Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

VƏTƏNPƏRVƏR ZABİT VƏ XÜSUSİ TƏYİNATLI MƏSLƏYİNİN DAŞIYICISI KİMİ DÖYÜŞ SINAĞINDAN ŞƏRƏFLƏ KEÇDİ...

        2020-ci il Azərbaycan tarixində erməni işğalçılarına qarşı Vətən müharibəsində qazandığımız böyük hərbi zəfərlə unudulmaz iz qoydu. Xalqımızın mərd oğulları düşməni döyüş meydanında məğlub edərək, şəhidlərimizin qanı tökülən müqəddəs torpaqlarımızın işğalına son qoydular. Azərbaycanın fəxri olan bu oğulların sıralarında Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları da vətənpərvərlik və şücaət nümunələri göstərərək fərqləniblər. 

        44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçən hərbi qulluqçularımızın bir qismi ön cəbhədən yaralı olaraq geri qayıdıb. Ağır sınaqlardan keçmiş hərbi qulluqçularımızın döyüş yolunu işıqlandırmağı özümüzə mənəvi borc bilirik.

         Kapitan Vüsal Həsənov da Vətən müharibəsi iştirakçısıdır. O, 1982-ci il avqustun 20-də Füzuli rayonunun Mahmudlu-2 kəndində anadan olub. Qarabağ münaqişəsi başlayanda onun 6 yaşı var idi. 1993-cü ilin avqust ayında Füzuli rayonunun böyük hissəsi işğal olunmuşdu. Həmin vaxt doğma yurdu da düşmənin hərbi təcavüzünə məruz qalmış, kənd əhalisi məcburi köçkün vəziyyətinə düşmüşdü. Ancaq bir müddət sonra ordumuz kənd üzərində nəzarəti bərpa etmişdi. 1994-cü ilin yanvar ayında isə rayonun Horadiz qəsəbəsi (hazırda Horadiz şəhəri) və bir çox kəndinin işğalına son qoyulmuşdu. 

        Mahmudlu-2 kəndindəki şəhid Qeyrət İbişov adına orta məktəbin məzunu olan Vüsal 2000-2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb. 

        2004-2005-ci illərdə Vüsal Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının tərkibində Naxçıvanda müddətli həqiqi hərbi xidmət keçib. Ali təhsilli sərhədçi kimi ona zenit qurğusunda baş operator-heyət komandiri vəzifəsi etibar olunub. Mülki ixtisasa yiyələnməsinə baxmayaraq, həyatını hərbi xidmətə bağlaması Vüsalın vətənpərvərlik əqidəsindən, hərbçi peşəsinə rəğbətindən irəli gələn bir seçimi idi. 2007-ci ilin dekabr ayında Daxili Qoşunların sıralarına müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub, ona “kiçik çavuş” hərbi rütbəsi verilib. 2007-2020-ci illərdə Daxili Qoşunların Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidməti dövründə öz əzmkarlığı sayəsində həm rütbədə, həm də vəzifədə yüksəlib. Əsasən xüsusi təyinatlı dəstədə, habelə komendant bölüyündə məsul vəzifələrə təyin edilib. 

      
        O, Türkiyə Cümhuriyyətində Jandarm Məktəblər Komandanlığının Tədris Mərkəzində gizir təməl kursunu, terrorla mübarizə, girovların azad edilməsi üzrə kursu və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində paraşütçülər kursunu müvəffəqiyyətlə bitirib. Qeyd edilən kurslarda öyrəndiyi biliklər, yiyələndiyi praktiki təcrübə onun peşəkar hazırlığına öz müsbət təsirini göstərib. 

        2013-cü ilin may ayının 23-dən etibarən hərbi qulluqçumuz zabit rütbəsində xidmətini davam etdirir. 2020-ci il iyunun 27-də Daxili Qoşunların Qəbələ rayonundakı “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstə komandirinin müavini-qərargah rəisi vəzifəsinə irəli çəkilib.

         Vətən müharibəsinədək olan dövrdə zabitimiz “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı, Daxili Qoşunların “Xidmətdə fərqləndiyinə görə” döş nişanı ilə təltif olunub, həvəsləndirmə qaydasında vaxtından əvvəl ona “kapitan” hərbi rütbəsi təqdim edilib. 

       Hərbi qulluqçu üçün Vətənin müdafiəsinə və istənilən döyüş tapşırığını yerinə yetirməyə daim hazır olmaq vacib şərtdir. Vüsal bir zabit, habelə xüsusi təyinatlı məsləyinin daşıyıcısı kimi həmişə özünü döyüş sınağına hazırlayıb. 

       Vətən müharibəsi onun od-alovundan keçən minlərlə hərbi qulluqçu kimi, Vüsal üçün də həyatının unudulmaz səhifəsidir. O, düşmənə sonsuz nifrət, itirdiyimiz torpaqlarımıza qovuşacağımıza ümid və ilahi ədalətə inam hissi ilə illərlə bu məqamı gözləyib. 

       Kapitan V.Həsənov Füzuli, Xocavənd rayonları və Şuşa şəhəri uğrunda döyüşlərdə düşmənə qarşı qətiyyətlə vuruşub. Tanıdığı silahdaşları ilə birgə döyüşlərə atılması onu çətin məqamlarda daha da ruhlandırıb. 

        Özünün dediyinə görə, iştirak etdiyi ilk ağır döyüşlərdən biri Füzuli rayonu ərazisində düşmənin mühüm müdafiə mövqeyinin yerləşdiyi, xəritədə müvafiq nömrə ilə adlandırılan təpə uğrunda olub. Həmin təpənin alınması bizim canlı qüvvənin irəliləməsinə, ətrafdakı bir neçə kəndimizin tam nəzarətimizə keçməsinə, eləcə də yaxınlıqdakı avtomobil yolunun açılmasına imkan verirdi. Bu əməliyyat Daxili Qoşunların üç hərbi hissəsinin xüsusi təyinatlılarından ibarət qruplar tərəfindən uğurla başa çatdırılıb. Döyüş zamanı Vüsal partlayan düşmən mərmisinin qəlpəsindən qolundan yaralanıb. Ancaq o, yerindəcə göstərilən ilk tibbi yardımla kifayətlənərək təxliyyə edilməsinə razı olmayıb. Beləliklə, döyüş yolunu davam etdirib.

       Vüsal söylədi ki, döyüşlərdə minalanmış sahələr və düşmənin möhkəmləndirilmiş atəş nöqtələri də bizim canlı qüvvənin qarşısında əsas maneələrdən olub. Hərbi qulluqçularımız ən təhlükəli istiqamətlərdə belə, yüksək iradə və cəsarət nümunəsi göstəriblər, heç kəs güllə, mərmi atəşi altında geri çəkilməyib, hədəfə çatanadək düşmən üzərinə həmlələr edilib. O, cəbhə bölgəsinin ayrı-ayrı sahələrində xüsusi təyinatlılardan ibarət qruplara bacarıqla rəhbərlik etmiş zabitlərdən polkovnik-leytenant Tural Novruzovun, polkovnik-leytenant Füzuli İmrəliyevin və kapitan Anar Mahmudovun rolunu xüsusi vurğuladı. Döyüş tapşırıqlarının uğurla nəticələnməsində onların peşəkarlığının və tabeliklərindəki şəxsi heyətin mübarizliyinin vacib amillər olduğunu nəzərə çatdırdı.

          Zabitimiz bildirdi ki, müharibədə hücum döyüşləri ilə yanaşı, nəzarətimizə keçən ərazilərdə axtarış yönümlü, düşmənin diversiya-kəşfiyyat fəaliyyətinə qarşı tədbirlər, o cümlədən, kəşfiyyat tapşırıqlarının yerinə yetirilməsi də təmin olunub.

         Füzuli-Xocavənd zonasından sonra şahidi olduğu əsas döyüşlərin Şuşa ətrafında və şəhərin özündə getdiyini qeyd edən Vüsal bu istiqamətdə işğalçıların yüksəkliklərdəki əlverişli mövqelərdə yerləşmələrinə baxmayaraq, bölmələrimizin inadlı həmlələri qarşısında davam gətirə bilmədiklərini, məğlubiyyətə uğradıqlarını dedi.

        Ümumilikdə, ordumuzun Şuşa ətrafına onların gözləmədiyi istiqamətdən gəlib çıxması və şəhəri azad etmək üçün seçdiyi taktika erməniləri şoka salıb.

       Kapitan V.Həsənov Şuşa uğrunda döyüşdə bədəninin bir neçə nahiyəsindən mərmi qəlpələrindən yaralanıb. Bu dəfə yaraları əvvəlkindən ağır olsa da, vəziyyətlə bağlı üç gün sonra təxliyyə edilib. Söylədi ki, yaraların fiziki ağrılar verməsinə baxmayaraq, qazanılan zəfər ona mənəvi güc verib.

         Qazimiz müharibədə ən ağır sarsıntının gözləri önündə silahdaşlarının şəhid olduqları anlarda yaşandığını bildirdi. Bəzi şəhidlər ömrün son dəqiqələrində doğmalarına çatdırılacaq ürək sözlərini, vəsiyyətlərini döyüşçü yoldaşlarına deyiblər. Şəhidlərin nur çökmüş simaları heç vaxt unudulan deyil.

      Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il, habelə 25 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə kapitan Vüsal Həsənov “Qarabağ” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub. 

         Zabit kimi müharibə sınağından alnıaçıq çıxması, hərbi anda sədaqəti tabeliyindəki şəxsi heyətə, paqondaşlarına dəyərli örnəkdir.

          Dörd övlad atası olan Vüsal üçün onları layiqli vətəndaş olaraq yetişdirmək də Vətənə xidmət kimi həyatının mənasına çevrilən çox önəmli missiyadır.  

Yalçın Abbasov

DİN-in Daxili Qoşunlarının veteranı, 

e.o. kapitan, tədqiqatçı-jurnalist

   


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi