Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

DÜŞMƏNİMİZİN XİSLƏTİ: MƏKR, SAXTAKARLIQ, İŞĞALÇILIQ, MİLLİ VƏ DİNİ DÖZÜMSÜZLÜK, BARBARLIQ...

        Dünya tarixində dövlətlər və xalqlar arasında düşmənçiliyə dair saysız-hesabsız fakt qeydə alınıb. Düşmənçiliyin müxtəlif səbəbləri olduğu kimi, düşmənlərin xarakterik keyfiyyətləri də fərqlidir. Əlbəttə, ayrı-ayrı dövlətlərin və xalqların münasibətlərinin düşmənçilik həddinə gəlib çatması faciəvi bir gerçəklik olsa da, bu məsələdə kimin düşmənçiliyi başlatdığı, öz hərəkətləri ilə buna təkan verdiyi, sülh əvəzinə müharibə seçimi etdiyinin ayırd olunması obyektivlik naminə vacib məqamdır.

        Azərbaycanın düşməni hamıya bəllidir. Ölkəmizə hərbi təcavüz etmiş, bizim ərazimizdə etnik separatizm ocağını alovlandırmış, həmvətənlərimizi soyqırıma məruz qoymuş, habelə qaçqın və məcburi köçkün vəziyyətinə salmış Ermənistan sülh əvəzinə müharibəni seçmiş, düşmənçiliyi başlatmış dövlətdir. 

        Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Ermənistan dövlətinin faşist ideologiyası barədə bunları deyib: “Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı məhv etdik”.

        Ermənistanın hazırda yerləşdiyi coğrafi ərazi tarixən ona məxsus olmayıb, xalqımızın qədim yurd yerlərindən, üzərində onun izləri hələ də qalan obalarından biridir. Xarici havadarları erməniləri həmişə özgəsinin torpağında məskunlaşdırıblar. Torpaq və himayə vədi əvəzində ermənilərdən neçə əsrdir ki, İslam və Türk dünyaları əleyhinə geosiyasi məqsədlər üçün istifadə olunub. Belə bir riyakar siyasət məğzi dəyişmədən, yeni formatlarda bu gün də davam etdirilir. 

        Özgənin torpağından bəhrələnən ermənilərə vətən hissi, ana yurdu duyğusu yaddır. Onlar gəlmə olduqları torpağa heç vaxt can yandırmayıblar, həmişə yağmalamaq üçün yeni-yeni ərazilərə göz dikiblər. İşğal etdikləri və sonucda qovulduqları yerlərdə “yandırılmış torpaq” cinayətləri ermənilərin nişanəsidir.

        Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev öz çıxışlarında erməni vandalizminin mahiyyətini dəfələrlə ifşa edib: “Onlar hesab edirdilər ki, bütün evlər yerlə yeksan edilərsə, azərbaycanlılar o torpaqlara qayıtmayacaqlar. Ermənilər hesab etmirdilər ki, Azərbaycan o faciədən sonra ayağa dura biləcək, möhkəmlənə biləcək, zəngin təbii ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edib, ölkəmizi inkişaf etdirə biləcək, bu torpaqları, əraziləri bərpa edə biləcək”.

       Bu toplum tarixdə öz saxtakarlığı və fitnələri ilə ad çıxarıb. İstifadə etdikləri əlifba belə oğurluqdur. Artıq bu məsələ ilə bağlı ortaya çıxan bir sıra tədqiqatlarda erməni əlifbasındakı hərflərin Efiopiya (Həbəşistan) əlifbasından mənimsənildiyi göstərilir.

       Dünyada xristian dinini ilk qəbul edən xalqlardan biri olduqları barədə də ermənilər mif yaradıblar və bu yalanı beynəlxalq ictimaiyyətə sırımaq üçün uzun illərdir təbliğat aparırlar. Halbuki, xristianlığa dair çoxşaxəli informasiya qaynaqlarında bu toplumun dindarları və tarixçilərinin iddiaları öz təsdiqini tapmır. Özü də ermənilərin qədim alban kilsələrinə yiyələnərək bu məbədləri özününküləşdirmək, ilk xristian dövlətlərindən biri olmuş Qafqaz Albaniyasına aid memarlığı, əlyazmaları, sənətkarlıq nümunələrini saxtalaşdırmaq yönündə atdıqları addımlar təkzibedilməz faktlarla sübut olunub və ifşa edilib.

       Ümumiyyətlə, erməni saxtakarlığında uydurulan miflər xüsusi yer tutur. Tarixdə guya “Böyük Ermənistan” dövlətinin mövcud olduğu barədə müxtəlif kürsülərdən səsləndirdikləri, kitablarda əks etdirdikləri dezinformasiya isə erməni mifologiyasının əsas tezisidir. Həmin tezisə görə, indiki Ermənistan dövləti “Böyük Ermənistan”ın kiçik bir hissəsidir və ətraf ölkələrə qarşı açıq-aşkar ərazi iddiaları irəli sürülür. “Böyük Ermənistan”ın qondarma xəritəsinə ermənilər Azərbaycan, Türkiyə, İran, Gürcüstan və digər ölkələrin ərazilərini daxil ediblər. Saxta tarix üzərində şovinizm ideologiyasını formalaşdıraraq, nəsildən-nəsilə öz törəmələrinə “milli müstəsnalıq” mifini aşılayırlar. Ermənistanın dövlət gerbində Türkiyə Cümhuriyyətinin ərazisində yerləşən Ağrı dağının (ermənilər onu “Ararat” adlandırırlar) təsviri verilib. Başqa dövlətin coğrafi məkanının təsvirini ermənilərin öz gerblərində əks etdirməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır, habelə birmənalı şəkildə düşmənçilik hərəkətidir. 

       Məlum olduğu kimi, ermənilər özlərini dünyaya guya türklər tərəfindən soyqırıma məruz qalan millət kimi təqdim edirlər. Bu “soyqırım”ın 1915-ci ildə törədildiyini hər il aprelin 24-də dünyaya car çəkirlər. Öz paytaxtlarında qondarma “soyqırım” abidəsi də ucaldıblar. Bir sıra ölkələrin parlamentlərində “erməni soyqırımı” haqqında qətnamələrin qəbuluna da nail olublar. Ancaq tarixi həqiqət ondan ibarətdir ki, məhz türk xalqları ermənilər tərəfindən soyqırıma məruz qalıblar. Birinci Dünya müharibəsi zamanı Osmanlı dövlətinin şərq əyalətlərində erməni silahlı dəstələri türk əhalisinə qarşı dəhşətli qətliamlar törədiblər. Təəbəsi olduqları Osmanlı dövlətinə qarşı müharibə vaxtı arxadan zərbə vuran ermənilərin bu kimi xəyanətkarlığının davamlı olmasına dair tutarlı sübutlar var.

        1918-ci ilin mart ayında erməni silahlı dəstələri Azərbaycanın şəhər və kəndlərində soydaşlarımıza qarşı amansız soyqırım aktları həyata keçiriblər. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bu qanlı cinayətlərin istintaqı aparılıb və ermənilərin vəhşilikləri barədə faktlar sənədləşdirilib. AXC-nin süqutundan sonra həmin hadisələri əks etdirən sənədlər “məxfi” qrifi altında xalqdan gizlədilib. Yalnız Azərbaycan müstəqil olduqdan sonra bu sənədlər işıq üzü görüb.

        Öz cinayətlərini başqasının adına yazmaq, özlərini əzabkeş kimi göstərmək, gerçək tarixi təhrif etmək, dünyada güc sahibi olan qüvvələrə yarınmaq üçün oyunlar qurmaq, bəxşişlər vermək, mənfur planlarının icrasında lazım gələrsə, qadın faktorunu irəli çəkmək düşmənimizin xislətidir.

         İkinci Dünya müharibəsi zamanı ermənilərin bir sıra hərbi və dövlət xadimləri faşistlərlə yaxından əməkdaşlıq ediblər. Onların arasında hərbi cinayətkar, erməni ideoloqlarından biri Qaregin Njde xüsusilə fərqlənib. Müharibədən sonra bu faşist əlaltısı həbs olunaraq 25 il müddətinə azadlıqdan məhrum edilib, şərəfsiz ömrünü cəzaçəkmə müəssisəsində başa vurub. Ermənistanın paytaxtında Q.Njdeyə heykəl qoyulub. Belə bir şəxsə heykəl ucaldan ermənilərin faşist ideologiyasının daşıyıcısı olduqlarına heç kəsdə şübhə yeri qalmır. Q.Njde, Drastamat Kanayan, Zori Balayan kimi daşnak təfəkkürlü erməni xadimlərinin əkdikləri nifrət, dözümsüzlük, təcavüzkarlıq, barbarlıq toxumu düşmənimizin həyata baxış sistemində, özünüdərkində dərin izlər qoyub. Erməni cəmiyyəti onu fəlakətlərə sürükləyən belə çürük ideoloji buxovlardan xilas ola bilmədi.

         Münaqişəyə baiskar olan ermənilər onlara öz torpağında sığınacaq vermiş, həmişə insani münasibət göstərmiş, süfrəsinin çörəyini belə əsirgəməmiş azərbaycanlıların yaxşılıqlarının üstündən qara xətt çəkdilər.

          Birinci Qarabağ müharibəsində ermənilər xarici havadarlarının dəstəyi sayəsində, eləcə də Azərbaycanın irimiqyaslı müharibəyə hazır olmaması, zəif dövlətçiliyi, daxili ictimai-siyasi böhranla üzləşməsi, ordumuzdakı pərakəndəlik səbəbindən ərazimizin iyirmi faizini işğal etdilər. XX əsrin ən dəhşətli soyqırımlarından biri ermənilər tərəfindən işğal olunan Xocalıda baş verdi. Müharibə zamanı ermənilər uşaq, qoca, qadını fərq qoymadan hədəfə aldılar, dinc sakinləri əsir götürdülər, onlara işgəncələr verdilər. İtkin və əsir düşən soydaşlarımızın bir qisminin taleyi bu günədək məlum deyil.

         Qədim diyarımız Naxçıvanı Ermənistan öz sərhədləri boyu ötən əsrin 90-cı illərinin əvvəllərindən bu günədək blokadada saxlayır. Bir neçə rayonumuzu sudan məhrum etmək üçün ermənilər bəzi çaylarımızın qarşısını kəsdilər, ələ keçirdikləri şəhər, qəsəbə və kəndlərimizi viran qoydular. Təbii sərvətlərimizi talan edib pul qazandılar. Məscidlərimizi dağıtdılar, donuz saxlanılan tövləyə çevirdilər. Toponimlərimizi dəyişdilər, abidələrimiz, qəbiristanlıqlarımız vandalizmə məruz qaldı.

        Ermənilər bu müharibə vasitəsilə bizə ağır zərər vursalar da, ölkəmiz uzunmüddətli atəşkəs dövründə gücləndi, inkişaf etdi, Ermənistan isə inkişafdan qaldı, ildən-ilə gerilədi, özünü tükəndirdi. Onlar elə zənn edirdilər ki, uzun çəkən işğal dövründən sonra biz ərazi itkisi ilə barışacağıq. Sərsəm bəyanatlar verərək erməni siyasətçiləri Dağlıq Qarabağı Ermənistanın bir parçası hesab edirdilər. Sabiq erməni prezidentlərindən biri hətta demişdi ki, onlar Qarabağ məsələsində məqsədlərinə nail olublar, Ağrı dağı məsələsini həll etmək isə gələcək nəsillərin üzərinə düşür. Göründüyü kimi, erməni lovğalığı, ambisiyaları, xülyaları onları reallıqlardan xeyli uzaqlaşdırmışdı. 

         2020-ci ilin 27 sentyabr - 9 noyabr tarixlərini əhatə edən Vətən müharibəsində Azərbaycan Birinci Qarabağ savaşında başa çatdıra bilmədiyi mühüm missiyanı yerinə yetirdi - itirdiyimiz torpaqların erməni işğalında qalmasına son qoydu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətlə vuruşan Silahlı Qüvvələrimiz xalqımıza zəfər sevinci və qürurunu bəxş etdi. Müharibədə məğlub olan Ermənistanın mənfur planları da iflasa uğradı. İşğalçılığa, terrorçuluğa, şovinizmə söykənən dövlət siyasəti yürüdən Ermənistan uçuruma yuvarlanmağa məhkumdur.

Yalçın Abbasov,

DİN-in Daxili Qoşunlarının

 veteranı, tədqiqatçı-jurnalist


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi