Şəhidlər doğuldu ki, Ana Vətən yaşasın

        Xalqımızın 44 günlük vətən müharibəsində yazdığı qəhrəmanlıq səlnaməsi, dövlətçilik tariximizə qızıl hərflərlə həkk olundu. Bu şərəfli tarixi öz qanları ilə yazan şəhidlərimizin əziz xatirələri, əbədi olaraq xalqımızın yaddşından silinməyəcək. Bu gün elə bir azərbaycanlı ailəsi yoxdur ki, onun evində şəhidlərimizin qəhrəmanlıqlarını əks etdirən bir nişanə, nümunə olmasın.  Əldə etdiyimiz tarixi qələbədən bizləri qısa bir zaman ayırsa da, artıq şəhidlərimizin, əsgərlərimizin cəsurluğunu, ağılasığmaz şücaətlərini əks etdirən ədəbi əsərlər, poeziya nümunələri, əfsanələr yaranmaqdadır. Əfsanəyə çevrilən bu qəhrəmanlıq əsərləri yeni nəsilin vətənpərvər ruhda böyüməsində, tərbiyə olunmsında böyük bir məktəb rolunu oynayacaq. Ali baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qısa bir zaman ərzində mənfur düşmənlə apardığı müharibənin taktiki, strateji tərəfləri, bu gün artıq dünyanın ən böyük  hərbi mərkəzlərində analiz edilir, araşdırılır. 

Zaman keçdi, doğma yurdlarından didərgin düşən uşaqlar, bu illər ərzində düşmənə qarşı qisas, nifrət hissi ilə böyüdülər. Və o tarixi an yetişdi ki, ata-baba yurdlarının mənfur düşmənin tapdağı altında qalması ilə barışmayan bu “uşaqlar” Vətənin bir çağırışı ilə silaha sarılaraq düşmən üzərinə qartal kimi şığıdı. Qisas hissi il alışıb yanan cəngavərlərimz ilk bayrağımızı Suqovuşanda dalğalandırdılar. Ardınca Cəbrayıl, Zəngilan, Füzuli və Qubadlı azad olundu. Bütün cəbhə boyu böyük qələbələrə imza atan rəşadətli ordumuz,  daha sonra  xalqımızın tarixi-mədəni, dövlətçilik ənənələrinin kimliyini özündə ehtiva edən Şuşaya doğru istiqamət götürdü. Hər tərəfi sıldırım qayalarla əhatə olunan Şuşa qalasının azad edilməsi uğrunda gedən döyüşlər dünya hərb tarixinin ən şanlı səhifəsinə çevrildi. Təsadüfi deyil ki, Fransanın “Le Monde”  nəşrinin jurnalisti Şuşa döyüşləri haqqında öz gözləri ilə gördüklərini belə ifadə etmişdi: “Şuşanın müdafiəçiləri paramparçadlır. Azərbaycanın Xüsusi Təyinatlıları Şuşanın müdafiəsinin gücünü yoxlamaq üçün gecə basqını etdilər. Məhz, bu hücum nəticəsində Xankəndini İravana bağlayan əsas yol bağlanıb. Azərbaycanlılar Şuşaya çatıblar, küçələrdə avtomat və süngü döyüşləri gedir. Daşaltı istiqamətində hər 10 dəqiqədən bir yaralı erməni əsgərlərini daşıyan ambulanslar hərəkət edir. Hücum o qədər şiddətli idi ki, ermənilər şəhəri təslim etməyə məcbur oldular. Xankəndi artıq Azərbaycan güclərinin hücumundan sığortalanmayıb”.

