Şuşada qalanan qələbə tonqalı ona qənşər olan Kosalar kəndinə inam işığıdır

     
       Qarabağda – Qırxqız dağının ətəyində füsunkar təbiətə malik bir kənd var. Hansı ki, mənfur düşmənlər dəfələrlə həmin kəndə hücum etsələr də, işğal edə bilməmişdilər. Erməni quldurları hər işğal planında xeyli itki verərək geri çəkilmişdi. Bu alınmaz qala uğrunda döyüşlərdə düşmənin verdiyi itkiyə görə Ermənistanda və Xankəndində 3 gün matəm elan olunub. Bu kənd Qəhrəmanlar yurdu, Qırxqızda qartal yuvası adlanan Xocalı rayonunun Kosalar kəndidir. 

        1992-ci il may ayının 8-də Şuşa şəhəri erməni qəsbkarları tərəfindən işğal olundu. Bu xəbər kəndə çatanda əhalinin son ümid çırağı da söndü. Beləliklə, düşmən əhatəsində qalan kəndin sakinləri Kosaları tərk etmək məcburiyyətində qaldılar. Çünki, kənd müdafiəçilərinin ərzaq, silah-sursat ilə təminatında Şuşa yeganə ümid yeri idi. Belə ki, Xocalı, Xankəndi işğal olunmuşdur. Şuşanın işğalı isə kəndin mühasirəyə düşməsinə gətirib çıxardı. Qız-gəlini çıxarmaq ümidi ilə Kosalar, Cavadlar, Başkənd, Yaloba, Canhəsən, Qaragav (Kosalar kənd nümayəndəliyi) döyüşçüləri Laçın istiqamətində geri çəkilmayə hazırlaşdılar. Artıq ermənillər bu istiqamətdə də hərbi texnika çıxardı. Əsas yolları nəzarətə götürdü. Burada da itkilər çox oldu. Məcbur olan əhali apara bilmədiyi texnikaya düşmənə qalmasın deyə od vuraraq dağlarla çıxmağa məcbur oldular. Son nəfəsinə qədər vuruşan Kosalar kəndi Dağlıq Qarabağda ən axırıncı işğal edilən kənddir.             

          I Qarabağ müharibəsində Kosalar döyüşçülərindən Həsənov Tabil Qasım oğlu (ölümündən sonra), Əhmədov Natiq İlyas oğlu (ölümündən sonra), Məmmədov Möhsüm Şahin oğlu “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. Əsgərov Xəzani Kərəm oğlu (ölümündən sonra) “Azərbaycan Bayrağı” ordeni ilə, Rüstəmov Eldar Əmir oğlu (ölümündən sonra), Ağayev Rasim Mirsalam oğlu (ölümündən sonra), Abdullayev Mahir Tanrıverən oğlu (ölümündən sonra), Məmmədov Sərvər Yelmar oğlu (ölümündən sonra), Quliyeva Zöhrə Lətif qızı (ölümündən sonra) “İgidliyə görə” medalı ilə təltif edilmişdir.                

        44 günlük Vətən müharibəsində də bu yurdun gəncləri könüllü olaraq döyüşlərə qatıldılar, qəhrəman oğulların şərəfli döyüş yolunu davam etdirərək Böyük Zəfər tariximizə öz imzalarını atdılar.

Bu gün xalqımız torpaqlarımızın işğaldan azad olunmasını böyük qürur və fəxr hissi ilə qeyd edir. Əminik ki, Şanlı Bayrağımız bütün Qarabağ torpaqlarında dalğalanacaqdır. Şuşada qalanan qələbə tonqalı ona qənşər olan Kosalar kəndi üçün ümid çırağı, inam işığıdır. Çox yaxın zamanda Kosalar kəndində də qələbə tonqalı qalayacağıq.

 

Yorum Gönder

Daha yeni Daha eski