Azərbaycanda yaşayan bütün
xalqların nümayəndələri dəmir yumruq tək birləşərək 44 gün davam edən Vətən müharibəsində böyük fədakarlıq,
vətənpərvərlik nümunəsi göstərdilər. Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışlarının
birində vurğuladığı kimi: “Qələbəmizin rəmzi olan yumruq həm güc, həm də
birlikdir. Azərbaycan bundan sonra daha da güclü olacaq”.
“Şəhidlərimiz” rubrikasının budəfəki
qəhrəmanı milliyyətcə ləzgi olan və Vətən müharibəsində son damla qanınadək
döyüşərək şəhidlik zirvəsinə yüksələn igid istehkamçımız gizir Səmədov Mayis
Şadıbəy oğludur.
Gizir
Mayis Səmədov 1977-ci il iyulun 28-də Xaçmaz rayonunun Qadaş-Oba kəndində
anadan olub. Əslən Quba rayonunun Küsnət kəndindən olan Şadıbəy Səmədovun
(2010-cu ildə vəfat edib) və Əzizə Səmədovanın böyüyüb tərbiyə etdiyi 4
övladdan (Kəmalə, Mayis, Ceyhun və Vəsilə) biri, həmçinin, ailənin ikinci övladı
idi...
Orta
təhsilini doğulub boya-başa çatdığı Qadaş-Oba kənd orta məktəbində alan Mayis 1992-ci ildə həmin təhsil ocağının 9-cu sinfini
bitirərək, Xaçmaz şəhərindəki 92 saylı texniki-peşə məktəbinə qəbul olunub. 1995-ci
ildə təhsilini başa vuraraq, “elektrik qaynaqçısı” ixtisasına yiyələnib. Müddətli həqiqi hərbi xidmətini 1996-1999-cu illərdə Daxili
Qoşunların o zaman dislokasiya yeri Füzuli rayonu-döyüş bölgəsi olmuş, hazırda
Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində keçib. Tərxis olunduqdan sonra bir müddət mülki peşə üzrə
çalışıb. 2004-cü ilin fevral ayından etibarən
Mayis Daxili Qoşunların Quba
rayonundakı “N” saylı hərbi hissəsində müddətdən
artıq həqiqi hərbi xidmətə qəbul olunub, təminat taqımında anbar rəisi
vəzifəsinə təyin edilib.
Xidmət
etdiyi dövrdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə
Milli Agentliyinin (hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi)
Göygöl rayonu ərazisində təşkil etdiyi istehkamçı ixtisası üzrə kursu
müvəffəqiyyətlə bitirib və ona müvafiq sertifikat verilib. Bundan əlavə, Daxili
Qoşunların Orta İxtisas Hərbi Məktəbində (hazırda Daxili Qoşunların Ali Hərbi
Məktəbi) təşkil olunan 6 aylıq “Gizir hazırlığı kursu”nu bitirib.
“Gizir” hərbi rütbəsində Qubadakı “N” saylı hərbi hissədə bir müddət yenidən anbar
rəisi kimi xidmət edən M.Səmədov 2011-ci ilin sentyabr ayından xüsusi təyinatlı
dəstədə atıcı-radiotelefonçu vəzifəsini yerinə yetirib. 2012-ci ilin sentyabr
ayından etibarən qoşunların Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi
hissəsinin xüsusi təyinatlı dəstəsində müxtəlif vəzifələrdə xidmətini davam
etdirən silahdaşımız 2019-cu ilin mart ayından istehkamçı yarımqrupunda baş
istehkamçı-yarımqrup komandiri vəzifəsinə
irəli çəkilib. Bir komandir kimi bilik və bacarığı, qayğıkeşliyi
sayəsində böyük rəislərin etimadını, həmçinin, tabeliyində olan şəxsi heyətin
hörmətini qazanıb. Yüksək döyüş hazırlığı və nümunəvi xidmətilə
fərqlənən hərbi qulluqçu kimi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90
illiyi (1918-2008)” yubiley, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”
medalları ilə təltif edilib, eləcə də
hərbi hissə komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb.
Bununla yanaşı, cəsur silahdaşımız 2017-ci ildə yüksək döyüş hazırlığı və
əzmkarlığı sayəsində qazandığı “Zoğalı beret”i də qürur hissi ilə daşıyıb.
Gizir M.Səmədov istehkamçı yarımqrupunun komandiri
kimi tabeliyində olan şəxsi heyətlə birgə qarşıya qoyulmuş tapşırıqları hər
zaman layiqincə yerinə yetirib. Bu barədə məlumat verən Daxili Qoşunların Baş
İdarəsinin Qərargahında mühəndis xidmətinin rəisi polkovnik-leytenant Baba
Əliyev cəsur silahdaşımızı öz üzərində çalışan fəal yarımqrup komandiri kimi
xatırladığını deyir: “Daxili Qoşunların istehkamçı yarımqruplarının şəxsi heyəti qarşıya
qoyulmuş tapşırıqları hər zaman yüksək səviyyədə yerinə yetirib. Hələ Vətən
müharibəsindən öncə istehkamçılarımız istər respublikamızın evsahibliyi etdiyi müxtəlif
idman yarışları, istərsə də ölkəmizdə keçirilən digər mühüm dövlət tədbirləri
zamanı ictimai qaydanın qorunması və ictimai
təhlükəsizliyin təmin olunmasında xüsusilə fərqləniblər. Qoşunların Vətən
müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş 5 nəfər cəsur istehkamçısı - gizir Səmədov
Mayis Şadıbəy oğlu, baş çavuşlar Nadirov Elçin Nadir oğlu, Vəlizadə Anar Afət
oğlu, çavuşlar Fətəliyev Emil Mayis oğlu və Orucov Afər Yafət oğlunun, eləcə də
vəzifə borcunu yerinə yetirərkən yaralanmış 16 nəfər qazi istehkamçımızın hər
birinin fəaliyyətini məhz bu baxımdan müsbət qiymətləndirmək olar. Vətənpərvər istehkamçılarımız
hər zaman olduğu kimi, ön cəbhədə də öz vəzifə borclarını məsuliyyət və şərəf hissi ilə yerinə
yetirərək, gənclərə nümunə olacaq əsl qəhrəmanlıq göstərdilər”.
“N”
saylı hərbi hissədə “Əqrəb” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin
komandiri, “Qarabağ” ordeni və “Cəbrayılın azad olunmasına görə” medalı ilə
təltif edilmiş mayor Ələsgər Muxtarov (Vətən müharibəsi zamanı Xocavənd
rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində gedən döyüşdə
yaralanıb) vaxtilə birgə xidmət etdiyi yarımqrup komandirinin əzmkarlığı və
cəsurluğundan bu gün də fəxr hissi ilə danışır: “Vətən müharibəsində dəstəmizin
qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularından biri də istehkamçı yarımqrupunun
komandiri gizir Mayis Səmədovdur.
Onun bir komandir kimi
fəaliyyəti hərbi hissə komandanlığı tərəfindən də hər zaman müsbət
qiymətləndirilib. Yarımqrupda yüksək döyüş hazırlığı və intizamın qorunub
saxlanılması üçün tabeliyindəkilərə qarşı tələbkar olmaqla bərabər, vətənpərvərliyi
və qayğıkeşliyi ilə şəxsi heyətə nümunə olub.
Döyüşlərə qatıldığı ilk gündən
müqəddəs borcunu şərəflə yerinə yetirən cəsur komandir içdiyi hərbi anda sadiq
əsl hərbçi kimi Vətən uğrunda canından keçməklə, tabeliyində olan şəxsi heyətə bir
daha örnək olmağı bacardı.
5 oktyabr 2020-ci il tarixdə Cəbrayıl-Füzuli rayonları istiqamətində gedən döyüş Mayisin son döyüşü oldu. 7 nəfər silahdaşı
ilə birgə ön mövqedəki əsgərlərimizə lazımi təminat çatdırmaq üçün gedərkən
yolda pusquda dayanan mənfur düşmənin mühasirəsinə düşən igid hərbi qulluqçumuz
özünü itirmir və qəflətən baş vermiş döyüşdə onlarla erməni yaraqlısını məhv
edir. Lakin çox təəssüflər olsun ki, bu qeyri-bərabər döyüşdə dəstəmizin cəsur
hərbi qulluqçuları gizir Səmədov Mayis Şadıbəy oğlu və gizir Həsənov Faiq
Hüseyn oğlu Müdafiə Nazirliyinin 6 nəfər xüsusi təyinatlısı ilə birgə son damla
qanlarınadək vuruşaraq əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəldilər”.
Gizir
M.Səmədov 2020-ci il oktyabrın 6-da Xaçmaz rayonunun Qadaş-Oba kənd qəbiristanlığında
dəfn olunub. Evli idi. Məleykə və Süleyman adlı iki övladı yadigar qalıb.
Azərbaycan
Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli və 22 dekabr 2020-ci il
tarixli müvafiq sərəncamları ilə gizir Səmədov Mayis Şadıbəy oğlu (ölümündən
sonra) “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə
təltif edilib.
Şair
Məmməd Qədirin müəllifi olduğu, 2021-ci ildə Bakıda “Müəllim” nəşriyyatında
işıq üzü görən “Haqqınızı halal edin” adlı kitabda yer alan və şəhid
silahdaşımızın qəhrəmanlığını tərənnüm edən “Mayis Şadıbəy oğlu” başlıqlı şeirin
üç bəndini sizlərə təqdim edirəm:
Qadaş-Oba
kəndində boya-başa yetişdin,
Hərbə verdin könlünü, odlar
içində bişdin,
Səni Vətən çağırdı, dar gününə
yetişdin,
Cəngi çalındı, cəngi, Mayis
Şadıbəy oğlu,
Şimalın mərd pələngi, Mayis
Şadıbəy oğlu.
Yurda şərəf gətirdin,
mərdliyin, qeyrətinlə,
Ölümsüzlük qazandın haqqa
şəhadətinlə.
Nizamlandı dastana sığmaz
rəşadətinlə,
Bu dünyanın ahəngi, Mayis
Şadıbəy oğlu,
Şimalın mərd pələngi, Mayis
Şadıbəy oğlu.
Sən canına can verdin canım
Azərbaycanın,
Səninlə qürur duyur, Məleykən,
Süleymanın,
Tarixə həkk
etdiyin adın, Qadaş-Obanın,
Əbədiyyət çələngi, Mayis
Şadıbəy oğlu,
Şimalın mərd pələngi, Mayis
Şadıbəy oğlu.
Bundan əlavə, Ələsgər Gəncəlinin müəllifi olduğu və “Xaçmaz” qəzetinin 26 fevral 2021-ci il tarixli sayında işıq üzü görən “Vətən üçün yandı ki, Vətən yanmasın” başlıqlı məqalədə şəhid M.Səmədovun həyat və döyüş yolu geniş işıqlandırılıb.
Sonda yalnız onu deyə bilərik
ki, Vətən uğrunda canlarını qurban verərək, öz qanları bahasına hər birimizə
Qələbə sevincini yaşadan şəhid oğullarımızın əziz xatirəsi xalqımızın qəlbində
əbədi olaraq yaşayacaqdır.
Allah rəhmət eləsin!
mayor Anar Əhmədov,
DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru