Doğum günü ata-baba yurdunun işğalı ilə eyni günə düşən şəhidimiz

           Vətən Müharibəsində igid oğullarımız torpaqlarımızın azadlığı uğrunda, Xocalı qatillərini məhv etmək üçün döyüşlərə qatıldılar. İllərdir qisas hissi ilə vətənpərvər gənclərimizin səbri tükənirdi.  27 sentyabr tarixi üzərimizdən xəcalət hissininin götürüldüyü, qalibiyyət uğrunda milli ruhumuzun şahə qalxdığı gün kimi tarixə yazıldı. Ramazanlı Əlizamin də bizə Böyük qələbə sevincini yaşadan qəhrəman oğulların sırasında yer alıb.

Ramazanlı Əlizamin Umud oğlu 2000-ci il mayın 9-da Bərdə rayonu Şirvanlı kəndində anadan olub. Əslən Xocalı rayonunun Kosalar kəndindəndir. Onun doğum günü ata-baba yurdunun işğalı günü ilə eyni tarixə düşürdü. Əlizamin 2006-cı ildə Şuşa rayon 19 nömrəli tam orta məktəbinin 1 sinfinə gedib, 2017-ci ildə həmin məktəbi bitirib. 2017-ci il iyulunda Sərhəd qoşunlarında hərbi xidmətə başlayıb, 2019-cu il il yanvarında hərbidən tərxis olunub. 

Ramazanlı Əlizamin Xocalıya bayrağımızı özüm sancacağam deyərdi. Görmədiyi ata-baba yurdu Xocalının Kosalar kəndində bayrağımızı qaldırmaq ən böyük arzusu idi. Buna görə də hərbçi olmağı qarşısına məqsəd qoyur. Hərbi xidməti bitirdikdən sonra yenidən Vətənin keşiyində durmağa qayıdır. 2020-ci il fevralın 13-də Sərhəd Qoşunlarında kəşfiyyatçı gizir kimi işə başlayır.

Qəhrəman Kosalar kəndinin şərəfli döyüş dastanı Əlizaminə həmişə qürur hissi verib. O, həmişə valideynlərindən Kosalar oğullarının döyüş yolunu soruşar, ata-baba yurdunun igidləri ilə fəxr edərdi. Əlizamin kiçik yaşlarından “Azərbaycanın Milli Qəhrəmanı” Tabil Həsənovun döyüş yolunu öyrənər, “Qırxqız qartalı” ləqəbli Tabil Həsənovu özünə örnək götürərdi.

Xocalı dərdi Əlizaminin də ürəyində bir nisgilə çevrilmişdi. Döyüşlərə qatılarkən Xocalının qisasını almağı qarşısına məqsəd qoymuşdu. Tovuz döyüşlərində olduğu kimi, Vətən Müharibəsində də ən ağır döyüşlərə qatılmaqdan çəkinmirdi. Onu uğrunda canını fəda etdiyi torpaqlar öz qoynuna çəkirdi. Vətən Müharibəsi başladığı gündən yalnız düşməni məhv etmək məqsədi ilə vuruşan Ramazanlı Əlizamin Murovdağ silsiləsinin alınması uğrunda döyüşlərdə iştirak edib, Kəlbəcər tərəfdə kəşfiyyat əməliyyatlarında ön sıralarda olub. Sonra Füzuli istiqamətində döyüşlərə qatılıb. Şəhid olduğu gün isə iş yoldaşını maşından düşürərək erməni öldürməyə mən gedəcəyəm deyib. Komandiri isə Əlizaminə sən yeni gəlmisən, gözlə desə də, o xahişində təkidli olub. Ramazanlı Əlizamin oktyabr ayının 9-da Hadrut uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş, həmçinin Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş kiçik gizir Ramazanlı Əlizamin Umud oğlu ölümüdən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Subay idi.

Şəhidimiz Bərdə şəhəri Şirvanlı kənd qəbiristanlığında dəfn edilib.

May ayının 9-u Ramazanlı Əlizaminin cənnətdə ilk doğum günüdür. Şəhidimizi dərin ehtiramla yad edirərək ruhuna dualar oxuyuq. Şəhidlər ölmür. Əlizaminin xatirəsi də qəlbimizdə əbədi yaşayacaqdır.

Yorum Gönder

Daha yeni Daha eski