Qalib Bəyməmmədoğlunun “Bu da mənim ürəyim” adlı kitabı işıq üzü görüb


              "Xocalının səsi” qəzetinin redaktoru, gənc şair Qalib Quliyevin “Bu da mənim ürəyim” adlı kitabı 35 illik yubileyi günü ərəfəsində işıq üzü görüb. Müəllifin geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş ilk kitabında Vətən sevgisi, yurd həsrətinə həsr etdiyi, qələbə müjdəli, nikbinlik dolu əsərləri, insan münasibətləri, dostluq, sevgidən bəhs edən, həyat həqiqətlərini göstərən, tərbiyəvi, nəsihətamiz tövsiyələrini, fəlsəfi düşüncələrini əks etdirən şeirləri təqdim olunur.

“Xarı bülbül” ədəbi məclisinin mənəvi dəstəyi ilə “Ecoprint”, nəşriyyatında çap olunan kitabın redaktoru yazıçı-publisist Azər Hacıbəylidir.

Qeyd edək ki, Qalib Bəyməmmədoğlu Xocalı rayon Kosalar kənd tam orta məktəbində İnformatika müəllimi işləyir, eyni zamanda “Xocalının səsi” qəzetinin, xocalınınsesi.info və kosalar.com saytlarının baş redaktorudur. Azərbaycan Jurnaslistlər Birliyinin üzvü, “Qarabağa Dönüş” İctimai Birliyinin İdarə Heyətinin üzvüdür. Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədridir.

 “Qələmimizi süngüyə çevirək” silsilə şeir, rəsm və yazı müsabiqələrinin təşəbbüskarıdır. Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdiyi müsabiqələrdə 5 dəfə III yerin, 1 dəfə I yerin qalibi olub. Qarabağ həqiqətlərinin, Xocalı soyqırımı nəticələrinin, erməni vəhşətinin ictimaiyyətə çatdırılmasında fəallığına görə Beynəlxalq Zaporojye Kazakları Birliyinin Ali Məclisinin, “Qafqaz – Media” İctimai Birliyinin (“İlin fəal gənci” və “Gənclərin dostu”) medalları ilə təltif edilmiş, digər mükafatlara layiq görülmüşdür.

Qalib Bəyməmmədoğlunu 35 illik yubileyi və ilk kitabının işıq üzü görməsi münasibətilə təbrik edir, ona cansağlığı, xoşbəxt həyat, ailə səadəti və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

  Bir qrup dostları

Yorum Gönder

Daha yeni Daha eski