpaqlarımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”.
Şuşaya səfəri zamanı hərbiçilər qarşısında çıxış edən Ali Baş Komandan qeyd edib ki, Noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq: “Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşmən işğalından azad edərək Azərbaycan parlaq qələbə qazandı. Mən Şuşaya qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbiçiləri yol boyunca kəndləri,qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı azad edib”.
Şuşanın azad edilməsi həmdə müharibənin nəticəsinə təsir edən sonuncu mərhələ oldu. Təsadüfi deyil ki, hər il Noyabrın 8-i Azərbaycan Respublikasında zəfər günü kimi təsis edilib.
Səfər zamanı diqqət çəkən məqamlardan biri də Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərinin Prezident tərəfindən Bakıdan Şuşaya gətirilməsi, əvvəlki yerlərinə qoyulması oldu. Şuşa hər zaman tanınmış şəxsiyyətləri ilə seçilib. Bu Şuşanın tanrının sevimli şəhəri olması kimidə dəyərləndirilə bilər. Şuşa Azərbaycanın bir çox ziyalılarının, o cümlədən yazıçıların, şairlərin vətəni olub. Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində digər ərazilərdə olduğu kimi Şuşada da tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün Şuşadakı büstləri, Vaqifin məqbərəsi, şəhərdə yerləşən qədim məscidlər və s. mədəni, tarixi-dini tikililər var.
Prezident İlham Əliyev erməni vandalizmi tərəfindən dağıdılmış tarixi, mədəni abidələrimizin tezliklə bərpa olunacağını bildirdi.
Prezident İlham Əliyev Ermənistandakı revanşist qüvvələrə Şuşadan ciddi xəbərdarlıq edərək bildirdi ki, onlar yenidən baş qaldırsalar bir daha dəmir yumruqla üzləşəcəklər. Ermənistan ordusunun texnikası və canlı qüvvəsi tamamilə məhv olub. Lakin Ermənistan cəmiyyətində olan bəzi revanşist qüvvələr “itirilmiş torpaqların” yenidən tələb olunması barədə danışırlar. Biz bu kimi çıxış və bəyanatları son 30 ildə dəfələrlə erməni siyasətçilər və hərbiçilər tərəfindən eşitmişik. Nəticə isə hər kəsə bəllidir. Faktiki olaraq suverenliyini itirmiş Ermənistan dövləti, tarixi qüvvəsini itirmiş erməni kilsəsi və diasporu. Ona görə də yaxşı olardı ki, Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən qonşu ölkələrin torpaqları haqqında xüsusilə Azərbancanın tarixi əraziləri haqqında xəyallara qapılmasın. Artıq bölgədə yeni reallıq yaranmışdır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır! ”.
Ümumiyyətlə Prezidentimizin Şuşa səfəri hər birimizdə qürur hissi yaradır. Doğma Qarabağımıza qayıdışımız tez bir zamanda başlayacaq. İşğaldan azad edilən ərazilərimiz minalardan və partlamamış sursatlardan təmizləndikdən sonra keçmiş məcburi köçkünlər öz doğma yurduna qayıdacaqlar.
Əbədi qayıdışa görə Ali Baş Komandana öz minnətdarlığımı bildirirəm.
Kazım Məmmədov,
Xocalı rayon Əli Kərim adına Başkənd kənd
tam orta məktəbin Uşaq Birliyi rəhbəri
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi