Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

“TORPAQLARIMIZI İŞĞALDAN AZAD EDƏNLƏRİN SIRASINDA OLMAQ QÜRURLUDUR”

Vətən müharibəsi zamanı məcburi köçkün ailələrindən olan, doğulduqları torpaqların həsrəti ilə yaşayan hərbi qulluqçular da döyüş əməliyyatlarında fəal iştirak etmiş və üzərilərinə düşən vəzifələri şərəflə yerinə yetirmişlər. Füzuli rayonundan məcburi köçkün gizir Şiraz Həsənov Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsində igidlik göstərib. Birinci Qarabağ müharibəsi zamanı ailəsini doğma torpaqdan didərgin salan düşməndən intiqamın alınacağı günü Şiraz səbrsizliklə gözləyib.

Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atası Elburus Həsənov, dayısı İsmayıl Həsənovun döyüş yolunu Şiraz şərəflə və ləyaqətlə davam etdirib.

1983-cü il aprelin 26-da Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olan hərbi qulluqçumuzun xidmət yolu zəngin və çoxşaxəlidir. O, 2001-ci ilin oktyabr ayından 2003-cü ilin aprel ayınadək Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. 5 ilə yaxın daxili işlər orqanlarında polis serjantı kimi xidmət edib. Daxili Qoşunlarda hərbi xidmətə 2008-ci ilin aprel ayından Bakıda yerləşən “N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində başlayıb. 2012-ci ilin avqust ayında müqaviləsinin vaxtı bitən qazimiz bir il Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində mühafizəçi vəzifəsində işləyib.

Xüsusi təyinatlıların sıralarında xidmət etmək onun uşaqlıq arzusu olduğuna görə yenidən, 2013-cü ilin noyabr ayında qoşunların Bakıdakı “N” saylı hərbi hissənin xüsusi təyinatlı bölməsində yarımqrup komandiri vəzifəsində xidmətə qəbul olunub. 2016-cı ilin noyabr ayında isə Daxili Qoşunların hacıqabul rayonunda yerləşən “N” saylı hərbi hissənin xüsusi təyinatlı bölməsində eyni vəzifəyə keçirilib.

Vətən müharibəsinədək olan dövrdə gizirimiz 3-cü və 2-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi” yubiley döş nişanı ilə təltif olunub.

Bir çox tədris kursunda təhsil alan qazimiz vaxt keçdikcə peşəkarlıq baxımından daha da püxtələşib. “N” saylı hərbi hissədə “Yarasa” şərti adı daşıyan xüsusi təyinatlı dəstənin komandiri, “Zəfər” ordeni və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmiş polkovnik-leytenant Anar Rizvanov dəstədə yarımqrup komandiri kimi xidmət etmiş gizir Ş.Həsənovun qardaş Türkiyə Respublikasında keçdiyi kurslarda qazandığı təcrübə, habelə yiyələndiyi biliklərdən müharibədə məharətlə bəhrələndiyini, düşmənə qarşı cəsurcasına vuruşduğunu, ümumilikdə, onun öz hərbçi bacarığı, müsbət şəxsi keyfiyyətlərinə görə silahdaşları arasında hörmət qazandığını vurğuladı.

27 sentyabr 2020-ci il tarixində Azərbaycan Ordusunun Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində qazimizin anadan olduğu Füzuli rayonunun Qaraxanbəyli kəndinin azad edilməsi döyüşlərə qatılan gizirimizdə ruh yüksəkliyi yaradıb. Döyüş yolunun sonu qələbə ilə yekunlaşsa da, həmin yolun çətinliklərini, ağrı-acılarını o heç vaxt unutmayacaq. Əvvəlcə Cəbrayıl, Füzuli rayonlarında mövqelərimizin müdafiəsi və ermənilərin diversiya-kəşfiyyat qruplarının qarşısının alınması üzrə tapşırıqları yerinə yetirən qazimizin daxil olduğu qrup sonra Şuşaya doğru istiqamət alıb.

Döyüşçülərimiz Şuşaya meşə və dağlıq ərazidən keçərək həmlə etmişlər. Onlar Hadrutdan Şuşa istiqamətində hərəkət edərkən meşədə düşmənin minaatanlardan atəşinə məruz qalıblar. Burada bir neçə nəfər hərbi qulluqçumuz şəhid olub və yaralanıb. Şiraz yaralanmış hərbi qulluqçularımıza ilkin tibbi yardım göstərib, onlara ağrıkəsici iynə vurub, sarğı və jqutla qanaxmalarını kəsməyə çalışıb.

Şiraz bildirdi ki, xidmət etdiyi hərbi hissənin bu müharibədə ilk şəhidi əsgər Nəzir Osmanovdur, ona ilk tibbi yardım göstərilməsinə baxmayaraq, başından aldığı qəlpə yarasından dünyasını dəyişib.

Mübarizə əzmi qırılmayan hərbi qulluqçularımız yaralı və şəhidlərin olmasına baxmayaraq, “irəli” əmri ilə düşmənin üstünə şığıyıblar. 2020-ci il noyabr ayının 4-də Şirazın daxil olduğu və digər qruplar Şuşa-Laçın yolu üzərindəki yüksəklikdə yerləşən düşmən postlarını alaraq, Şuşaya gedən yolu nəzarətə götürüblər. Tapşırığa əsasən, Şuşa-Laçın yolunun müdafiəsini digər qruplara verib, Şuşa-Xankəndi yolu istiqamətində irəliləyiblər. Onlara Şuşadan Xankəndiyə gedən yolu nəzarətə götürmək və Pənahəli xan qalası tərəfdən Şuşaya daxil olmaq tapşırığı verilib.

Qazimiz noyabrın 5-dən 8-nə kimi Şuşa ətrafında meşə və dərələrdə, Şuşa-Xankəndi yolunda gərgin döyüşlərin getdiyini bildirdi. Burada düşmənin çoxlu sayda texnikası və şəxsi heyəti məhv edilib. O, döyüşçü yoldaşını ölümdən qurtardığı məqam barədə də danışdı. Tapşırığa əsasən, pusqu qrupuna verilən gizir Ş.Həsənov və Daxili Qoşunların Hacıqabuldakı “N” saylı hərbi hissəsinin xüsusi təyinatlısı, pulemyotçu baş çavuş Cavid Mahmudov qoşunların Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlıları ilə birlikdə Xankəndidən Şuşaya gələn yolu bağlamalı idilər. Şiraz söylədi ki, Xankəndi istiqamətindən düşmən tanklardan və müxtəlif növ artilleriya ilə bizim qüvvələri atəşə tuturdu. Düşmən hiylə işlədərək, tankın içinə 2 nəfər diversant yerləşdirməklə bizim pulemyotçunun olduğu atəş nöqtəsini susdurmaq istəyirdi. Tankdan düşən diversantlardan birinin baş çavuş C.Mahmudova yaxınlaşdığını görür. Onu zərərsizləşdirmək üçün Şiraz düşməni dəqiq nişan alıb avtomatı ilə atəş açaraq məhv edir. Beləliklə, baş çavuş C.Mahmudovu düşmən gülləsinə tuş gəlməkdən qurtarır.

Daxili Qoşunların Hərbi Qospitalında müalicə olunan yaralı hərbi qulluqçularımızla görüş zamanı qoşunların Lənkərandakı “N” saylı hərbi hissəsinin xüsusi təyinatlısı çavuş Nicat Əlizadə (hazırda polis orqanında xidmətini davam etdirir) mənimlə söhbətində Şirazın qorxmazlığı ilə bərabər, həmçinin, döyüşçü yoldaşlarına münasibətdə yardımsevərliyini vurğuladı: “Noyabr ayının 6-sı Şuşa-Xankəndi yolunda düşmənin tankdan atəşi nəticəsində mərmi yanımıza düşmüşdü. Mən özümü qorumaq üçün səngərə tullanarkən qəlpə mənim sol əlimin 2 barmağını apardı, əlimdəki silahı isə 2 yerə böldü. Mənə dərhal Şiraz ürək-dirək verərək ilkin tibbi yardım göstərdi. Qanaxmanı dayandırmaq üçün qolumu jqutla möhkəm bağladı, sonra barmaqlarımın parçalanmasını görməyim deyə əlimi tənziflə sarıdı”.

Qazimiz noyabr ayının 7-si Pənahəli xan qalasında 120 mm-lik minaatan mərmisinin partlaması nəticəsində əlindən və qolundan çoxlu sayda qəlpə yarası alıb. Lakin buna baxmayaraq, yaralı halda həmin gün axşama qədər döyüşçü yoldaşları ilə birlikdə döyüşü davam etdirib. Şiraz Daxili Qoşunların “N” saylı hərbi hissəsinin xüsusi təyinatlıları kapitan Ramin Rəhimov və çavuş Elvin Məmmədovun ona zəruri ilkin tibbi yardım göstərdiklərini minnətdarlıqla söylədi. 

Hərbi qulluqçumuz noyabrın 8-i sanitar maşını ilə Hadruta, sonra Füzuli Rayon Xəstəxanasına aparılıb. Daha sonra, noyabrın 9-u müalicəsini davam etdirmək üçün Daxili Qoşunların Hərbi Qospitalına gətirilib.

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə gizir Şiraz Həsənov “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

İki övlad atası olan Şirazın müharibənin od-alovundan keçərək ailəsinin başına dönməsi doğmaları üçün böyük sevincdir.

                                                                                                      kapitan Sadıq Rəfiyev, 

DİN-in Daxili Qoşunlarının zabiti

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi