Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

QƏHRƏMAN YURDUN DÖYÜŞ RUHUNU YAŞADAN İGİD

        Xocalı yurdu insanlarının torpağa bağlılığı, mübarizliyi ilə nümunə olmuşdur. Bu qədim yurd həm ziyalıları, həm də Milli Qəhrəmanları, döyüşkən oğulları ilə tanınır. Düşmən üzərinə hücuma atılmaq üçün günləri sayan, qisas hissi ilə alışıb yanan Xocalı igidləri Vətən Müharibəsində döyüşlərdə iştirak etmək arzusi ilə könüllü şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon şöbəsinə müraciət etdilər. Belə igid oğullardan biri də vətənpərvər, cəsur Şamil Məmmədlidir. 

        Məmmədli Şamil Kamil oğlu 1994-cü il avqust ayının 1-də Gəncə şəhər Kəpəz rayon Hacıkənd qəsəbəsində anadan olmuşdur. O, 2011-2012-ci illərdə Gəncə şəhər 17 saylı tam orta məktəbdə orta təhsil alıb. 2012-2016-cı illlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Dram kino aktyorluğu və rejissorluğu (Aktyor sənəti) ixtisasına yiyələnmişdir. 2013-2016-cı illərdə “Xəzər” rejissor köməkçisi və müxbir vəzifəsində çalışıb. Şamil 2016-cı ildə işindən ayrılaraq hərbi xidmətə yollanmışdır. O, Xocavəndin adsız yüksəkliklərində düşmənlə üzbəüz mövqelərdə hərbi xidmət həyatı çəkmişdir. Əsgərlik xidmətini nümunəvi şəkildə başa vurduqdan sonra - 2017-ci ildən hal-hazıradək Gəncə Dövlət Kukla Teatrı rejissor vəzifəsində çalışır.

        Şamil Məmmədli YAP Gəncə şəhər Kəpəz rayon inzibati ərazisində yerləşən Gəncə Dövlət Kukla Teatrının Yeni Azərbaycan Partiyası Təşkilatının sədridir. O, 2013-cü ildə Gəncə şəhərində keçirilən “Nizami Odlar Yurdu” beynəlxalq tədbirində 50 xarici ölkə nümayəndələri qarşısında çıxış etmiş və mükafatlandırılmışdır. 2015-ci ildə Xocalı soyqırımının 23 illiyinə həsr olunmuş “Xocalıya haray” bədii kompozisiyasının müəllifi və quruluşçu rejissoru olub. 2016-2017-ci illərdə “N” saylı hərbi hissədə düşmənlə üzbəüz mövqelərdə postda göstərdiyi ayıq-sayaqlığa görə hərbi hissə komandiri tərəfindən 2 dəfə “Təşəkkürnamə” alıb.  2019-cu il avqust ayında Türkiyə Cümhuriyyətinin Samsun şəhərində 4 gün ərzində nümayiş olunan 2 tamaşanın quruluşçu rejissoru olub. Şamilin təşəbbüskarlığı ilə Samsun şəhərində “Bayrağımızı tanıdaq” devizi altında Azərbaycan Bayraqları ilə avtoyürüş təşkil edilib. 


        Şamil uşaqlıq çağlarından görmədiyi ata-baba yurdunu daim təsəvvür etməyə çalışır. Bu məqsədlə babası, Xocalının dəyərli ağsaqqalı Kamran kişi ilə mütəmadi söhbətlər aparar, suallar verərdi. Kamran kişi hər dəfə Kosaların füsunkar təbiətə malik olduğunu, bu elin igidlərinin düşmən ocağına matəm saldığından danışardı. Təbii ki, Kamran kişi bununla bərabər, Qarabağın işğala məruz qalmasında ovaxtkı səriştəsiz hakimiyyətin günahlarının olduğunu da deyərdi. Qarabağ ağrısına dözə bilməyən, bu ağrını uşaq vaxtlarından özünə ağır mənəvi yük edən vətənpərvər Şamil düşmənə öz sözünü demək üçün fürsət gözləyirdi. Gənc Şamil Tovuz döyüşlərindən sonra könüllü olaraq döyüşlərə qatılmaq üçün müraciət edir. Vətənin çağırışına səs vermək imkanını əldən verməyən Şamil torpaqlarımızın ərazi bütövlüyünü təmin etmək uğrunda döyüşlərə getməmişdən əvvəl səksən yaşlı babası ilə görüşüb halallıq aldı. Torpaqlarımızın işğaldan azad olunacağına əmin olan babasını bir daha arxayın salaraq doğma Kosalara, Qırxqıza qayıdacağımızı deyərək 1 oktyabr tarixində həvəslə, sevinə-sevinə xidmətə yollandı. Şamil Ağdərə, Talış, Suqovuşan uğrunda ən ağır döyüşlərə qatılmaq üçün ön sırada dayandı. Xocalı igidi işğaldan azad olunan torpaqlarımıza qədəm qoyduqca, bu şərəfli günün sevincindən sanki göylərdə uçur, babasına xoş müjdəni bir də öz dili ilə çatdırmağa tələsirdi. N
urani ağsaqqal, Məşhəd ziyarəti etmiş Kamran kişi isə torpaqlarımızın alınması xəbərini eşitdikcə ürəyi qürrələnir, nəvəsi ilə birlikdə çiyin-çiyinə, nəfəs-nəfəsə döyüşən xalqımızın qəhrəman oğullarına dayanmadan dualar edirdi. Onun ən böyük arzusu yerinə yetdi. Qarabağ işğaldan azad edildi. Təəssüf ki, ömür vəfa etmədi Kamran kişiyə. Şamilin gəlişini gözləmədən əbədi rahatlıq və qürurla aramızdan ayrıldı. Onun ruhu hamıdan əvvəl Kosalar torpağına qayıtmaq üçün pərvaz etdi. Ruhun şad olsun, Kamran kişi. 

        Şamil Məmmədli döyüşlər zamanı RPK quru ixtisası üzrə döyüşsə də, 60 mm-lik minatanlarının mükəmməl tuşlayıcısı olduğu üçün hər iki silahdan istifadə edərək bir neçə dəfə düşmən postunu və kameralarını partladıb. Qorxmaz Şamil həm döyüşüb, həm də yaralıların döyüş mövqeyindən çıxarılmasına kömək edib. Atalar yaxşı deyib “Ot kökü üstə bitər.” Şamilin atası Kamil Məmmədov da I Qarabağ Müharibəsində ən fəal döyüşçülərdən biri olub. Ona görə də Kosalar camaatı kəndin müdafiəsi uğrunda gedən döyüşlərdə Kamilin göstərdiyi hünərləri təsdiqləyir, onun yaxşı döyüşçü kimi şücaətlərindən danışırlar. 

        Şamil Məmmədli döyüşlərdən qayıtdıqdan sonra Amerikanın “Respublic Undegound” saytı ondan müsahibə götürüb, müxtəlif kütləvi informasiya vasitələrində onun haqqında məqalələr dərc edilib. 

        Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin medallarla təltif etdiyi döyüşçülərimizin sırasında Şamil Məmmədlinin də adı vardır. Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyi üçün Məmmədli Şamil Kamil oğlu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.  

        Qəhrəman, döyüşkən elin ruhunu öz əməllərində yaşadaraq Böyük Zəfər tariximizə adını yazdıran Şamil bundan sonra da lazım gələrsə Vətənin müdafiəsinə qalxmağa hazırdır. Bir oğul atası olan Şamil örnək döyüş yolunu davam etdirərək torpağa bağlılıq, Vətəninə, xalqına məhəbbət hislərini övladına və gələcək nəsillərimizə aşılayacaqdır.

 


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi