Qarabağ
müharibəsi bir neçə nəslin həyatında silinməz iz qoyub. Ataların döyüş yolunun
oğulları tərəfindən davam etdirilməsi, uşaq ikən məcburi köçkün düşənlərin
böyüyüb döyüşçü missiyasını yerinə yetirməsi, “qisas qiyamətə qalmaz” – deyən
igidlərin qalib zirvəsinə ucalması kimi nümunələr bu müharibənin gerçəkliyidir.
Hərbi
zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyi
Daxili Qoşunlarının şəhid olan 66 nəfər hərbi qulluqçusundan biri də baş
leytenant Mustafayev Təhmasib Sərməst oğludur.
O,
30 avqust 1989-cu ildə Cəbrayıl rayonunun Hasanlı kəndində anadan olub. Sərməst
Mustafayev və Kifayət Haxverdiyevanın qurduğu ailənin ikinci övladı olan
Təhmasibə doğma yurdunun qoynunda böyümək qismət olmayıb.
1993-cü
ilin avqust ayının 23-də Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələri
tərəfindən işğal olunduqdan sonra Mustafayevlər ailəsi də öz kəndindən didərgin
düşüb. Həmin vaxt Təhmasibin 4 yaşı var idi, baş verənləri tam dərk etmirdi,
ancaq el-obanın o günlərdə yaşadığı təlatüm, böyüklərin göz yaşı və fəryadı
onun uşaq yaddaşına həkk olunub.
2007-ci
ildə Təhmasib Kürdəmir rayonunun Topalhəsənli kəndindəki Vahid Əhmədov adına
tam orta məktəbi bitirib. Məktəbdə müsbət fərdi keyfiyyətləri ilə
müəllimlərinin və yoldaşlarının hörmətini qazanıb. Azərbaycan dili, ədəbiyyat
və tarix fənlərinə daha çox maraq göstərib. Yeniyetməlik illərindən Təhmasibdə
vətənpərvərlik əqidəsi formalaşıb. Birinci Qarabağ müharibəsi barədə
məlumatları xüsusi diqqətlə öyrənib, şəhidlik mövzusuna həssaslıqla yanaşıb,
hərbi forma və onu daşıyanlara həmişə rəğbətini ifadə edib.
2008-ci
ilin aprel ayında Təhmasib müddətli həqiqi hərbi xidmətə çağırılıb. Daxili
Qoşunların sıralarına qəbul olunub, Naxçıvan Muxtar Respublikası ərazisində
yerləşən “N” saylı hərbi hissədə xidmət keçib. 2009-cu ilin oktyabr ayında
hərbi xidmət borcunu vicdanla yerinə yetirərək ehtiyata buraxılıb.
Həyatını rəğbət bəslədiyi hərbçi peşəsinə bağlamaq barədə qəti qərar verən Təhmasib 2010-cu ilin aprel ayının 14-dən etibarən müddətdən artıq həqiqi hərbi xidmətə keçirilərək, Daxili Qoşunların sıralarına qayıdıb. Lənkəran rayonundakı “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin tərkibində AQS-17 qumbaraatanı heyətinin komandiri vəzifəsinə təyin edilib. Xüsusi təyinatlı kimi qarşıya qoyulan tapşırıqların icrasında əzmkarlıq və çalışqanlıq göstərib.
19.12.2011
- 06.04.2012-ci il tarixlərdə Təhmasib Türkiyə Cümhuriyyətinə ezam edilərək,
Jandarm Baş Komandanlığının tabeliyindəki Jandarm Komando Məktəbləri və Təlim
Mərkəzində jandarm gizir komando təməl kursunu keçib. Burada yiyələndiyi hərbi
biliklər və qazandığı praktiki təcrübə onun peşəkar hazırlığının inkişaf
etdirilməsi baxımından vacib rol oynayıb. Hərbi qulluqçumuz qardaş ölkədə,
həmçinin, sualtı dalğıc proqramı üzrə təlimi bacarıqla başa çatdırıb.
2012-2014-cü
illərdə Təhmasib Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbində (hazırda
Daxili Qoşunların Ali Hərbi Məktəbi) təhsil alıb.
2014-cü
ilin iyul ayından başlayaraq artıq zabit rütbəsində hərbi karyerasında irəliləyib.
Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən “N” saylı hərbi hissəsinin
patrul taborunda taqım komandiri vəzifəsinə irəli çəkilib. 2015-ci ilin aprel
ayında həmin hərbi hissədə komendant bölüyündə taqım komandiri vəzifəsinə
keçirilib. 2016-cı ilin dekabrında isə ona hərbi hissənin xüsusi təyinatlı
dəstəsində atəş təminatı qrupunun komandiri vəzifəsi etibar olunub.
Təyin
olunduğu bütün bu məsul vəzifələrdə Təhmasib komandanlığın etimadını
doğrultmağa çalışıb. Xidməti fəaliyyətindəki uğurlu nəticələrə görə dəfələrlə
mükafatlandırılıb. 2019-cu ilin iyun ayının 29-da 10 təqvim ili qüsursuz xidmət
etdiyinə görə 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib.
Hərbi
hissədə keçirilən mərasimlərdə bayraqdar olmaq Təhmasibə tapşırılıb, sıranın
önündə əlində döyüş bayrağı qürurla addımlayıb.
Zabitimiz
özünü və tabeliyindəki şəxsi heyəti ötən illər ərzində Vətənin müdafiəsi və
ərazi bütövlüyümüzün bərpa olunması uğrunda döyüş tapşırıqlarının yerinə
yetirilməsinə hazırlayıb. O, silahdaşlarına ən böyük arzusunun məcburi köçkün
adını öz üzərindən götürmək olduğunu söyləyib.
Baş
leytenant T.Mustafayev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində
qoşunların “N” saylı hərbi hissəsinin xüsusi təyinatlısı kimi iştirak edib.
Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının ərazisindən keçməklə Şuşayadək davam
edən döyüş yolunda erməni işğalçılarına qarşı cəsurluqla vuruşub. İşğalına son
qoyulan Cəbrayıl rayonunun doğma torpağına uzunillik həsrətdən sonra qədəm
basmaq, havası ilə nəfəs almaq, bulaqlarından su içmək Təhmasibin şəhidlik
ərəfəsində taleyinə yazılıb. Ailəsinə göndərilən mobil telefon çəkilişi
videolarında onun Cəbrayılda olduğu anlarda ruh yüksəkliyini, nikbin ovqatla
danışdığını müşahidə etmək olar.
Cəbrayıl
rayonu ərazisində olduğu günlərin birində baş leytenant T.Mustafayev öz
həyatını riskə ataraq, gecə vaxtı bu istiqamətdə hərəkət edən hərbi
avtomobillərimizin minalanmış sahəyə daxil olmasının qarşısını alaraq,
təhlükəsiz yerə istiqamətləndirib.
Şuşa
ətrafındakı döyüşlərdə baş leytenant T.Mustafayevin rəhbərlik etdiyi qrup
xüsusilə fərqlənib. Belə ki, Şuşa-Laçın yolu üzərindəki yüksəklikdə yerləşən
düşmən postları döyüşçülərimiz tərəfindən alınıb, işğalçıların bir neçə
texnikası, onlarla canlı qüvvəsi məhv edilib. Bu uğurlu döyüş nəticəsində qeyd
olunan yol nəzarətə götürülüb. Bununla yanaşı, Təhmasibin özü və tabeliyindəki
hərbi qulluqçular tərəfindən Şuşa ətrafında erməni hərbçilərinin bir sıra atəş
nöqtələri də susdurulub.
Mərd
zabitimizlə birgə döyüşlərdə iştirak edən müddətdən artıq həqiqi hərbi xidmət
hərbi qulluqçuları baş çavuş Sabir İmanov və çavuş Ramiq Novruzov birdirdilər
ki, müharibədə komandirin şəxsi nümunəsi mühüm amildir. Təhmasib zabit və
komandir olaraq öz qorxmazlığı, dəyanəti, mənəvi-psixoloji dəstəyi ilə
tabeliyindəkilərə qələbə əzmi aşılayıb. Ən təhlükəli anlarda öz iradəsi ilə
silahdaşlarını döyüşə ruhlandırıb.
Silahdaşlarının
verdikləri məlumata görə, 2020-ci il noyabrın 4-də Şuşa-Laçın yolu üzərindəki
yüksəkliyin müdafiəsində dayanan zaman baş leytenant T.Mustafayev yaralı
döyüşçülərimizin olduqları postlara özünü yetirib, onlara ilk yardım
göstərilməsini təşkil edib. Ancaq düşmənin mövqelərimizi minaatanlardan
şiddətli atəşə tutması nəticəsində o, mərmi qəlpələrindən ağır yaralanaraq
şəhid olub. Şəhidin cəsədi noyabrın 9-da döyüş zonasından çıxarılıb.
14.11.2020-ci il tarixdə ailəsinə verilən ölüm haqqında şəhadətnamədə zabitin
şəhid olduğu gün 09.11.2020-ci il göstərilib.
Şəhid
hərbi qulluqçumuz 11.11.2020-ci il tarixdə Biləsuvar rayonunda yerləşən,
cəbrayıllı məcburi köçkünlərin məskunlaşdıqları qəsəbənin qəbiristanlığında
dəfn olunub.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il və
29.12.2020-ci il tarixli müvafiq sərəncamları ilə baş leytenant T.Mustafayev
ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Şuşanın
azad olunmasına görə” medalları ilə təltif edilib. Həmçinin, Azərbaycan
Respublikası müdafiə nazirinin 28.12.2020-ci il tarixli əmri ilə baş leytenant
T.Mustafayev ölümündən sonra 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”
medalı ilə mükafatlandırılıb.
Təhmasib evli idi, Faidə adlı körpə qız övladı onun yadigarıdır. Doğmaları və bütün onu
tanıyanlar xalqımızın fədakar oğlu kimi Təhmasib haqqında qürurla danışırlar. “APA” TV-nin şəhid barədə hazırladığı süjetdə anası deyib ki, Təhmasib Vətəni, torpağı, bayrağı çox sevən oğul idi. Ananın “mən o cür övlad yetişdirib Vətənə xidmət üçün göndərmişəm” sözləri vətənpərvərlik məfhumunun mənəvi dəyərlərin zirvəsində dayandığının isbatıdır.Qeyd
edim ki, Təhmasibin xalası oğlu gizir Vüsal Rüstəmov da Vətən müharibəsində
iştirak edərək şəhid olub.
Tezliklə
Cəbrayıl və işğaldan azad edilən digər rayonlarımız bərpa olunacaq,
soydaşlarımız öz yurdlarına qayıdacaqlar. Bu qayıdış üçün canlarını qurban
vermiş şəhidlərimizin xatirəsi daim ehtiramla anılacaq. Vətən torpağında
şərəfli iz qoymaq, elin yaddaşında unudulmamaq əbədi yaşamaq deməkdir.
Məqaləni
şəhidlik və əbədiyyəti bütöv bir məfhum olaraq bədii çalarlarla dolğun ifadə
etmiş döyüşçü-şair, veteran mərhum Elxan Xəzərin “Ölməzlik” şeirindən iki
bəndlə yekunlaşdırıram:
Məzarı səngərdir, başdaşı qalxan,
Deməyin,
məhv oldu, öldü şəhidlər.
Tanrının
verdiyi halalca ömrü
Bizimlə
yarıya böldü şəhidlər.
O, qola güc verdi, başqası dilə,
Odlu
silahını götürdü ələ.
Düşmənin
izini öz qanı ilə
Torpağın
üstündən sildi şəhidlər.
Allah rəhmət eləsin!
Yalçın Abbasov,
DİN-in
Daxili Qoşunlarının
veteranı, tədqiqatçı-jurnalist