Şuşanın azad edilməsindən dərhal sonra, demək olar ki, bütün hərbi arsenalının Azərbaycan ordusu tərəfindən darmadağın edildyini görən  Ermənistan kapitulyasiya aktını imzalamaqla diz çökdü. Coğrafi reallıqları nəzərə alsaq, Ağdam, Laçın və Kəlbəcər rayonlarının döyüşsüz azad edilməsi, heç şübhəsiz minlərlə əsgərlərimizin həyatlarının qorunmasına zəmin yaratdı. Və beləliklə şanlı Azərbaycan Ordusu Cənab Ali Baş Komandan İlham Əliyevin təbirincə desək, erməni faşistlərini doğma torpaqlarımızdan “iti qovan kimi qov”du.  

Şübhəsiz ki, bu qələbə mərd, qorxmaz, hətta vziyyətdən asılı olmyaraq düşmən üzərinə yalın əllə atılan Azərbaycan əsgərinin qanı-canı bahasına əldə olundu. Artıq bir əfsanəyə çevrilən Xudayarın oxuduğu “Vətən nəğmə”si yarımçıq qalsa da, Daşqının bir qıza ünvanladığı “səni tapıb, özüm alacam ” arzusu gözlərində qalsa da, onların nəğmələrini oxuyan, arzularına boy verən Xudayarlar, Daşqınlar bu gün milyonlarladı. Bu qəhrəmanların bədənləri torpağa kömülsə də, ruhən onlar milyonların qəlbində əbədi məskən salıblar. Məhz, bu sevginin bariz nümunəsidir ki, son zamanlar doğulan oğlan uşaqlarına daha çox  Polad, Mübariz, Xudayar, Daşqıın və digər şəhidlərimizin adları qoyulur.

Dövlətimizin, xalqımızın, qazandığı bu şanlı qələbədə qardaş Türkiyəmizin dəstəyi şanlı tariximizə qızıl hərflərlə yazıldı. İstər beynəlxalq səviyyədə, istərsə də hərbi-strateji müstəvidə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla 44 günlük müharibədə, 82 milyonluq türk millətinin ürəyi daim Azərbaycanla döyündü. Tarixin bütün dönəmlərində olduğu kimi, bu dəfə də türk qardaşlarımız müasir dünyada ikili standartların hökm sürdüyü bir zamanda, Azərbaycanı döyüş meydanında təklənməyə imkan vermədi. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın timsalında mərhim Heydər Əliyevin “Bir milət iki dövlət” deyimi ən bariz şəkildə öz təsdiqini tapmış oldu. Türkiyənin Rusiya lə birlikdə münaqişənin davamlı həllinə yönəli Qarabağda yaradılmış Monitorinq Mərkəzində bərabərhüquqlu müstəvidə təmsil olunması, Azərbaycanın son 100 ildə beynəlxalq diplomatiyada əldə ətdiyi, bəlkə də ən böyük nailiyyətdir. Yəni, bu o deməkdir ki, əslində Türkiyə Cənubi Qafqazda Rusiyanın hegemonluğuna son vermiş oldu. Artıq dünya dövlətləri anladı ki,  Azərbaycan-Türkiyə qardaşlığına əngəl ola biləcək heç bir güç yoxdur. Dünənə qədər bizimlə zor dilində danışan, hər daim ikili standartlar müstəvisində yanaşan dünya dövlətləri, Cənab İlham Əliyevin apardığı qətiyyətli daxili və xarici siyasəti nəticəsində bu gün Azərbaycanla hesablaşmalı oldular.

Artıq şəhidlərimizin, əsgərlərimizin qanı bahasına azd edilmiş ərazilərdə “Böyük qayıdış” planı çərçivəsində abadlıq, quruculuq işlərinə start verilib. İnanırıq ki, tezliklə vandal düşmənin xarabazarlığa çevirdiyi o yerlər dövlətimizin, millətimizin sarsılmaz birliyi, əməyi sayəsində cənnətə çevriləcək. Necə deyərlər:  “Cənnət görmək istəyən Azərbaycana gəlsin”!     









Şeyda ƏZİZOVA,

“Aranmedia” qəzetinin baş redaktoru


Yorum Gönder

Daha yeni Daha eski