Müharibədə zəfərin
qazanılmasında hərbi qulluqçuların döyüş qabiliyyəti və ruh yüksəkliyi mühüm
rol oynayır. Döyüş sınağında əsas olan insan amilidir. Düşmənə qarşı vuruşan
döyüşçünün qalibiyyət əzmi onun yenilməzliyinin təməlində dayanan başlıca cəhətdir.
Hərb tariximizin şərəfli
səhifəsi olan və bizi qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində
xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər,
torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər qədəmimizin
dəymədiyi, nəfəsimizin toxunmadığı, həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli
bayrağımızı qaldırdılar.
Daxili İşlər
Nazirliyi Daxili Qoşunlarının Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçularının
göstərdikləri igidlik nümunələri heç vaxt unudulmayacaq. Onlar xalqımızın gözlədiyi
Qələbə gününü reallığa çevirmək üçün öz layiqli töhfələrini veriblər. Bu yolda
şəhid və qazi olan silahdaşlarımızı tanıtmaq da vacib missiyadır.
Vətən müharibəsində
ağır yaralanaraq əlil olan və hərbi xidmətdən tərxis edilən çavuş Mədəni Polad
Əmir oğlunun keçdiyi döyüş yolu öz əqidəsinə, içdiyi anda sədaqət, döyüşçü fədakarlığı
nümunəsidir.
O, 1989-cu il mayın
30-da Şəki şəhərində anadan olub. Əmir Mədəni və Mənsurə Mədəninin üç
övladından biri və yaşca kiçiyidir. Atası 2013-cü ildə vəfat edib. Evli olan
qazinin 5 yaşında bir oğlu var.
Polad boya-başa
çatdığı Şəkidəki Rəşid Əfəndiyev adına 10 saylı orta məktəbdə təhsil alıb. 9
illik təhsildən sonra avtomobil təmiri üzrə texnik peşəsinə yiyələnib və bu sahədə
çalışıb. Onun yaşıdı olan gənclər uşaq ikən Dağlıq Qarabağda erməni separatizmi
baş qaldırıb. Bədnam qonşu Ermənistanın Azərbaycana qarşı ərazi iddiası səbəbindən
hərbi münaqişə başlayıb və getdikcə daha da alovlanıb. Bu münaqişə bir neçə nəslin
həyatında ağrı-acılı iz qoyub. Birinci Qarabağ müharibəsində respublikamızın ərazisinin
20 faizi işğal olundu, bir milyona yaxın vətəndaşımız məcburi köçkün vəziyyətinə
düşdü. Sonra atəşkəs rejimi şəraitində uzun illər bu gerçəkliklə yaşadıq. Ancaq
həmin dövrdə özündən əvvəlki nəsillərin döyüş ruhundan ilhamlanan vətənpərvər və
mübariz gənc nəsil yetişdi. Bu nəslin nümayəndələrindən biri də Poladdır.
2007-2009-cu illərdə
Polad Müdafiə Nazirliyinin Naxçıvan şəhərindəki “N” saylı hərbi hissəsində müddətli
həqiqi hərbi xidmət keçib. Kəşfiyyat bölməsində snayperçi olub, “çavuş” hərbi
rütbəsinədək yüksəlib.
2011-ci ilin noyabr
ayında Polad Daxili Qoşunların sıralarına müddətdən artıq həqiqi hərbi xidmətə
qəbul olunub. Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədə əvvəlcə xüsusi
vasitələrin tətbiqi dəstəsinin xüsusi vasitələrin tətbiqi qrupunun
yarımqrupunda atıcı, döyüş təminatı yarımqrupunda heyət nəfəri-atıcı vəzifələrinə,
sonra isə hərbi hissənin xüsusi təyinatlı dəstəsinə keçirilərək, xüsusi həmlə
qrupunun yarımqrupunda atıcı-snayper və snayper vəzifələrinə təyin edilib.
Vətən müharibəsinədək
olan hərbi xidməti dövründə ona göstərilən etimadı doğruldub, 3-cü dərəcəli
“Qüsursuz xidmətə görə” medalı ilə mükafatlandırılıb. Barəsində müxtəlif növ həvəsləndirmələr
tətbiq edilib.
2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayanda çavuş P.Mədəninin xidmət
etdiyi xüsusi təyinatlı dəstənin hərbi qulluqçuları döyüşə ilk atılanların sıralarında olublar. Polad bildirdi ki, Kəlbəcər rayonu istiqamətində Murovdağ yüksəkliyi, Cəbrayıl, Xocavənd, Qubadlı və Füzuli rayonlarının ərazilərində döyüş yolu keçib. Xüsusi təyinatlı kimi keçdiyi hazırlığın müharibə zamanı çox gərəyi olduğunu söylədi. Ümumilikdə, xüsusi təyinatlıların döyüş tapşırıqlarının yerinə yetirilməsində üstün cəhətdən fərqləndiklərini vurğuladı. İşğalçıların üzbəüz döyüşlərdə hərbi qulluqçularımızın həmlələrinə tab gətirə bilmədiklərini, mövqelərini atıb qaçdıqlarını dedi. Bizim döyüşən canlı qüvvənin sırasında həlakolma və yaralanma hallarının əsasən düşmənin qurduğu pusqu, basdırdığı minaların partlayışı və artilleriya atəşi nəticəsində baş verdiyini nəzərə çatdırdı. Qazi danışdı ki, döyüşlər vaxtı bir neçə dəfə pusquya düşüblər, itkilərimiz olub, ancaq həmin və-ziyyətdə də düşmənin layiqli cavabını veriblər. Həmçinin, işğalçıları pusquya saldıqları bir epizodu xatırladı. Belə ki, Füzuli rayonuna aid ərazidə qruplarla irəliləyərkən təcavüzkarın divizionunun yerləşdiyi sahəni təsbit ediblər. Burada 4 top və digər artilleriya vasitələri, xeyli sursat, 70 nəfərə yaxın şəxsi heyət aşkarlanıb. Xüsusi təyinatlı dəstənin komandiri polkovnik-leytenant Füzuli İmrəliyevin göstərişi ilə divizionun yerləşdiyi sahə mühasirəyə alınaraq atəşə tutulub və işğalçılar tələfata uğrayıblar, silah-sursat, texnika qənimət götürülüb.Poladın dediyinə görə,
müharibədə torpaqlarımızı öz canı bahasına işğaldan azad edən silahdaşlarından
bəzilərinin ölümü onun gözləri önündə baş verib. Onlardan baş leytenant Kamran
Kazımov, baş çavuşlar Vüqar Cəfərov və Əsgər Əhmədovun adlarını yada saldı.
Silahdaşlarının şəhid olmasından dərindən sarsılıb, ancaq onların qisasının
alınması, qanlarının yerdə qalmaması, xatirələrinin yaşadılması Polada müəyyən
qədər təskinlik verir.
Qazi qeyd etdi ki,
müharibənin öz çətinlikləri, əzab-əziyyətləri olur, lakin bütün bunlara onlar,
ilk növbədə, xüsusi təyinatlı kimi hazırlanmışdılar. “Ağır döyüşlər gedib,
yuxusuz gecələrimiz olub, saatlarla yağış altında qalaraq islanmışıq, bir neçə
gün paltarımız qurumayıb, texnikanı düşmən vurduğundan, bəzən təchizatı bizə
vaxtında çatdırmaq mümkün olmayıb, ancaq ruhdan düşməmişik, hər hansı çətinlik
qarşısında iradəmiz büdrəməyib, daim irəli getmək barədə fikirləşmişik,
komandirlərin əmr və tapşırıqlarını tərəddüd etmədən yerinə yetirmişik” - deyə
Polad düşüncələrini bölüşdü.
Onun sözlərinə görə,
hər bir insan kimi, döyüşçü də yaşamaq, öz arzularına qovuşmaq istəyir, özünəməxsus
xəyalları olur, ailəsini düşünür. Ancaq müharibə gerçəkliyində dərk edirsən ki,
hissə qapılmaq olmaz, qarşıda düşmən var, onun hədəfindəsən, müqəddəs torpağını
təcavüzkardan təmizləməlisən, geriyə qalib kimi dönməlisən. “Müharibə itkisiz
olmur, ölüm bir nəfəs qədər bizə yaxın idi, lakin ölüm qorxusu səni üstələməməlidir,
döyüş ruhu varsa, bu, insana mənəvi güc verir. Vətən yolunda şəhid və qazi
olmaq isə insan üçün şərəfli taledir”.
Polad söylədi ki,
işğaldan azad etdikləri ərazilərimizdə şəhərlər, qəsəbələr, kəndlər ermənilər tərəfindən
viran qoyulub, ətraf xarabalığa çevrilib, onlar qəbiristanlıqlara qarşı da öz vəhşiliklərindən
qalmayıblar.
2020-ci ilin oktyabr
ayının 15-də Füzuli rayonu ərazisində döyüş zamanı düşmən Poladın tərkibində
olduğu qrupun yerləşdiyi mövqeni müxtəlif növ artilleriyadan, zirehli
texnikalardan şiddətli atəşə tutub. Həmin vaxt biz tərəfdən ölən və
yaralananlar olub. Yaxınlığına düşən minaatandan atılan bir mərminin partlaması
nəticəsində xırda qəlpələr Poladın qollarını yaralayıb, ikinci mərminin
partlayışından yaranan qəlpə isə sağ ayağının dizdən aşağı nahiyəsini qoparıb,
bud nahiyəsi ağır dərəcəli zədələnib. Yaralandığı yer atəş altında olduğundan,
Poladın oradan çıxarılması bir neçə saat çəkib. Onu çıxartmağa can atan iki hərbi
qulluqçudan biri ölüb, digəri isə yaralanıb. Nəhayət, digər döyüşçülər yaralıya
yaxınlaşa bilərək, ərazidən çıxarıblar. Çətinliklə Füzuli rayonundakı xəstəxanaya
çatdırılıb, burada “sağ budunun yuxarı üçdə birinin travmatik amputasiyası”
diaqnozu qoyularaq cərrahi əməliyyat aparılıb. Xəstəxanadan Daxili Qoşunların
Qospitalına göndərilib. Qospitalda uzunmüddətli müalicə kursu keçib. Qaziyə
2-ci qrup əlillik dərəcəsi verilib.
Azərbaycan
Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli, 25 dekabr 2020-ci il tarixli, 29 dekabr 2020-ci il
tarixli müvafiq sərəncamları ilə çavuş Mədəni Polad Əmir oğlu “Cəsur döyüşçü”,
“Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə
təltif olunub.
Müxtəlif televiziya
kanallarında və sosial şəbəkələrdə qazimizin şərəfli döyüş yolu
işıqlandırılıb.
İnanıram ki, Polad
doğmalarının mənəvi dəstəyi ilə əlilliyin yaratdığı bütün çətinliklərin öhdəsindən
bacarıqla gələcək, canından artıq sevdiyi Vətən üçün layiqli övlad yetişdirəcək,
cəmiyyətimizə öz döyüş təcrübəsi ilə faydalı olmağa çalışacaq.
Yalçın Abbasov,
DİN-in Daxili Qoşunlarının veteranı, tədqiqatçı-jurnalist