Aran Media GROUP xalqımızın dəstəyi ilə Bayramın həyatda qalması üçün üzərinə götürdüyü missiyanı uğurla tamamladı
Millət və dövlət olaraq gələcəyimizin ən böyük qarantı olan uşaqların fiziki və mənəvi baxımdan sağlam doğulmaları vacib şərtdir. Təəssüf ki, bəzi uşaqlar doğulduqları gündən, qeyd etdiyimiz şərtlər xaricində fiziki qüsurları səbəbindən cəmiyyətin tam bir hissəsi olmaq xoşbəxtliyini yaşaya bilmirlər. Talelərinə yazılmış fiziki qüsurlar ucbatından, belə uşaqların yaşadıqları mühitin tələblərindən dolayı sosiallaşması da olduqca çətin olur. Amma, taleyin acı sınaqlarına baş əyməyən, barəsində danışacağımız qəhramanımızın timsalında olan uşaqlar malik olduqları xüsusi istedadları sayəsində var olduqlarını sübut etmək üçün, sözün əsil mənasında həyatla mücadilə aparırlar. Ancaq məqsədə çatmaq üçün onlar cəmiyyətdən və ətraflarındakı xeyirxah insanların köməyindən ehtiyac duyurlar . Məhz, bəndəniz və bütövlükdə Aran Media GROUP olaraq bizlər gərgin fəaliyyətimiz sayəsində fiziki cəhətdən qüsurlu doğulmuş qəhramanımızın həyatda qalması üçün, sözün əsil mənasında gərgin mübarizəyə atıldıq. Zaqatala rayonunda yaşadığı barədə məlumat əldə etdikdən dərhal sonra Bayramın ailəsini ziyarət etdik. Vəziyyəti yerində öyrənərək problemin həll edilməsi üçün çıxış yolları aramağa başladıq. Azərbaycandakı həkimlərlə geniş məsləhətləşmələrdən sonra məlum oldu ki, Bayram sağlamlığına qovuşmaq üçün, mütləq qardaş Türkiyə ölkəsində yüksək ixtisaslı xəstəxanada əməliyyat olunmalıdı. Buradan Səhiyyə Nazirliyinə və həkimlərimizə dərin minnatdarlıq hissimi bildirməklə bizimlə səmərəli işlədiklərinə görə onlara təşəkürlərimi çatırmağı özümə borc bilirəm. Əsas narahatçılıq yaradan məqam o idi ki, Bayramın ailəsi əməliyyat üçün tələb olunan 45 min manata malik deyildilər. Bu qədər vəsaiti əldə etmək üçün özümüz də daxil xəbər saytlarında, ümumilikdə KİV-lərdə genişmiqyaslı təbliğat kampaniyasına başladıq. Şükürlər olsun ki, qısa bir zaman kəsiyində zəhmətimizin bəhrəsin gördük. Belə ki, xeyirxah insanlar mənim səsimə səs verdi və 5 gün ərzində 45 min manat toplaya bildik. Nəhayət, 2021-ci ilin aprelində Bayram əməliyyat üçün Türkiyəyə aparıldı.
Əməliyyat olub qayıdandan sonra AranMedia GROUP kollektiv olaraq Zaqatalaya yollanıb Bayramı ziyarət etdik. Onu və ailəsini təbrik edərək, onların sevincini birgə bölüşdük. Bayramın ailəsinin, xüsusilə anasının, sözlə ifadə ediləcəyi mümkün olmayan minnətdarlığı bizlərə təkrarolunmaz xoşbəxt anlar yaşatdı. Biz bir uşağın həyatda qalması üçün üzərimizə düşən missiyanı uğurla yerinə yetirdik. Bayramın ziyarəti ilə bərabər bir neçə şəhid ailələrinə də baş çəkdik.
Bu məqamda
qəhramanımızın malik olduğu keyfiyyətləri oxuçularımızın diqqətinə çatırmağı
özümə borc bildim. Məlumat üçün bildirim ki, Məmmədli Bayram Elşad oğlu 15 oktyabr
2011-ci ildə Zaqatala rayonunda sadə bir ailədə dünyaya göz açıb. Dünyaya 1:0 məğlub
gələn Bayram ürəyində yeddi qüsurla doğulub və dörd aylığında ikən “mürəkkəb paroq”
diaqnozu qoyulub. Həmən gündən ailə bütün qazancını və həyatlarını Bayramın səhhətinə
həsr edib. Nəhayət, Bayram 2 yaşında Kiyev şəhərində ilk dəfə açıq ürək əməliyyatı
keçirib. Əməliyyatdan sonra nisbətən yaxşılaşan
qəhramanımız yaşa dolduqca vəziyyəti yenidən pisləşib və təkrar əməliyyata
ehtiyac duyulub. O yaşıdları kimi qaça-oynaya bilmir, çox yorulur və təngənəfəs
olurdu, sadəcə, pəncərədən həyətdə oynayan uşaqlara baxmaqla kifayətlənirdi. Övladlarının
vəziyyətini görən valideynləri çox çətin və çıxılmaz vəziyyətdə qalmışdılar.
Bayram və ailəsi hər namazlarında Allahdan onlara xeyirli bir yol açması üçün
dua edir və səbrlə gözləyirdilər.
Hazırda ciddi müalicə alan qəhramanımız oktyabrda ikinci ürək əməliyyatına hazırlaşır. Vəziyyəti nisbətən normallaşan Bayram artıq həyətdə oynayan uşaqlara uzaqdan baxmır. O da onlarla birlikdə ən azından gəzir, dolaşır. O, Zaqatala şəhər N.Hüseynov adına 2№li tam orta məktəbinin 4-cü sinif şagirdidir. Müəllimlərinin sevimlisi olan Bayram rus bölməsində oxuyur və dərslərində ciddi uğurlar qazanıb. Səhhəti ilə əlaqədar müəyyən geriləmələr olsa da müəllimləri onun hər şeyin öhdəsindən asanlıqla gələcəyinə inanırlar.
Bayram velosiped sürməyi çox sevir, lakin hazırki durumu buna imkan vermir. İndi o səbirsizliklə ona alınacaq elektrikli skuterin yolunu gözləyir.
İdmanla məşğul ola bilməsə də oxçuluğa böyük marağı var. 2020-ci ildə anasının Gənclər və İdman Nazirliyinə ünvanladığı məktuba əsasən Kamandan Oxatma Federasiyası tərəfindən Qəbələ Oxatma Mərkəzinə dəvət alıb. Bayram birgünlük də olsa həyatının ən gözəl və unudulmaz anlarını yaşayıb. Qəhramanımızın başqa sahələrə də böyük marağı var. Zaqatalada xüsusi robot texnikası kurslarına yazılan Bayram dərslərə böyük həvəslə gedir və eyni zamanda pazldan mürəkkəb fiqurlar qurmağı da çox sevir.
Onun 500,1000 və 1500 parçadan ibarət pazlları, 100 və daha çox hissədən ibarət konstruksiyalardan qurduğu maşın modelləri vardır. Onun növbəti hədəfi 2000 parçadan ibarət pazl qurmaqdır.
Bayramı
görən insanlar ondan dodaqlarının niyə göyərdiyini, nə yediyini soruşurlar.
Bayramın bu suallardan xoşu gəlməsə də, ürəyinin xəstə olduğunu deyir.
Ailə bu çətin gündə
onlara dəstək olan hər bir kəsə dərin minnətdarlıqlarını bildirir. İnanırıq ki,
qısa bir zamanda qəhramanımız növbəti əməliyyatını da keçirib öz yaşıdlarının sırasına
dönəcək.
Şeyda Əzizova
“AranMedia” qəzetinin baş redaktoru