Azərbaycanın
30 ilə yaxın müasir müstəqillik dövrünün 28 ili respublikamızın ərazisinin bir
hissəsinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altında qalması ilə
keçib. Bir milyona yaxın soydaşımız həmin illəri doğma yurd həsrəti ilə
yaşayıb. Minlərlə məcburi köçkün vətəndaşımız, soyqırım qurbanları və
şəhidlərin doğmalarının bir qismi düşməndən qisas alındığı, onun məğlub
edildiyi günləri görmədən dünyadan köçüb. Qarabağlı olaraq Qarabağsız böyüyən
yeni nəsil yetişib. Bir sıra mədəni və təbii sərvətlərimiz işğal dövründə
həmişəlik olaraq itirilib. Şübhəsiz ki, dövlətimiz və xalqımız üçün belə bir
ağır gerçəklik qəbuledilməz idi. Torpaqlarımızın işğalına sülh yolu ilə son
qoyulacağına bu uzun illər ərzində heç kəsdə inam qalmamışdı. Məhz Vətən
müharibəsinin başlaması və tarixi zəfərimizlə başa çatması dövlətimizin
həyatında şərəfli bir səhifənin bünövrəsini qoydu. 2020-ci ilin 10 noyabr
tarixində qalib dövlətə çevrildik.
Azərbaycanı
layiq olduğu, haqq etdiyi qalib dövlətə çevirən igid oğulların fədakarlığı
unudulmazdır. Onların hər birinin döyüş yolundan iftixarla danışılır,
şəhidlərin xatirəsinə və qazilərə ümumxalq ehtiramının şahidi oluruq. Şəhidlər
bizə örnək olan qeyrət məktəbini miras qoyublar.
Vətən
müharibəsində ərazi bütövlüyümüzün bərpası naminə həyatını qurban verən Daxili
İşlər Nazirliyi Daxili Qoşunlarının xüsusi təyinatlıları siyahısında gizir
Tağızadə Cahid Vahid oğlunun da adı var. O, 12 fevral 1988-ci ildə Bərdə
rayonunun Mirzalıbəyli kəndində anadan olub. Vahid Tağızadə və Reyhan
Tağızadənin 3 oğlundan biri, ailənin ilk övladı olan Cahid valideynləri
tərəfindən el-oba qədrini bilən, xeyirxah, ailəcanlı, zəhmətkeş, dürüst,
ləyaqətli gənc kimi yetişdirilib. Mirzalıbəyli kəndindəki Əsman İsmayılov adına
tam orta məktəbi bitirib. Müsbət şəxsi keyfiyyətlərinə görə həmkəndlilərinin
hörmətini qazanıb. Cahid yeniyetməlik yaşlarından idmana maraq göstərib,
fitnes, ağırlıqqaldırma ilə məşğul olub. Hələ orta məktəbdə oxuduğu illərdə
Cahiddə hərbçi peşəsinə rəğbət yaranıb. Bu rəğbəti barədə ailə üzvləri və
yoldaşları ilə söhbətlərində danışıb. Hərbi xidmət haqqında mətbuatda,
televiziyada verilən informasiyalara xüsusi diqqət yetirib. Onun uşaqlıq,
yeniyetməlik, gənclik illəri Birinci Qarabağ müharibəsi və atəşkəs dövrünə
təsadüf edib. Yaşadığı Bərdə rayonu ön cəbhəyə yaxın olduğundan, Birinci
Qarabağ müharibəsi zamanı buraya xeyli sayda məcburi köçkün pənah gətirib.
Döyüş zonasına göndərilən hərbi texnika və canlı qüvvədən ibarət karvanlar
buradan dəfələrlə keçib. Həmçinin, rayondan yüzlərlə gənc o vaxt
torpaqlarımızın müdafiəsinə yollanıb. Bununla yanaşı, o dövrdə rayonun tibb
müəssisələrinə yaralılar gətirilib, habelə neçə-neçə şəhidin tabutu müxtəlif
ünvanlara aparılıb. Tağızadə ailəsinin yaddaşında bütün bunlar izsiz qalmayıb.
2006-cı
ilin iyul ayında Cahid müddətli həqiqi hərbi xidmətə çağırılıb. Daxili
Qoşunların sıralarında hərbi xidmət borcunu vicdanla yerinə yetirib. 2008-ci
ilin yanvar ayında qoşunların Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsindən
ehtiyata buraxılıb. Cahid bir neçə ay sonra yenidən Daxili Qoşunların
sıralarına qayıdıb. 2008-ci ilin iyun ayının 25-dən etibarən qoşunların Bərdə
rayonundakı “N” saylı hərbi hissəsinə müddətdən artıq həqiqi hərbi xidmətə
qəbul olunub. Burada minaatan batareyasının minaatan taqımında minaatan
komandiri vəzifəsinə təyin edilib. Hərbi xidmətdə əzmkarlığı və çalışqanlığı
ilə komandanlığın etimadını doğruldub. O, bu hərbi hissədə motoatıcı bölükdə
zenit-raket heyətinin rəisi, xüsusi təyinatlı dəstənin həmlə qrupunda yarımqrup
komandiri vəzifələrinə irəli çəkilib. Müvafiq kursu müvəffəqiyyətlə başa
vuraraq “gizir” hərbi rütbəsinədək yüksəlib. 2012-ci ilin dekabr ayından
xidmətini davam etdirmək üçün qoşunların Zaqatala rayonunda yerləşən “N” saylı
hərbi hissəsinə keçirilib. Hərbi hissədə xüsusi təyinatlı dəstənin həmlə
qrupunda yarımqrup komandiri, habelə atəş təminatı qrupunda minaatan yarımqrup
komandiri, eləcə də atəş təminatı qrupunda dəzgahlı qumbaraatan yarımqrupunun
komandiri kimi ona etibar olunan vəzifələrdə öz təşkilatçılığı, icraçılığı,
tabeliyindəki şəxsi heyətlə işləmək bacarığı, qarşıya qoyulan tapşırıqların
yerinə yetirilməsinə məsuliyyətlə yanaşmağı ilə fərqlənib.
2013-cü
ilin iyul-oktyabr aylarında Cahid Türkiyə Cümhuriyyətinə ezam edilərək,
Eyirdir-İspartada yerləşən Türkiyə Silahlı Qüvvələrinin Dağ Komando Məktəbi və
Təlim Mərkəzi Komandanlığının Dağ komando kursunu keçib. Xüsusi təyinatlı kimi
belə bir kursu bitirməsi peşəkar hazırlığının inkişaf etdirilməsi və qiymətli
təcrübə toplaması baxımından onun fəaliyyətində xüsusi rol oynayıb.
Vətən
müharibəsinədək hərbi xidməti dövründə gizir C.Tağızadə III dərəcəli “Qüsursuz
xidmətə görə” medalı ilə mükafatlandırılıb, şəxsi işində ona tətbiq olunan
müxtəlif növ həvəsləndirmələr də qeyd edilib.
2020-ci
ilin avqust ayında Cahid Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində təşkil
olunan xüsusi təyinatlı bölmələrin taktiki təlimlərində iştirak edərək, döyüş
hazırlığı baxımından öz məharəti ilə seçilib.
Vətənin
müdafiəsinə, torpaqlarımızın işğalına son qoyulmasına hazır olmaq əqidəsi ilə
xidmət edən Cahid və silahdaşları üçün ən şərəfli və çətin sınaq anı nəhayət
yetişdi. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən
müharibəsi xüsusi təyinatlılarımızın yüksək döyüş qabiliyyətinə malik
olduqlarını göstərdi. Daxili Qoşunların Zaqatala rayonundakı “N” saylı hərbi
hissəsindən ön cəbhəyə göndərilən gizir C.Tağızadə müharibənin ilk günündən
döyüşə atılıb, erməni işğalçılarına qarşı cəsurluqla vuruşub. Onun döyüş yolu
Murovdağ yüksəkliyi, Füzuli və Cəbrayıl rayonlarının ərazilərindən keçib.
Cahidlə
birgə döyüşmüş gizir Sakit Fərzəliyev, müddətdən artıq həqiqi hərbi xidmət
hərbi qulluqçuları baş çavuş Malik Niftəliyev və baş əsgər Fərrux Alagözovla
söhbət zamanı onun vətənpərvər, iradəli və qətiyyətli olduğunu söylədilər.
Qorxmadan düşmən postlarının üzərinə həmlələr etdiyini, sərrast atışları ilə
onun bir sıra atəş nöqtələrini susdurduğunu, canlı qüvvə və texnikasına tutarlı
zərbələr vurduğunu bildirdilər. Döyüşçüləri ruhlandıraraq, o, “biz elə
vuruşmalıyıq ki, işğalçıların tapdağında bir qarış torpağımız qalmasın” deyib.
Murovdağ yüksəkliyi uğrunda mürəkkəb relyef, bəzən əlverişsiz hava şəraiti
səbəbindən döyüş tapşırıqlarının yerinə yetirilməsinin bütün çətinliklərinə
baxmayaraq, Cahidin olduğu qrup və digər qruplar da mətinlik nümunəsi nümayiş
etdiriblər.
Gizir
S.Fərzəliyev və baş çavuş M.Niftəliyevin sözlərinə görə, Murovdağ döyüşlərindən
birində Cahid düşmən mərmisinin partlayış dalğası nəticəsində kəllə-beyin
travması alsa da, təxliyyə edilməsinə razılaşmayıb, göstərilən tibbi yardımdan
sonra döyüşçülərin yanına qayıdıb.
Füzuli-Cəbrayıl
zonasında da ağır döyüşlər gedib. Bu bölgədə də hərbi qulluqçularımızın
qarşısına qoyulan döyüş tapşırıqları erməni işğalçılarının müdafiə xəttinin
yarılması, onların mövqelərinin ələ keçirilməsi, canlı qüvvə, texnika və
silah-sursatlarının məhv edilməsi olub. Təcavüzkarın illərlə qurduğu və
möhkəmləndirdiyi mövqeləri darmadağın etməyi bacaran döyüşçülərimiz müxtəlif
çaplı silahlardan şiddətli atəşə məruz qalıblar. Baş əsgər F.Alagözov məlumat
verdi ki, göstərilən istiqamətdə Cahidlə birgə döyüş yolu davam edib. 2020-ci
ilin oktyabr ayının ilk günlərində bizim qüvvələrin Füzuli və Cəbrayıl
rayonlarının düşmənin nəzarətindəki ərazilərinə istiqamətlənən hücum
əməliyyatları səngiməyib. Həmin döyüşlərdən birində düşmən minaatanından atılan
mərminin yaxınlığında partlaması nəticəsində gizir C.Tağızadə ağır yaralanaraq
şəhid olub.
Daxili
Qoşunların Zaqataladakı “N” saylı hərbi hissəsi komandirinin 13.10.2020-ci il
tarixli müvafiq əmrindən çıxarışda, habelə Bərdə Rayon Qeydiyyat Şöbəsi
tərəfindən verilən 08.10.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə, eləcə
də digər sənədlərdə gizir C.Tağızadənin 03.10.2020-ci ildə Füzuli rayonu
ərazisində hərbi əməliyyat zamanı partlayış səbəbindən həlak olduğu barədə qeydlər
öz əksini tapıb.
Şəhid
hərbi qulluqçumuz doğma kəndinin qəbiristanlığında dəfn olunub. Mirzalıbəyli
kəndindən 4 nəfər Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. Cahidin
müharibədə döyüşərək yaralanan qohumları var.
Azərbaycan
Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli, 29.12.2020-ci il tarixli
müvafiq sərəncamları ilə gizir C.Tağızadə ölümündən sonra “Vətən uğrunda” və
“Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Mərhumun
Nərmin və Nihad adlı 2 övladı yadigar qalıb. Nərmin məktəbdə 2-ci sinifdə
oxuyur, Nihad isə məktəbəqədər hazırlıq kursuna gedir. Onlar vətənpərvər ruhda
böyüyəcək, torpaqlarımızı uzun illər işğal altında saxlayan, şəhər və
rayonlarımızı, o cümlədən, Bərdəni müxtəlif növ raketlərdən atəşə tutaraq
dağıntılara məruz qoyan, dinc sakinləri qətlə yetirən azğın düşmənə qarşı son
nəfəsinədək mərdliklə vuruşmuş atalarını, onun kimi igidləri daim qürurla
anacaqlar.
Şəhidin
atası V.Tağızadə söylədi ki, Cahid döyüş bölgəsindən vaxt tapıb mobil telefonla
evə zəng edəndə “narahat olmayın, hər şey yaxşı olacaq, biz irəliləyirik”
deyib. Valideyn üçün övlad itkisi sözlə təsvir edilə bilməyəcək ağrı-acıdır.
Ancaq şəhid atası olmaq mənəvi ucalıqdır. “Vətən sağ olsun!”- deyən belə
valideynlərə ehtiramımız sonsuzdur.
DİN-in Daxili Qoşunlarının veteranı, tədqiqatçı-jurnalist