İşğaldan azad edilmiş torpaqlarda artıq sürətlə quruculuq işlərinə başlanılmışdır

 

2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan Vətən müharibəsindən qısa zaman keçməsinə baxmayaraq işğaldan azad edilmiş torpaqlarda artıq sürətlə quruculuq işlərinə başlanılmışdır. Məlumdur ki, mənfur düşmən işğal nəticəsində bütün yaşayış məntəqələrini, infrastrukturu bütövlükdə vəhşicəsinə dağıdaraq, talan edərək yerlə yeksan etmişdir. Əlavə olaraq torpaqların böyük əksəriyyətinin düşmən tərəfindən minalanması, minalanmış ərazilərin xəritəsinin təqdim edilməməsi bir çox problemlər yaratmaqdadır. Bütün bu çətinliklərə baxmayaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev siyasi iradə nümayiş etdirərək Vətən müharibəsində dəmir yumruqla qısa zaman kəsiyində murdar düşmənin başını əzdiyi kimi, elə qısa zamanda da xalqımızın dəstəyi ilə dağıdılmış əraziləri bərpa etməyi qarşısına prioritet məsələ kimi məqsəd qoymuşdur.                                                         

Təsadüfi deyildir ki, ölkə başçısı tez-tez ailə üzvləri ilə birlikdə işğaldan azad edilmiş torpaqlara səfər edir, orada aparılan quruculuq işləri ilə yerindəcə tanış olur, müvafiq göstərişlər verir. Artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Suqovuşan yolunun çəkilişi, Füzuli - Şuşa yolunun çəkilişi, Füzuli aeroportunun tikintisi sürətlə davam etdirilir. Təqdirəlayiq haldır ki, bütün bu infrastruktur layihələrinin həyata keçirilməsi ərazilərin minalardan təmizlənməsi ilə paralel şəkildə həyata keçirilir. İşlərin bu qədər sürətlə həyata keçirilməsi bir yandan da mənfur düşmənə xam xəyallara düşməmələri üçün ölkə rəhbərimiz tərəfindən verilən bir mesajdır.                                                         

14 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, ölkənin birinci xanımı, 1-ci vitse-prezident Mehriban xanım Əliyeva, Prezidentin qızı Leyla xanım Əliyeva növbəti dəfə işğaldan azad edilmiş torpaqlara səfər etmişlər. Səfər zamanı ölkə başçısı və ailə üzvləri aparılan quruculuq işləri ilə tanış olmuş, eyni zamanda işğaldan azad olunmuş Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird su elektrik stansiyasının açılışında iştirak etmişlər. Ölkə başçısı qeyd etmişdir ki, düşmən öz havadarlarına arxalanaraq 5 rayonun Azərbaycana qaytarılmasını, ardınca Qarabağ ermənilərinə statusun verilməsini, Laçın və Kəlbəcərin isə bufer zona kimi ermənilərin nəzarərində qalmasını təklif edirdi. Əlbəttə, mən bu təklifi hər zaman qətiyyətlə rədd edirdim. Bugünkü durum mənim nə qədər haqlı olduğumu bir daha sübut etdi. Ölkə başçısı bir daha Ermənistandakı bəzi revanşist qüvvələrə xəbərdarlıq etdi ki, xam xəyallara düşüb yanlış addım atsalar, bu onların sonunu gətirəcək və erməni xalqını olmazın fəlakətlərlə üzləşdirəcək. Biz atdığımız hər bir addımı dəfələrlə ölçüb-biçmişik.             Azərbaycan xalqı tam əmindir ki, məhz cənab İlham Əliyevin başçılığı ilə bərpa işləri başa çatdırılacaq və o torpaqların sahibləri əmin-amanlıq şəraitində öz dədə-baba yurdlarında yaşayacaqlar. Yaşasın Azərbaycan! Yaşasın xalq və hakimiyyət birliyi!                                                                                                                        Ələddin Əhmədov,  

                                              Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi 

Yorum Gönder

Daha yeni Daha eski